Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1302/2025 06.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Daşınmaz Əmlak ın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Binəqədi Rayon Bələdiyyəsi) “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 dekabr 2024-cü il tarixli, 2-1(103)-3742/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz ə mlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, e-2-1(112)-1645/2024 nömrəli qərarı ilə (hakim X1) iddia təmin edilərək, ünvan 1 ünvanında İddiaçı ayrılmış 209 kv.m torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
3. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 dekabr 2024-cü il tarixli, 2-1(103)-3742/2024 nömrəli qərarı ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X5) cavabdehin apellyasiya şikayəti apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, e-2-1(112)-1645/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
6. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayət inin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmal ıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi t ərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.
10. Belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti Binəqədi rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında iddiaçıya verilmiş torpaq sahəsidir. Cavabdeh bildirir ki, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyə tində olması barədə idarənin vahid elektron kadastrında məlumatlar mövcud deyildir.
11. Əvvəla məhkəmə kollegiyası bildirir ki, analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
12. Hazırki iş üzrə Binəqədi rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı hüquqmüəyyənedici sənəddir və bu və ya digər səbəbdən geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtarmadığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyin dən hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-216/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-263/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)816/2024 nömrəli qərarları, xx.xx.2024-cü il tarixli 2-1(102)-3323/2024 nömrəli qərardadı).
13. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə bağlı cavabdehin dəlilinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ekspert rəyindən də görünür ki, iddia premdeti olan Binəqədi rayonu, 8-ci mkr, Ş.Məmmədova küçəsi 15 saylı yaşayış binasının yanında yerləşən torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Odur ki, cavabdehin arqumenti əsassızdır.
14. Eyni zamanda qeyd edilməlidir ki, kassasi ya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, Şükür Hacıyevin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-2178/2023 nömrəli və “Çinar” firmasının 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 21(102)-95/2023 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı əsasların konkret dairəsi müəyyən edilmişdir. Həmin normada, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir.
15. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi elə bələdiyyənin özü tərəfindən qəbul edilmiş aktla iddiaçıya verildiyindən bu akt hüquqların dövlət qeydiyyatı üçün əsas sayılır.
16. Beləliklə, mübahisəli məsələlərə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlard a davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 dekabr 2024-cü il tarixli, 2-1(103)3742/2024 saylı qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.