Məhkəmə qərarları › İş №2-1(102)-1311/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1311/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1311/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı8, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı9 cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tikintiyə icazənin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 (xx.xx.1966-cı il təvəllüdlü; FİN: xxxxxxx), İddiaçı8 (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxx xxxx), İddiaçı2 (xx.xx.1975-ci il təvəllüdlü; FİN: xxxxxxx), İddiaçı3 (xx.xx.1957-ci il təvəllüdlü; FİN: xxxxxxx), İddiaçı4 (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx), İddiaçı5 (xx.xx.1967-ci il təvəllüdlü; FİN: xxxxxxx), İddiaçı6 (xx.xx.1968-ci il təvəllüdlü; FİN: xxxxxxx), İddiaçı7 (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) və İddiaçı9 (xx.xx.1971-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə (üçüncü şəxs X6 – xx.xx.1978-ci il təvəllüdlü; FİN: 4JATZQJ) qarşı “tikintiyə icazənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(103)-1212/2022 nömrəli qərarından üçüncü şəxs və cavabdeh tərəf indən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin üzərində İddiaçı4 xüsusi mülkiyyət hüququ, həmin ünvanda yerləşən 0,04356 ha torpaq sahəsi üzərində istifadə hüququ 25 fevral 2017-ci il tarixdə qeydə alınmışdır.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən 0,275380 ha torpaq sahəsi üzərində üçüncü şəxsin xüsusi mülkiyyət hüququ 5 iyun 2019-cu il tarixdə qeydə alınmışdır.

3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 X4 Ekspertiza Baş İdarəsinin 18 fevral 2020-ci il tarixli, 28931 nömrəli rəyinə əsasən Bakı şəhəri, ünvan 2 ünvanda yanacaq doldurma məntəqəsinin tikinti layihəsi razılaşdırılmışdır.

4. Cavabdeh tərəfindən verilən 3 mart 2020-ci ili tarixli, 14 nömrəli “Obyektin tikintisinə icazə”dən görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən üçüncü şəxsə məxsus torpaq sahəsində yanacaq doldurma məntəqəsinin tikintisinə icazə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və X5 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İn zibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 mart 2020-ci il tarixli, 14 nömrəli tikintiyə icazənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertizası Baş İdarəsinin 18 fevral 2020-ci il tarixli 28931 nömrəli rəyinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 mart 2020-ci il tarixli 14 nömrəli icazəsinə əsasən üçüncü şəxs tərəfindən ünvan 3 ünvanında yanacaqdoldurma məntəqəsinin tikintisinə başlanılmışdır. Lakin qüvvədə olan qanunvericiliyin tələbləri sözügedə n yanacaqdoldurma məntəqəsinin tikintisi üçün müvafiq icra hakimiyyəti orqanlarının verdiyi icazələrlə kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları»nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarının 9.1.5-ci bəndinə əsasən maye yanacaq saxlanılan yeraltı çənləri olan yanacaqdoldurma məntəqələrindən məktəbəqədər uşaq müəssisələri, ümumi təhsil və internat məktəbləri, stasionar olan müalicə müəssisələrinin torpaq sahələrinə, yaşayış, digər ictimai bina və qurğularına qədər məsafə 50 metrdən az olmamalıdır. Qeyd olunan yanacaqdoldurma məntəqəsi isə, birbaşa yaşayış massivinin içərisində yerləşməklə, onun qonşu divarları yaşayış evlərinə bitişikdir. Həm təhlükəsizlik, həm də ekoloji cəhətdən tamamilə qanunazidd bir addımdır. Ərazinin yanacaqdoldurma məntəqəsi binası üçün ekoloji cəhətdən də əlverişsizliyi ilə bağlı qeyd olunur ki, daima əsən şimal küləyi yanacaq doldurma məntəqəsinin açıq yanacaq çənlərinin üzərindən yanacağın qoxusunu şəhərin ekoloji təmiz yaşayış massivinə, evlərə gətirməklə sakinləri ciddi narahat edəcəkdir. DƏDRX-in 25 fevral 2017-ci il tarixli ********** nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı4 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin hasarı tikinti sahəsinə, yəni yanacaq doldurma məntəqəsi tikilməsi üçün nəzərdə tutulmuş ərazinin hasarına bitişikdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsi zliyə Nəzarət X1 Dövlət Ekspertizası Baş İdarəsinin 28931 nömrəli 18 fevral 2020-ci il tarixli rəyinin “Memarlıq bölməsi”nin 1.1-ci yarımbəndində müəyyən edilmişdir ki, yanacaq çənlərindən və kolonkalardan digər bina və qurğulara, eləcə də avtomobil yollarına qədər məsafələr dəqiqləşdirilməlidir. Rəyin “Yanğın təhlükəsizliyi” bölməsinin 5.1-ci yarımbəndində isə müəyyən edilmişdir ki, ərazidə və ərazidən kənar olan tikililərə və yollara kimi məsafə haqqında məlumat təqdim olunmayıb. Beləliklə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən obyektin tikintisinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarının 9.1.5-ci bəndinə zidd olaraq icazə verilmişdir.

7. İddiaçılar 17 iyun 2020-ci il tarixində məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, cavabdeh Elmar Hüseynova və digər şəxslərə ünvan 5 ünvanda yanacaqdoldurma məntəqəsinin tikintisinin qadağan edilməsini xahiş etmişlər.

8. Bakı İnzibati Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2-1(112)-4831/2020 nömrəli qərardadı (hakim R.L.Kərimli) ilə ərizə təmin edilmişdir.

9. Məhkəmənin 19 iyun 2020-ci il tarixli məktubu ilə qərar icra olunması üçün Bakı şəhəri Səbail rayonu İcra və Probasiya şöbəsinə göndərilmişdir.

10. Qərardadla razılaşmayan cavabdeh Elmar Hüseynov ondan apellyasiya şikayəti verərək ləğv edilib, ərizənin rədd olunmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2020-ci il tarixli, 2-1(103)-1388/2020 nömrəli qərardadı (hakimlər: V.M.Məmmədov /sədrlik edən və məruzə çi/, E.E.Nağıyeva və H.Ü.Həmidov) ilə cavabdeh X3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2-1(112)-4831/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Qərardaddan kassasiya şikayəti verilməmiş və iş Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır.

13. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4831/2020 nömrəli qərardadı ilə X3 inzibati məhkəmə icraatında cavabdeh qismində işdə prosessual iştirakına xitam verilməsi və onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.

14. Bakı İnzibati Məhkəməsinin 2 fevral 2021-ci il tarixli, 2-1(112)-4831/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Kadast rı və Ünvan reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2021-ci il tarixli, 10/503 nömrəli ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki, ərazinin relyefi nəzərə alınmaqla baxış zamanı əldə olunmuş məlumatlara, “Google Yer” proqramına, Dövlət Əmlak Xidməti tərəfindən təqdim olunmuş koordinatlara və tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi və Dövlət Baş Ekspertiza Mərkəzi tərəfindən razılaşdırılmış ünvan 6 ünvanında tikilməsi nəzərdə tutulan yanacaq doldurma məntəqəsinin “İşçi layihəsi”nə əsasən tikililər ilə yanacaq doldurma məntəqəsinin yeraltı çənlərinə və yanacaq doldurma aparatlarına qədər ən yaxın məsafə aşağıdakı kimidir: 3 qeyri-yaşayış sahəsinin yanacaq doldurma aparatları ilə ən yaxın məsafəsi 44 m, 54 m, 43,5 m, yeraltı yanacaq çənləri ilə ən yaxın məsafəsi 28,5 m, 38,5 m, 39 m, 7 yaşayış evinin yanacaq doldurma aparatları ilə ən yaxın məsafəsi 43,5 m, 53 m, 52 m, 63 m, 52,5 m, 50 m, 27,5 m, yeraltı yanacaq çənləri ilə ən yaxın məsafəsi isə, 39 m, 47,5 m, 53 m, 71,5 m, 68 m, 71,5 m, 47,5 m-dir. Ekspert tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi TikintiPlanlaşdırma Mərkəzi və Dövlət Baş Ekspertiza Mərkəzi tərəfindən razılaşdırılmış ünvan 3 ünvanında tikilməsi nəzərdə tutulan yanacaqdoldurma məntəqəsinin “Şəhərsalma əsaslandırılması”nda qeyd olunmuşdur ki, layihələndirilən yanacaq doldurma məntəqəsində sutka ərzində 500-dək avtomobilə xidmət göstəriləcəyi proqnozlaşdırıldığından, sanitar mühafizə zonası 25 m qəbul olunmuşdur. Bununla bağlı ekspert tərəfindən qeyd olunur ki, yanacaq doldurma məntəqəsinin inşa edildiyi yerin mövqeyi (şəhərdaxili olması), yanacaq doldurma məntəqəsinin çənlərinin bir neçə dəfə doldurulması imkanları, eləcə də qeyd olunan məhdudiyyətin layihə sənədlərində əsaslandırılmadığını (yalnız proqnoz xarakterli olduğunu) nəzərə aldıqda həmin tikintisinə başlanılmış yanacaq doldurma məntəqəsinin ətrafında yerləşən tikililərə münasibətdə AzDTN 2.6-1-in 8.46-cı bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir (AzDTN 2.6-1 Qaydaya əsasən 50 metrlik mühafizə zonası olmalıdır). 16. 14 iyun 2021-ci il tarixli, 10/503 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, “Google Yer” proqramına, Dövlət Əmlak Xidməti tərəfindən təqdim olunmuş koordinatlara və tədqiqata təqdim olunmuş Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi və Dövlət Baş Ekspertiza Mərkəzi tərəfindən razılaşdırılmış ünvan 3 ünvanında tikilməsi nəzərdə tutulan yanacaqdoldurma məntəqəsinin “İşçi layihəsi”nə əsasən qeyd olunur ki, ekspert rəyinə əlavə olunmuş sxemdə göstərilən 1, 3, 9, 10 nömrəli tikililər həm yeraltı yanacaq çənlərinin, həm də yanacaq doldurma aparatlarının, 2 və 4 nömrəli tikililər isə yeraltı yanacaq çənlərinin Dövlət Şəhərsalma Norma və Qaydaları, şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1 ilə tənzimlənən 50 metrlik mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur.

17. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, «Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında» Əsasnamənin 3.1.16-cı yarımbəndinə əsasən cavabdeh tikinti obyektinin tikintisinə və istismarına icazə vermək səlahiyyətinə malikdir. Belə ki, sözügedən Əsasnamənin müddəasına əsaslanaraq cavabdeh tərəfindən sifarişçi üçüncü şəxsə ünvan 3 ünvanında yanacaqdoldurma məntəqəsinin tikintisinə 3 mart 2020ci il tarixli 14 nömrəli icazə sənədi verilmişdir. Sifarişçiyə yanacaqdoldurma məntəqəsinin tikintisinə icazə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən verilmişdir. “Dövl ət Şəhərsalma Norma və Qaydaları”, şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasının AzDTN 2.6-1-nin 8.46-cı yarımbəndinə əsasən sutkada 500 qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulan YDM-dən məktəbəqədər uşaq müəssisələri, ümumtəhsil və internat məktəbləri, stasionarı olan müalicə müəssisələrinin torpaq sahələrinin sərhədlərinə, yaşayış, digər ictimai bina və qurğuların divarlarına qədər məsafələri 25 m-dən az olmamaq şərtilə qısaltmaq olar. Qeyd olunan yanacaqdoldurma məntəqəsinin tikintisinə icazə verilərkən cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir.

18. Bakı İnzibati Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli, 2-1(112)-1042/2021 nömrəli qərardadı (hakim R.L.Kərimli) ilə iddia cavabdeh Azərba ycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinə münasibətdə mümkün sayılmamışdır.

19. Qərardaddan apellyasiya şikayəti verilməmişdir.

20. Bakı İnzibati Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli, 2-1(112)-1042/2021 nömrəli qərarı (hakim R.L.Kərimli) ilə iddia rədd edilmiş, iddiaçılardan ekspertiza tədqiqatı üzrə mütəxəssis rəyinin verilməsi ilə əlaqədar 311 manat xərcin tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin "xxxx" ASC-nin Xətai filialındakı hesabına və aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır.

21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tikintiyə icazə sənədini verməkdə cavabdeh inzibati orqan səlahiyyətli olduğundan və üzərində tikiliyə icazə verilmiş müvafiq torpaq sahəsi inzibati icraatda tikinti aparmağa icazə verilmiş hazırkı üçüncü şəxsə məxsus olduğundan, inzibati icraatda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.2 və 75-ci maddələrinin tələbləri gözlənilmişdir. Mübahisə predmeti olan 3 mart 2020-ci il tarixli inzibati aktın (icazənin) qəbulunda maraqlı şəxslər qismində hazırkı iddiaçıların məlumatlandırılmaması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinin və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 76.1-ci maddəsinin tələbləri baxımından pozuntu sayılsa da, “mütənasiblik prinsipi” baxımından maraqlı şəxslərin hüquqları pozulmadığından, bu pozuntu formal xarakterlidir və inzibati aktın qanuniliyinə mütənasib təsir etməmişdir. Tikintiyə icazə verilərkən tikinti obyekti ilə maraqlı şəxslərə məxsus ev və qeyri-yaşayış sahələri arasındakı məsafələrin “Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1”-in 8.46-cı bəndinin tələbləri baxımından gözlənilməsi (yanacaqdoldurma kolonkalarından və maye yanacaq saxlanılan yeraltı çənlərdən ən yaxın məsafənin 25 metrdən az olmaması) işdə olan 14 iyul 2021-ci il tarixli 10/503 nömrəli ekspertiza rəyi ilə müəyyən olunmuşdur. Məhkəmə ekspertin rəyinin həmin hissəsinin müvafiq mütəxəssis rəyinə istinadən verildiyini nəzərə alır və ekspertiza rəyinin həmin hissəsini mötəbər sübut kimi qəbul edir. Lakin eks pert rəyinin qalan hissəsində ekspertin mövqeyi ilə razılaşmır. Çünki, layihələndirilən yanacaq doldurma məntəqəsində sutka ərzində 500-dək və ya ondan çox avtomobilə xidmət göstəriləcəyinin müəyyənləşdirilməsi və ya proqnozlaşdırılmasının real olub-olmaması sual kimi ekspertiza qarşısında qoyulmamış, eləcə də bunun qiymətləndirilməsi ekspertin səlahiyyətlərində deyil.

22. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(103)-1212/2022 nömrəli qərarı (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) ilə iddiaçıların apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 9 dekabr 2021-ci il tarixli, 2-1(112)-1042/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 mart 2020-ci il tarixli 14 nömrəli icazəsi qanunsuz hesab edilərək ləğv edilmiş, cavabdehdən ekspertiza tədqiqatı üzrə mütəxəssis rəyinin verilməsi ilə əlaqədar 311 manat xərcin tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin "xxxx" ASC-nin Xətai filialındakı hesabına və aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat ekspertiza xərcin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi q ərara alınmışdır.

24. Apellyasiya instansiyası qeyd etmişdir ki, işin birinci instansiya icraatı materiallarına əsasən cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə əlavə ekspertizanın keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan 03 mart 2020-ci il tarixli, 14 nömrəli icazənin verilməsi zamanı xidməti vəzifəsindən irəli gələn hərəkətləri icra etməmiş, işin həlli üçün vacib olan halları tam araşdırmamış, əksinə qəbul etdiyi aktın qanuniliyinin müəyyən edilməsi məqsədilə məhkəmədən ekspertiza keçirilməsini xahiş etmişdir. Tikintiyə icazənin verilməsi zamanı işin hallarının düzgün araşdırılmaması səbəbindən həmin icazənin qanunsuz olması hazırkı işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki eks pertizası ilə də öz təsdiqini tapmışdır. Ekspert rəyindən göründüyü kimi cavabdehin 3 mart 2020-ci il tarixli 14 nömrəli qərarı ilə tikintisinə icazə verilmiş yanacaq doldurma məntəqəsinin ətrafında yerləşən tikililərə münasibətdə AZDTN 2.6-1-in 8.46-cı bəndinin tələblərinə uyğun olmadığı, yəni 50 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilir. Cavabdehin 3 mart 2020-ci il tarixli 14 nömrəli icazəsi qanunvericilik normalarının pozulması şəraitində qəbul edilmişdir.

25. Üçüncü şəxs və cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından ayrı-ayrılıqda kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri

26. Üçüncü şəxs hesab edir ki, c avabdehin 3 mart 2020-ci il tarixli 14 nömrəli “tikintiyə icazə”si qanunsuz inzibati akt kimi qiymətləndirilməməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Qeyd olunan normalara əsasən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində fəaliyyət göstərən hazırkı cavabdeh sözügedən yanacaqdoldurma məntəqəsinin inşası üzrə həm müəyyənləşdirici, həm də proqnozlaşdırıcı səlahiyyətlərə malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli 61 nömrəli qərarının, yaxud “Dövlət Şəhərsalma Norma və Qaydaları Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1”-in müddəalarının tətbiqinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, sonuncu aktda (AzDTN 2.6-1-də) yanacaqdoldurma kolonkalarından və maye yanacaq saxlanılan yeraltı çənlərdən yaşayış və digər binaların divarlarına qədər məsafələrin sutkada 500-ə qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulmuş hallada 25 m-dən az olmamaq şərtilə qısaldılması imkanı nəzərdə tutulmuşdur. Belə ki, məsafənin 25 m-dən az olmayaraq qısaldılması imkanı mövcud olduğundan cavabdeh tərəfindən inzibati aktı n qəbulu zamanı hər hansı qanunsuzluğa yol verilmədiyini müəyyənləşdirmək mümkündür. Belə olan halda tikintiyə icazə verilərkən tikinti obyekti ilə ev və qeyri-yaşayış sahələri arasındakı məsafələr gözlənildiyi aşkardır. Bu özünü iş materiallarında olan 14 iyul 2021-ci il tarixli 10/503 nömrəli ekspertiza rəyi ilə də təsdiq edir. Bundan əlavə olaraq, layihələndirilən yanacaq doldurma məntəqəsində sutka ərzində 500-dək avtomobilə xidmət göstərilməsi də proqnozlaşdırılmışdır. Belə olduqda, həmin tikililərə münasibətdə mühafizə zonasının 25 metr olması məqsədəuyğundur. Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarında 50 m-lik mühafizə zonasının imperativliyi əsaslandırılmamışdır. Məhkəmə qərarına nəzər yetirdikdə, ekspert rəyinə əsaslanaraq, tikintisinə icazə verilmiş yanacaqdoldurma məntəqəsi nin tikililərə münasibətdə 50 metrlik mühafizə zonasına düşdüyünü əsas aldığını görmək mümkündür. Lakin, məhkəmə həmin məsafənin mahiyyət etibarilə 25 metrdən az olmayaraq qısaldılmalı olmamasına hər hansı münasibət bildirməmişdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri:

27. Cavabdeh hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan, düzgün tətbiq edilmədiyindən, o cümlədən müvafiq məhkəmə qərarı qanunamüvafiq qaydada tam və düzgün əsaslandırılmadığından Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2-1(103)-1212/2022 nömrəli qərarı ləğv olunmalıdır. Belə ki, apellyasiya instansiya məhkəməsi müvafiq qərarı qəbul edərkən qanunvericiliyin tələblərini deyil, qanunsuz olara q yalnız ekspert rəyində qeyd edilənləri əsas götürmüşdür. Halbuki, həm sözügedən ekspert rəyində, həm də apellyasiya instansiya məhkəməsinin qərarında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2001-ci il tarixli 5 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma Norma və Qaydaları”, şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasının AzDTN 2.6-1-nin 8.46-cı yarımbəndinə istinad edilsə də, lakin həmin normanın tələbi əsassız olaraq nəzərə alınmamışdır. Eyni zamanda, iddiaçıların apellyasiya şikayətində qeyd edilən hallar da hüquqi baxımdan düzgün əsaslandırılmadığından Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilm iş 3 mart 2020-ci il tarixli 14 nömrəli tikintiyə icazənin qanunsuz hesab edilməsi və ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, ünvan 7 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********30 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən sifarişçi X3 xüsusi mülkiyyətində olan 0,27538 ha torpaq sahəsi (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar) üzərində sutkada 500-ə qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulan yanacaqdoldurma məntəqəsinə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11 -ci mədəsinə və Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsində qeyd olunan sənədlər, o cümlədən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli 37 nömrəli sərəncamı ilə təsdiq edilmiş tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə tik inti obyektinə dair şəhərsalma əsaslandırılması, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.5-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xx.xx.2019-cu il tarixli, 02/2097 nömrəli tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2020-ci il tarixli 4 nömrəli tikinti obyektinə dair rəyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2020-ci il tarixli ER-22/27 nömrəli tikinti obyektinə dair rəyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertizası Baş İdarəsinin ti kinti layihəsinə dair xx.xx.2020-ci il tarixli 28931 nömrəli rəyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2020-ci il tarixli YTNƏŞ-0067 nömrəli tikinti obyektinə dair rəyi əsasında cavabdeh tərəfindən 14 nömrəli xx.xx.2020-ci il tarixli tikintiyə icazə verilmişdir və bununla bağlı cavabdehin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

28. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tət biqi halları”:

9. Kimya, neftkimya və neft-qaz emalı sənayesi obyektlərinin mühafizə tədbirləri 9.1. Təhlükə potensiallı kimya, neftkimya və neft-qaz emalı sənayesi obyektlərində təhlükəli maddələrin partlaması, od tutması və tullanışı, tikililərin, texniki qurğuların və ya onların elementlərinin dağılması texnogen xarakterli hadisələr hesab edilməklə, həmin obyektlərin layihələndirilməsi, tikintisi və istismarı zamanı qüvvədə olan yanğın təhlükəsizliyinə dair norma və standartların tələblərinə riayət edilməlidir. Bununla əlaqədar aşağıdakı mühafizə tədbirləri tətbiq olunmalıdır:... 9.1.5. maye yanacaq saxlanılan yeraltı çənləri olan yanacaqdoldurma məntəqələrindən məktəbəqədər təhsil müəssisələri, ümumi təhsil və internat məktəbləri, stasionar olan müalicə müəssisələrinin torpaq sahələri nə, yaşayış, digər ictimai bina və qurğularına qədər məsafə 50 metrdən az olmamalıdır;...

30. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya İclasının 12 oktyabr 2001-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma norma və qaydaları – Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması – AzDTN 2.6-1”: 8.46. Maye yanacaq saxlanılan yeraltı çənləri olan YDM-dən məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil və internat məktəbləri, stasionarı olan müalicə müəssisələrinin torpaq sahələrinin sərhədlərinə, yaşayış, digər ictimai bina və qurğuların divarlarına qədər məsafələr 50 m-dən az olmamalıdır. Göstərilən məsafəni yanacaqdoldurma kolonkalarından və maye yanacaq saxlanılan yeraltı, çənlərdən təyin etmək la zımdır. Sutkada 500 qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulmuş YDM-dən göstərilən obyektlərə qədər məsafələri 25 m-dən az olmamaq şərtilə qısaltmaq olar.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddət ində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qər ardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi ü çün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının hazırkı inzibati mübahisə ilə bağlı qəbul etdiyi 22 aprel 2022-ci il tarixli, 2-1(103)-1212/2022 nömrəli qərarı qanuni və əsaslıdır.

35. Birinci instansiya məhkəməsi iş üzrə çıxardığı 9 dekabr 2021-ci il tarixli, 21(112)-1042/2021 nömrəli qərarla iddiaçıların iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya İclasının 12 oktyabr 2001-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma norma və qaydaları – Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdı rılması və tikilib abadlaşdırılması – AzDTN 2.6-1”in 8.46-cı bəndinə istinadən belə hesab etmişdir ki, cavabdehin mübahisə predmetinə çevrilmiş 3 mart 2020-ci il tarixli, 14 nömrəli icazəsi qanuni və əsaslıdır.

36. Belə ki, yuxarıda göstərilmiş normativ aktın 8.46-cı bəndinə əsasən maye yanacaq saxlanılan yeraltı çənləri olan yanacaqdoldurma məntəqələrindən məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil və internat məktəbləri, stasionarı olan müalicə müəssisələrinin torpaq sahələrinin sərhədlərinə, yaşayış, digər ictimai bina və qurğuların divarlarına qədər məsafələr 50 m-dən az olmamalıdır. Göstərilən məsafəni yanacaqdoldurma kolonkalarından və maye yanacaq saxlanılan yeraltı, çənlərdən təyin etmək lazımdır. Sutkada 500 qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulm uş yanacaqdoldurma məntəqələrindən göstərilən obyektlərə qədər məsafələri 25 m-dən az olmamaq şərtilə qısaltmaq olar.

37. Apellyasiya instansiya məhkəməsinin inzibati kollegiyası birinci instansiya məhkəməsinin sözügedən hüquqi mövqeyi ilə razılaşmayaraq, hazırkı inzibati mübahisəni həll edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları” adlanan normativ sənədin 9.1 və 9.1.5-ci bəndlərini tətbiq etməklə hesab etmişdir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehin mübahisəli icazəsi qanunsuz sayılaraq ləğv edilməlidir.

38. Sözügedən normativ hüquqi sənədin 9.1 və 9.1.5-ci bəndlərinin məzmunu hazırkı qərarın 29-cu bəndində qeyd edilmişdir.

39. Apellyasiya instansiya məhkəməsi həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyun 2021-ci il tarixli, 10/503 nömrəli ekspert rəyinə də istinad etmişdir.

40. Həmin ekspert rəyində göstərilmişdir ki, yanacaq doldurma məntəqəsinin inşa edildiyi yerin mövqeyi (şəhərdaxili olması), yanacaq doldurma məntəqəsinin çənlərinin bir neçə dəfə doldurulması imkanları, eləcə də qeyd olunan məhdudiyyətin layihə sənədlərində əsaslandırılmadığını (yalnız proqnoz xarakterli olduğunu) nəzərə aldıqda həmin tikintisinə başlanılmış yanacaq doldurma məntəqəsinin ətrafında yerləşən tikililərə münasibətdə AzDTN 2.6-1-in 8.46-cı bəndinin tələblərinə uyğun olmad ığı müəyyən edilmişdir (AzDTN 2.6-1 Qaydaya əsasən 50 metrlik mühafizə zonası olmalıdır). “Google Yer” proqramına, Dövlət Əmlak Xidməti tərəfindən təqdim olunmuş koordinatlara və tədqiqata təqdim olunmuş Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi TikintiPlanlaşdırma Mərkəzi və Dövlət Baş Ekspertiza Mərkəzi tərəfindən razılaşdırılmış ünvan 3 ünvanında tikilməsi nəzərdə tutulan yanacaqdoldurma məntəqəsinin “İşçi layihəsi”nə əsasən qeyd olunur ki, ekspert rəyinə əlavə olunmuş sxemdə göstərilən 1, 3, 9, 10 nömrəli tikililər həm yeraltı yanacaq çənlərinin, həm də yanacaq doldurma aparatlarının, 2 və 4 nömrəli tikililər isə yeraltı yanacaq çənlərinin Dövlət Şəhərsalma Norma və Qaydaları, şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1 ilə tənzimlənən 50 metrlik mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur.

41. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həm birinci instansiya məhkəməsinin hazırkı inzibati mübahisəni həll edərkən tətbiq etdiyi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya İclasının 12 oktyabr 2001-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma norma və qaydaları – Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması – AzDTN 2.6-1”in 8.46-cı bəndinin müddəaları, həm də apellyasiya instansiya məhkəməsinin tətbiq etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları” adlanan normativ sənədin 9.1 və 9.1.5-ci bəndlərinin müddəaları məhz mübahisəli hüquq münasibətlərinin tənzimlənməsinə yönəldilmişdir.

42. Lakin burada xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya İclasının 12 oktyabr 2001-ci il tarixli 5 nömrəli qərarı ilə müqayisədə daha üstün hüquqi qüvvəyə malik olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş sözügedən sənəddə (normativ hüquqi aktda) “sutkada 500-ə qədər minik avtomobillərinin yanacaqla doldurulması üçün nəzərdə tutulmuş yanacaqdoldurma məntəqələrindən göstərilən obyektlərə qədər məsafələri 25 metrdən az olmayaraq şərti ilə qısaltmaq olar” müddəası, ümumiyyətlə, yoxdur.

43. Beləliklə, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Kollegiya İclasının 12 oktyabr 2001-ci il tarixli 5 nömrəli qərarından sonra 6 fevral 2017-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 nömrəli qərarı daha üstün hüquqi qüvvəyə malik olduğundan, faktiki olaraq, 12 oktyabr 2001-ci il tarixli qərarın hazırkı mübahisəli hüquq münasibətləri ilə bağlı hissəsinin qüvvədən düşməsi ilə nəticələnmişdir.

44. Xüsusi olaraq qeyd edilməlidir ki, hazırkı mübahisəli hüquq münasibətlərini tənzimləyən daha üstün hüquqi qüvv əyə malik olan hüquqi normalar olduğu halda, onlardan aşağı hüquqi qüvvəyə malik normaların tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə zidd olduğundan yolverilməzdir.

45. Həmçinin qeyd edilməlidir ki, işin konkret halları nəzərə alınmaqla iddiaçıların altısına məxsus yaşayış sahələrinin 50 metrlik mühafizə zonasına düşməsinə baxmayaraq, hətta bir nəfərə məxsus yaşayış sahəsinin 50 metrlik mühafizə zonasına düşdüyü təqdirdə belə cavabdehin mübahisəli predmeti olan icazəsi ləğv edilməlidir.

46. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 2-1(103)-1212/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2022-ci il tarixli, 21(103)-1212/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar