Məhkəmə qərarları › İş №2-1(102)-1320/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1320/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1320/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 2019-cu il 24 aprel Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinə qarşı “təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 yanvar tarixli 21(107)-84/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1975-ci ildə həmin təhsil müəssisəsini bitirərək diplom almış və ona Dövlət İmtahan Komissiyasının 1975-ci il 28 iyun tarixli qərarı ilə ona orta məktəbdə kimya müəllimi ixtisası verilmişdir. İddiaçıya 2012-ci il 3 iyul tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əyani təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 18 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təhsil müddəti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda həmin müddətin iş stajı kimi hesablanması nəzərdə tutulmadığı üçün əyani təhsil müddəti iş staj ı kimi hesablanmamışdır. İddiaçı 2018-ci il 3 oktyabr tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1975-ci ildə həmin təhsil müəssisəsini bitirərək Ə seriyalı, 106657 nömrəli diplom almış və ona Dövlət İmtahan Komissiyasının 1975-ci il 28 iyun tarixli qərarı ilə ona orta məktəbdə kimya müəllimi ixtisası verilmişdir. ona 2012-ci il 3 iyul tarixdən pensiya təyin edilən zaman əyani təhsil aldığı müddət onun sosial sığ orta stajına daxil edilməmişdir. O, hesab edir ki, qanunvericilinin tələbinə əsasən təhsil aldığı müddət onun sosial sığorta stajına daxil olunmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 15 noyabr tarixli 2-1(84)-1641/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının 1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən dövrdə qüvvədə olan qanunvericiliyə əsasən ali məktəbi bitirmiş şəxslərin təhsil müddəti onların sosial sığorta stajına daxil edilir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddi anın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 yanvar tarixli 2-1(107)-84/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 21 yanvar tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 19 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericilikdə m üəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, fiziki şəxslərin, hərbi qulluqçuların, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bu maddəyə əsasən vətəndaş təhsil dövründə heç bir sosial sığorta haqqı ödəmədiyi üçün onun pensiya kapitalı “0”-a bərabər olur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş «”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, ye nidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın Sosial sığorta stajının hesablanması prosedurunda sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri müəyyən olunur. Bu Qaydalarda da əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Sosial sığorta stajı deyilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə vətəndaşın iş və digər fəaliyyət dövrləri başa düşülür. İddiaçının 19751999-cu illərdəki təhsil müddətinin Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən sosial sığorta stajına aid edilə bilməz. Çünki, həmin illərdə hər hansı gəlir əldə edilməmiş və hər hansı ö dəmələr ödənilməmişdir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü ma ddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı vaxtda qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. “SSRİ-də vətəndaşların pensi ya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci ma ddəsi). Beləliklə, iddiaçı həmin qanunvericilik aktlarının tələblərinə əsasən ali təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, ali təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn aradan qalxmasına səbəb ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 yanvar tarixli 2-1(107)-84/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar