Məhkəmə qərarları › İş №2-1(102)-1326/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1326/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1326/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı QƏRARİ (Açar sözlər: işə bərpa edilmə; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “işə bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3262/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yaz ılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin X2 Xidmətinin 0609/E nömrəli əmrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən iddiaçı xidməti zərurətlə əlaqədar xx.xx.2023-cü ildən məzuniyyətdən geri çağırılmışdır.

2. Cavabdehin X2 Xidmətinin 0564/E nömrəli əmrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən 15 təqvim günü məzuniyyət verilmiş, xidmətə çıxma tarixi xx.xx.2023-cü il hesab edilmişdir.

3. Cavabdehin 1508 nömrəli, xx.xx.2023-cü il tarixli əmrindən çıxarışa əsasən iddiaçının fövqəladə hallar orqanlarında xidmət keçməsinə öz arzusu ilə xitam verilmişdir, əsas kimi iddiaçının təqriri göstərilmişdir.

4. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli təqririnə əsasən iddiaçı ailə vəziyyəti ilə əlaqəd ar olaraq xidmət keçməsinə xitam verilməsini xahiş etmişdir.

5. İddiaçının Azərbaycan Respublikasının X1 ünvanlanmış xx.xx.2023-cü il tarixli işə bərpa haqqında ərizəsinə əsasən, iddiaçı xidmət keçməsinə xitam verilməsini xahiş etməsi barədə ərizə ilə müraciət etmədiyini və xidmətdən keçməsinə xitam verilməsi barədə arzusunu ifadə etmədiyi üçün onun X2 Xidmətinin X2 İşinin təşkili şöbəsinin ictimai obyektlərə nəzarət sektorunun rəisi vəzifəsinə bərpa olunmasının təmin olunmasını xahiş etmişdir.

6. İddiaçının xidmətə yenidən bərpa olunmağı ilə bağlı cavabdehə ünvanladığı ərizəsinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, iddiaçının öz xahişi ilə xidmətkeçməsinə xitam verilmişdir. Əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən iddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-c ü ilə qədər stasionar rejimdə müalicədə olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ddiaçının Azərbaycan Respublikasının Cavabdeh X2 Xidmətinin X2 işini təşkili şöbəsinin İctimai obyektlərə nəzarət sektorunun rəisi vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2011-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Cavabdeh X2 Xidmətində çalışmışdır. 2023-cü ilin növbəti məzuniyyət hüququndan istifadə edərək xx.xx.2023-cü il tarixində 15 günlük müddətə məzuniyyətə çıxmış, məzuniyyət təqrirində qeyd etdiyi kimi məzuniyyətini keçirmək üçün Yevlax rayonunda olmuşdur. xx.xx.2023-cü il tarixində Xidmətin kadrlar şöbəsinin əməkdaşı onunla əlaqə saxlayaraq bu gündən xidməti zərurətlə bağlı işə çıxmalı olduğunu və dərhal Nazirliyin Kadrlar Siyasəti Baş İdarəsinə getməli olduğunu bildirmişdir. İddiaçı isə bununla bağlı məlumatı olmadığını, övladının xəstə olduğunu və məsafə baxımından uzaq olduğundan həmin gün gələ bilməyəcəyini, yalnız sabah gələcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixində Nazirliyə getmiş, onu Nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi qəbul etmiş və təkidlə öz arzusu ilə xidmətdən çıxmağına görə təqrir yazmağını tələb etmişdir. İddiaçı bunun səbəbini soruşanda heç bir səbəbin olmadığını, lakin belə gərək olduğunu bildirmişdir. İddiaçı xidmət etmək arzusunda olduğunu, işdən çıxmaq istəmədiyini və sonradan bu qanunsuz tələbi yerinə yetirməyəcəyini bildirmişdir. Həmin gün orda olduğu müddət ərzində dəfələrlə bu tələb iddiaçıya qarşı qoyulsa da qətiyyətlə etiraz edərək bu qanunsuz tələbə yox demişdir. Sonra Baş İdarənin əməkdaşları tərəfindən xidməti vəsiqəsi iddiaçıdan alınmışdır və o, Nazirliyi tərk etmək məcburiyyətində qalmışdır. xx.xx.2023-cü il tarixində yenidən Nazirliyin həmin Baş İdarəsinə çağırılmış, yenə həmin qaydada iddiaçıdan öz xahişi ilə işdən azad olunmağı barədə təqrir yazmaq istənilmişdir. Dəfələrlə bunun səbəbini soruşsa da heç bir əsas gətirilməyərək təqrir yazmadığı təqrirdə gələcəkdə onun işinə problem yaradılacağı bildirilmişdir. Həmin vaxt gərgin və depressiya vəziyyətində olduğundan səhhətinin pisləşdiyini hiss etmişdir. İdarənin əməkdaşları onunla birlikdə Nazirlikdə yerləşən tibb məntəqəsinə getmişlər. Tibb işçiləri on a qan təyziqinin yüksək olduğunu bildirmiş və təxminən 1 saata yaxın iddiaçıya tibbi yardım göstərilmişdir. Sonradan vəziyyəti normallaşdığı üçün o, Nazirliyi tərk etmişdir. xx.xx.2023- cü il tarixində səhər radələrində özünü çox piss hiss etdiyindən özəl klinikaya müraciət etmişdir. Müəyyən testlərdən sonra qan təzyiqi normadan çox olduğu üçün və səhhətində problemlər yarandığından həmin klinikada stasionar müalicəsi başlamışdır. xx.xx.2023-cü il tarixində xidmət etdiyi xidmətin əməkdaşlarından onun öz arzusu ilə xidmətkeçməsinə xx.xx.2023-cü il tarixindən xitam verildiyi bildirilmişdir. xx.xx.2023-cü il tarixində Nazirliyin həmin Baş idarəsinin əməkdaşı əlaqə saxlayaraq idarə rəisinin onunla görüşmək istədiyini və iddiaçı barədə müsbət qərarın olduğunu bildirmək üçün Nazirliyə gəlməyini istəmişdir. O, həmin gün Nazirliyə getmiş, Baş İdarənin rəisi onu qəbul etmiş, ona bu qaydada davranmamağını, rəhbərliyi əsəbləşdirməməyini bildirmiş və iddiaçıya söz vermişdir ki, işdən azad olunmağı barədə təqriri yazdığı halda o, yenidən işə bərpa olunacaqdır.İddiaçıya işdən azad olunmaq haqqında öz xahişi ilə köhnə tarixlə, yəni xx.xx.2023-cü il tarixi ilə təqrir yazdırılmış, həm də sonra həmin gün xx.xx.2023-cü il tarixinə yenidən xidmətə bərpa olunmaqla bağlı ona ərizə yazdırılmışdır. İddiaçıya söz verildi ki, xx.xx.2023-cü il tarixində işə yenidən bərpa ilə bağlı məsələ həll ediləcəkdir. Sonradan bir müddət gözləməli olduğu ona bildiriləndə artıq aldadıldığını anlamışdır.Əlavə olaraq bildirmək isdəyir ki, o, həmin təqriri yazmadığı müddətdə qohumlarına guya iddiaçının "tabesizlik' g östərdiyindən onlara da problem yarandığı bildirilmişdir. Sonradan onlar da Nazirliyə dəvət olunaraq ərizələri alınmışdır. İddiaçının xx.xx.2023-cü il tarixində bu qanunsuz tələblə qismən razılaşmağının səbəbi isə ətrafındakı insanlara qarşı olan "hücumlar” olmuşdur. Onu da qeyd etmək isdəyir ki, Əmək Məcəlləsinin 137-ci maddəsinin 2-ci bəndinə əsasən məzuniyyətdən geri çağırılsa da həmin vaxt heç bir fövqəladə hal baş verməmiş, təxirəsalınmaz işlərin görülməsi zərurəti yaranmamışdır. Məzuniyyətdən gerı çağırılma barədə iddiaçıdan heç bir razılıq ərizəsi alınmamış, iddiaçı ilə razılaşdırılmamışdır. Bu günə qədər məzuniyyətdən geri çağırılma və xidmətkeçməsinə xilam verilməsi barədə əmrlərin heç biri ilə tanış edilməmişdir, əmrlərin surəti iddiaçıya təqdim olunmamışdır.

9. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin əmrinin ləğv edilməsi, İddiaçı xidmətə bərpa olunması, ona ödənilməmiş və buraxılmış iş günlərinə görə əmək haqqının,ona əlavələrin və mükafatların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2340/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı cavabdehin əmrinin ləğv edilməsi, İddiaçı xidmətə bərpa olunması, ona ödənilməmiş və buraxılmış iş günlərinə görə əmək haqqının, ona əlavələrin və mükafatların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia rədd edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xidmətinə xitam verilməsi arzusun da olmadığını göstərsə də, iş materiallarında olan iddiaçının özü tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli təqrirə əsasən iddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq xidmət keçməsinə xitam verilməsini cavabdehdən xahiş etmişdir. İddiaçı qeyd edilən təqririn onun iradəsini ifadə etmədiyini, təqriri təzyiq altında yazmasını göstərsə də buna dair sübutları məhkəməyə təqdim etməmiş, həmin sübutlar barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda əmək qabiliyyətinin olmaması vərəqəsi ilə bağlı qeyd edilməlidir ki, həmin əmək qabiliyyətinin olmaması vərəqəsi ilə iddiaçının xidmətinə xitam verilməsi halları ilə səbəbli əlaqəsi hal-hazırda müəyyən olunmur. Məhkəmə kollegiyası iddiaçının onun əmək məzuniyyətdən geri çağırılması barədə əmrin qanunauyğun olmaması barədə dəlillərinə münasibət də bildirir ki, həmin əmr hal-hazırda qüvvədədir və iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3262/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, N.Nəbizadə və M.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia təl əbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh X2 Xidmətinin X2 işini təşkili şöbəsinin İctimai obyektlərə nəzarət sektorunun rəisi vəzifəsinə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, FHN tərəfindən İddiaçının xidmətkeçməsinə xitam verilərkən 1 təqvim ayı xəbərdarlıq müddəti gözlənilməmişdir. Belə ki, Əmək Məcəllənin 69.2-ci maddəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəb ərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli iddiaçının təqririn mətninə əsasən, İddiaçı tərəfindən xidmətkeçməsinə xitam verilməsi barədə təqrirdə xüsusi tarix qeyd edilməmişdir. Xidmətkeçməyə xitam verilməsi barədə Cavabdehin Əmrinin əsas hissəsində İddiaçının təqririnə istinad edilmişdir. Lakin elə təqririn tarixi xx.xx.2023-cü il tarixidir. Yəni iş materiallarından bizə aydın olur ki, Cavabdeh İddiaçıdan təqrir aldığı tarixdə də onun xidmətkeçməsinə xitam vermiş dir. Bununla da 1 aylıq gözləmə müddətini ötürməmişdir. Bundan başqa iş materiallarında olan İddiaçı tərəfindən FHN-ə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədə iddiaçı özü "öz arzusu" ilə tutduğu vəzifədən ayrılmaq istəmədiyini və onun onun xidmətə bərpa olmaq niyyətinin olduğu bizə aydın olmaqdadır. Lakin Cavabdeh bu ərizəni də nəzərə almamış faktiki olaraq İddiaçının xidmətkeçməsinə qanunazidd olaraq xitam vermişdir.

18. İddiaçının FHN-ə ünvanlandığı və “işə bərpa” adlandırdığı ərizəsinin Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulan xitam ərizəsinin etibarsız hesab edilməsi barədə işəgötürənə işçi tərəfindən verilən yeni ərizənin mahiyyətinə uyğun gəldiyi aydın olmaqdadır.

19. Belə ki, Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, işçi bir təqvimayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

20. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun.

21. Bununla yanaşı, qanunvericilikdə Məcəllənin 69.2-ci maddəsində nəzərdə tutulmuş ərizə növlərinin forması konkret olaraq müəyyən edilməmişdir.

22. Qeyd edilənlərə əsasən, İddiaçının xx.xx.2023-cü il tarixində Cavabdehnə “işə bərpa” barədə müraciəti onun işə bərpası üçün əsas olmuşdur.

23. Lakin Bakı Apellyasiya Məhkəməsi apelyasiya şikayətimizi təmin etməmiş, 2-1(103)-3262/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarını qüvvədə saxlamışdır.

24. Məhkəmə işi araşdırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69cu maddəsinin normalarını tətbiq etməli olduğu halda tətbiq etməmiş və kobud pozuntuya yol vermişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, iddiaçı qanunsuz olaraq məzuniyyətdən xx.xx.2023-cü il tarixində geri çağırıldığını, elə həmin gün də ərizəsi olmadan “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən “öz arzusu” ilə fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verildiyini, lakin onun bu barədə ərizəsinin mövcud olmadığını bildirmiş, bunun ardınca isə öz vəzifəsinə bərpa olunmağının təmin olunmasını xahiş etmişdir.

25. İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsində xidmətkeçməsinə xitam verilməsi zamanı ərizəsinin alınmadığını, xidmətdən “öz arzusu” ilə ayrılmadığını və işə bərpa olmaq niyyətində olduğunu açıq-aydın göstərmişdir.

26. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, qərarın ləğv edilməsini və İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, İddiaçı xidmətə bərpa olunması və buraxılmış iş günlərinə görə əmək haqqının, ona əlavələrin və mükafatların ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Apellyasiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il t arixli, 2-1(103)3262/2024 saylı qərarla yuxarıda göstərilmiş nəticəyə gələrkən, belə hesab etmişdir ki, “...iddiaçı xidmətinə xitam verilməsi arzusunda olmadığını göstərsə də iş materiallarında olan iddiaçının özü tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli təqrirə əsasən iddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq xidmət keçməsinə xitam verilməsini cavabdehdən xahiş etmişdir. İddiaçı qeyd edilən təqririn onun iradəsini ifadə etmədiyini, təqriri təzyiq altında yazmasını göstərsə də buna dair sübutları məhkəməyə təqdim etməmiş, həmin sübutlar barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda əmək qabiliyyətinin olmaması vərəqəsi ilə bağlı qeyd edilməlidir ki, həmin əmək qabiliyyətinin olmaması vərəqəsi ilə iddiaçının xidmətinə xitam verilməsi halları ilə səbəbli əlaqəsi hal-hazırda müəyy ən olunmur. Məhkəmə kollegiyası iddiaçının onun əmək məzuniyyətdən geri çağırılması barədə əmrin qanunauyğun olmaması barədə dəlillərinə münasibətdə bildirir ki, həmin əmr hal-hazırda qüvvədədir və iddiaçı tərəfindən mübahisələndirilməmişdir.”

31. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı inzibati mübahisənin halları və iş üzrə olan sübutlar tam və hərtərəfli araşdırmamışdır.

32. Belə ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin sözügedən nəticəyə gələrkən, bu nəticənin əsaslandırılması ilə bağlı hüquqi mövqeyə dair yazdığı cümlələrə diqqət yetirməyi zəruri hesab edir ki, xüsusi də onların İPM-in 1.2, 12-ci maddələrinə, istinadən MPM-in 217.1 və 217.3-cü maddələrinin müddəalarına uyğun olmadı ğını vurğulayır.

33. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, cavabdehin X2 Xidmətinin 0609/E nömrəli əmrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən iddiaçı xidməti zərurətlə əlaqədar xx.xx.2023-cü ildən məzuniyyətdən geri çağırılmışdır. - cavabdehin X2 Xidmətinin 0564/E nömrəli əmrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən 15 təqvim günü məzuniyyət verilmiş, xidmətə çıxma tarixi xx.xx.2023-cü il hesab edilmişdir; - cavabdehin 1508 nömrəli, xx.xx.2023-cü il tarixli əmrindən çıxarışa əsasən iddiaçının fövqəladə hallar orqanlarında xidmət keçməsinə öz arzusu ilə xitam verilmişdir, əsas kimi iddiaçının təqriri göstərilmişdir; - iddiaçının cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli təqririnə əsasən iddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq xidmət keçməsinə xitam verilməsini xahiş etmişdir.

34. Daha sonra apellyasiya məhkəməsi göstərir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun fövqəladə hallar orqanlarında xidmətkeçmənin qaydaları və şərtlərini, həmin orqanlarda xidmət keçən şəxslərin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarının hərbi qu lluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar təşkil edir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.

35. Əvvəla iş materiallarından göründüyü kimi, iddiaçıya xx.xx.2023-cü il tarixdən 15 təqvim günü məzuniyyət verildiyi halda, onun cəmi 4 gün sonra məzuniyyətdən geri çağırılmasının hansı xidməti zərurətdən yaranması, o cümlədən müvafiq qanunvericilikdə, o cümlədən daxili təlimatlarda nəzərdə tutulmuş qaydada aparılıb-aparıl maması ümumiyyətlə araşdırma predmeti olmamışdır.

36. Yeri gəlmişkən, qeyd edilməlidir ki, işdə iddiaçının məzuniyyətdən qayıdıb işə çıxması barədə ərizəsi mövcud deyildir.

37. Belə olan halda apellyasiya məhkəməsi belə bir ərizənin mövcud olmadığı təqdirdə, işçinin vəzifəsindən azad edilməsi Əmək Məcəlləsində nəzərdə tutulmuş məzuniyyət hüququnun müddəalarına, o cümlədən prosedur qaydalarına riayət edilib-edilməməsini yoxlamalı idi, lakin bunu etməmişdir.

38. Eyni zamanda apellyasiya məhkəməsi yuxarıda artıq göstərildiyi kimi, apellyasiya məhkəməsinin qənaətinə görə iddiaçının sözügedən təqririn təzyiq altında yazmasına dair sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir.

39. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, işin bu halı tam dərindən və hərtərəfli araşdırmamışdır, belə ki, iddiaçının xx.xx.2023-cü il tarixdə məzuniyyətdən geri çağırılması və adıçəkilən təqririn eyni tarixdə iddiaçı tərəfindən yazılıb cavabdehə verilməsi, sonradan iddiaçının işinə bərpası barədə rəsmi müraciət etməsi, yəni bu məsələlərin səbəbləri məhkəmə tədqiqatı predmeti olmamışdır.

40. Digər tərəfdən apellyasiya məhkəməsi qərarında yazır ki, “həmin əmək qabiliyyətinin olmaması vərəqəsi ilə iddiaçının xidmətinə xitam verilməsi halları ilə səbəbli əlaqəsi hal-hazırda müəyyən olunmur.”

41. Burada məntiqi bir məslə ortalığa çıxır ki, “hal-hazırda müəyyən olunmur” ifadəsi nə anlama gəlir.

42. Belə ki, məhkəmə araşdırılması zamanı (“hal-hazırda”) bu müəyyən olunmasa, halbuki işin bütün halları araşdırılmalı idi, o halda məntiqi bir sual ortaya çıxır, sözügedən məsələ məhkəmə araşdırılması z amanı deyilsə də, nə vaxt və harada müəyyən olunmalıdır.

43. Bununla yanaşı apellyasiya məhkəməsi qərarında qeyd edir ki, iddiaçının əmək məzuniyyətindən geri çağırılması əmri hal-hazırda qüvvədədir və iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

44. Lakin məhkəmə kollegiyası apellyasiya məhkəməsinin belə hüquqi mövqeyini əsaslı saymır, belə ki, iddiaçı aralıq xarakter daşıyan həmin əmri yox, onun xidmətkeçməyə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmri və ondan irəli gələn digər məsələləri mübahisələndirməkdədir.

45. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndinə görə, bu məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statu sunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.

46. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri apellyasiya məhkəməsinin qərarında göstərilmiş normativ hüquq normaları ilə yanaşı, həm də Əmək Məcəlləsinin müddəaları ilə də tənzimlənir.

47. Bu arada qeyd edilməlidir ki, Əmək Məcəlləsində “Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası” adlanan 69-cu maddəsi mövcuddur.

48. Həmin Məcəllənin 1-ci bəndinə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

49. Həmin Məcəllənin 2-ci bəndinə görə, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

50. Həmin maddənin 4-cü bəndinə görə, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu ma ddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

51. Həmin maddənin 5-ci bəndinə görə, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

52. Həmin maddənin 6-cı bəndinə görə, işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə əri zəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

53. Həmin maddənin 7-ci bəndinə görə, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 54. “Fövqəladə hallar orqanlarında xidmət kemə haqqında” qanunun 2.2-ci maddəsinə əsasən, Fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir.

55. Həmin maddənin 2.3-cü maddəsinə görə, Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.

56. Qeyd edilməlidir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, işçi (iddiaçı) sözügedən təqrirində (ərizəsində) əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməmişdir, lakin apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən həmin məsələni Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinin tələbləri baxımından araşdırmamış və ona hüquqi qiymət verməmişdir.

57. Eyni ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinin müddəaları nəzərə alınmaqla, hazırkı işin halları ümumiyyətlə məhkəmə tədqiqatı predmeti olmamışdır.

58. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

59. İşə apellyasiya məhkəməsi tərəfindən təkrar baxıldığı zaman yuxarıda göstərilmiş məsələlər tam və hərtərəfli araşdırılmalı, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməli, bunun nəticəsində iş üzrə qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

60. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. B akı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3262/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar