Məhkəmə qərarları › İş №2-1(102)-1332/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1332/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1332/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergilərin hesablanması barədə qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X2, iddiaçının vəkili Vəkil2, cavabdehin nümayəndəsi X1, cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhərt Lokal Gəlirlər Departamentinə (hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-212/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən 2016-cı ilin 1-ci rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2 256 756,88 manat əlavə vergi məbləği hesablanmış və hesablama ilə bağlı 2019-cu il 12 fevral tarixli, **********232600 nömrəli “Vergilərin hesablanması barədə” qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ M ƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 2019-cu il 22 fevral tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2019-cu il 12 fevral tarixli, **********232600 saylı vergilərin hesablanması barədə qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin 2019-cu il 12 fevral tarixli, **********232600 saylı vergilərin hesablanması barədə qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56-cı maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 56.1-ci maddədə göstərilmişdir. Belə ki, vergi qanunvericiliyinin tələblərinin pozulması anından 3 il keçmişdir sə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Vergi Məcəlləsinin 83.3. maddəsinə əsasən vergi orqanının səyyar və kameral vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövri qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 85.4. maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. 2015-ci il 29 may tarixdə özül tavası yəni, təməli qoyulmuş binanın vergi öhdəliyi 2016-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş qanuna əsasən yarana bilməz.

4. İddiaçı 2015-ci ildə mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsini təqdim etməli olmuşdur. Lakin, 2016-cı il 1 yanvar tarixdən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi maddəsi ləğv edilmişdir. 2016-cı il 1 yanvar tarixədək iddiaçı mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsini binanın özül tavası, yəni təməli qoyulan zaman vergi bəyannaməsini təqdim etməli olmuşdur. 2015-ci ildə qüvvədə olan Vergi Məcəlləsinin müvaf iq maddələrinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi 219.3-cü maddədə müəyyən edilən vergi tutma obyektinin hər kv.m. üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanırdı. Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikintinin təməl işlərinin başlandığı rübdə hesablayıb, həmin rübdən sonrakı ayın 20dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirdilər. Qeyd olunanlara əsasən, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56-cı, 62.1 -ci, 85-ci, 94-cü, 220.8-ci, 221.5-ci və 219.3-cü maddələrinə istinad edərək cavabdehin 2019-cu il 12 fevral tarixli, **********232600 saylı vergilərin hesablanması barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı binanın təməlinin qoyulduğu 2015-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci maddəsinə istinad etmişdir. Lakin iddiaçı tikintisinə 2015-ci ilin 2-ci rübündə başlamış binaya görə 2015-ci il 21 iyul tarixdə mənzil tikintisi üzrə sadələşdirilmiş vergi hesabatı təqdim etmiş, daha sonra 2015-ci il 16 noyabr tarixdə dəqiqləşdirilmiş mənzil tikintisi üzrə sadələşdirilmiş və 2015-ci il 17 noyabr tarixdə 2014-cü ilin noyabr ayı üzrə dəqiq ləşdirilmiş ƏDV vergi hesabatı təqdim edərək şəxsi hesab vərəqəsində azalma aparmışdır. Halbuki, bina tikintisinə görə 2015-ci ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 221.5-ci maddəsinə əsasən vergi ödəyicisi tikinti sahəsi üçün sadələşdirilmiş vergini tikintinin təməl işlərinin başladığı rübdə hesablamalı, həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməli və bərabər hissələrlə 12,5 faiz həcmində hər rübün sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəməliydi.

6. Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli, 1384-İVQD saylı Qanunun 2ci maddəsinə əsasən tikinti fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən Qanun qüvvəyə minənədək öd ənilmiş ƏDV-nin və sadələşdirilmiş verginin nəzərə alınması üçün zəruri şərtlərin və tələbləri müəyyən edilmişdir. Həmin qanun vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edən Vergi Məcəlləsinə dəyişikliyi nəzərdə tutulduğundan Vergi Məcəlləsinin tərkib hissəsidir. Qeyd olunan qanunun 2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Lakin, iddiaçı 2016-cı ilin yanvarından sonrakı 30 gün müddətində vergi orqanına öz seçimi barədə yazılı formada məlumatın təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmiş və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi yeni qaydada hesablanmışdır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanının Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmçinin, Vergi Məcəlləsinin 37.3-ci maddəsinə əsasən kameral yoxlaması aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Lakin, iddiaçı tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyindən, Departament tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergi hesablaması analoji qaydada aparılmışdır.

7. Vergi Məcəlləsinin 67.1-ci maddəsində qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binasi (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadiqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergi tutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumat lardan, o cümlədən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Mənbəyi bəlli olan məlumatlara əsasən Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında binanın tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 13301,2 kv.m. olan binanın, bina tikintisi fəaliyyəti ilə bağlı metodun seçimi ilə bağlı müraciətin edilməməsi nəzərə alınmaqla 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlar nəzərə alınmaqla vergi ödəyicisinə Vergi Məcəlləsinin 220.8.2-ci maddəsinə və müəssisə tərəfindən təqdim edilmiş 2015-ci ilin 2-ci rübü “mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər t ərəfindən ödənilməli olan sadələşdirilmiş vergi” bəyannamələrini nəzərə almaqla yoxlama zamanı 2016-cı ilin 1ci rübü üçün 2256756,88 manat mənzil tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi hesablanmışdır. Kənarlaşma barədə, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 2019-cu il 18 yanvar tarixli, **********786500 nömrəli uyğunsuzluq məktubu göndərilmiş və 2016-cı ilin 1-ci rübü üçün cari bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin (həmçinin, yaşayış binası üçün ayrılan torpaq sahəsində tikinti işlərinin aparılması barədə icazə sənədinin, yaşayış binasının layihəsi üzrə ümumi sahəsini təsdiq edən sənədlərin surətlərini, təməlqoymanın vaxtını və tikintinin sahəsini özündə əks etdirən sənədlərin təsdiq olunmuş surətlərini və digər zəruri sənədlərin) vergi orqanına təqdim edilməsi bildirilmişdir. Göründüyü kimi, qanunverici tikinti şirkətlərinə vergi ödəmə metodu kimi ya sadələşdirilmiş vergini, ya da digər vergi ödəmə metodunu seçmə imkanı yaratmışdır. Sadələşdirilmiş vergini seçən və yazılı formada məlumatı təqdim etməyən sadələşdirilmiş tikinti ilə məşğul olan hüquqi və fiziki şəxslərə tikəcəkləri binanın yaşayış sahəsinin hər kvadratmetrini əvvəlcə 45 manata, daha sonra Bakı şəhəri və onun qəsəbə və kəndləri və Respublikanın digər şəhər və rayonları üçün müəyyənləşdirilmiş əmsallardan uyğun gələninə vurularaq yaşayış sahəsi üçün sadələşdirilmiş vergi hesablanır. Qeyri-yaşayış sahəsi üzrə vergi qeyri-yaşayış sahəsi əvvəlcə 45-ə, daha sonra zonalardan asılı olmayaraq 1.5 əmsalın a vurulması ilə hesablanılır. Odur ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi (həmçinin, zəruri sənədlər) vergi orqanına təqdim edilmədiyindən 2019-cu il 12 fevral tarixdə 2016-cı ilin 1-ci rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə (yaşayış sahəsi 29308,03x45*1,5=1978292,02 manat, qeyri yaşayış sahəsi 2750,27x45*1,5x1,5=278464,84 manat) 2256756,88 manat əlavə vergi məbləği hesablanmış və hesablama ilə bağlı 2019-cu il 12 fevral tarixli, **********232600 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir.

8. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və ma liyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Beləliklə, 2015-ci il 20 oktyabr tarixli qanunla Vergi Məcəlləsinə dəyişiklik edilmiş, dəyişikliyin qüvvəyə minməsi ilə əlaqədar müvəqqəti tənzimlənməyə zərurət yarandığından qanunverici həmin qanunda keçid müddəa nəzərdə tutmuş və qeyd olunan məsələni tənzimləmişdir. Əlavə olaraq, Vergilər Nazirliyi yanında Vergi Cinayətləri İbtidai Araşdırılması Departamentində iddiaçıya qarşı Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsa sən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 aprel tarixli, 2-1(82)1419/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin iddiaçı barədə 2019-cu il 12 fevral tarixli, **********232600 saylı vergilərin hesablanması barədə qərarı ləğv edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh yoxlamanın əsası kimi 2016-cı il 1 yanvar tarixdə qüvvəyə minmiş yeni Vergi Məcəlləsinə əsaslanmaqla iddiaçı tərəfindən bina tikinti si fəaliyyəti ilə məşğul olan şəxslərin hansı ödəmə metodunu seçməsi barədə məlumat verməməsi və bəyannamə təqdim etməməsini əsas gətirərək vergi borcu hesabladığını bildirmişdir. Halbuki, cavabdeh etirazında etiraf etdiyi kimi iddiaçı 2015-ci il 16 noyabr tarixdə dəqiqləşdirilmiş mənzil tikintisi üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmişdir və cavabdeh həmin müddətdən kameral yoxlama müddətini tətbiq etməli idi. Eyni zamanda iddiaçının vergi borcu binanın təməli qoyulduğu 2015-ci ilin may ayında yarandığından yeni qəbul edilmiş 2016-cı il tarixli vergi qanunvericiliyin iddiaçıya münasibətdə tətbiq edilməsi əsassızdır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdeh artıq bir dəfə 2016-cı il üzrə kameral yoxlama aparmış və “Vergilərin hesablanması barədə” 2016-cı il 24 may tarixl i, **********398100 saylı qərarla iddiaçıya bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2016-cı ilin İ rübü dövrünə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinə hesablanmış vergi 1.329.614,33 manat, bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 892.072,79 manat müəyyən edilmişdir. Həmin məbləğin isə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 fevral tarixli, 2-1(103)-45/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 aprel tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən “bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” təqdim edilmədiyindən, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergi hesablaması analoji qaydada aparılmışdır. İddiaçı tərəfindən vergi orqanına 2016-cı ilin 1-ci rüb dövrünə bina tıkintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyindən kameral vergi yoxlamasında Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş müddət tətbiq edilmişdir. İddiaçı bir ünvan üzrə deyil, iki, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kmnin qərb hissəsi və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev p rospekti ünvanları üzrə bir neçə binalar üzrə təməl qoyma işləri başlamış, vergi orqanı isə iddiaçıya 2016-cı ilin İ rübü üzrə 1329614,33 manat BTFSV məbləğini yalnız Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü km-nin qərb hissəsi ünvanda olan binalar üzrə hesablamış, daha sonra 2016-cı ilin 1-ci rübü üzrə hesablanmış 1329614,33 manat vergi məbləğinə düzəliş olunaraq digər ünvan, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanda təməl qoyma işləri başlamış binalar üzrə 927142,44 manat əlavə, cəmi isə 2256756,88 manat (1329614,33 + 927142,44) BTFSV məbləğini hesablamışdır. Bundan başqa, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri Bakı-Quba avtomagistralının 14-cü km-nin qərb hissəsində mənzil tikintisi üçün ayrılmış torpaq sahəsində 5 ədəd 5 blo klu 10 mərtəbəli binanın ümumi sahəsi 18757,10 kv.m o cümlədən 1881,78 kv.m qeyri yaşayış sahəsinə görə hesablanmış 1329614,33 manat məbləğində sadələşdirilmiş vergi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2018-ci il 9 oktyabr tarixli, 22584 saylı və 2019-cu il 14 yanvar tarixli, 25303 saylı rəylərdə iddiaçı tərəfindən 2016-cı ilin 1-ci rübü dövrünə bina tikintisi fəaliyyətinə görə 18757,10 kv.m sahəyə görə vergidən yayındığı öz təsdiqini tapmış və bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 892072,79 manat iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. kassasiya instansiyası məhkəməsindəki icraat

15. Azərbaycan Respublikası Ali M əhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 31 avqust tarixli, 2-1(102)-1120/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 fevral tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi şikayətdə qeyd edilənlərlə bağlı tərəflərin iştirakı ilə araşdırma aparmamış, iddianın predmeti olan 2019-cu il 12 fevral tarixli qərarla hesablanmış 2.256.756,88 manat vergi məbləğinə həqiqətən 2016-cı il 24 may tarixli qərarla hesablanmış vergi məbləğinin aid olması, iddiaçının bundan, o cümlədən 2016-cı il 24 may tarixli qərardan (nə vaxt) məlumatlı olması, 2016-cı il 24 may tarixli qərarla müəyyən edilən məbləğin şəxsi hesab vərəq əsində hərəkəti, 2016-cı il 24 may tarixli qərarın qüvvədə olması, həmin qərarla qət edilmiş vergi məbləğinə münasibətdə iddianın mümkünlük şərtləri yoxlanılmamışdır. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən 2016-cı ilin 1-ci rübündə bina tikintisi ilə bağlı təməl qoyma həyata keçirilmədiyi halda vergi orqanına 2016-cı ilin 1-ci rüb dövrünə bina tıkintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməli olmasını qərarında əsaslandırmamışdır. İddiaçının müxtəlif ünvanlarda bina tikintisinə icazə verilməsi barədə Abşeron rayon icra Hakimiyyətinin 2013-cü il 20 sentyabr və 2014-cü il 14 aprel tarixli sərəncamları mövcuddur. Apellyasiya məhkəməsi iddiaçının hansı ünvanda olan, sahəsi göstərilməklə hansı binaya görə vergi məsuliyyətinə cəlb edilməsi ilə bağ lı araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. İPM-in 12 və 58ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. b. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-212/2021 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası icrası məcburi olan Ali Məhkəmənin göstərişlərini icra etmədən və tələb olunan araşdırmanı aparmadan 2021-ci il 17 mart tarixli, 2-1(103)-212/2021 saylı qərarla cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. 2016-cı il 1 yanvar tarixdən qüvvəyə minən yeni dəyişikliyə əsasən yazılı formada məlumat qan un qüvvəyə mindikdən sonrakı 30 gün müddətində vergi orqanına təqdim edilmədiyindən müəssisənin daha əvvəl binadakı mənzillərin satışı ilə bağlı hesabladığı bütün ƏDV məbləği, eləcə də köhnə qaydada hesablanmış sadələşdirilmiş vergi azaldılmaqla 2016-cı il 24 may tarixli qərarla yeni qayda ilə müəssisəyə 1.329.614,33 manat (16.875,32 m2 * 45 manat * 1,5 = 1.139.084,10 manat yaşayış sahəsi və 1.882,78 m2 * 45 * 1,5 * 1,5 = 190.530,23 manat qeyri yaşayış sahəsi) BTFSV (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi) hesablanmışdır. Eyni zamanda, müəssisə Abşeron Rayon İcra Hakimiyyətinin 2014-cü il 14 aprel tarixli, 175 nömrəli sərəncamı əsasında 2015-ci ilin İİ rübündə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən torpaq sahəsində ü mumi sahəsi 11.340,0 m2 olan yaşayış binasının təməlini qoymuşdur. Bununla əlaqədar müəssisə 2015-ci il 21 iyul tarixdə 2015-ci ilin İİ rübü üzrə vergi orqanına bəyannamə təqdim edərək həmin binanın sahəsinə müvafiq 204.120,0 manat (11.340,0 m2 x 10,0 x 1,8) MTFSV hesablamış, lakin 2015-ci il 16 noyabr tarixdə eyni dövr üzrə dəqiqləşdirilmiş MTFSV bəyannaməsini təqdim edərək hesablamış vergiləri azaltmışdır. Qeyd olunan yaşayış binası ilə əlaqədar hesablanmış vergilər 2016-cı il 1 yanvar tarixədək vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə tam azaldıldığına görə 2016cı il 1 yanvar tarixdən sonra qüvvədə olan yeni qanunvericiliyə əsasən 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə aparılmış hesablama lar zamanı bu bina ilə əlaqədar yeni metod üzrə sadələşdirilmiş vergi hesablanmamışdır.

21. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, 2015-ci il 29 may tarixdə təməli qoyulmuş və 2015-ci il 21 iyul tarixdə mənzil tikintisi üzrə sadələşdirilmiş vergi hesabatı təqdim etmiş iddiaçıya 2016-cı ilin 1-ci rübü dövrünə BTFSV hesablamaqla cavabdeh Vergi Məcəlləsinin 37.2-ci və 85.4-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmənin bu mövqeyi əsaslı hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Lakin, iddiaçı tərəfindən vergi orqanına 2016-cı ilin 1-ci rüb dövrünə BTFSV bəyannamə si təqdim edilməmişdir. Əksinə 2015-ci ilin 2-ci rübündə təməli qoyulmuş binaya görə MTFSV bəyannaməsi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək vergiləri tam azaltmış və bu günə qədər də yeni vergi bəyannaməsi təqdim edilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin 3 illik hesablama müddətinin ötürülməsi ilə bağlı gəldiyi nəticə də əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 85.4-ci maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Verg i bəyannaməsinin təqdim edilməsinin son günü rüb başa çatdıqdan sonra növbəti ayın 20-si (2019-cu il 20 aprel) olduğundan cavabdeh 2019-cu il 12 fevral tarixli kameral vergi yoxlaması qərarı ilə vergi hesablamaq müddətini (3 il) ötürməmişdir.

23. Məhkəmə iş üzrə faktiki halların tam, hərtərəfli və obyektiv araşdırmasını aparmadığı üçün səhvən belə nəticəyə gəlmişdir ki, vergi orqanı kameral vergi yoxlamasını məhz iddiaçının 2015-ci ildə təqdim etdiyi MTFSV bəyannamələri üzrə həyata keçirmişdir. Başqa sözlə, məhkəmə iş üzrə düzgün araşdırma aparmamışdır. Belə ki, vergi orqanı tərəfindən iddiaçıya kameral vergi yoxlaması ilə hesablamanın köhnə qayda əsasında mənzil tikintisi ilə deyil, 2016-cı il 1 yanvar tarixdən qüvvəyə minən yeni qanunla nəzərdə tutulmuş BTFSV üzrə aparmış və bu səbəbdə n də iddiaçı yeni qanunla müəyyən edilmiş qayda ilə BTFSV üzrə bəyannamə təqdim etmədiyi üçün qanunvericilikdə nəzərdə tutulmuş yuxarıda qeyd olunan 30 iş günü müddətin axımı başlamamış, eyni zamanda hesablamanın aparıldığı 2016-ci ilin İ rübü üzrə hesabat dövründən 3 illik müddətin keçməsi halı baş verməmişdir. Digər tərəfdən, məhkəmə iddiaçının 2014-cü ilin 2 və 3-cü rüblərində təməli qoyulmuş binalara görə yeni qüvvəyə minmiş qanuna əsasən 2016-cı ilin 1-cü rübü üzrə hesablama aparılmasına irad bildirmədiyi halda, 2015-ci ilin 2-ci rübündə təməli qoyulmuş binaya görə 2016-cı ilin 1-ci rübü üzrə hesablama aparılmasının mümkün olmadığı bildirməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir.

24. Cavabdeh məhkəmənin iddiaçının vergi borcu binanın təməli qoyulduğu 2015-ci ilin may ayında yarandığ ından yeni qəbul edilmiş 2016-cı il tarixli vergi qanunvericiliyinin iddiaçıya münasibətdə tətbiq edilməsinin əsassız olduğuna dair göstərdiyi dəlilləri ilə bağlı bildirmişdir ki, məhkəmənin belə nəticəyə gəlməsi ümumiyyətlə 2016-cı il tarixdən qüvvəyə minmiş yeni qanunun normalarının, xüsusilə yeni qanunun keçid müddəalarının düzgün tədqiq edilmədiyini göstərir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, qanunverici yeni qanun qüvvəyə minənədək tikintiquraşdırma işlərini başlamış şəxslərə sadələşdirilmiş verginin hesablanması ilə bağlı iki seçim imkanı nəzərdə tutmuşdur ki, həmin şəxslər yeni qanunda nəzərdə tutulmuş 30 gün müddət ərzində vergi orqanına yazılı formada məlumat təqdim etməklə öz seçimləri barədə iradə ifadəsini bəyan edə bilərlər. Yəni, onlar qeyd olunan müddət ərzində seçimlə b ağlı vergi orqanına öz iradə ifadələrini bildirdikdən sonra ya əvvəlki qaydada mənzil tikintisi fəaliyyəti ilə bağlı və yaxud yeni qayda ilə bina tikintisi fəaliyyəti ilə bağlı vergilərini ödəyə bilərlər. Belə olan halda isə aydın məsələdir ki, yeni qanunla nəzərdə tutulmuş qayda ilə BTFSV ödəmək qərarına gələn vergi ödəyicisi yeni qanun qüvvəyə mindikdən sonra binanın təməl qoyma işlərini yeni qanun qüvvəyə minənə, yəni 2016-cı il 1 yanvar tarixə qədər başlasa da belə, qanunun 2016-cı il 1 yanvar tarixdən qüvvəyə minməsini nəzərə alaraq BTFSV-nin qeyd olunan tarixdən əvvəlki hesabat dövrlərinə deyil, məhz qanun qüvvəyə mindikdən sonrakı hesabat dövrləri üzrə hesablanmasını həyata keçirə bilərdi. Başqa sözlə, 2016-cı il 1 yanvar tarixdən qüvvəyə minən qanunla nəzərdə tutulmuş yeni qayda İl ə vergilərin hesablanması barədə müddəaları əsas götürməklə həmin qanunun qüvvəyə minməsindən əvvəlki hesabat dövrləri üzrə vergilərin hesablanması qanunvericiliyinin tələblərinə uyğun deyil və ümumiyyətlə sözügedən normaların tətbiqi baxımından əhəmiyyətsizdir.

25. Kassasiya şikayətində 2016-cı ilin 1-ci rübü üzrə kameral vergi hesablandığı zaman 2015-ci ilin 2-ci rübü üzrə iddiaçı tərəfindən təqdim edilmiş “mənzil tikintisi üzrə sadələşdirilmiş vergi" bəyannaməsində tikilən binanın sahə göstəricilərinə əsasən hesablandığı və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2018-ci il 9 oktyabr tarixli, 22584 saylı rəydə, iddiaçı tərəfindən 2016-cı ilin 1-ci rübü dövrünə bina tikintisi fəaliyyətinə görə 18.757,10 m2 sahəyə görə vergidən yayındığı öz təsdiqini tapması nəzərə alınmamış, heç münasibət də bildirilməmişdir. Göründüyü kimi, vergi orqanı vergiləri qanunvericiliyin tələblərinə uyğun hesabladığı halda, məhkəmə tərəfindən iş ətraflı araşdırılmamış və qanunvericiliyin normaları düzgün tətbiq edilməmiş, nəticədə iddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

26. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini məhkəmə iclasında müdafiə edərək təmin olunmasını xahiş etdilər.

27. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının Vergi Məcə lləsi (2016-cı il 1 yanvar tarixədək qüvvədə olan redaksiyada): Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Maddə 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçü n gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Maddə 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutma q hüququna malikdirlər. Maddə 218.1.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər:... 218.1.1.2. mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (mülkiyyətində və ya icarəsində olan, habelə məqsədli şəkildə ayrılan ərazidə (torpaq sahəsində) özünəməxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və yaxud müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər). Maddə 221.5. Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikintinin təməl işlərinin baş landığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər... 29. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli Qanun: Maddə

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin:... 1.23. 218-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin: “218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir:... 218.1.3. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya pod ratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər). 218.2. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi meto du tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. 218.3. Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən şəxs tikinti-quraşdırma işlərinə başladığı andan 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına seçdiyi vergitutma metodu barədə yazılı formada məlumat təqdim etməlidir. Bu halda, şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur. Maddə

2. Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hak imiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Bu maddə ilə müəyyən edilmiş müddətdə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi bu Qanunla müəyyən edilmiş qaydada hesablanır. Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə və vergi ödəməyə başlamış şəxs bu Qanunla müəyyən olunan sadələşdirilmiş vergini ödədiyi zaman bu Qanun qüvvəyə mindiyi tarixədək ödənilmiş ƏDV və sadələşdirilmiş vergi nəzərə alınır. Maddə

3. Bu Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir. 30. “İnzibati icraat haqqında” Qanun: Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, ha belə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

31. İnzibati Prosessual Məcəllə: Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasi ya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən hə ddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

35. Cavabdehin öz dəlillərinin əsası kimi istinad etdiyi - 2016-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsi ndə dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli Qanunun müddəalarının hazırkı mübahisəyə tətbiqi ilə bağlı, ilk növbədə nəzərə alınmalıdır ki, həmin Qanun Vergi Məcəlləsinin 37.2, 37.3 və 85.4-cü maddələrinin dispozisiya şərtlərini dəyişmir. Belə ki, qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq vergi yoxlamasının müddətini Vergi Məcəlləsinin 37.2-ci maddəsində dəqiq müəyyən etmişdir. Vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan vergi yoxlaması və onun nəticələri qanunsuzdur.

36. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi kameral vergi yoxlaması üzrə vergi orqanının tətb iq etdiyi tədbirlərə aiddir (Vergi Məcəlləsinin 37.3-cü maddəsi) və həmin tədbir də qanunla müəyyən edilmiş 30 günlük müddət çərçivəsində icra olunmalıdır. Kameral vergi yoxlamasının keçirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra vergi orqanı vergi ödəyicisindən kameral vergi yoxlamasının məqsədləri üçün sənəd (məlumat) tələb edə bilməz.

37. Kameral vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün Vergi Məcəlləsində ayrıca müddət müəyyən edilmədiyindən həmin qərar da kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilə bilər. 38. 2015-ci ildə verilmiş bəyannamələr üzrə cavabdeh tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada kameral vergi yoxalmaları aparılmayıb, həmin bəyannamələrdəki məlumatlara dair etira zlar bildirilməyib.

39. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanının Vergi Məcəlləsinin 37.2 və 37.3-cü maddələrində nəzərdə tutulmuş səlahiyyətləri publik-hüquqi xarakter daşıdığından vergi orqanı həmin səlahiyyətlərin icrasından özbaşına imtina edə bilməz və bunun üçün əsaslar olduğu halda, kameral vergi yoxlamasının məqsədləri üçün vergi ödəyicisindən zəruri məlumatları tələb etməlidir. Lakin vergi orqanı onun üzərinə qoyulmuş vergi nəzarəti funksiyasının icrası ilə bağlı səlahiyyətlərini qanunla müəyyən edilmiş müddətlərdə yerinə yetirməlidir. Buradan, kameral vergi yoxlaması üçün müəyyən edilmiş müddətdə vergi orqanı tərəfindən hər hansı əlavə sənəd və məlumat tələb edilmədiyi halda, vergi ödəyicisi təqdim etdiyi vergi hesabatlarındakı məlumatların doğru olduğunun vergi orqanı tə rəfindən təsdiq edildiyini güman etmək hüququna sahibdir. Bunun əksi, hüquqi dövlətin təməl prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinin pozulmasına rəvac vermiş olardı.

40. Cavabdeh təsdiq edir ki, iddiaçı tikintisinə 2015-ci ilin 2-ci rübündə başlamış binaya görə 2015-ci il 21 iyul tarixdə mənzil tikintisi üzrə sadələşdirilmiş vergi hesabatı təqdim etmiş, daha sonra 2015-ci il 16 noyabr tarixdə dəqiqləşdirilmiş mənzil tikintisi üzrə sadələşdirilmiş vergi hesabatı təqdim edərək şəxsi hesab vərəqəsində azalma aparmışdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, həmin bəyannamələr üzrə VM-in 37.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə kameral vergi yoxlamasının aparılmadığı və hər hansı qərarın qəbul edilmədiyi, bəyannamələrdəki məlumatlara etirazların edilmədiyi nəzərə alındıqda, həmin bəyannamələrdəki məlumatların düzgünlüyünün vergi orqanı tərəfindən təsdiq olunduğu qəbul edilməlidir.

42. Cavabdeh bəyan edir ki, vergi orqanı tərəfindən iddiaçıya kameral vergi yoxlaması ilə hesablamanın köhnə qayda əsasında mənzil tikintisi ilə deyil, 2016-cı il 1 yanvar tarixdən qüvvəyə minən yeni qanunla nəzərdə tutulmuş BTFSV üzrə aparmış və bu səbəbdən də iddiaçı yeni qanunla müəyyən edilmiş qayda ilə BTFSV üzrə bəyannamə təqdim etmədiyi üçün qanunvericilikdə nəzərdə tutulmuş yuxarıda qeyd olunan 30 iş günü müddətin axımı başlamamış, eyni zamanda, hesablamanın aparıldığı 2016-ci ilin İ rübü üzrə hesabat dövründən 3 illik müddətin keçməsi halı baş verməmişdir.

43. Məhkəmə kollegiyası cavabdehin qənaətini əsaslı hesab etmir. Belə ki, iddiaçı 2015-ci ilin 2-ci rübündə təməli qoyulmuş binaya görə bəyannamələri (ilkin və dəqiqləşdirilmiş) 2015-ci ildə təqdim etmişdi. Bunu, cavabdeh özü də təsdiq edir. Lakin vergi orqanı tərəfindən həmin bəyannamələr üzrə Vergi Məcəlləsinin 37.2-ci maddəsində müəyyən edilmiş müddətdə hər hansı qərar qəbul olunmamışdır. Cavabdehin istinad etdiyi 2016-cı il 1 yanvar tarixdən qüvvəyə minən yeni qanun isə, iddiaçının üzərinə yenidən vergi bəyannaməsi vermək öhdəliyi qoymur.

44. Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş 3 illik müddətin tətbiqinə gəldikdə, yuxarıda da qeyd olunduğu kimi, 2016-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli Qanunun müddəaları Vergi Məcəlləsinin 85.4-cü maddəsinin dispozisiya şərtlərini dəyişmir. Həm in normanın tələbinə görə isə, 3 illik müddətin axımı vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra başlanır. Hazırkı işdə iddiaçıya münasibətdə “vergiyə cəlb edilən hesabat dövrü” 2015-ci ilin İİ rübü olmuş, 3 illik müddətin axımının başlanğıcı da həmin rübün (vergiyə cəlb edilən hesabat dövrünün) başa çatdığı vaxtdan sonrakı gündən başlamışdır. Buna görə də, 3 illik müddətin axımını vergi hesabatının (vergi bəyannaməsinin) verildiyi vaxtdan hesablamaqda, bu zaman, “vergiyə cəlb edilən hesabat dövrü” ilə “vergi hesabatının təqdim edilməsi üçün müəyyən edilmiş müddəti” eyniləşdirməkdə cavabdeh haqlı olmamışdır. Halbuki, qanunverici həmin dövr və müddətləri Vergi Məcəlləsində aşkar olaraq fərqləndirmiş, “hesabat dövrü”nə vergi ödəyicisinin bilavasitə sahibkarlıq fəaliyyəti və ya di gər vergi tutulan əməliyyatının olduğu dövrü aid etmişdir (Vergi Məcəlləsinin 16.2, 67.15, 67.16, 74.1, 82.1, 83.1-ci maddələri). “Vergi hesabatının təqdim edilməsi üçün müəyyən edilmiş müddətlər”də də məhz vergi ödəyicisinin bilavasitə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatının olduğu dövrə (vergiyə cəlb edilən hesabat dövrünə) dair məlumatları əks etdirən vergi hesabatı (bəyannamə) təqdim olunmalıdır. Həm də həmin hesabatın (bəyannamənin) verilməsi ilə, - cavabdehin qeyd etdiyi kimi, - 3 illik müddətin deyil (bu müddətin axımı vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra başlamışdır), kameral vergi yoxlaması keçirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddətin axımı başlanır (Vergi Məcəlləsinin 37.2-ci maddəsi).

45. Digər tərəfdən, qanunverici tərəflər arasında bərabərliyi təmin edərək vergi ödəyicisinə münasibətdə də eyni yanaşma müəyyən etmiş, 3 illik müddətin axımının başlanğıcını “vergi hesabatı dövrü”nün qurtarması anı ilə şərtləndirmişdir (Vergi Məcəlləsinin 85.5-ci maddəsi).

46. Beləliklə, cavabdehin etiraz və şikayətlərində istinad etdiyi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli Qanun iddiaçıya münasibətdə 2015-ci ilin İİ rübünü əhatə edən “vergiyə cəlb edilən hesabat dövrünün” başa çatdığı vaxtdan sonrakı gündən başlamış 3 illik müddətin başlama və bitmə vaxtlarını dəyişməmiş, həmin müddətin axımını kəsməmiş və ya dayandırmamışdır. Başqa sözlə, vergi orqanı yeni (yükləyici) qanunun yaratdığı nəticələri də həmin 3 illik müddət daxilində tətbiq edə bilərdi. Hazır kı halda, həmin müddət ötürüldüyündən, cavabdehin mübahisələndirilən qərarı qanunsuzdur.

47. Cavabdeh şikayətin dəlili kimi qeyd edir ki, məhkəmə iddiaçının 2014-cü ilin 2 və 3-cü rüblərində təməli qoyulmuş binalara görə yeni qüvvəyə minmiş qanuna əsasən 2016-cı ilin 1-cü rübü üzrə hesablama aparılmasına irad bildirmədiyi halda, 2015-ci ilin 2-ci rübündə təməli qoyulmuş binaya görə 2016-cı ilin 1-ci rübü üzrə hesablama aparılmasının mümkün olmadığını bildirməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir.

48. Cavabdeh, həmçinin qeyd edir ki, Bakı şəhəri Abşeron rayonu Xirdalan şəhəri Bakı-Quba avtomagistralının 14-cü km-nin qərb hissəsində mənzil tikintisi üçün ayrılmış torpaq sahəsində 5 ədəd 5 bloklu 10 mərtəbəli binanın ümumi sahəsi 18757,10 kv.m o cümlədən 1881,78 kv.m qeyri yaşayış sahəsin ə görə kameral yoxlama aparılmış və 'Vergilərin hesablanması barədə” 2016-cı il 24 may tarixli **********398100 saylı qərarla "xxxx" MTK-nə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2016-cı ilin 1-ci rübü dövrünə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün 1329614,33 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. Lakin, məhkəmə iddiaçı tərəfindən 2015-ci ilin 2-ci rübündə təməli atılmış binaya görə hesablanmış 927142,55 manat əlavə vergi məbləği olduğunu və 2016-cı ilin 1-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə hesablanmış 1329614,33 manat vergi məbləğini başqa bir binaya görə hesablandığını nəzərə almamış, bununla da qüvvədə olan və mübahisələndirilməyən 2016-cı il 24 may tarixli **********398100 say lı qərar ilə hesablanan vergi məbləğini ləğv etmişdir (İ cild, iş v. 128).

49. Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərini əsaslı hesab etmir. Belə ki, cavabdeh özü də təsdiq edir ki, hazırda mübahisələndirilən 2019-cu il 12 fevral tarixli qərarla iddiaçı tərəfindən 2015-ci ilin 2-ci rübündə təməli atılmış binaya görə 927142,55 manat əlavə vergi məbləği hesablanmışdır. 1329614,33 manat məbləğində sadələşdirilmiş vergi isə iddiaçıya 2016-cı il 24 may tarixli **********398100 saylı qərarla hesablanmışdır. İşin materiallarından aşkar olaraq görünür ki, cavabdehin istinad etdiyi 2016-cı il 24 may tarixli **********398100 saylı qərar hazırkı mübahisənin predmeti deyil və bu iş üzrə məhkəmə aktı həmin qərarın qüvvəsinə və nəticəsinə təsir etmir. Belə olan halda, məhkəmə həmin qərarın 2016 -cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli Qanunun müddəalarına əsasən qəbul edildiyinə də münasibət bildirməli deyil.

50. Öz növbəsində, cavabdeh vergi orqanı mübahisələndirilən (2019-cu il 12 fevral tarixli) qərarla əvvəlki (2016-cı il 24 may tarixli) qərara əlavə edildiyini bəyan edirsə, o, bunu, eyni zamanda, əvvəlki qərarın hüquqi taleyini (ləğv edildiyini və ya dəyişdirildiyini) sonrakı qərarında göstərməli və əsaslandırmalı idi. Hazırkı (2019-cu il 12 fevral tarixli) qərarda əvvəlki qərarın ləğvinə və ya dəyişdirilməsinə dair hər hansı göstəriş (məlumat) yoxdur.

51. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanının qərarlarında yuxarıda qeyd olunan anlaşılmazlıqların (qeyri-müə yyənliklərin) mənbəyi, məhz həmin qərarların Vergi Məcəlləsinin 49.2-ci və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsində təsbit olunmuş tələblərə uyğun tərtib olunmaması, qərarların əsaslandırılmamasıdır. Mübahisələndirilən 2019-cu il 12 fevral tarixli qərarın, həmçinin cavabdehin istinad etdiyi 2016-cı il 24 may tarixli qərarın məzmunundan göründüyü kimi, həmin qərarlarla iddiaçıya hesablanmış vergi məbləğlərinin yaranma əsasları, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri qərarda göstərilməmişdir.

52. Beləlikl ə, mübahisələndirilən qərar həm də Vergi Məcəlləsinin 49.2-ci və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddələrinə görə qanunsuzdur.

53. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

54. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-212/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar