Məhkəmə qərarları › İş №2-1(102)-1344/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1344/2020

14.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1344/2020 14.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Açar söz: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Şifahi məhkəmə baxışı keçirilmədən, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 2-1(103)-328/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixində yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiаçı İddiaçı xx.xx.1958-ci ildə doğulmuş, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilə qədər Ermənistan SSR Balıxlı sovxozunda fəhlə vəzifəsində işləmiş, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra yenidən xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər və xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə qədər Ermənistan SSR Balıxlı sovxozunda fəhlə və çoban vəzifəsində işləmiş, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər isə X1 təhsil almışdır. Təhsilini bitirdikdən sonra xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə qədər X4 fəhlə, xx.xx.1985ci ildən xx.xx.1995-ci ilə qədər növbətçi və avadanlığının təmiri üzrə elektrik çilingəri, xx.xx.1997-ci ildən xx.xx.2016-cı ilə qədər «xxxx» ASC-nin X2 sahəsində növbətçi və avadanlığının təmiri üzrə elektrik çilingəri vəzifəsində işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2019-cu il tarixli, **********1 nömrəli cavab məktubu ilə iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə görə onun ümumi iş stajı 25 ildən azdır. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər AR Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahı üzrə 57 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan xx.xx.2017-ci il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 57 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixinə qədər 34 il 4 ay 2 gün ümumi iş stajı 27 il 1 ay 27 gün zərərli iş stajını tamamlamışdır. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4224/2019 nömrəli qərarına əsasən, iddia təmin edilmiş, İddiaçı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4224/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-328/2020 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)4224/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, əmək şəraitinə görə güzəştli şərtlərl ə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının xx.xx.2017-ci il tarixədək azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 06 ayıını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması, eləcə də 57 yaş həddinə çatması tələb olunur ki, qanunla müəyyən edilmiş göstərilən şərtlər hazırki iş üzrə iddiaçıya münasibətdə ödənilir. Belə ki, iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla 57 yaşı tamam olduğu xx.xx.2015-ci il tarixə qədər 33 il 9 ay 20 gün ümumi iş stajı 27 il 1 ay 27 gün zərərli iş stajı mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-328/2020 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən azdır. Belə ki, xx.xx.2003-cü ildən xx.xx.2016-cı il tarixinədək “xxxx” ASCnin Daşkəsən “X1” İstehsalat sahəsində ödənişsiz məzuniyyətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 3-cü bəndində isə iş stajına daxil edilən müddətlərin siyahısında ödənişsiz məzuniyyət müddəti qeyd olunmamışdır. Kassator, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci, İnzibati Prosessual Məcəllənin 96-cı maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-328/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıldığından tərəflərin izahatı dinlənilməmişdir. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qayd asında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-328/2020 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş mübahisəsiz hallarına görə xx.xx.1985-ci ildən xx.xx.1995-ci ilədək və xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilədək işlədiyi vəzifə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Ka binetinin xx.xx.1993-cü il tarixli 320 N-li Qərarı ilə təsdiq edilmiş 2 N-li Siyahının 1-ci bölməsinin 1 «a» yarımbölməsinin 2010100a-19931 - növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri şifrinə uyğundur. İddiaçı “xxxx” ASC-nin Daşkəsən “X1” İstehsalat sahəsində xx.xx.2003-cü ildən xx.xx.2016-cı il tarixədək ödənişsiz məzuniyyətlərdə olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının sözügedən müəssisədə istehsal fəaliyyəti dayandırıldığından xx.xx.2003-xx.xx.2016-cı illərdə məcburi olaraq ödənişsiz məzuniyyətə göndərilməsini əsas gətirərək həmin dövrü iş stajı kimi nəzərə almaqla pensiyanın təyin edilməsində sosial sığorta stajına hesablamış və mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132, 146-cı maddələri ilə əsaslandıraraq qeyd etmişdir ki, işəgötürənin tə qsiri üzündən iddiaçının faktiki əməyə cəlb edilməməsi və bu dövrün əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməməsi iddiaçının ondan asılı olmayan səbəblərə görə ödənişsiz məzuniyyətdə olması kimi qiymətləndirilməli və əmək kitabçasında qeyd edilmiş həmin dövr iş stajı kimi nəzərə alınmaqla pensiya təyin edilməsində sosial sığorta stajına hesablanmalıdır. Həmin maddələrin tələblərinə görə, Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, habelə azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan a millər-təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi normalarda təsbit olunanlar həmin qanunların məqsədlərinə cavab versə də, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiya sı təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunvericiliklə əmək (iş) dövrlərinin yalnız o hissəsi (hissələri) sosial sığorta stajı kimi nəzərə alınır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığort a haqları ödənmiş olsun. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin, iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Odur ki, iddiaçının xx.xx.2003-cü ildən xx.xx.2016-cı il tarixinədək “xxxx” ASC-nin Daşkəsən “X1” İstehsalat sahəsində ödənişsiz məzuniyyətdə olduğu müddəti iş stajına daxil edilə bilməz. Nəticə etibarı ilə iddiaçının pensiyasının hesablanması üçün tələb olunan 25 il ümumi iş stajı toplanmamışdır. Göründüyü kimi, “Və təndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının xx.xx.2006-cı il tarixinədək (yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət etməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarında göstərilməsi. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə 2-ci şər tə əmək edilməmişdir. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən isə məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol verərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Cavabdehin kassasiya şikayəti əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. İPM-in 96.5.1 və 96.5.2-ci maddələrində nəzərdə tutulan hallar hazırkı işdə mövcud olmadığından, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur. Beləliklə, Ali Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-328/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-328/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar