Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1347/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: neft-qaz çıxarma müəssisəsində “qaldırıcıların maşinisti” peşəsi üzrə işləmiş şəxsə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı, İddiaçı vəkili Vəkil1 Südeyib oğlunun, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 12 mart tarixli 2-1(103)-265/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı x xxx 1961-ci il tarixdə doğulmuş, 1978-1979-cu illər ərzində x nömrəli peşə məktəbində “maşınist (maşınçı) ekskavatorçu”peşəsi üzrə təhsil almış, xx xxxxxxxx 1979cu il tarixdən xx xxxxx 1980-ci il tarixədək “x” NQÇİ-nin QYTS-də “yuyucu aqreqatın maşinisti” işləmiş, xx xxxxx 1980-ci il tarixdən “qaldırıcının maşinisti” vəzifəsinə keçirilmiş, xx xxxx 1987-ci il tarixdən eyni peşə üzrə “x” NQÇİ-yə, xx xxxxxx x 1991-ci il tarixdən “x” NQÇİ-yə keçirilmiş və xx xxxx 2006-cı il tarixədək həmin vəzifədə işləmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 15 aprel tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan ümumi və xüsusi iş stajına, həmçinin fərdi hesabın sığorta hissəsində pensiya kapitalına malik deyildir. İddiaçı 2019-cu il 06 may tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı x xxxxxx 2017-ci il tarixdən təyin edilməsi və qüvvədə olan normativ aktl ara müvafiq olaraq pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı x xxx 2018-ci il tarixdən təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1978-1979-cu illər ərzində Bakı şəhəri xnömrəli peşə məktəbində “maşınist (maşınçı) ekskavatorçu”peşəsi üzrə təhsil almış, xx xxxxxxxx 1979-cu il tarixdən xx xxxxx 1980-ci il tarixədək “x” NQÇİ-nin QYTS-də “yuyucu aqreqatın maşinisti”, xx xxxxx 1980-ci il tarixdən xx xxxx 1987-ci il tarixə dək QYTS-də, xx xxxx 1987-ci il tarixdən xx xxxx 1988-cı il tarixədək “x” NQÇİ-nin XTS-də, xx xxxx 1988-ci il tarixdən xx xxxxxx 1991-ci il tarixədək QYTS-də, xx xxxxxx 1991-ci il tarixdən xx xxxxxxx 1991-ci il tarixədək XTS-də, xx xxxxxxx 1991-ci il tarixdən xx xxxx 1992-ci il tarixədək “x” NQÇİ-nin XTS-də, xx xxxx 1992-ci il tarixdən xx xxxx 2006-cı il tarixədək “x” NQÇİ-nin XTS-də “qaldırıcının maşinisti” peşələrində işləmişdir. Onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən əmək şəraiti zərərli və ağır o lan işlərin və peşələrin siyahısına daxildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2-1(82)2040/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı x xxx 2018-ci il tarixdən təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsiöhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajına malikdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 12 mart tarixli 21(103)-265/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2020-ci il 31 mart tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2020-ci il 16 aprel tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olun masını xahiş etdi. İddiaçı və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yer altı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mind iyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tər əfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Beləliklə, iddiaçının tələbinin iddia olunan məzmunda təmin edilməsi və ona 2018-cı il 1 may tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. İddiaçının 1978-1979-cu illərdə peşə məktəbində təhsil müddəti, 1979-cu il 20 sentyabr tarixdən 2006-cı il 1 yanvar tarixədək fasiləsiz iş müddəti nəzərə alındıqda, onun 25 ildən artıq ümumi iş stajı vardır. İdd iaçının 1980-ci il 1 aprel tarixdən 2006-cı il 2 iyun tarixədək “x”, “x” və “x” X3 İdarələrində “qaldırıcıların maşinisti” peşəsində iş müddəti nəzərə alındıqda azı 12 il 6 ay xüsusi iş stajına dair tələb də ödənilmişdir. Belə ki, mübahisələndirilən iş dövrünün başa çatdığı vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda iddiaçının işlədiyi “qaldırıcıların maşini sti” peşəsi nəzərdə tutulmuşdur (“Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı /dəniz neftçilərindən başqa/, 21302000
2. Neft-qaz və qaz kondensatının hasilatı 2130200a—14012 qaldırıcıların maşinistləri). Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 12 mart tarixli 21(103)-265/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova R.S.Nəbizadə