Məhkəmə qərarları › İş №2-1(102)-1360/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1360/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1360/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: (yaşa görə əmək pensiyası, məcburi sosial sığorta haqqı ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxxxxx 1958-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1167/2022 saylı, 6 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1976-1981-ci illərdə Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunda elektrik aparatları ixtisası üzrə təhsil almışdır. O, 12 sentyabr 1983-cü il tarixdən 23 oktyabr 1989-cu il tarixədək Bakı ət kombinatında menecer energetik, 1 mart 199 0-cı il tarixdən 17 fevral 1997-ci il tarixədək Azərbaycan Respublikası SSR STN-nin “Ocaq” trestinin Bakı Təmir-Tikinti İdarəsində texniki istehsalat şöbəsində mühəndis, 20 mart 1997-ci il tarixdən 4 yanvar 1998-ci il tarixədək 12 saylı trestin Xüsusi Təmir -Tikinti İdarəsində baş mühəndis, 12 fevral 1998-ci il tarixdən 5 dekabr 2005-ci il tarixədək Azərbaycan Respublikası "xxxx" Dövlət şirkətinin “Ocaq” trestinin Bakı şəhər Təmir -Tikinti İdarəsinin texniki istehsalat şöbəsində mühəndis vəzifələrində işləmişdir.

2. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 14 avqust 2019-cu il tarixli, məktubla müraciətin təmin olunmasından imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı 01 yanvar 2006-cı ilədək 2 1 il 9 ay olmaqla, tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, 01 yanvar 2006-cı il tarixindən 01 iyul 2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Onun əmək kitabçasında qeyd olunan 12 fevral 1998-ci il tarixdən 5 dekabr 2005-ci il tarixədək işlədiyi "xxxx" Dövlət şirkəti və “Ocaq” trestinin Bakı şəhəri TTİ-nin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilik baxımından mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 15 aprel 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 fevral 1998-ci il tarixdən 5 dekabr 2005-ci il tarixədək Azərbaycan Respublikası "xxxx" Dövlət şirkəti “Ocaq” trestinin Bakı Təmir-Tikinti İdarəsinin texniki istehsalat şöbəsində mühəndis vəzifəsində işlədiyi müddət sosial sığorta stajına əlavə edilməklə ona 10 dekabr 2020-ci il tarixdən, yəni 62 yaşı tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun inzibati orqana və məhkəməyə təqdim etdiyi əmək kitabçası və diploma əsasən, 26 il 6 aydan artıq sığorta stajının olması təsdiq olunur. Ona görə də onun əmək kitabçasındakı tədqiq olunan qeydlərin işlədiyi təşkilatların səlahiyyətli şəxsləri tərəfindən imzalanması və təşkila tların möhürü ilə təsdiq edilməsi, həmin qeydlərdə düzəlişlər olmaması və əmək kitabçasının tamlığının pozulmaması, habelə həmin müəssisələrdə işlədiyi bütün əmək fəaliyyəti dövrünün 18 fevral 1997-ci il tarixdə qəbul olunmuş “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə əhatə olunması və həmin qanunun müəyyən etdiyi qaydaların müəssisə üçün məcburi xarakter daşıması, həm də qeyd olunan Qanuna əsasən məcburi sığorta haqlarının yığılmasının təmin edilməsi vəzifəsinin məhz DSMF orqanlarının üzərinə düşməsi – bütün bunlar onun əmək kitabçasındakı və diplomdakı qeydlərə əsasən 26 il 6 aydan çox olan iş stajı, məhz onun sığorta stajı kimi qiymətləndirilməlidir.

6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etirazın dəlilləri ilə iddiaçının müraciətinə verilən imtina nın əsasları eynidir.

7. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5780/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim: S.İ.Salahova) iddia tələbi təmin edilmiş, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Azərbaycan Respublikası "xxxx" dövlət şirkəti “Ocaq" trestinin Bakı Təmir-Tikinti İdarəsinin texniki istehsalat şöbəsində mühəndis vəzifəsində işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, 62 yaşının tamam olduğu xx.xx.2020-ci ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

8. Məhkəmə qeyd etmişdir ki, mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi, həm də sənədlərlə iş yerinin mövcudluğu təsdiq edildiyindən mübahisə edilən müddət onun sosial sığ orta stajına daxil edilməli, beləliklə də iddia əsaslı olduğundan təmin edilməlidir.

9. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1167/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: X.A.Cəmilova-sədrlik edən və məruzəçi, M.N.Tağızadə və A.P.Oruczadə) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5780/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassas iya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd edilir ki, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi "xxxx" Dövlət Şirkəti "Ocaq" trestinin Bakı şəhəri TTİ-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən, sığorta olunanın əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixinədək olan dövrə aid iş stajı dövlət a rxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığorta olunana əmək pensiyası təyin edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2, 27.1 və 29.1-1-ci maddələrinə əsasən, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 18 il 9 ay 7 gün ümumi iş stajı və ona uyğun olaraq 13913,74 manat pensiya kapitalı hesablanmışdır. Həmin Qanunun 7-ci maddəsinin tələblərinə əsasən, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiyanın təyin olunması üçün vətəndaşın hüququnun yarandığı 10 iyun 2020-ci il tarixə tələb olunan pensiya kapitalı 28800 manatdır. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında 2005-ci ilin dek abr ayında edilmiş qeyddə işçinin işdən çıxma səbəbi qüvvədə olan qanunvericiliyə uyğun olaraq deyil, ondan 6,5 il əvvəl qüvvədən düşmüş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə uyğun olaraq əsaslandırılmışdır ki, bu da özlüyündə həmin qeydlərin mötəbərliyini şübhə altına alır. Qeydlərə vurulmuş möhürlər adi gözlə nəzərdən keçirildikdə onların qeydlərin aparıldığı iddia olunan 2005-ci ildə, yəni 16 il əvvəl vurulması şübhə yaradır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakim iyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş h əddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 17. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab ed ilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 19. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu (əvvəlki redaksiya) Maddə

2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Maddə

12. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Maddə 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir Maddə 14.6. Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayə ti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya i nstansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. İşdən görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyas ı təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə onun 12 fevral 1998-ci il tarixdən 5 dekabr 2005ci il tarixədək işlədiyi "xxxx" Dövlət şirkəti və “Ocaq” trestinin Bakı şəhəri TTİ-nin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması mümkün olmadığını əsas gətirərək iddiaçının müraciətini təmin etməmişdir. Bundan sonra, iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi kimi apelyasiya instansiyası məhkəməsi də iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi qərarına gəlmişdir.

25. Hazırda cavabdeh apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermiş və bildirmişdir ki, iddiaçının sığorta stajı 25 ildən az olduğundan və zəruri məbləğdə pensiya kapitalı olmadığından iddia tələbi əsaslı deyildir.

26. Məhkəmə tərkibi iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin mövqeyi əsassızdır. Belə ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması.

27. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına (62 yaş) çatması işin mübahisəsiz halıdır.

28. Cavabdehin mübahisə etdiyi hal iddia çının sosial sığorta stajı ilə bağlıdır. Belə ki, cavabdeh bildirir ki, "xxxx" Dövlət şirkəti və “Ocaq” trestinin Bakı şəhəri TTİ-nin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından iddiaçının 12 fevral 1998-ci il tarixdən 5 dekabr 2005-ci il tarixədək iş stajı ümumi iş stajına daxil edilə bilməz.

29. Yuxarıda qeyd edilən qanunvericilik aktlarına əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

30. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərində deyilir ki, 2006-cı il yanvarın 01-dək sığortaolu nanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;..

31. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 12 fevral 1998-ci il tarixdən 5 dekabr 2005-ci il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının isə həmin dövrlərdə işləməsi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Həmçinin qeyd olunmalıdr ki, cavabdeh iddiaçının 12 fevral 1998-ci il tarixdən 5 dekabr 2005-ci il tarixədək əmək fəaliyyətini mübahisələndirsə də, bu barədə əmək kitabçasındakı qeydlərin mötəbə rliyini şübhə altına alan hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” qanunun tələbinə görə, təqdim edilmiş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. 33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində qeyd edilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək p ensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

34. Göründüyü kimi, qanunvericilik yaşa görə pensiya hüququnun yaranması üçün alternativ mövqe tutmuşdur. Yəni, şəxsin yaşa görə pensiya hüququnun yaranması üçün ya 25 il sığorta stajı tamam olmalı, və ya onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı mövcud olmalıdır. Hazırki vəziyyətdə iddiaçının 25 ildən artıq sığorta stajı olduğundan onun 10 dekabr 2020-ci il tarixində (62 yaş) yaşa görə pensiya hüququ yaranmışdır və pensiya kapitalına dair şərtin ödənilməsi tələb edilmir.

35. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddianın t əmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

36. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, mabisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

37. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1167/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar