Məhkəmə qərarları › İş №2-1(102)-137/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-137/2023

10.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-137/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 10.01.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (doğum tarixi 21.3.1956) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzib ati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-549/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 65 yaşının tamam olduğu 21.3.2021ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

2. Cavabdeh müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, 27.1.1997-ci il tarixdən 16.6.2000-ci il tarixədək işlədiyi dövrün qarşılıqlı yoxlanılması zərurəti yaranmışdır. Lakin arxiv sənədlərinin saxlanılmaması səbəbindən iş stajının yerində qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən 1997-2000-ci illərin sosial sığo rta stajı kimi hesablanması mümkün deyil. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun 1995-ci ilin lV, lX aylarında, 1996-cı ilin lll, lX, Xll aylarında,1997-1998-ci illərdə 2 saylı Bakı Taksomotor Parkında və "xxxx" ASC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1973-cü ilin iyul ayından 1974-cü ilədək 67 saylı X1 məktəbində təhsil almışdır. xx.xx.1974-xx.xx.1975-ci illərdə 2 saylı Bakı Taksomotor Parkında işləmişdir. xx.xx.1975-xx.xx.1978-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1978-xx.xx.2000-ci illərdə əvvəl 2 №-li Taksomotor Parkında, daha sonra köçürmə yolu ilə “Avtoekspress" ATSC-də işləmişdir. Ümumi iş stajı 26 il 3 ay təşkil edir. İddiaçı 65 yaşı tamam olan tarixdə, yəni xx.xx.2021-ci ildə DSMF-nin 1 saylı regional ərazi filialına ərizə ilə müraciət etmişdir. Müraciətinə ilk dəfə cavabdehin xx.xx.2021-ci ildə **********8 saylı məktubla cavab verilmiş və göstərilmişdir ki, "xx.xx.1997-xx.xx.2000-ci illərin iş stajının yoxlanması zərurəti yaranmışdır. Lakin arxiv sənədlərinin olmaması səbəbindən iş stajının ye rində yoxlanması mümkün olmamışdır. İkinci dəfə cavabdeh xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, "1992-2000-ci illər üzrə öz hesabına məzuniyyətdə olub-olmaması barədə arayış təqdim etdikdən sonra pensiya hüququna yenidən baxılacaqdır". 5.Bundan sonra xx.xx.2021-ci ildə arxiv arayışı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilmişdir. Həmin arxiv arayışında onun öz hesabına əmək məzuniyyətində olmağı göstərilməmişdir. Daha sonra DSMF-nin nümayəndəsinin iştirakı ilə 3.04.2021-ci ildə qarşılıqlı yoxlama aktı tərtib edilmiş və guya onun 1996-1997-ci illərdə ödənişsiz məzuniyyətdə olmağı qeyd edilmişdir. Daha sonra cavabdeh ona xx.xx.2021-ci ildə **********7 saylı məktub göndərmiş və bildirilmişdir ki, xx.xx.1997-xx.xx.2000-ci il tarixədək işlədiyi d övrün yoxlanılması zərurəti yaranmışdır. Bu məqsədlə müvafiq quruma sorğu göndərilmişdir. Nəhayət cavabdeh xx.xx.2021-ci ildə imtina məktubu göndərmişdir. Məktubda iş stajının 23 il olduğu, 1995, 1996, 1997 və 1998-ci illərdə əmək haqqının olmaması səbəb kimi göstərilmişdir. Halbuki, o, qeyd edilən illərdə ödənişsiz məzuniyyətdə olmamışdır. Cavabdehin istinad etdiyi akt Nəqliyyat Rabitə və Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən xx.xx.2021-ci ildə ştampla təsdiq edilmişdir. Həmin aktda ayrıayrı tarixlərdə əmək haqqının ödənilməsi göstərilmişdir. Digər tərəfdən cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, xx.xx.1997-xx.xx.2000-ci illərin iş stajının yoxlanması arxiv sənədlərinin olmaması səbəbindən mümkün olmamışdır. Halbuki, məktub imzalanan tarixdə (x x.xx.2021-ci ildə) cavabdehin baş mütəxəssisi H.T.Qurbanovun iştirakı ilə tərtib edilmiş aktda ona 1995-1996-1997-ci illərdə əmək haqqının ödənilməsi göstərilmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda bildirilmişdir ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində xx.xx.1978-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əvvəl 2 nömrəli Bakı Taksomotor Parkında, daha sonra köçürmə yolu ilə "xxxx" ATSC-də işlədiyini iddia edir. Bundan əlavə iddiaçı ərizəsində yaşa görə pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialına müraciət etmiş, lakin sığorta stajının tələb olunan müddətdən az olduğu, yəni iddiaçının sığorta stajının yoxlanılması zamanı 1995-ci ildə lİİ, İV, V və İX aylarında, 1996-cı ildə İİİ, Xİ, Xİİ aylarında, 1997-ci il və 1998-ci illərdə əmək haqlarının ödənilməməsi qeyd edilmişdir və 25 ildən az əmək stajı olduğu əsas gətirilərək yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmaması qeyd edilmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmişdir. İddiaçının əmək fəaliyyəti ilə məşğul olduğunu iddia etdiyi 2 nömrəli Bakı Taksomotor Parkının və "xxxx" ATSC-nin heç bir sənədi Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. İddiaçının əmək kitabçasında müvafiq qeydlər olsa da, həmin qeydlər üzrə şəxsin əmək fəaliyyəti ilə məşğul olması arxiv sənədləri ilə öz təsdiqini tapmır. Göründüyü kimi iddiaçının kifayət qədər sosial sığorta stajı və pensiya kapitalı mövcud deyildir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2-1(118)-507/2022 nömrəli (sədrlik edən hakim V.Əzizova) qərarı ilə iddia təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin mənasından görünür ki, əmək pensiyasının hesablanması üçün işçinin fəaliyyəti dövründə əmək haqqından məcburi sosial sığorta haqqının tutulması şərtdir. Əmək haqqının ödənilmədiyi halda həmin müddətin sosial sığorta stajına daxil edilməsi qanunauyğun deyildir. İddiaçının həmin dövrün sosial sığorta stajına daxil edilməsi və nəticə etibarı ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsinə dair tələbi təmin edilə bilməz.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər F.Məmmədov sədrlik edən və məruzəçi, H.Babayeva və Z.Məmmədov ) xx.xx.2022-ci il tarixli, 2-1(105)-549/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2022ci il tarixli, 2-1(118)-507/2022 nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı 1995-ci ilin l-V, lX aylarında, 1996-cı ilin lll, lX, Xll aylarında,1997-1998ci illərdə 2 saylı Bakı Taksomotor Parkında və "xxxx" ASC-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüqu qi şəxsinin Abşeron-Xızı regional filialının üzərinə qoyulması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mövcud qaydalar “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. Beləliklə, cavabdeh əmək kitabçasında olan qeydlərin həqiqiliyinin müvafiq arxiv sənədləri ilə təsdiq edilmədiyini bildirsə də, məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, işə əlavə edilmiş və notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasında olan qeydlər müəssisənin möhürü ilə təsdiq olunm uş və həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş dövrü və əməkhaqqı cədvəlləri barədə məlumatların yoxlanılmasının mümkün olmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüququ olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. Beləliklə də, iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı dövrlər və işlədiyi illəri cəmlədikdə onun 25 ildən çox sığorta stajı yaranmış olur. 12.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı verilmiş etirazda göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə göstərilir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli arayışında iddiaçının əmək haqqı barədə məlumatları öz əksini tapır. Belə ki, həmin arayışda qeyd olunan illərdə iddiaçının adına əmək haqqı hesablanmadığı bir daha öz təsdiqini tapır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliy ə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci i l iyulun 1-dək hər il 6 ay artırılır.) Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KAS SASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Kassasiyanın mümkün sayılmaması üçün əsaslar yoxdur.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

22. M əhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək qeyd edir ki, məhkəmə qərarının nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

23. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan azı 25 il iş stajı yaranmışdır.

24. Cavabdehin mübahisələndirdiyi iş illərinə (1995-1998) gəldikdə, iddiaçının həmin iş müddəti əmək kitabçası ilə təsdiq olunur.

25. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim oluna n sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

26. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

27. Mübahisələndirilən illər üzrə əmək haqqının hesablanmadığı, buradan, sığorta haqlarının ödənilmədiynə dair dəlilə gəldikdə, iddiaçının əmək fəaliyyətinin 2002-ci il 1 yanvar tarixədək müddətinə həmin şərtin tətbiqi, ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə istisna edilir. Həmin normaya görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il 1 yanvar tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin maddənin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

28. Beləliklə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq iddiaçının 1995-1998-ci illər üzrə əmək stajını ona əmək pensiyası təyin edilməsi üçün sosial sığorta stajına aid etmişdir. Bu səbəbdən də, cavabdehin şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

29. Yuxarıda gö stərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(105)-549/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar