Məhkəmə qərarları › İş №2-1(102)-1370/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1370/2019

16.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1370/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ 16.07.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı X1 və cavabdeh Nazirliyin vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı boşdayanma müddətində ödənilməmiş əmək haqqının ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2019-cu il tarixli qərarından cavabdeh Nazirlik tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 18.02.2013-cü il tarixdən 14.03.2018-ci il tarixədək boşdayanma müddətində üzürsüz səbəbdən hesablanmamış əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Nazirliyin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakim R.Məcidov; iş No 2-1 (84)-1201/2018) iddianın təmin edilməsi; cavabdeh Nazirliyin üzərinə iddiaçıya 18.02.2013-cü il tarixdən 14.03.2018-ci il tarixədək boşdayanma müddət ində üzürsüz səbəbdən hesablanmamış əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən E.Hüseynov, hakimlər A.Mahmudov və V.Məlikov; iş № 21(107)-21/2019) cavabdeh Nazirlik tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh Nazirlik kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Nazirliyin kassasiya şikayətində qeyd edilənlərə görə, işə b axan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Nazirliyin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkə mə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki,cavabdehNazirliyin 08.02.2013-cü il tarixli 09/12-17 nömrəli əmr i ilə Balakən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Ünvanlı Sosial Yardım və Sosial Müavinətlər Sektorunun baş məsləhətçisi olan iddiaçının dövlət qulluğuna xitam verilmişdir. İddiaçı həmin əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-lqtisadi Məhkəməsinin hazırda qüvvədə olan 06.05.2016-cı il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Nazirliyinin 08.02.2013-cü il tarixli 09/12-17 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının Balakən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Ünvanlı Sosial Yardım və Sosial Müavinətlər Sektorunun baş məsləhətçisi vəzifəsinə bərpa edilməsi qərara alınmışdır. İddiaçı hazırda da, dövlət qulluqçusudur, öz vəzifəsində çalışmaqdadır. İddiaçı işləmədiyi müddət ərzində əmək haqqısının ödənilməsi üçün cavabdeh Nazirliyiə müvafiq ərizə ilə müraciət etsə də, həmin inzibati orqan bundan Şəki İnzibatiİqtisadi Məhkəməsinin 06.05.2016-cı il tarixli qərarında məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinin nəzərdə tutulmadığı əsası ilə imtina etmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, cavabdeh Nazirliyin imtina dəlilləri əsassızdır. Belə ki, yuxarıda qeyd edilən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06.05.2016-cı il tarixli qərarında məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinin nəzərdə tutulmaması işə götürəni qanunun tələblərinin yerinə yetirilməsindən azad etmir. Belə ki, Azərbaycan Respublikası Əmək M əcəlləsinin 2-ci maddəsinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət v ermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin Qeyd hissəsinə görə, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutmas ı ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin tələbləri baxımından, işəgötürən, əmək müqaviləsinin, həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozarag və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı almaq hüququ vardır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 06.05.2 016-cı il tarixli qərarından göründüyü kimi, iddiaçıya münasibətdə məhz Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir ki, qanunun tələbi baxımından iddiaçı almadığı əmək haqqını almaq hüququna malikdir. Bundan başqa, həmin məhkəmə qərarı ilə mübahisə predmeti olan cavabdeh Nazirliyin 08.02.2013- cü il tarixli 09/12-17 nömrəli əmrinin qanunsuz inzibati akt olması müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi, əlver işsiz inzibati aktın ləğvi onun qəbul edilməsi ilə bağlı yaranmış hüquqi nəticələri aradan qaldırır ki, hazırki mübahisədə iddiaçı işdən azad olunmasaydı hazırda tələb etdiyi əmək haqqını almalı idi. Qanunsuz inzibati akt hesab olunmuş əmr ləğv olunduğundan iddiaçının hüquqları bərpa olunaraq onun mülkiyyəti hesab olunan əmək haqqısı ona verilməlidir. Bundan başqa, cavabdeh Nazirlik iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair dəlil irəli sürsə də, qeyd olunmalıdır ki, hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan Azərbaycan Respublikası İPM-in iddia müddətinə dair tələbləri hazırki iddiaya şamil edilmir. İPM işlərin inzibati məhkəmələr tərəfindən araşdırmasına dair prosessual normaları müəyyən etdiyindən hazırki mübahisəyə xüsusi qanunvericilik olan İPM tələ bləri tətbiq edilir. Bu səbəbdən də, hazırki mübahisəyə iddia müddəti şamil olunmur. Eyni zamanda, qeyd olunmalıdır ki, iddiaçının əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi barədə iddia tələbi üzrə Şəki İnzibati-iqtisadi Məhkəməsinin 06.05.2016-cı il tarixli qərarı 18 aprel 2017-ci il tarixdə qüvvəyə minməsinə baxmayaraq, iddiaçı təxminən 11 ay sonra, 14 mart 2018-ci il tarixdə işə bərpa olunmuşdur. Belə olan halda, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun həmin tarixdən yarandığı ehtimal edilməlidir. Ona görə də, cavabdeh Nazirliyin iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməməsi barədə dəlili də əsassız sayılmalıdır. Belə olan halda, cavabdeh inzibati orqanın iddiaçının müraciət inin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmuşdur, iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən, bu Qanunda tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəl lənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyas ı məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 11 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar