Məhkəmə qərarları › İş №2-1(102)-1371/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1371/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1371/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin edilməməsinə görə cərimənin tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın icra edilməsi tələbinə dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 2-1(103)-1076/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın icra edilməsi” tələbinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)5043/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş və İddiaçı əmək kitabçasına əsasən xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-cı il tarixdən xx.xx.1989-cu il tarixədək, 16 06 1997-cı il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Neft sənayesində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, 2004- 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifə sinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-551/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 5043/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

4. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)-1122/2018 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)551/2018 nömrəli nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-1927/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-5043/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)5043/2017 nömrəli qərarı 27 dekabr 2021-ci il tarixdə icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının 26 yanvar 2022-ci il tarixli **********4 saylı müvafiq məlumatın təqdim olunmasına dair məktubunda bildirilmişdir ki, araşdırmanın nəticəsi olaraq İddiaçı qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 31 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli 02/2-347mat-20/704 nömrəli məktuba əsasən sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun əmək pensiyası ödənişinin bə rpa edilməsi və dayandırılma müddətində ödənilməmiş pensiya məbləğinin ona ödənilməsi üçün məcburi icra tədbirlərinin təmin edilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciətlər etsə də, ona əmək pensiyasının ödənilməsi və pensiyanın bərpa edilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Cavabdehin hərəkətləri tam qanunsuz və əsassızdır.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5043/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim E.Əliyev) Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 500 (beş yüz) manat miqdarında cərimə edilməsi qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən qanunsuz olaraq qərarın icrası dayandırılmışdır. Qərarın icrasının dayandırılmasından kifayət qədər zaman keçmişdir və bu müddət ərzində qərarın icrası ilə bağlı müəyyən tədbirlərin görülməməsi əsaslı hesab edilə bilməz.

12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və cavabdehin 50 000 manat cərimə edilməsini xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 21(103)-1076/2023 nömrəli qərardadı ilə (hakimlər A.P.Oruczadə– sədrlik edən və məruzəçi, X.A.Cəmilova və R.Ə.Səmədov) Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdi rilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qərarının icra olunmamasına görə konkret cərimə məbləği müəyyən edilməmişdir. Məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Deməli bir dəfə tətbiq ediləcək cərimə məbləğini müəyyənləşdirmək səlahiyyəti məhkəmədə saxlanılmışdır. Yuxarıda adı çəkilən Plenum Qərarında da tövsiyyə olunmuşdur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tət biq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır.

16. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin məzmununa uyğundur. Şikayətdə qeyd edilir ki, məhkəmə prosessual normanın tələblərini pozmuşdur. Belə ki, iddiaçının pensiyasının dayandırılmasına əsas olan şübhələr yaranması və bunun nəticəsində pensiyanın dayandırılması qərarın icra olunmaması kimi başa düşülməməlidir. Buna görə də məhkəmənin inzibati orqanı 500 manat məbləğində cərimə etməsi qanunsuz və əsassız olmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəs ində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edil məsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasi ya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya ş ikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Hazırkı işdə iddiaçı əmək pensiyası ödənişinin bərpa edilməsi və dayandırılma müddətində ödənilməmiş pensiya məbləğinin ona ödənilməsi üçün məcburi icra tədbirlərinin təmin edilməsini xahiş etmişdir.

26. Məhkəmələr tərəfindən müəyyən edilmiş dir ki, cavabdeh inzibati orqan tərəfindən 2 saylı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-5043/2017 nömrəli qərarı heç bir əsas olmadan, qanunsuz olaraq icrası dayandırılmışdır.

27. İşdən göründüyü kimi məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra olunmadığına görə cavabdeh orqan 500 manat miqdarında cərimə edilmişdir.

28. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarı aidiyyəti şəxslər, o cümlədən cavabdeh tərəfindən vaxtında və məzmununa uyğun şəkildə, mütənasiblik prinsipi nəzərə alınmaqla icra olunmalıdır. Məhkəmə qərarının qeyd olunan qaydada icra olunmaması (eləcə də onun icrasından əsassız yayınma) şəxsin məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməli və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqini şərtləndirməlidir. Əks təqdirdə məhkəmə qərarı şəxsin hüququnun praktik müdafiəsi baxımından səmərəsiz və əhəmiyyətsiz olar, hüquqi müdafiə aktı qismində öz mahiyyətini itirərdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ həmçinin inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunmasını da ehtiva edir.

29. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilm iş məsuliyyətə səbəb olur.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinin müddəalarına görə, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarının icrasının təminatı qismində həmçinin Cinayət Məcəlləsində 306-cı maddə nəzərdə tutulmuşdur. Həmin norma ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının qərəzli olaraq icra edilməməsinə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti müəyyən olunur. Nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür.

32. İPM-in 120.1-ci maddəsinin hazırkı mübahisəyə münasibətdə tətbiqinin istisna edilməsi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, həmin norma inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasını təmin etmək məqsədlərinə xidmət edir. Bu mənada nəzərə almaq lazımdır ki, məhkəmə qərarının aid olduğu iddianın növü həmin normanın qeyd olunan məqsədləri və məhkəmə qərarının icrasının təmin edilməsini zəmanət altına alan yuxarıda istinad olunan norma və prinsiplər baxımından hər hansı əhəmiyyət daşımır. Digər tərəfdən, həm də nəzərə alınmalıdır ki, inzibati proses hüququ doktrinasında öhdəliyin icrası haqqında iddia növü ümumi anlayışdır və həm məcburetmə haqqında, həm də öhdəliyin icrası haqqında iddiaları özündə birləşdirən öhdəliyin icrası haqqında ümumi iddia kimi qəbul olunur. Başqa sözlə, həm öhdəliyin icrası haqqında, həm də məcburetmə haqqında iddialar öhdəliyin icrası haqqında ümumi iddia növünə aiddir.

33. Məhkəmə kollegiyası həmçinin xüsusi olaraq vurğulayır ki, inzibati məhkəmə icraatı çərçivəsində cavabdehə münasibətdə öhdəlik nəzərdə tutan məhkəmə aktı məhkəmə qərardadı və ya qərarı İPM-in 120-ci maddəsinin təsir dairəsinə aid edilməlidir. Bundan fərqli yanaşma və həmin m addənin bu yanaşmadan fərqli təfsiri qeyd olunan məzmunlu məhkəmə qərarının və ya qərardadının icrasının cavabdehin iradəsindən asılı vəziyyətə salınması kimi qiymətləndirilməlidir.

34. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 21(103)-1076/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar