Məhkəmə qərarları › İş №2-1(102)-1373/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1373/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1373/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: avadanlıq və birdəfəlik müavinətin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair ərizəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2023-cü il tarixli, 2-1( 105)-135/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqların, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin verilməsini xahiş etmişdir.

2. Cavabdehin 28 aprel 2022-ci il tarixli məktubu ilə müraciətin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd edilən kateqoriyalardan olan şəxslərin əmək hüququ üzrə təminatları “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il 179 nömrəli Qərarı ilə tənzimlənir və qeyd edilən qanunvericilik aktlarına əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman qanunvericiliklə müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əməkhaqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. AR Nazirlər Kabinetinin 17 yanvar 2022-ci il tarixli 19 nömrəli Qərarı ilə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” NK-nın 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarında edilmiş dəyişikliyə əsasən 1 yanvar 2022-ci il tarixdən sonra ilk dəfə işə düzələn valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara və onların arasından olan şəxslərə qeyd edilən müavinət və avadanlıqların verilməsinin ƏƏSMN tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Buna qədər isə sözügedən müavinət və avadanlıqların verilməsi AR Təhsil Nazirliyi tərəfindən həyata keçirilirdi. Müraciətin araşdırılması zamanı iddiaçının əmək müqaviləsinin ilk dəfə 5 noyabr 2013-cü il tarixdə bağlanıldığı müəyyən edildiyindən, iddiaçıya sözügedən müavinətin və avadanlıqların verilməsi ƏƏSMN-nin vəzifələrinə aid deyildir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 31 may 2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqların, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 nömrəli sanatoriya tipli internat məktəbinin 2005-ci il məzunudur. 2011-ci ildə 21 yaşında şirkətə 4-cü dərəcəli betonçu vəzifəsinə işə qəbul olmuşdur. İlk dəfə işə qəbul edilməsini nəzərə alaraq cavabdeh orqana Respublika üzrə aylıq əmək haqqının 5 mislindən az olmayaraq birdəfəlik pul məvacibinin, paltar, ayaqqabı, yumşaq inventar və avadanlığın verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin, cavabdeh müraciətin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il tarixli 179 nömrəli Qərarına əsasən valideynini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olaraq paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinət ilə təmin olunmalıdır. Cavabdehin imtina məktubunda da qeyd edilir ki, həmin müavinətin və avadanlıqların verilməsi öhdəliyi ƏƏSMN-nə aiddir. Eyni müraciəti A R Təhsil Nazirliyinə etsə də, həmin öhdəliyin hazırki iddia üzrə cavabdeh orqan olan ƏƏSMN-ə aid olduğu bildirilmişdir.

5. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır.

6. Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2-1(118)2024/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqların, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim L.Mirzəyeva).

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı işə düzələn zaman bu məqsədlə qeyd olunan vəsaitlərə görə valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş şəxslərə müavinət Təhsil Nazirliyi tərəfindən verilsə də, hal-hazırda həmin səlahiyyət yuxarıda qeyd olunan hüquq normalarına əsasn hazırki iş üzrə cavabdeh inzibat orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə mənsubdur. Bu halda həmin məqsədlər üçün müavinətin ödənilməsi üçün dövlət büdcəsindən vəsait də məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına köçürülür. Qeyd olunan məqsədlərə dair Təhsil Nazirliyinin hər hansı bir səlahiyyəti yoxdur.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2023-cü il tarixli tarixli, 2-1(105)-135/2023 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2- 1(118)-2024/2022 nömrəli qərarı ləğv edilərək iddia rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 15 yaşından 18 yaşınadək valideyn himayəsindən məhrum olmuş şəxslərə ilk dəfə işə düzələn zaman müvafiq müavinətin verilməsi qanunamüvafiqdir. Lakin iddiaçı ilk dəfə işə düzələn zaman yaşı 18-i keçdiyindən, bu əsasla müavinət almaq hüququndan məhrum olmuşdur.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində göstərilmişdir ki, iddiaçının ilk dəfə əmək fəaliyyətinə 21 yaşında başlaması onu 18 yaşına qədər valideyn himayəsindən məhrum olmuş şəxs statusundan azad etmir. Bu sə bəbdən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2023-cü il tarixli tarixli, 2-1(105)-135/2023 nömrəli qərarı əsassızdır. İddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanun 1, 3 və 9-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2023-cü il tarixli tarixli, 2-1(105)-135/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanun:... Maddə 1. valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 f aiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. 15. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il 179 nömrəli Qərarı.

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edər ək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassa siya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə internat məktəbində böyümüş iddiaçıya ilk dəfə işə qəbul olunduğunda orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin ödənilməsi tələbi barədədir. 21. “Valideynlərini itirmi ş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 8-ci maddəsinə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülür.

22. Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il 179 nömrəli qərarının 2-ci bəndinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum ol muş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərin ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunmaları qərara alınmışdır.

23. Yəni, hər iki valideyni onu sosial xidmət müəssisələrindən götürməkdən imtina edən 18 yaşınadək olan şəxs valideyn himayəsindən məhrum olmuş uşaq, valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs sayılır. 24. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun tələbinə görə iddiaçının həmin Qanunun təsir dairəsinə düşməsi və müvafiq kateqoriyadan olan şəxslərin dairəsinə daxil olması üçün 18 yaşınadək ya valideynlərini itirməl i, ya da valideyn himayəsindən məhrum olması tələb olunur.

25. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı xx.xx.1996-cı il tarixdə Sabunçu rayonu, 10 nömrəli sanatoriya tipli internat məktəbinə İ sinifə qəbul olunmuş, 16 iyun 2005-ci il tarixdə İX sinfi bitirmişdir. İddiaçının valideynləri onu sosial xidmət müəssisələrindən götürməkdən imtina etmiş, o, 15 yaşınadək internat məktəbində, 15 yaşından 18 yaşınadək isə liseydə yaşamışdır.

26. Bununla da müəyyən olunur ki, həqiqətən də iddiaçı 18 yaşınadək valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunmuşdur.

27. Məhkəmə kollegiyası qeyd edir ki, hər iki valideyni onu sosial xidmət müəssisələrindən götürməkdən imtina edən 18 yaşınadək olan şəxs valideyn himayəsindən məhrum olmuş uşaq, valideynlərini itir miş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs sayılır.

28. Yuxarıda aparılan qiymətləndirməyə görə mübahisələndirilən imtiyazı (iddianın predmeti olan avadanlıq və birdəfəlik yardımı) müvafiq statusdan olan ya 18 yaşınadək işləyən uşaqlar, ya da 23 yaşınadək əyani təhsil alan şəxslər almış ola bilər.

29. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, ilk dəfə xx.xx.2011-ci il tarixdə, yəni 21 yaşında “Azfen” birgə müəssisəsinə işə qəbul edilmişdir.

30. İddiaçı 18 yaşdan əvvəl işləməmişdir.

31. Həmç inin iddiaçı ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsis almamışdır. Peşə təhsili müəssisəsində 15-18 yaş aralığında olarkən təhsil almış, 18 yaşında müəssisəni, başqa sözlə, təhsilini bitirmişdir.

32. Nəzərə almaq lazımdır ki, iddiaçı ilk dəfə işə girərkən 21 yaşında olduğundan artıq valideyn himayəsindən məhrum olmuş uşaq kimi 18 yaşınadək olan şəxs statusuna malik olmamışdır.

33. Bununla da müəyyən olunur ki, iddiaçı ilk dəfə işə düzələn zaman valideyn himayəsindən məhrum olmuş uşaq və ya valideynlərini itirmiş və yaxud da valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs olmadığından iddianın təmin edilməməsi barədə apelyasiya məhəkəməsinin gəldiyi nə ticə əsaslı olmuşdur.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2023-cü il tarixli, 2-1(105)-135/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar