Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1399/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Binəqədi rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 2019-cu il 1 aprel tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh DSMF-nin Binəqədi rayon Şöbəsinə qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 2 7 fevral tarixli 2-1(103)-546/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 2018-ci il 18 may tarixdə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2015-ci il 18 may tarixdən 2018-ci il 18 may tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 25 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İddiaçıya müharibə veteranı vəsiqəs i 2018-ci il 18 may tarixdən verildiyi üçün ona həmin vaxtdan müavinət təyin edilmişdir. İddiaçı 2019-cu il 04 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2001-ci il tarixli Fərmanı ilə nəzərdə tutulmuş müavinətin 2014-cü ilin may ayından 2017-ci ilin may ayınadək hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2001-ci il tarixli Fərmanı ilə nə zərdə tutulmuş müavinətin 2015-ci ilin may ayından 2018-ci ilin may ayınadək hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Buna görə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona 2018-ci il 18 may tarixdə vəsiqə verilmişdir. İddiaçı göstərilənlərə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəti cə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4738/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx xxx 2015-ci il tarixdən xx xxx 2018-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 27 fevral tarixli 21(103)-546/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2020-ci il 16 mart tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2020-ci il 07 aprel tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Buna görə də cavabdeh hesab edir ki, iddiaçıya veteranlar üçün müəyyən edilmiş güzəştlər, yəni hazırkı halda sosial müavinətin verilməsi ona veteran adının verilməsindən sonrakı dövr üçün nəzərdə tutulmuşdur və əvvəlki 3 ilə görə iddiaçıya sosial müavinət ödənilməməlidir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsin ə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Qanunun 1-ci maddəsinə əsasən, veteranlar barəsində dövlət siyasətinin əsaslarından biri də sosial və hüquqi müdafiənin təmin edilməsindən ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsa sən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, bu səbəbdən də ona 2018-ci il 18 may tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına görə, şəxs üç il əvvəl üçün yalnız o halda sosial müavinət ala bilər ki, onun hüququ azı üç il əvvəl yaranmış olsun. Bununla yanaşı, cavabdeh nəzərə almalıdı r ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş iddiaçıya buna səlahiyyətli olan dövlət orqanı tərəfindən veteran statusunun və vəsiqəsinin vaxtında verilməməsi iddiaçının veteranlar haqqında qanunvericilikdən irəli gələn hüquqlarına təsir etməli deyil. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş iddiaçı “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci abzasına uyğun olaraq müharibə veteranıdır. Lakin müharibə veteranı statusundan irəli gələn hüquqlarını (o cümlədən, sosial təminat hüququnu) həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, o, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu (onun iradəsindən asılı olmayaraq) müraciət edilməzdən əvvəlki üç il üçün müavinətin ödənilməsini tələb edə bilər. Beləliklə, iddiaçının İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 27 fevral tarixli 21(103)-546/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova İ.Ə.Şəfiyev
Məhkəmə qərarları › İş №2-1(102)-1399/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1399/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver