Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1408/2021 21.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: döyüş təminatı ilə bağlı tapşırıq yerinə yetirməsi üçün ezam olunmuş hərbi qulluqçu olmayan həkimə müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.03.2021-ci il tarixli, 21(103)-441/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Dəmir Yollarının tibbi və sanitariya xidmətinin rəisinin 01.07.1992-ci il tarixli 15/HBC saylı əmri ilə Respublikanın dinc sakinlərinə və yaralı əsgərlərinə təxirə salınmaz tibbi yardımın göstərilməsi məqsədi ilə həkim heyətindən ibarət dəstənin yaradılması və təcili olaraq təyinat yerinə ezam edilməsi əmr edilmişdir.
2. Azərbaycan Dəmir Yolları 26 Bakı Komissarları adına Xəstəxananın “İlk yardım bölməsinin təşkili və yerləşdirilməsi barədə” 02. 07.1992-ci il tarixli 68 nömrəli əmrinə əsasən Azərbaycan Dəmir Yollarının tibbi və sanitariya xidmətinin rəisinin 01.07.1992-ci il tarixli 15/HBC saylı əmrinə müvafiq olaraq xəstəxananın həkimi olan İddiaçı döyüş şəraitində yaralı əsgərlərə və mülki vətəndaşlara təcili tibbi yardım göstərilməsi üçün döyüş bölgəsinə ezam olunmuşdur.
3. Azərbaycan Dəmir Yolları sanitar qatarın rəisi X tərəfindən tərtib edilmiş və Ağdam rayon komendantı X1 tərəfindən təsdiq edilmiş 20.10.1992-ci il tarixli siyahıya əsasən 01.07.1992-ci ildən 20.10.1992-ci il tarixə kimi Ağdamda olan cəbhə bölgəsindəki yaralanmış və zərərçəkmiş əsgərlərə ilk tibbi yardım göstərən sanitar qatarın şəxsi heyətində İddiaçı sanitar qatarın rəisinin müavini kimi iştirak etmişdir.
4. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Səfərbə rlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 16.08.2019-cu il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtinanı belə əsaslandırmışdır ki, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etməyini sübut edən əsasverici hüquqi sənədlər olduğu təqdirdə, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Dəmir Yollarının Tibbi və sanitariya xidmətinin rəisinin 01.07.1992-ci il tarixli 15/HBC saylı əmrinə müvafiq olaraq, Azərbaycan Dəmir Yolları 26 Bakı Komissarı adına Xəstəxana rəhbərliyinin “İlk yardım bölməsinin təşkili və yerləşdirilməsi barədə” 02.07.1992-ci il tarixli 68 nömrəli əmrinə əsasən 02.07.1992-ci il tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərilməsi üçün 26 nəfərdən ibarət dəstə yaranmış və Ağdam rayonuna cəbhəyanı bölgəyə göndərilmişdir. Ezam olunmuş şəxslər içərisində iddiaçı da olmaqla həkim - OPMnin rəis müavini vəzifəsində göndərilmiş və vəzifə borcunu ləyaqətlə yerinə yetirmişdir. Azərbaycan Dəmir Yolları hərbi tibbi-sanitar qatarı formalaşdırılaraq Ağdam rayonuna cəbhəyanı bölgəyə göndərilmişdir. Həmin hərbi tibbi-sanitar qatarın rəisi Abbasov Yadulla, qatarın rəis mavini isə iddiaçı təyin edilmişdir. Onlardan başqa həmin hərbi qatarda 10 nəfər əməkdaş çalışmışdır və onların hər biri müharibə gedən bölgədə döyüşlər getdiyi zaman orada olmalarını və tibb yardım göstərmələrini təsdiq edə bilər. 01.07.1992-ci il tarixdən 20.10.1992-ci il tarixə qədər Ağdam rayonunda yerləşən cəbhə bölgəsində zərərçəkən və yaralanan əsgərlərə ilk tibbi yardım üçün təcili yardım hərbi qatarının şəxsi tərkib siyahısı Ağdam rayonunun komendantı polkovnik X2 tərəfindən 20.10.1992-ci il tarixdə təsdiq edilmişdir. Dörd ay ərzində onların cəbhə bölgəsində xidmət etmələrini kom endant tərəfindən təsdiq edilmiş şəxsi tərkib siyahı sübuta yetirir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirakını təsdiq edə biləcək sənədlər olmadığından iddia tələbi təmin edilə bilməz.
8. Bakı İnzibati Məhkəməsinin 18.09.2020-ci il tarixli 2-1(112)-2019/2020 saylı qərarına əsasən (hakim Şəlalə Həsənova) iddia tələbi təmin edilmiş, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Dəmir Yolları 26 Bakı Komissarları adına Xəstəxananın həkimi olan iddiaçının 02.07.1992-ci il tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüş bölgələrində yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərilməsi üçün döyüş bölgəsinə ezam edildiyi, Ağdam rayonunda 20.10.1992-ci ilədək yaralı əsgərlərə və mülki vətəndaşlara ilk tibbi yardım göstərilməsində iştirak etdiyi müəyyən edilmişdir. Bununla da iddiaçının həmin dövrdə döyüş zonasında döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu öz təsdiqini tapmışdır. Məhkəmənin mövqeyinə görə iddiaçının döyüş zonasında həkim kimi tapşırığın yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə iştirakı müvafiq sənədlərlə təsdiqləndiyindən və belə status alınmasına yol verilməyən hallar ona münasibətdə mövcud olmadığından, iddiaçı “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin tələblərinə əsasən müharibə veteranı sayılır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.03.2021-ci il tarixli, 21(103)-441/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Vidadi Məmmədov, hakimlər – Elmira Nağıyeva və Xəyalə Cəmilova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 18.09.2020-ci il tarixli 2-1(112)-2019/2020 saylı qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hərbi qulluqçu olmamış və o, həkim olaraq xidməti vəzifələrini yerinə yetirməklə xəstələrə və yaralılara ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün mülki şəxs kimi ezam olunmuşdur. İddiaçının tibbi yardım göstərməsi barədə sənədlər olsa da, onun özünümüdafiə dəstələrinin tərkibində döyüşməsi barədə heç bir sənəd mövcud deyil. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması müəyyən edilmədiyi üçün, həmçinin özünümüdafiə dəstlərinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz.
13. İddiaçı 08.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.03.2021-ci il tarixli, 2-1(103)-441/2021 nömrəli qərarının ləğv edilməsini, Bakı İnzibati Məhkəməsinin 18.09.2020-ci il tarixli 2-1(112)2019/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması b arədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, dövlət orqanlarının döyüş təminatı ilə bağlı tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı və müharibə dövründə yaranmış mövcud fövqəladə vəziyyətlə əlaqəli təcili qaydada hərbi sanitar qatar yaranmışdır və iddiaçı könüllü yox, dövlət orqanı tərəfindən verilən əmrə əsasən Ağdam döyüş bölgəsinə ezam olunmuşdur. Həm də hərbi sanitar qatar dörd ay cəbhə xəttində yerləşdirilmişdi. Apelyasiya instansiya məh kəməsinin “iddiaçının mülki şəxs kimi tibb yardım göstərməyi” ilə bağlı mövqeyi qanunaziddir.
15. Məhkəmə tərəfindən nəzərə alınmalı idi ki, hərbi sanitar qatarın bütün fəaliyyət müddəti ərzində iddiaçı Azərbaycan Dəmir Yollarının əmrinə müvafiq olaraq ön xəttə döyüş bölgəsində ezamiyyətə göndərilmiş, məhz döyüş bölgəsində yaralılara tibbi yardım göstərmişdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Məhkəmə isə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallara qiymət verməmişdir. Beləliklə, məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 12-ci, Mülki Prosessual Məcəllənin 217.1 və 217.2-ci maddələrinin tələbləri pozulmuş, Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.07.2007-ci il tarixli Qərarına zidd qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında vəkilsiz iştirak etdi yindən onun izahatı dinlənilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bə raətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
20. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi dax il olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xid mət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq h aqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
22. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyy əti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
23. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu nu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
24. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
26. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
27. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 28. “İnzibati icraat haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur.
29. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir.
30. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbu l edilməsi qadağandır.
31. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır.
32. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiya məhkəməsini n qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
36. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, mübahisəli hal iddiaçının hərbi qulluqçu statusu olmadan ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır.
37. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hərbi qulluqçu olmadığına istinad edərək qeyd edir ki, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş t apşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər hərbi qulluqçu olduğu halda onlara müharibə veteranı adı və vəsiqəsi verilə bilər.
38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini əsassız, iddiaçının kassasiya şikayətinin dəlillərini isə əsaslı hesab edir.
39. Belə ki, hazırkı qərarın 21-ci bəndində göstərilən normaların məzmunundan görünür ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: - döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; - döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər.
40. Aşağıdakı şəxslərə isə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün onların hərbi qulluqçu olması şərti nəzərdə tutulmuşdur: - 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular.
41. İşin mübahisəsiz hallarından məlumdur ki, Azərbaycan Dəmir Yolların ın tibbi və sanitariya xidmətinin rəisinin 01.07.1992-ci il tarixli, 15/HBC nömrəli əmri ilə Respublikanın dinc sakinlərinə və yaralı əsgərlərinə təxirə salınmaz tibbi yardımın göstərilməsi məqsədi ilə həkim heyətindən ibarət dəstə yaradılmış və təcili olaraq təyinat yerinə ezam edilmişdir.
42. İddiaçı da 01.07.1992-ci il tarixli, 15/HBC saylı əmrə müvafiq olaraq döyüş şəraitində yaralı əsgərlərə və mülki vətəndaşlara təcili tibbi yardım göstərilməsi üçün döyüş bölgəsinə ezam olunmuşdur.
43. Azərbaycan Dəmir Yolları sanitar qatarın rəisi X tərəfindən tərtib edilmiş Ağdamda olan cəbhə bölgəsində yaralanmış və zərərçəkmiş əsgərlərə ilk tibbi yardım göstərən sanitar qatarın şəxsi heyətinin 20.10.1992-ci il tarixli siyahısında İddiaçı adı qeyd edilmiş və həmin siyahı, Ağdam rayon komendantı X2 tərəfindən təsdiq edilmişdir.
44. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğundan hazırkı qərarın 39-cu bəndində göstərilən şəxslərin dairəsinə aiddir.
45. Beləliklə, iddiaçının döyüş zonasında döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu təsdiq olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, buna baxmayaraq apellyasiya instansiya məhkəməsi hazırkı qərarın 19-23-cü bəndlərində göstərilən normaların tələblərinə zidd qərar qəbul etmişdir.
46. Bundan başqa, iş materiallarında olan Azərbaycan Dəmir Yolla rı sanitar qatarın rəisi X tərəfindən tərtib edilmiş və Ağdam rayon komendantı X2 tərəfindən təsdiq edilmiş 20.10.1992-ci il tarixli siyahıya əsasən 01.07.1992-ci ildən 20.10.1992-ci il tarixə kimi Ağdamda olan cəbhə bölgəsindəki yaralanmış və zərərçəkmiş əsgərlərə ilk tibbi yardım göstərən sanitar qatarın şəxsi heyətində X7 (sanitar qatarın rəisi), İddiaçı (sanitar qatarın rəis müavini), X6 (bölmə rəisi), X4 (tibb bacısı) adları qeyd edilmişdir.
47. Həmin şəxslərdən X5, X2 və X7 müharibə veteranı adı və vəsiqəsi verilmişdir.
48. Göründüyü kimi, müharibə şəraitində iddiaçı ilə eyni dövrdə eyni ərazidə və eyni dəstədə olmuş və hərbi qulluqçu olmayan digər şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilmiş, iddiaçıya isə belə vəsiqə verilməsindən imtina edilmişdir. Bununla da cavabdeh inzib ati orqan tərəfindən “bərabərlik hüququ” kobud şəkildə pozulmuşdur.
49. Eyni zamanda, hazırkı qərarın 32-ci bəndində göstərilən normanın tələbindən göründüyü kimi inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Hazırkı halda isə cavabdeh orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməmiş, iddiaçıya münasibətdə fərqli qaydalar, yeni inzibati praktika tətbiq etmiş, lakin belə praktikanın tətbiq edilməsini hər hansı ictimai maraqların tələb etdiyini əsaslandıra bilməmişdir.
50. Hazırkı qərarın 27-32-ci bəndlərində göstərilən normalardan göründüyü kimi, həm Azərbaycan Respublikası Konstitusiyasında, həm də “İnzibati icraat haqqında” Qanunda şəxslərin qanun və məhkəmə, qanun və inzibati orqan qarşısında bərabər olduğu təsbit olunmuşdur. Bu prinsip hüquqi dövlətin h amılıqla qəbul olunmuş ən mühüm prinsiplərindəndir. Bu prinsip eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsini qadağan edir və ayrıseçkiliyə yol verilməməsini tələb edir.
51. Yuxarıda adları çəkilən digər şəxslərin vəziyyəti ilə hazırkı işin halları eyni mühüm faktiki hallara malik olsa da, cavabdeh inzibati orqan iddiaçı ilə həmin şəxslər arasında ayrıseçkiliyə yol vermişdir. Belə ki, inzibati orqanın praktikasında hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilməsi halları olsa da, cavabdeh orqan iddiaçıya veteran vəsiqəsi və adını verməkdən imtina etmişdir.
52. Bu isə inzibati orqan tərəfindən həm “bərabərlik hüququ”nun, həm də “etimad hüququ”nun pozulmasına səbəb olur. Belə ki, hazırkı qərarın 32-ci bəndində göstə rilən normanın məzmununa görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur.
53. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.03.2021-ci il tarixli, 2-1(103)441/2021 nömrəli qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
54. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15.03.2021-ci il tarixli, 21(103)-441/2021 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərar qətidir. Sədrlik edən: Nigar Rəsulbəyova Hakimlər: İlqar Hüseynov (xüsusi rəylə) Kəmaləddin Bədəlov İddiaçı Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə (№ 2-1(102)-1408/2021) hakim İlqar Hüseynovun XÜSUSİ RƏYİ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra mətndə - Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində təsbit olunmuş “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş” məzmunda müddəanın iddiaçıya aid edilməsi, iddianın da məhz həmin müddəaya istinadla təmin edilməsi ilə bağlı həmkarlarımın qənaəti ilə aşağıdakı səbəblərə görə razı deyiləm. Normanın məzmunundan göründüyü kimi, “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş,” müddəasından sonra “şəxslər” müddəası göstərilmədən durğu işarəsi (,) qoyulmuş, həmin müddəa “həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yar alanma, travma, kontuziya) almış hərbi qulluqçulara - ” məzmunda müddəa ilə davam etdirilmiş və həmin müddəanın məhz “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara ezam olunmuş hərbi qulluqçular”a aid edildiyi aşkar olaraq təsbit olunmuşdur. Həmkarlarım qənaətlərinin hüquqi əsası kimi Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə istinad edərək hesab etmişlər ki, “hazırkı qərarın 21ci bəndində göstərilən normaların məzmunundan görünür ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: - döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; - döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər.”. İstinadın özündən də göründüyü kimi, Əsasnamənin müddəalarının məzmununda hərbi qulluqçuların hamısının “şəxslər”ə aid olduğu ilə yanaşı, “şəxslər”in heç də hamısının hərbi qulluqçu olmadıqları da aşkar göstərilib. Nəzərə alınmalıdır ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər” müddəasında “şəxslər” sözü ümumiləşmiş formada ifadə edilməklə özündə həm hərbi qulluqçuları, həm də hərbi qulluqçu olmayan digər şəxsləri ehtiva edir. Məhz bu səbəbdən hesab edirəm ki, həmin Qanunun icrasının təmin olunması üçün qəbul edilən və Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtlərini müəyyən edən Əsasnamədə “hərbi qulluqçular”a və “şəxslər”ə kimlərin aid edildiyi konkretləşdirilmişdir. Məsələn, məhkəmənin də istinad etdiyi normada “döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər” və “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər” eyniləşdirilmir, əksinə, birinci halda, “şəxslər”in hərbi qulluqçu olmadıqları, ikinci halda isə, “şəxslər”ə məhz hərbi xidmət keçmiş şəxsləri aid etdiyi təsbit olunur. Məhkəmənin qeyd et diyi “- döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər.” ifadəsi isə Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində təsbit olunmuş “döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş” müddəası ilə uzlaşmır. Yuxarıda da qeyd olunduğu kimi, həmin müddəada “şəxslər” göstərilməmiş, “vergül” durğu işarəsindən sonra da “şəxslər” sözündən deyil, “hərbi qulluqçular” söz birləşməsindən istifadə olunmuş, həmin müddəanın məhz “hərbi qulluqçular” söz birləşməsinə bağlı olduğu təsbit olunmuşdur. Digər tərəfdən, həmin müddəanın məzmununa görə, hərbi qullu qçunun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün istənilən hərbi hissəyə və ya orqana deyil, məhz döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara ezam olunması şərtdir. Hazırkı işdə həmin şərtin ödənildiyi təsdiq olunmur. Bundan başqa, iddiaçının döyüş bölgəsində yerləşən rayona ezam olunması döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olmadığı aşkardır. “Döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi” müddəasına gəldikdə, iddiaçının ezam olunduğu rayonda icra etməli olduğu vəzifə bilavasitə döyüş əməliyyatları aparan hərbi hissənin və ya orqanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, həmin hərbi hissə və ya orqana verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin, silah və hərbi texnikanın) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərə (kəşfiyyat, mühəndis təminatı, radioelektron mübarizə, taktiki maskalanma və s.) aid olmamışdır. Beləliklə, qeyd olunan şərtlərin ödənildiyi işin hazırkı vəziyyətində təsdiq olunmadığından, iddiaçının iddia etdiyi məzmunda tələbi təmin oluna bilməzdi.