Məhkəmə qərarları › İş №2-1(102)-1423/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1423/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1423/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qa rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1644/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək 28 May NQÇİ-də, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək «BP Exploration» şirkətində xüsusi zərərli iş şəraiti olan müxtəlif vəzifələrdə işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetin in 320 nömrəli xx.xx.1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının, həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə, yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1891/2018 saylı, 17 aprel 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək 28 May NQÇİ-də, xx.xx.1998-ci il tarixdən xx.xx.1999- cu il tarixədək Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək «BP Exploration» şirkətində xüsusi zərərli iş şəraiti olan müxtəlif vəzifələrdə işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının, həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə, yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır.

3. Bakı Apellyasi ya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 may 2018-ci il tarixli, 2-1(103)- 1395/2018 saylı qərarı ilə cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 avqust 2018-ci il tarixli, 2-1(102)-1672/2018 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 may 2018-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 20 18-ci il tarixli, 2-1(103)-2443/2018 saylı qərarı ilə cavabdeh şöbənin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 yanvar 2019-cü il tarixli, 2-1(102)-142/2019 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 8. 2 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsinin 2-1(82)-1891/2018 saylı, 17 aprel 2018-ci il tarixli qərarı icra edilməsi üçün xx.xx.2019-cu il tarixdə cavabdehə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1891/2018 nömrəli, 5 sentyabr 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim O.X.Həsənov) Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 300 manat miqdarında cərimə edilmiş və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

11. Cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və 300 manat cərimənin götürülməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1644/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərardadı ilə (hakimlər K.H.Ək bərov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və inzibati işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən qərar tərəfimizdən icra edilmiş, lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq ap arılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır. Hazırkı işdə də İddiaçı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə əsaslı şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişləri dayandırılmışdır.

16. Hazırkı işdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1891/2018 saylı, qərarında ərizəçiyə 52 yaşından xx.xx.2008-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 20042005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qərar icra edilərək əmək haqqı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. İşin hallarında görünür ki, qərar artıq icra olunmuşdur. Sonradan pensiyanın dayandırılmasına əsas olan şübhələr yaranması və bunun nəticəsində pensiyanın dayandırılması qərarın icra olunmaması kimi başa düşülməməlidir. Buna görə də məhkəmənin inzibati orqanı 300 manat məbləğində cərimə etməsi qanunsuz və əsassız olmuşdur.

17. Məhkəmə isə cərimə tətbiq edərkən məhkəmə qərarının icra edilməməsini əsas gətirmişdir. Halbuki işin hallarından da görünür ki, məhkəmə qərarı icra edilmiş, pensiyaçıya ödənişlər həyata keçirilmişdir. Yuxarıda adıçəkilən qanunun müddəalarına əsasən pensiyanın ödənişi dayandırılmışdır. Lakin məhkəmənin qəbul etdiyi bu qərardadın mahiyyətindən belə başa düşülür ki, məhkəmə qərarı icra edilməmişdir.

18. Bundan başqa yalnız icra edilməli olan nəticələr yaradan, başqa sözlə, icra edilmək keyfiyyətinə malik olan məhkəmə aktları üzrə icra hərəkətləri etmək vəzifələri yaranır. Odur ki, məhkəmələrin icraya dair vəzifələrinin yaranıb-yaranmadığına məhkəmə aktının nəticə hissəsində icra ilə bağlı öhdəliklərin təsbit edilib-edilməməsindən asılı olaraq qiymət verilməlidir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələ bi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10 Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əm əl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillə r üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

26. Qeyd edilməlidir ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir.

27. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir.

28. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərilərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar).

29. Məlum olduğu kimi, Azərbaycan Respublikasının İPM-nin 120-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllən in 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.

30. Hazırkı iş üzrə qeyd edilməlidir ki, iddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1891 /2018 saylı, 17 aprel 2018-ci il tarixli qərarının icrasının təmin edilməsini arzulayır ki, həmin qərar 11 oktyabr 2018-ci il tarixdə (Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının tarixi) qanuni qüvvəsini almışdır. Cavabdeh inzibati orqan məhkəmə qərarından sonra iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmiş, lakin sonradan pensiya ödənişinin dayandırılmasını həyata keçirmişdir.

31. Lakin cavabdeh tərəfindən əmək pensiyasının dayandırılmasına əsas Nazirliyinin Aparatının Daxili Nəzarət və Audit Şöbəsi tərəfindən yoxlamanın aparılması qeyd edilmişdir.

32. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə pensiyanın dayandırılması ndan öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

33. Nəzərə alınmalıdır ki, məhkəmə qərarlarının icrasının məcburiliyi «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci m addəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxsləri tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

34. Göründüyü kimi məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1891/2018 nömrəli, 17 aprel 2018-ci il tarixli qərarı onun icrası üçün müddət müəyyənləşdirilməklə müvafiq xəbərdarlıq olunmasına baxmayaraq, inzibati o rqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən tam icra olunmamışdır. Bu səbəbdən də məhkəmə qərarı icra olunmadığından, inzibati orqanın cərimə edilməsi məqsədəmüvafiqdir.

35. Beləliklə qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1644/2023 nömrəli, 9 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar