Məhkəmə qərarları › İş №2-1(102)-1439/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1439/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1439/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üz rə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-919/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür.

2. İddiaçıya məxsus hərbi biletə əsasən, o, 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur.

3. Əmək kitabçasının surətinə əsasən o, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Dəmir Yolunda kran drezin sürücüsünün köməkçisi, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx. 1999- cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində drezin (DQKU) maşinisti, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək maşinist köməkçisi, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək yol maşınlarının maşinisti işləmiş, xx.xx.2017-ci il tarixdən hal-hazıradək həmin müəssisədə motovoz maşinisti işləyir. 4. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 256738 nömrəli güzəştli arayışa görə, iddiaçı "xxxx" QSC-nin Biləcəri yol distansiyasında xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək motovoz (MPT) maşinisti peşələrində çalışmış, xx.xx.2021-ci il tarixdən hal-hazıradək İnfrastruktur Departamentinin Yol Xidmətinin 2 nömrəli Biləcəri yol sahəsində motovoz maşinisti peşəsində işləyir. Qeyd olunan peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nda nəzərdə tutulmuşdur (21.4-cü bəndin 4-cü və 22-ci abzasları).

5. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

6. Cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilmiş 4 aprel 1984-cü il tarixli əmək kitabçasında iddiaçının xx.xx.1985-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC İnfrastruktur departamentinin Yol xidmətinin 2 nömrəli Biləcəri yol sahəsində kran drezin sürücüsünün köməkçisi, kran drezinin sürücüsü və yol maşınlarının maşinisti vəzifələrində işləməsi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın Nəqliyyat bölməsində (21) Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) nəzərdə tutulmamışdır. Bu səbəbdən də, onun güzəştli iş stajı sonuncu müraciət etdiyi tarixə 12 il 6 aydan az (5 il 10 ay 20 gün (xx.xx.1993xx.xx.1994-cü il, xx.xx.201 7-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə olan halda, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşından, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989-cu il tarixdən hazıradək 19 il 4 ay 13 gün "xxxx" QSC-də drezin (DQKU) maşinisti və motovoz maşinisti vəzifələrində çalışmışdır. Onun ümumi iş stajı 30 ildən çox, zərərli staj ı isə 19 il 4 ay 13 gün təşkil edir. Ona 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, cavabdeh onun “drezin maşinisti” peşəsində işlədiyi dövrü güzəştli iş staj kimi qəbul etməmişdir. Halbuki, "xxxx" QSC tərəfindən verilmiş güzəştli arayışda onun tutduğu vəzifə “drezin maşinisti” olaraq göstərilmiş və həmin arayışda drezinaların özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotoristlərin markalarından biri hesab edilməsi səbəbindən drezin maşinisti peşəsinin iş xüsusiyyətlərinin sözügedən AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahının 21.4-cü bəndinin 4-cü abzasında əks olunmuş motovozların və avtomotoristlərin maşinistləri peşələri üzrə müəyyən edilmiş sahə və peşələrin xüsusiyyətləri ilə eynilik təşkil etdiyi qeyd edilmişdir. Belə olan halda hesab edir ki, cavabdeh orqan iddiaçının işlədiyi vəzifənin siyahıda qeyd olunan vəzifəyə uyğun olub-olmamasının müəyyən edilməsi ilə bağlı araşdırma aparmalı idi.

9. Sumqayıt İnzibati Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2-1(118)2766/2023 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Məhkəmə hesab etmişdir ki, "xxxx" QSC tərəfindən verilmiş arayışa görə drezinaların özüyeriyən xüsusi hərəkət tərkibləri qrupuna aid olan avtomotoristlərin markalarından bir i hesab edilməsi səbəbindən drezin maşinisti peşəsinin iş xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nın 21.4-cü bəndinin 4-cü abzasında əks olunmuş motovozlar və avtomotoristlərin maşınistləri peşələri üzrə müəyyən edilmiş sahə və peşələrin xüsusiyyətləri ilə eynilik təşkil edir. Həmin peşənin adı birbaşa həmin Siyahıda göstərilməsə də, burada söhbət şəxsin təyin olunduğu işə görə icra etdiyi funksional vəzifənin və əmək şəraitinin eyniliyinin, deməli, həm də əmək şəraitinin xüsusilə ağırlığına və zərərliliyinə dair eyni və ya oxşar əsasların, faktiki halların mövcudluğundan gedir. Cava bdeh tərəfindən mübahisələndirilən müddət də iddiaçının güzəştli iş stajına daxil edildikdə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əsas yaranmış olur.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)919/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: H.Babayeva sədrlik edən və məruzəçi, Z.Məmmədov və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdə liyi cavabdehin üzərinə qoyulmuşdur.

13. Məhkəmə kollegiyası qeyd edir ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda şəxsin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin hallarından da müəyyən edildiyi kimi iddiaçı 25 ildən çox ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajına malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qə bul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 4 aprel 1984-cü il tarixli İ4T-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1985-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC İnfrastruktur departamentinin Yol xidmətinin 2 nömrəli Biləcəri yol sahəsində kran drezin sürücüsünün köməkçisi, kran drezinin sürücüsü və yol maşınlarının maşinisti vəzifələrində işləməsi qeyd olunmuşdur.

16. Lakin iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəri cilərin siyahısı”nın Nəqliyyat bölməsində (21) Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) nəzərdə tutulmamışdır.

17. Bu səbəbdən də onun güzəştli iş stajı sonuncu müraciət etdiyi tarixə 12 il 6 aydan az (5 il 10 ay 20 gün (xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.2017-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.

18. Bildirir ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən yalnız müəssisə tərəfindən təqdim edilmiş izahlı arayış ilə kifayətlənərək həmin arayışa istinad edilmiş və iddiaçının işlədiyi kran drezinin sürücüsü vəzifəsi əsassız olaraq motovozlar və avtomotoristlərin maşinistləri vəzifəsinə uyğunlaşdırılaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qərara alınmışdır.

19. Lakin məhkəmə tərəfindən iddiaçının işlədiyi peşənin funksional vəzifənin İ eyniliyinin müəyyən edilməsi ilə bağlı iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə vəzifə təlimatları əldə edilməmiş, hər hansı araşdırma həyata keçirilməmiş, iddiaçının işlədiyi vəzifə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olan vəzifə arasında uyğunsuzluq olmasına baxmayaraq, müəssisənin izahlı arayışına əsasən həmin vəzifələr əsassız olaraq eyniləşdirilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzə rdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”: 21. “Nəqliyyat” bölməsinin 21.4. “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsinə (motovozların və avtomotoristlərin maşinistləri).

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin ve rilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərə k (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı ).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunv ericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Lakin əlavə olaraq qeyd edilməlidir ki, cavabdehin qeyd etdiyi digər dəlili iddiaçının pensiya kapitalı ilə bağlıdır.

31. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 21-ci bəndində qeyd edilən qanuna müvafiq olaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı ol duqda şəxsin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin hallarından da müəyyən edildiyi kimi iddiaçı 25 ildən çox ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajına malikdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasına istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

33. Beləliklə, məhkəmə kollegiyası şikayətdə qeyd edilən dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-919/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar