Məhkəmə qərarları › İş №2-1(102)-1440/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1440/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1440/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “01 aprel 1994-cü ildə vəfat etm iş mərhum atası Səfərəliyev Səfəralı Dəskəralı oğluna sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 21(105)-917/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 13 noyabr 1994-cü ildə verilmiş İİ ЖГ seriyalı 484842 nömrəli ölüm şəhadətnaməsinə görə X3 (iddiaçının atası) 01 aprel 1994-cü il tarixdə Yerevan şəhərində əsirlikdə olarkən kəskin ürək-damar çatışmazlığından vəfat etmişdir.

2. İddiaçının X2 şəhid ailəsi kimi tanınmış və ona xx.xx.2017-ci il tarixdə, 011994 saylı şəhid ailəsi üzvü kimi vəsiqə verilmişdir. Lalə Səfərəliyeva x x.xx.2018-ci il tarixdə vəfat etmişdir.

3. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək, 01 aprel 1994-cü il tarixdə vəfat etmiş mərhum atası Səfərəliyev Səfəralı Dəskəralı oğluna sığorta ödənişinin verilməsini xahiş etmişdir.

4. Cavabdeh 17 mart 2023-cü il tarixli, 3-17-1/2-S-58983/2023 nömrəli məktubla imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziy a) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısı onların xidmət etdikləri aidiyyəti dövlət qurumları tərəfindən Nazirliyə təqdim edilir. Səfərəliyev Səfəralı Dəskəralı oğlu barədə 2 avqust 1997-ci il tarixədək xidmət dövründə xəsarət almasını təsdiq edən tibbi şəhadətnamə üzrə məlumatlar nazirliyə təqdim edilmədiyindən onun xidmət etdiyi qurumun hərbi-həkim komissiyasına müraciət edilməsi, tələb olunan sənədlər təqdim edildikdən sonra sosial.gov.az saytında “müharibə əlillərinə birdəfəlik ödəmə” pəncərəsinə daxil olaraq birdəfəlik ödəmənin təyinatı ilə bağlı qərarın nəticəsinin yoxlanılması, qərar dəyişmədiyi halda yenidən xidmət etdiyi qurumun hərbi-həkim komissiyasına müraciət edilməsi tövsiyə olunmuşd ur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 01 aprel 1994-cü ildə vəfat etmiş mərhum atası Səfərəliyev Səfəralı Dəskəralı oğluna sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4 onun atasıdır. Füzuli rayonu ermənilər tərəfindən işğal olunanadək ailə üzvləri Füzuli rayonunun Kürdlər kəndində yaşamışdır. Erməni işğalı nəticəsində atası ermənilər tərəfindən əsir götürülərək Yerevan şəhərinə aparılmışdır. Atası 17 avqust 1993-cü ildə əsir götürülmüş, 04 aprel 1994-cü ildə əsirlikdə vəfat etmiş, xx.xx.1994-cü ildə dəfn olunmuşdur. Bu faktı mərhum atasının adına verilmiş П-Ж Г seriyalı 484842 nömrəli ölüm haqqında şəhadətnamə təsdiq edir. X2 xx.xx.2018-ci ildə vəfat etmişdir. Anası şəhid ailəsi kimi tanınmış və ona 28.12.201 7-ci ildə 01 1994 saylı vəsiqə verilmişdir. Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 010 nömrəli qərarının 1.2.6-cı bəndinə görə “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslər şəhid hesab edilir”. xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanuna və Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən həmin qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıradək sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləğdə ödənilməlidir. Adı çəkilən qanunun 4 və 5-ci maddələrinin a) bəndinə əsasən ödəniş məbləği 11000 manat müəyyən edilmişdir. İddiaçı sığorta ödənişinin alınması üçün ilk əvvəl Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmişdir. Sonuncu xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, məsələ ilə əlaqədar olaraq DSMF-nin xx.xx.2023-cü il tarixli məktubu ilə xahişi təmin etməmişdir. Belə ki, mərhum atası erməni əsirliyində vəfat etmişdir və bu ölüm haqqında şəhadətnamə ilə təsdiq edilir. Atasının vəfatı xidmətlə bağlı olmamışdır və cavabdehin tələbi əsassızdır.

7. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının müraciəti atası X1 vəfat etməsinə görə dövlət icbari şəxsi sığorta məbləğinin ona ödənilməsi ilə bağlı olub və müraciətində atasının xx.xx.1994-cü tarixdə şəhid olması qeyd edilsə də, ölüm haqqında xx.xx.1994-cü il tarixli 484842 nömrəli şəhadətnaməyə əsasən X4 “ürək çatışmamazlığından” vəfat etmişdir. Onun hərbi qulluqçu olması öz təsdiqini tapmadığından, baş vermiş sığorta hadisəsi və sığortaolunan hesab edilməsinə dair, habelə FİN məlumatları mərkəzləşdirilmiş elektron informasiya sistemlərində olmadığından Səfərəliyev Səfəralı Dəskəralı oğlunun xidmət etdiyi quruma müraciət etməsi ərizəçiyə tövsiyə edilmişdir. Hazırki iş üzrə iddiaçının atası Səfərəliyev Səfəralı Dəskəralı oğlunun adı aidiyyəti qurumlar tərəfindən təqdim edilmiş siyahıda aşkar edilmədiyindən, eyni zamanda iddiaçının atasının hərbi qulluqçu olmasını təsdiq edən sənəd olmadığından 1100 0 manat birdəfəlik ödəmənin verilməsinə dair iddia tələbi təmin oluna bilməz.

8. Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2-1(118)2859/2023 nömrəli qərardadı ilə (hakim: İ.R.Quliyev) iddia mümkün sayılmamışdır.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 01 aprel 1994-cü ildə vəfat etmiş mərhum atası Səfərəliyev Səfəralı Dəskəralı oğluna sığorta ödənişinin ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçının atası Səfərəliyev Səfəralı Dəskəralı oğlunun adı aidiyyəti qurumlar tərəfindən təqdim edilmiş siyahıda aşkar edilmədiyindən, eyni zamanda iddiaçının atasının hərbi qulluqçu olmasını təsdiq edən sənəd olmadığından 11000 manat birdəfəlik ödəmənin verilməsinə dair iddia tələbi təmin oluna bilməz. Məhkəmə hesab edir ki, cavabdeh orqanın mövqeyi əsaslıdır.

10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(105)-917/2023 nömrəli qərardadı ilə (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və G.İ.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

14. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının atasının torpaqların işğalı zamanı əsir düşərək sonradan orada həlak olması məhz torpaqlarımız uğurunda gedən ağır döyüşlərin olduğu zamana təsadüf etdiyindən, orada həmin anda olan istər mülki, istərsə hərbiçi və ya polis olan (qulluq mövqeyindən asılı olmayaraq) istənilən şəxsin hərbi döyüş əməliyyatı iştirakçısı olduğu danılmaz faktdır. Kassatorun qənaətinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 20 18-ci il tarixli, 1 nömrəli Fərmanından irəli gələn bütün hallar, o cümlədən imtiyazlar şəhid ailəsi olaraq ona da şamil edilməlidir. Məhkəməyə təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin ona sığorta ödənişindən imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsi ndə həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin rədd olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-c i il tarixli, 1 nömrəli Fərmanı: 1. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilsin.

2. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir....

4. Bi rdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir....

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:... 6.2. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının adının bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı olub-olmamasını müəyyən edib, bu Fərmanın digər tələbləri nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan im tina edilməsinə dair qərar qəbul etsin;...

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi” Qaydaları: 1.1-ci bənd. Bu Qayda “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xid mət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının (bundan sonra – Fərman) 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və birdəfəlik ödəmənin və sığorta ödənişlərinin verilməsi qaydasını müəyyən edir. 1.2-ci bənd. Birdəfəlik ödəmə Fərmanın 1-ci hissəsinə uyğun olaraq aşağıdakı kateqoriyadan olan hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə (bun dan sonra – birdəfəlik ödəmə almaq hüququ olan şəxslər) verilir: 1.2.1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.2. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.3. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edilmiş, lakin sonradan təkrar əlilliyi müəyyən edilməmiş şəxslərə; 1.2.4. 1997-ci il avqustun 2-dək olan xidmət dövrü ndə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edildiyinə görə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş məbləğdən az sığorta ödənişi almış şəxslərə; 1.2.5. bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərin vərəsələrinə....

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətlə ri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdı r.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı ve rilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı ” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

26. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yön əlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.

27. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndində deyilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, i nzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının 2.1 və 2.2-ci bəndlərinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

28. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.

29. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakt erli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır.

30. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

31. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlav ə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır.

32. Hazırki iş üzrə iddiaçı mərhum atası Səfərəliyev Səfəralı Dəskəralı oğluna münasibətdə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanında nəzərdə tutulmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilməli olan birdəfəlik ödəmənin ona verilməsini tələb edir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanının, habelə, A zərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi” Qaydalarının yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, iddiaçının tələb etdiyi birdəfəlik ödəmənin verilməli olan şəxslərin dairəsi konkret təsbit edilmişdir. Belə ki, bu ödəməni almaq hüquq una yalnız müvafiq kateqoriyalara görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanlarının əməkdaşları və ya onların vərəsələri malikdir. Yəni, vərəsələrə münasibətdə bu hüquq varisliyin müəyyən edildiyi şəxslərin məhz hərbi qulluqçular və ya daxili işlər orqanlarının əməkdaşları olması ilə məhdudlaşdırılmışdır. Hazırki işdən isə görünür ki, iddiaçının atası, ümumiyyətlə, hərbi qulluqçu və ya daxili işlər orqanlarının əməkdaşı olmamışdır. Belə ki, iddiaçı özü iddia ərizəsinin dəlillərində Füzuli rayonunun işğalı zamanı onun atası Səfərəliyev Səfəralı Dəskəralı oğlunun mülki şəxs kimi əsir götürüldüyünü, daha sonra 1994-cü ildə əsirlikdə öldüyünü bildirmişdir. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş birdəfəlik ödəməni almaq hüququna malik hərbi qulluqçular ın və ya daxili işlər orqanlarının əməkdaşlarının vərəsələri sırasına aid deyildir. Bu isə o deməkdir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır.

33. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2-1(105)-917/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar