Məhkəmə qərarları › İş №2-1(102)-1470/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1470/2024

12.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1470/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin iştirakına xitam verilməsi və verdiyi kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı borcun si linməsi tələbinə dair tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2-1(104)-846/2023 nömrəli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsində İddiaçı 1984,10 manat qalıq borcu olduğu qeyd edilmişdir.

2. Bununla əlaqədar olaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək hesablanmış borcun silinməsini xahiş etmişdir.

3. Cavabdeh 14 sentyabr 2022-ci il tarixdə müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, MDSS üzrə daxilolmalara və hesabatlara nəzarət olunması proseslərinin dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilməsinin xx.xx.2019-cu il tarixdən olduğunu nəzərə alaraq əvvəlki dövr üçün MDSS üzrə daxilolmalar və yaranmış borclar barədə məlumatın əldə edilməsi məqsədilə Əmək və Əhalinin sosial müdafiəsi nazirliyi yanında DSMF-in aidiyyəti rayon (şəhər) şöbəsinə müraciət etməyi tövsiyyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, “Sosial sığorta və işsizlik sığortası haqları” ilə bağlı hesablanmış 1984.0 manat borcun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı bir neçə ildir ki, fəaliyyəti dayandırılmışdır. xx.xx.2018-ci il tarixdə sosial və işsizlikdən bəyannamələri təqdim etmə öhdəliyi Vergilər Nazirliyinə verildikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən müəssisənin guya 1984.0 manat borcunun olması barədə vergi orqanına məlumat göndərilmişdir. Bundan sonra həmin borc məbləği müəssisənin şəxsi hesab vərəqəsində əks olunmuşdur. 12 saylı Ərazi Vergilər İdarəsinə müraciət ünvanlayaraq İddiaçı şəxsi vərəqində göstərilən İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər üzrə cədvəlində 1984.10 manat borc məbləğinin necə formalaşdığı soruşulmuşdur. Eyni zamanda müraciətdə qeyd edilmişdir ki, məşğulluq altsistemində heç bir işçinin qeydiyyatı yoxdur. 12 saylı Ərazi Vergilər İdarəsindən müraciətə verilən cavabda müəssisənin borcları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMF-nin aidiyyəti şöbəsinə müraciət etməyi tövsiyyə edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilsə də, bu günə kimi rəsmi olaraq bir məlumat verilməmiş, şəxsi hesab vərəqəsində əks olunan borcun necə formalaşması izah olunmamışdır.

6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

7. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının borc məbləği 2006-2008-ci illər ərzində yaranmışdır. Bu da iddiaçının hazırda fəaliyyətinin aktiv olmaması barədə gətirdiyi dəlilinin əsassız olduğunu sübut edir. Belə ki, vergi ödəyicisinin həmin dövrlərdə fəaliyyətinin dayandırılması ilə bağlı müraciəti olmamış, xx.xx.2006-cı il tarixdən fəaliyyəti aktiv olmuşdur. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2006-2008-ci illər üzrə vergi orqanına təqdim olunmuş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrindən də göründüyü vergi ödəyicisinin həmin illərdə fəaliyyəti və işçiləri olmuşdur. Belə ki, həmin bəyannamələrdə 2006-cı ilin 1-ci rübü üzrə 5 nəfər, 2-ci rübü üzrə 5 nəfər, 3-cü rübü üzrə 5 nəfər, 4-cü rübü üzrə 5 nəfər, 2007-ci ilin 1-ci rübü üzrə 6 nəfər, 2-ci rübü üzrə 6 nəfər, 3-cü rübü üzrə 5 nəfər, 4-cü rübü 5 nəfər, 2008-ci ilin 1-ci rübü 5 nəfər, 2-ci rübü 5 nəfər, 3-cü rübü 5 nəfər, 4-cü rübü 5 nəfər işçi sayı bəyan etmiş və muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergiləri hesablamışdır.

8. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, Fondun rayon (şəhər) şöbəsində uçotda olan bütün sığortaedənlərin və sığortaolunanların uçotu Filialda mərkəzləşdiyi üçün iddiaçı "xxxx" Sahibkarlıq Müəssisəsi hal-hazırda Filialda uçotdadır. İddia predmeti olan borc məbləği isə Fonda ödənilməli olan, həmin dövrdə müəssisədə çalışmış sığortaolunanların pensiya və digər sosial təminat hüquqlarının əsası kimi fərdi şəxsi hesablarına əlavə edilməli olan məcburi dövlət sosial sığorta haqqına aiddir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta" (Hesabat)" altsistemində "X7"da "xxxx" Sahibkarlıq Müəssisəsinin şəxsi hesab vərəqəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı üzrə 1984,10 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 0,00 manat olmaqla, ümumilikdə Fonda 1984,10 manat borcu qalmışdır.

9. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-682/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim X2) iddia qismən təmin edilmiş, İd diaçı Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsindən 642,0 manat borcun silinməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxslərin hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Məhkəmə tərəfindən iddiaçının yaranmış borcunun düzgün hesablanıb hesablanmadığının müəyyən edilməsi məqsədilə iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyində 2006-2008-ci illərə dair hesablanmış sosial sığorta haqqlarının məbləği aparılmış ödənişlər çıxıldıqdan sonra 1342,00 (1922,0 - 580,0 = 1342,00) manat olduğu müəyyən edilmişdir. İddiaçı şəxsi hesab vərəqində qeyd olunmuş borc məbləğinin (1984.0 manat) silinməsini tələb etsə də, müvafiq ekspert rəyi ilə onun borc məbləği 1342 manat müəyyən edilmiş, bu səbəbdən də iddia 642,0 (1984.0 - 1342 = 642,0) manat borcun silinməsi hissəsində əsaslıdır.

11. Cavabdeh və üçüncü şəxs hər biri ayrı ayrılıqda apelyasiya şikayətləri verərək qərarın iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tamamilə təmin edilməməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2-1(104)-846/2023 nömrəli qərarı (hakimlər X3 (məruzəçi), X1 və X8) ilə apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-682/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Üçüncü şəxs kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Şikayətdə “Sosial sığorta haqqında” Qanunun 9-1.1-ci maddəsinə və Vergi Məcəlləsinin 1.4, 23, 93.1.3-cü maddələrinə istinad edilərək qərarın qanunsuz və əsassız olduğu qeyd edilir.

16. Kassator bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçı tərəfindən məhkəmədə borcun silinməsinə dair qaldırdığı iddia tələbi həmin müəssisədə çalışan işçilərin pensiya və digər sosial müdafiə hüquqlarının kobud surətdə pozulması deməkdir.

17. Daha sonra qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3298 nömrəli ekspert rəyində olan məlumatlara əsasən iddia tələbini 642,0 manat borcun silinməsi hissəsində əsaslı hesab etmişdir. Sözügedən rəydə bildirilmişdir ki, təqdim edilmiş iş materiallarında öz əksini tapmış Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəlləri və vergi ödəyicisinin ve rgi orqanlarına təqdim etdiyi 2005-2008-ci illərə dair hesablanmış sosial sığorta haqlarının məbləği aparılmış ödənişlər çıxıldıqdan sonra 1342.00 (1922.0-580.0 = 1342.00) manat təşkil edir. Məhkəmə sözügedən ekspert rəyinin təqdim edilən sübutlara əsasən düzgün tərtib edilib-edilməməsini araşdırmamışdır, TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər... 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 22-1. Vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sanksiyalarından və digər vəsaitlərdən ayırmalar 22-1.2. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi orqanları tərəfindən tətbiq edilən və həmin Qanunun 19-cu maddəsində nəzərdə tutulan fonda daxil olan maliyyə sanksiyası məbləğinin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqs ədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 19. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Sığortaçının hüquq və vəzifələri Sığortaçının hüquqları aşağıdakılardır: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların uçotunu aparmaq; məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanla rın uçotunu aparmaq; məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə 9-1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesa blanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 20. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 07 aprel 1997-ci il tarixli, 568 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı... 2.3. həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və yeddinci abzaslarında, 10-cu maddəsinin ikinci hissəsinin üçüncü (hər iki halda) və dördüncü abzaslarında, 13.1-ci maddəs ində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü və 13.4-cü (ikinci halda) maddələrində, 18-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur; (həmin Fərmanın əvvəlki redaksiyası) 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, İ kitab, maddə 2578) ilə 2.3-cü bənd yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 2.3. həmin Qanunun 13-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyat a keçirir; 2 iyun 2020-ci il tarixli 1046 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 iyun 2020-ci il, № 104) ilə 2.3-cü bəndin “və altıncı” sözləri “və yeddinci” sözləri ilə əvəz edilmişdir, “13.4-cü” sözlərindən sonra “(ikinci halda)” sözləri əlavə edilmişdir və “Vergilər Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qər ardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqs ədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tu tulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərar ı qətidir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. İş materialları ilə müəyyən edilir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət e dərək “Sosial sığorta və işsizlik sığortası haqları” ilə bağlı hesablanmış 1984.0 manat borcun silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. İddia ərizəsində üçüncü şəxs qismində heç bir inzibati orqanı göstərilməsə də, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsinə dair heç bir zərurət mövcud deyildir.

28. Belə ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 30 noyabr 2018-ci il tarixli Qanunun tələbinə əsasən 01 yanvar 2019-cu il tarixdən etibarən məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəaları tətbiq edilir.

29. Bundan əlavə “Sosial sığorta haqqında” Qanunun 9-cu maddəsində sığortaçının hüquq və vəzifələri qeyd edilmişdir. Həmin qanunun tətbiqinə dair qəbul edilmiş Fərmana əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi sığorta haqları ilə bağlı məsələlərə nəzarət edir.

30. Odur ki, hazırkı mübahisə üzrə yeganə səlahiyyətli orqan İqtisadiyyat Nazirliyi olduğundan üçüncü şəxs qismində Azərbay can Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının cəlb edilməsi qəbul edilən sayıla bilməz.

31. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, borcun 2006-2008-ci illəri əhatə etməsi də məsələnin həllinə təsir etmir. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 07 aprel 1997-ci il tarixli, 568 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanda, həmçinin Vergi Məcəlləsində qeyd edilən dəyişikliklərlə bağlı hər hansı keçid müddəa qəbul edilməmiş, dəyişikliklərin əvvəlki münasibətlərə şamil edilməməsi ilə bağlı hər hansı istisna norma göstərilməmişdir. Yəni münasibətlərin 2006-2008-ci illərdə yaranması bu iş üzrə cavabdeh və ya üçüncü şəxs qismində İqtisadiyyat Nazirliyindən başqa hər hansı orqanın cəlb edilməsinə əsas vermir.

32. Bundan əlavə İPM-in 28.1 və 28.2-ci maddələrinin məzmunundan göründüyü kimi, üçüncü şəxslər məhkəmə icraatına məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda cəlb edilə bilərlər (adi cəlb etmə), yaxud mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə: “...

24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurla r. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.

25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur....

27. İnzibati məhkəmə icraatında üçüncü şəxslərin iştirakı qəbul edilən məhkəmə qərarının qüvv əsinin onlara da şamil edilməsi ilə bağlı hüquqi nəticə yaradır. Belə ki, İPMin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Qanunverici üçüncü şəxslərin icraata cəlb edilməsi vasitəsilə növbəti hüquqi mübahisələrin və ziddiyyətli məhkəmə qərarlarının qəbul olunmasının qarşısını almaq məqsədi də güdür. Mübahisəyə baxılması nəticəsində qəbul edilmiş məhkəmə qərarının qanuni qüvvəsi sözügedən prosesin bütün iştirakçılarına, o cümlədən icraatda iştirak etmiş üçüncü şəxslərə şamil edilir. Beləliklə, qəbul edilmiş həmin vahid qərar yeni məhkəmə çəkişmələrinin yaranmasının qarşısını alır, münasibətlərin davamlı mübahisə predmetinə çevrilməsini önləyir, prossesual qənaət prinsipinə uyğun olara q icraat iştirakçılarını əlavə zaman itkisindən və xərclərlə bağlı məsrəflər çəkilməsindən qoruyur....

32. İnzibati məhkəmə icraatının tərəfləri iddiaçı və cavabdehdir. Üçüncü şəxslər isə mübahisə tərəflərindən (iddiaçı və ya cavabdehdən) kənar şəxslər ola bilərlər. Cəlbetmənin hər iki növünü həyata keçirə bilmək üçün üçüncü şəxslər həm də İPM-in 26cı maddəsinin tələblərinə uyğun olaraq prosessual fəaliyyət qabiliyyətinə də malik olmalıdırlar.

33. İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati mə hkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir....

36. İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.

37. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərd ə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.

38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qəra rının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilm əli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.

39. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət ve rilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir....

46. Bununla belə, prosesə daxil olmaq və ya cəlb edilmək üçün iradə ifadəsi kifayət deyil, çünki proses iştirakçısı olmayan şəxsin üçüncü şəxs qismində icraat iştirakçısına çevrilməsi üçün həlledici olan məhkəmənin gələcəyi qənaətdir və bu barədə qərarı məhkəmə ona daxil olmuş ərizə və ya vəsatətə qiymət verərək qəbul etməlidir. Hər bir halda, üçüncü şəxslərin prosesdə iştirakı məsələsi məhkəmə tərəfindən həll edilir, yəni yalnız məhkəmə müvafiq əsasların mövcud olduğu qənaətinə gəldikdə onlar icraatda iştiraka cəlb edilə bilərlər. Məhkəmənin təşəbbüsü əsasında həyata keçirilmiş cəlbetmə zamanı da son nəticədə həmin cəlbetmə məhkəmə tərəfindən həyata keçirilmiş olur....

53. İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göst ərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər.

54. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir.

55. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır....”

34. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə qəbul e dilmiş qərarlar üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının mənafeyinə təsir etmədiyindən, onun qanunla qorunan maraqlarına toxunmadığından məhkəmə icraatında iştirakına xitam verilməli, eyni zamanda verilmiş kassasiya şikayəti mümkün sayılmamalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının məhkəmə icraatında iştirakına xitam verilsin. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sos ial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2-1(104)-846/2023 saylı qərarından verdiyi kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar