Məhkəmə qərarları › İş №2-1(102)-1491/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1491/2019

04.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1491/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 04.06.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin nümayəndəsi oğlunun və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departa mentinə qarşı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında qərarın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1(103)-2721/2018 saylı iş üzrə 14 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04 iyun 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin 21.02.2017-ci il tarixli **********082713 saylı qərarına əsasən İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, t utulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Keçirilmiş səyyar vergi yoxlaması nəticəsində 10.04.2018-ci il tarixli, **********088691 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş və həmin yoxlama aktı əsasında «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsulliyətə cəlb edilməsi haqqında» 25.05.2018-ci il tarixli, **********151691 nömrəli Qərarla iddiaçıya ümumilikdə 19681,20 manat ödəmə mənbəyindən tutulan vergi hesablanmış və 9.840,6 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı MMC məhkəməyə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 25.05.2018-ci il tarixli, **********151691 nömrə li məsuliyyət qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sözügedən qərar qanunsuz və əsassız olmuşdur. Belə ki, vergi orqanı hər hansı bir yayınma müəyyən edə bilmədiyi üçün ehtimal əsasında MMC-nin icarəyə götürdüyü 2 obyekt üzrə icarə haqqına ekspertiza rəyi alınmaqla bazar qiyməti tətbiq edərək vergilərin hesablanmasını həyata keçirmişdir. Vergi orqanı bu hesablamaları apararkən Vergi Məcəlləsinin və digər qanunvericilik aktlarının həm maddi, həm də prosessual müddəalarını kobud şəkildə pozmuşdur. Vergi Məcəlləsinə əsasən vergi orqanı yalnız icarəyə verilən əmlakın verildiyi dövrlər üzrə ilk növbədə icarə haqqının digər vergi ödəyicilərində 30 faizdən yuxarı olmadığını sübut etməli idi. Lakin bununla bağlı SVY aktında hər hansı qeyd yoxdur. İk inci növbədə isə sübut etməli idi ki, icarə xidməti ümumiyyətlə Bakı şəhərində göstərilmir. Yəni MMC-nin icarə müqaviləsindən başqa Bakı və Xırdalan şəhərində hər hansı icarə obyekti yoxdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12.03.2012-ci il tarixli qərarında birbaşa göstərilmişdir ki, yalnız bütün mərhələlər bitdikdən sonra vergi orqanı ekspertizanın təyin edilməsi ilə icarə qiymətlərini müəyyən etməli idi. Əlavə olaraq qeyd edilməlidir ki, vergi orqanının müqavilə bağladığı ekspertiza şirkəti artıq neçə illərdir ki, eyni olaraq qalır. Dəfələrlə digər ekspert rəyləri ilə əlaqədar hesablanmış vergi hesablamaları məhkəmələr tərəfindən ləğv edilmişdir. Bu da həmin ekspertiza şirkətinin formal olmasını və yalnız vergi orqanının istədiyi rəqəmlərin yazıldığını göstərir. Əlav ə olaraq öz araşdırmalarına əsasən onlar Bakı şəhərində olan obyektlərin yerləşdiyi küçədə bəzi obyektlərin qiymətlərini öyrənmişlər və digərləri ilə onların bağladığı icarə müqavilələri ilə qiymət fərqinin olmadığının şahidi olmuşlar. Belə ki, qeyd etdikləri obyektlərin altısı üzrə apardıqları obyektlər üzrə orta göstəricinin 3-3,5 manat olduğu müəyyən edilmişdir. Bundan əlavə qeyd edilməlidir ki, vergi orqanı tərəfindən çoxlu sayda prosedur nöqsanlara da yol verilmişdir. Belə ki, vergi orqanları 11 dəfə səyyar vergi yoxlamasının dayandırılması barədə qərar qəbul etmiş və yoxlamanın vaxtını qanunsuz olaraq 178 gün dayandırmışdır. Ekspert qeyd edilən icarə qiymətini yalnız 1 gün içində çıxarmışdır. Ekspert bir gün içində obyektə gəlmiş, obyektdə olan malların şəklini çəkmiş, daha sonra i nternet saytında icarəyə vermək üçün təklif edilmiş obyektlər üzrə axtarış vermiş və rəydə qeyd etdiyi kimi 3-cü şəxslərdən sorğular əsasında icarə qiyməti müəyyənləşdirmişdir. Halbuki, icarə haqqı məbləğinin çıxarılması üçün vergi orqanında olan və onların obyektlərinin yanında yerləşən obyektlər üzrə məlumatın alınması kifayət idi. Bunu etməməklə ekspert vergi orqanının göstərişlərinə əməl etmiş və onların istədikləri rəqəmin qeyd edilməsi üçün ümumiyyətlə onlar obyektlərlə əlaqəsi olmayan icarə təkliflərini əsas tutmuşdur. Göründüyü kimi vergi orqanı qanunvericiliyə əsasən məsuliyyət qərarında vergi pozuntusunu əsaslandıran halları və qanunvericiliyin hansı müddəasının pozulmasını göstərməli olduğu halda, yalnız «Vergi Məcəlləsinin 58-ci maddəsində nəzərdə tutulan hüquqpozmalara yol ver ilmişdir» ifadəsi göstərmişdir ki, bunun da nə pozuntusu olması müəyyən edilmir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3221/2018 saylı, 30 avqust 2018-ci il tarixli qərarı (hakim – E.Q.Məmmədov)ilə iddia təmin edilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin İddiaçı MMC barəsində qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 25.05.2018-ci il tarixli **********151691 saylı qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2721/2018 saylı, 14 dekabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – Ü.A.Maylov, hakimlər – V.T.Həsənov və K.N.Abiyeva)iləcavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3221/2018 saylı, 30 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2721/2018 saylı, 14 dekabr 2018-ci il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən ödəmə mənbəyində tutulan verginin 19.681,20 manat azaldıldığı qeyd edilmişdir. Yoxlanılan dövrdə müəssisə ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 155,0 kv.m olan qeyri-yaşayış sahəsini (obyekti) v ə ünvan 2 ünvanda yerləşən və faktiki sahəsinin müəyyən edilməsi məqsədilə 05.01.2018-ci il tarixli **********100329 nömrəli SVY-nın keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında Qərar əsasən əraziyə baxış keçirilmiş və ümumi sahəsi baza üzrə 196,0 kv.m olan lakin faktiki sahəsi 3010,0 kv.m olan anbarı icarə müqaviləsi əsasında müvafiq olaraq 300,0 (üç yüz) və 300,0 (üç yüz) manat olmaqla icarəyə götürmüşdür. Müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən icarəyə götürülmüş sahəyə görə ödənişlərdən 14% dərəcə ilə 1738,80 manat ÖMV tutulmuş və büdcəyə hesablanmışdır. Yoxlama zamanı cəmiyyət tərəfindən Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olansənədlər təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 14.6.3.1 və 14.6.3.2-ci maddələrində göstərilən qiymətləndirmə üsullarının istifadəsi mümkün olmamışdır. Buna görə də, Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilmişdir. Müəssisə tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələrinin icarə haqlarının real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə həmin Məcəllənin 44-cü maddəsinə əsasən 21.02.2017-ci il tarixli **********082713 saylı “Ekspertizanın təyin edilməsi haqqında” Qərar çıxarılmış və Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən müəssisə tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin icarə haqqının real bazar qiymətləri 01.07.2015-ci il tarixdən 31.12.2016-cı il tarixədək müəyyən edilərək 29.08.2017-ci il tarixli ekspert rəyi tər tib edilmişdir. Rəyə əsasən qeryi-yaşayış sahələrinin icarə haqqı hər kv.m üçün müvafiq olaraq 19,35 manat və 1,83 manat müəyyən olunmuşdur. Ekspert tərəfindən verilmiş rəy əsasında müəssisə tərəfindən icarəyə götürülmüş qeryi-yaşayış sahəsinin icarə haqqı məbləği yoxlanılan dövr üçün (155.0 kv.m x 19,5 manat=3000,0 manat və 3000,0 kv.m x 1,83 manat=5500.0 manat) hər ay üçün 8500,0 manat müəyyənləşdirilmişdir. Bununla belə məhkəmə qərarında 09.03.2017-ci il tarixdə səyyar vergi yoxlamasının başlanıldığı, 24.04.2017-ci il tarixdə isə ekspertizanın keçirilməsi barədə qərar qəbul edildiyi qeyd edilmiş, ekspertiza təyin edilənədək cavabdeh tərəfindən icarə haqqının müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbirin görülmədiyi vurğulanmış və bu hal pozuntu kimi qiymətləndirilmişdir. Həmçin in qərarda Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərinə əsasən birbaşa ekspertiza təyin edilərək ekspertin cəlb edilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. Bundan başqa, yoxlama zamanı yoxlayıcı tərəfindən icarə haqqını müəyyənləşdirmək istiqamətində rəsmi və açıq mənbələrdən məlumat toplanmaması da məhkəmə tərəfindən pozuntu kimi qiymətləndimişdir. Bakı Apellyasiya Məhkəməsi qərarında qeyd edilmiş yuxarıda sadalanan hallar iddiaçı MMC-nin iddia ərizəsində göstərdiyi əsassız dəlillərdir. Hansı ki, cavabdeh vergi orqanı tərəfindən iddia ərizəsinə dair təqdim edilmiş etirazda bu dəlillərin əsassızlığı geniş formada göstərilmişdir. Məhkəmənin bu dəlilləri ilə bağlı qeyd edilməlidir ki, cavabdeh tərəfindən eyni ərazidə (qeyd edilən ünvan üzrə) yerləşən digər daşınmaz əmlakların icarəyə verilməsi haqqında bağlanmış icarə müqavilələri barədə aparılmış əlavə araşdıma zamanı müəyyən edilmişdir ki, səyyar yoxlama zamanı istifadə olunmuş bazar qiyməti üçünçü şəxslər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuş icarə haqqından əhəmiyyətli dərəcədə aşağıdır. Həmçinin, yoxlamaya təqdim edilmiş ekspert rəyində sahibkarın fəaliyyət göstərdiyi obyektin müxtəlif göstəriciləri ilə (yerləşdiyi ünvan, sahəsi, işçi sayı və s.) digər eyni göstəriciləri olan icarəyə verilən obyektlər icarə qiymətləri həmçinin həmin obyektlətin foto şəkillərinin surətləri, sahələri, işçi sayları və sair əlamətləri müqayisə üçün qeyd olunmuşdur. Qeyd edilən halı təsdiqləyən icarə müqavilələrinin surətləri iş materiallarında mövcuddur. Digər tərəfdən, yoxlama gedişində təyin edilmiş ekspertizanın rəyinin nəticələrinə görə vergi ödəyicisinin təyin etdiyi qiymətlərin səviyyəsinin 30 faizdən çox dəyişildiyi və ona bazar qiyməti tətbiq edilməli olduğunu sübut edilmişdir. Vergi orqanı tərəfindən eyni ərazidə (qeyd edilən ünvan üzrə) yerləşən digər daşınmaz əmlakların icarəyə verilməsi haqqında bağlanmış icarə müqavilələri barədə aparılmış əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, səyyar yoxlama zamanı istifadə olunmuş bazar qiyməti üçüncü şəxslər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuş icarə haqqından əhəmiyyətli dərəcədə aşağıdır. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmaya raq iddiaçı tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxd ur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Mübahisələndirilən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 25.05.2018-ci il tarixli, **********151691 saylı qərarından görünür ki, İddiaçı MMC-yə 2015-ci il üzrə 6560,40 manat, 2016-cı il üzrə 13120,80 manat olmaqla, ümumilikdə 19681,20 manat ödəmə mənbəyindən tutulan vergi hesablanmışdır. Vergi orqanı özünün bu qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər təqdim olumadığı üçün Vergi Məcəlləsinin 14.6.3.1 və 14.6.3.2-ci maddələrində göstərilən qiymətləndirmə üsullarının istifadəsi mümkün olmamışdır. Buna görə də, Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilmiş və əlavə vergilər həmin bazar qiymətləri əsas götürülməklə hesablanmışdır. Göründüyü kimi vergi orqanının mövqeyi və bunun əsasında qəbul edilmiş vergi məsuliyyətinə cəlb edilməyə dair qərar iş üzrə keçirilmiş ekspert rəyinə əsaslanmışdır. Apellyasiya məhkəməsi iddia tələbinin əsaslı olması ilə bağlı özünün mövqeyini onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. İş materiallarından həmçinin görünür ki, vergi orqanı yoxlama aktında rəsmi və açıq mənbələrdən məlumat toplamağın mümkün olmadığını bildirir. Lakin ekspert rəyini nəzərə alaraq, vergi ödəyicisinə əlavə vergi öhdəliyi müəyyən edəndə, bazar qiymətini müəyyənləşdirən ekspertin internet səhifəsində yerləşdirilən sahibkarlıq subyektlərinin məlumatlarına istinad etməsini və vergi orqanının səlahiyyətlərinə aid olan hərəkətləri həyata keçirməsini nəzərə almamışdır. Belə ki, Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsasən, 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işlərə, xidmətbrə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox aşağı və yuxarı dəyişdikdə bazar qiymətlərinin tətbiq olunması vergi orqanının səlahiyyətlərinə aiddir və nəzərə almaq lazımdır ki, bu halda tətbiq olunan qiymətlər əsaslıdır ona görə ki, həmin məbləğlərə vergi orqanı tərəfindən nəzarət edilir və həmin məbləğlər ödəmə mənbəyində vergiyə cəlb olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.9-cu maddəsinin tələbinə əsasən malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. Həmin Məcəllənin 14.6.3-cü maddəsinin tələbinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. Apellyasiya məhkəməsi iş üzrə verilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul etməyərkən mövqeyini onunla əsaslandırmışdır ki, ekspert oferta kimi təqdim edilən məlumatlar əsasında rəy verib, vergi orqanı isə həmin rəyi mötəbər sübut kimi qiymətləndirərək iddiaçıya vergi hesablamışdır. Halbuki, rəyin verilməsində əsas olmuş məlumatlar internet səhifəsində yerləşdirilmiş məlumatlardan istifadə edilməklə verilmiş və notarial təsdiq edilmiş icarə müqavilələri üzrə müqayisə edilməmişdir. Ekspertin istifadə etdiyi məlumatlar vergi orqanı üçün eyni dərəcədə əlçatan olsa da, vergi orqanı vergini hesablamamış və bunun üçün ekspertə müraciət etmişdir. Lakin vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağarlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Hər bir halda ekspertin istinad etdiyi məlumatların həqiqətə nə qədər uyğun olub-olmaması, müqayisə edilən qeyri-yaşayış sahələrinin iqtisadi cəhətdən eyni dərəcədə səmərəli olub-olmadığı, yerləşdiyi yerlərin əlverişlilik cəhətdən fərqli olub-olmadığı araşdırılmadığından, «Azərekspertiza» Birliyi tərəfindən verilmiş 28.09.2017-ci il tarixli «əmlakın qiymətləndirilməsi və icarəsi barədə» ekspert rəyini məhkəmə mötəbər sübut k imi qəbul etmir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənləri qeyd etməklə iddiaçının üzərinə əlavə vergi öhdəliyi qoyulmasını və bununla bağlı maliyyə sanksiyasının tətbiq edilməsini qanunsuz və əsassız hesab etmişdir. Kollegiya apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edərək həmçinin aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə tətbiqi Azərbaycan Respublikası Mülki Məcəlləs inin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. Həmin qərarda Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). M əhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür....Bu müddəalarla bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlum atlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. Belə ki, Vergi Məcəlləsinin 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4-cü maddəsinin, eləcə də qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyata aid 14.5-ci maddəsinin müddəalarının tətbiqi mümkün olmadıqda, vergi orqanı malın (işin, xidmətin) bazar qiymətini bu maddənin tələblərinə uyğun olaraq müəyyən edir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəfl ər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. Həmin maddənin tətbiqi nəticə vermədikdə, sonrakı mərhələ kimi Vergi Məcəlləsinin 14.6.3-cü maddəsi müəyyən edir ki, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: sonrakı (təkrar) satış qiymətinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir (14.6.3.1ci maddə); dəyərin toplanması üsuluna əsasən bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır (14.6.3.2-ci maddə); malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir (14.6.3.3-cü maddə). Ekspertin cəlb edilməsinə gəldikdə, Vergi Məcəlləsinin 44-cü maddəsində və “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsində ekspertizanın keçirilməsi qaydası və bununla bağlı bir sıra təminatlar, o cümlədən ekspertin müqavilə əsasında cəlb edilməsi, müqavilədə səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyətinin nəzərdə tutulmasının mümkünlüyü, ekspertizanın maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı əsasında təyin edilməsi təsbit edilmiş, habelə ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanının həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini tanış etməyə və həmin şəxsin ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nüma yəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək və ekspertin rəyi ilə tanış olmaq daxil olmaqla Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etməyə borclu olduğu nəzərdə tutulmuşdur. Sözügedən Məcəllənin yuxarıda şərh olunan prosesin bütün mərhələlərinə şamil edilən və tutulmalı olan verginin müəyyən edilməsində vergi ödəyicisinin fəal iştirakının təzahürlərindən biri olan 14.8-ci maddəsinə əsasən isə vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır”. Kollegiya hesab edir ki, hazırkı iş üzrə bazar qiymətinin müəyyənləşdirilməsi zamanı Konstitusiya Məhkəməsinin qərarında şərh olunmuş tələb lərə və mərhələrlə vergi orqanı tərəfindən riayət edilməsi müəyyən edilmir. Ona görə də, apellyasiya məhkəməsi tərəfindən gəlinmiş iddianın təmin edilməli olduğuna dair nəticə qanuni və əsaslı olmuşdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1(103)-2721/2018 saylı iş üzrə 1 4 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar