Məhkəmə qərarları › İş №2-1(102)-1497/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1497/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1497/2021 28.09.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzər Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ; NK 2 saylı Siyahı; X6 üzücü heyətinin nəqliyyat donanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti və Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi) qarşı iş üzrə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13.04.2021-ci il tarixli, 2-1(103)-291/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1961-ci il tarixində doğulmuş, 1979-1984-cü illərdə C.İldırım adına Azərbaycan Politexnik institutunda “radio rabitəçi və radio verilişi” ix tisası ali təhsil almış, 22.10.1984-cü il tarixdən Tovuz hərbiləşdirilmiş dəstəsinə radiostansiyasının rəisi vəzifəsinə təyin edilmiş, 01.04.1988-ci il tarixdən 03.03.1989-cu il tarixədək həmin dəstənin 2-ci dərəcəli radiooperator vəzifəsində çalışmış, 03.03.1989-cu il tarixdə işdən azad olunmuş, 16.03.1989-cu il tarixdən 17.12.1991-ci il tarixədək “X”nin 21-ci Sexində mühəndis vəzifəsində işləməyə başlamış və 17.12.1991-ci il tarixdə işdən azad olunmuşdur. İddiaçı 19.12.1991-ci il tarixdən “X2” kooperativində çilingər işləməyə başlamış və 29.05.1992-ci il tarixdən işdən azad olunmuş, 01.06.1992-ci il tarixdən 03.01.1995-ci il tarixədək “X3” kooperativində mebel sexinin rəisi vəzifəsində işləmiş, 13.01.1997-ci il tarixdən 01.11.2011-ci il tarixə kimi X4 üzücü heyətinin nəqliyyat donanması gəmilərində radiostansiya rəisi vəzifəsində işləmişdir.

2. İddiaçı 19.07.2019-cu və 22.08.2019-cu il tarixlərində ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq 06.08.2019-cu və 29.08.2019-cu il tarixli məktublar ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.

3. Cavabdeh hər iki məktubunda imtinasını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 57 yaşının tamam olduğu 06.08.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh təşkilata dəfələrlə müraciət etmiş və güzəştli şərtlər daxilində yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh iki imtina məktubu ilə - birinci halda guya güzəştli iş stajı 12 il 6 aydan, ümumi iş stajı isə 25 ildən ibarət olduğunu bildirmiş, digər halda isə güzəştli iş stajı 12 aydan az təşkil etməsini məlum edir. Əmək kitabçası onun adına 20 noyabr 1984-cü il tarixdə açılmış və 22 noyabr 1984-cü il tarixdən o, Tovuz hərbiləşdirilmiş dəstəsinə radiostansiyasının rəisi vəzifəsinə təyin edilmişdir. O, 01.04.1988-ci il tarixdən 03.03.1989cu il tarixədək həmin dəstənin 2-ci dərəcəli radiooper ator vəzifəsində çalışmışdır. 03.03.1989-cu il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. 16.03.1989-cu il tarixdə “X”nin 21-ci Sexində mühəndis vəzifəsində işləməyə başlamış və 17.12.1991-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. O,19.12.1991-ci il tarixdən “X2”kooperativində işləməyə başlamış və 29.05.1992-ci il tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. 01.06.1992-ci il tarixdən “X3 ’’kooperativində mebel sexinin rəisi vəzifəsinə təyin edilmişdir. 13.01.1997-ci il tarixdən 01.11.2011-ci il tarixə kimi X4 üzücü heyətinin nəqliyyat donanması gəmilərində radiostansiya rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatl arın, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 21.2 bəndinin “b” yarımbəndinə əsasən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıya əsasən, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır, cavabdehin imtinaları qanunsuzdur. Onun güzəştli iş stajı Dəniz Gəmiçiliyində 14 il 09 ay 18 gün təşkil edir, Tovuz radiostansiyasında isə 4 il 6 ay təşkil edir, ümumilikdə isə 19 il 3 ay 18 gün təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçının güzəştli iş stajı 13.01.1997-ci ildən 01.11.2011 -ci ilədək 14 il 9 ay 18 gün təşkil edir və Nazirlər Kabinetinin 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda 23003010 kodu altında nəzərdə tutulub. Bu dövrün 01.01.2006-cı ilədək olan hissəsi – 8 il 11 ay 18 gün təşkil edir. İddiaçının 22.10.1984-01.04.1988-ci il və 01.04.1988-03.03.1989-cu illərdə çalışdığı peşələr isə Nazirlər Kabinetinin 320 nömrəli Siyahısı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıya uyğun gəlmir.

7. Bakı İnzibati Məhkəməsinin 07.08.2020-ci il tarixli, 2-1(112)-311/2020 nömrəli qərarı ilə (hakim Pərviz Hüseynov) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı 06.08.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının 01.01.2006-cı ilədək 25 ildən artıq ümumi əmək stajı olması və onun 12 il 6 aydan artıq müddətini Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan peşələrdə çalışması iş materialları ilə sübut olunur.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-291/2021 saylı, 13.04.2021-ci il tarixli qərarı ilə (hakimlər Elmira Nağıyeva, Habil Məmmədov və Vidadi Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 07.08.2020-ci il tarixli, 2-1(81)-311/2020 saylı qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçının 13.01.1997-01.11.2011-ci il tarixlərində Azərbaycan Dövlət X6 üzücü heyətinin nəqliyyat donanması gəmilərində çalışdığı radiostansiya rəisi vəzifəsi zərərli iş deyil. Belə ki, radiostansiya rəisi şüalandırıcı mənbənin təsiri altında işləmədiyinə və şüalanmaya məruz qalmadığına görə zərərli əmək şəraitində çalışmaq kimi qəbul edilə bilməz.

12. Məhkəmə qərarı iddiaçıya 27.04.2021-ci il tarixində təqdim edilmiş, iddiaçı 05.05.2021-ci il tarixində ərizə təqdim edərək dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25.05.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 18.06.2021-ci il tarixində iddiaçı dövlət büdcəsi hesabına vəkillə təmin edilmişdir.

13. İddiaçı 30.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 2-1(103)-291/2021 saylı, 13.04.2021-ci il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin əsasını iddia ərizəsində qeyd edilənlər təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" QSC X3 25.04.2019-cu il tarixli AM03/02-439 nömrəli arayışından və ikinci dəfə "xxxx" QSC X1 verilmiş arayışdan aydın görünür ki, güzəştli iş stajı müəyyən olunur. İşə baxan məhkəmə isə h əmin arayışla tanış olmayaraq kobud prosessual pozuntuya yol vermişdir. İddiaçının 13.01.1997-ci il tarixdən 01.01.2011-ci il tarixinədək işlədiyi Azərbaycan Dövlət X6 üzücü heyətinin nəqliyyat donanması gəmilərində radiostansiya rəisi vəzifəsi üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyatı donanmasına aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti – yardımçı, gəzinti – səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. Beləliklə, iddiaçının üzücü heyətdə iş stajı 14 il 09 ay 18 gün təşkil edir. Məhkəmə isə göstərilən halları nəzərə almamış, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinin tətbiqində səhvə yol vermiş, Mülki Prosessual Məcəllənin 4.1, 8.1, 9.1-ci maddələrinin tələbl ərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X5 izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

20. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şər aitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “Nəqliyyat” adlı XXVİİİ hissəsinin “Dəniz və çay donanması” bölməsində 23003010 kodla “1) Üzən hey ət: Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)” qeyd olunmuşdur.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XXXİİİ.Ümumi peşələr” adlı bölməsində 23200000-1753q kodla “UQD (ultra qısa dalğalar), UYT-li (ultra yüksək tezlikli), HAYT (həddən artıq yüksək tezlikli) şüalanma, mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər (bu işlərin yerinə yetiri lməsi zamanı şüalanmadan fərdi mühafizə vasitələri mütləq tətbiq edilməlidir)” qeyd olunmuşdur.

25. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

26. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

27. Həmin Məcəllənin 58.6-cı maddəsinə əsasən sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçir ilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər.

28. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

29. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.

31. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

32. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

36. Belə ki, apellyasiya instansiya məhkəməsi iddiaçının 13.01.1997-01.11.2011-ci il tarixlərində işlədiyi dövrü güzəştli iş stajı hesab etməmiş və ona istinad etmişdir ki, iddiaçı həmin dövrdə radiostansiya rəisi işlədiyindən şüalanmaya məruz qalmamışdır.

37. Kassatorun dəlil lərini əsaslı hesab edən məhkəmə kollegiyası isə apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini əsassız hesab edir. Belə ki, hazırkı qərarın 2324-cü bəndlərindən göründüyü kimi, üzən heyət (gəmi heyəti) və şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər Nazirlər Kabinetinin 2 saylı Siyahısında müxtəlif kodlarla təsbit olunmuşdur.

38. İddiaçı 13.01.1997-01.11.2011-ci il tarixlərində radiostansiya rəisi işlədiyinə görə onun vəzifəsi, həqiqətən də, “şüalanma mənbələrində işlə daim məşğul olan fəhlələr və mütəxəssislər” vəzifəsinə uyğun hesab oluna bilməz. Həmin peşənin adından da göründüyü kimi burada məhz fəhlələr və mütəxəssislər nəzərdə tutulmuşdur.

39. Lakin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı raidostansiya rəisi vəzifəsini Azərbaycan Dövlət X6 üzücü heyətinin nəqliyyat donanması gəmilərində həyata keçirmişdir. Müvafiq siyahının “XXVİİİ. Nəqliyyat.Dəniz və çay donanması” bölməsində “Üzən heyət” adı ilə sadalanan vəzifələrin tərkibində isə rəis və ya mütəxəssis kimi bir bölgü yoxdur.

40. Belə olan halda, iddiaçının 13.01.1997-01.11.2011-ci il tarixlərində işlədiyi müddətin güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək üçün iddiaçının çalışdığı vəzifənin hazırkı qərarın 23-cü bəndində göstərilən peşələrlə uyğunluğu araşdırılmalı idi. Məhkəmə isə göstərilən halı nəzərə almamış, bununla da iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qəbul edərək hazırkı qərarın 25-28-ci bəndlərində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

41. Odur ki, iddiaçının kassasiya şikayə ti təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-291/2021 saylı, 13.04.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

42. İşə təkrar baxan məhkəmə iddiaçının 13.01.1997-01.11.2011-ci il tarixlərində işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat.Dəniz və çay donanması” bölməsində 23003010 kodla göstərilən peşələrdən hər hansı birinə uyğun olub-olmadığını araşdırmalıdır.

43. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-291/2021 saylı, 13.04.2021-ci il tarixli qərarı ləğv edil sin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar