Məhkəmə qərarları › İş №2-1(102)-1498/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1498/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1498/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin hallarının hərtərəfli araşdırılması prinsipi; ilkin müraciətin məzmununun araşdırılması vəzifəsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbayc an Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi ” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-721/2021 nömrəli 27 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəliyinə görə əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsi ndəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4268/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, iddiaçıya ikinci dərəcə əlillik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

3. Məhkəmə qeyd etmişdir ki, işdə olan sənədlərə (qərar, epiqriz) əsasən iddiaçının səhhətində ikinci dərəcəli tənəffüs çatışmazlığı, habelə ən azı dörd dəfə belə halın müxtəlif formalarda təkrarlanması olduğu halda, ona (iddiaçıya) əlilliyin təyin olunmaması, aparılmış inzibati icraatda «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13, 17, 24.2-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. İddiaçının səhhətində mövcud olan, daha dəqiq desək sonradan yaranmış həmin xəstəliklər «İnzibati icraat haqqında» A zərbaycan Respublikası Qanununun qeyd olunan maddələrinin tələbləri də nəzərə alınmaqla, «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin müddəalarına görə ona ikinci dərəcə əlillik təyin edilməsinə əsas verir.

4. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-721/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: Ş.Ə.Məhərrəmova və V.M.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4268/2020 nömrəli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

6. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin xüsusi hüquqi əhəmiyyətə malik hallarına düzgün qiymət vermədən iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xəstəliyi ilə bağlı il ərzində neçə dəfə və hansı müddətlərdə xəstəxanada (müvafiq səhiyyə müəssisəsində) olma müddəti araşdırılmamış, həmçinin iddiaçının ilkin müraciətinin olması iş materialları ilə müəyyən edilməmişdir. Bundan əlavə, iddiaçı TSEKin əlillik dərəcəsinin verilməsindən imtina etdiyini bildirsə də, hazırki iddianı TSEK-ə qarşı yox, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı qaldırmışdır. Halbuki, sonuncu inzibati orqana iddiaçının ilkin müraciəti olması iş materialları ilə müəyyən edilmir.

7. İddiaçı həmin qərardaddan narazı qaldığı üçün kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:

8. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı xəstəliyi ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin 2 saylı Poliklinikasında və A.Heydərov adına Hospitalında müalicə almış və bununla bağlı müvafiq sənədlər - xəstəlik tarixindən çıxarış epikrizləri, A zərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Həkim Komissiyasının 8 saylı qərarı və xəstəliklə bağlı bütün digər sənədlər məhkəməyə təqdim edilmişdir.

9. Daha sonra qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi əsassız olaraq hesab etmişdir ki, iddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətini deyil, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini cəlb etməli idi. Lakin bu əsaslı sayıla bilməz. Belə ki, iş materiallarından da görünür ki, iddiaçı iddia ərizəsini Bakı İnzibati Məhkəməsinə 28.04.2020-ci il tarixdə vermiş və elə həmin tarixdə ərizə məhkəmədə qeydiyyata alınmışdır. Buradan da aydın olur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitas iya Agentliyi yaradılması barədə Fərman imzalanmadığından iddiaçı haqlı olaraq cavabdeh qismində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətini göstərmişdir.

10. Eyni zamanda qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə ilkin müraciətinin olmadığını bildirsə də, 19.03.2020-ci il tarixli SMS yazışmadan aydın olur ki, iddiaçının cavabdehə etdiyi müraciətə imtina cavabı verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhk əmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»: Bənd 2.2 İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hər əkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:... 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8);

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1.Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qay dada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, kassasiya şikayəti mümkün hesab edilmişdir.

17. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır, ona görə də təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

19. İddiaçı məhkəmədə iddia qaldıraraq xəstəliyinə görə əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

20. Birinci instansiya məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianı təmin etm iş, cavabdeh həmin qərardan apelyasiya şikayəti vermiş, apelyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını əsas gətirərək həmin qərarı ləğv etmiş və işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini qərara almışdır.

21. Hazırda apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verən iddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni deyildir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, ikinci dərəcə əlillik ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri zamanı təyin edilir.

22. Məhkəmə kollegiyası apelyasiya insta nsiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işdə olan sənədlərə (qərar, epiqriz) əsasən, İddiaçı səhhətində ikinci dərəcəli tənəffüs çatışmazlığı, habelə ən azı dörd dəfə belə halın müxtəlif formalarda təkrarlanması olduğunu qeyd etsə də, iddiaçının xəstəliyi ilə bağlı il ərzində neçə dəfə və hansı müddətlərdə xəstəxanada (müvafiq səhiyyə müəssisəsində) olma müddəti araşdırılmamışdır.

23. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı TSEK-in ona əlillik dərəcəsinin verilməsindən imtina etdiyini bildirsə də, hazırkı iddianı TSEK-ə qarşı yox, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı qaldırmışdır. Halbuki, sonuncu inzibati orqana iddiaçının ilkin müraciəti olması iş materialları ilə müəyyən edilmir.

24. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan iddiaçı qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə ilkin müraciətinin olmadığını bildirsə də, 19.03.2020-ci il tarixli SMS yazışmadan aydın olur ki, iddiaçının cavabdehə etdiyi müraciətə imtina cavabı verilmişdir.

25. İş materiallarına üzərində 19.03.2020-ci il yazılmış və “E.İddiaçı üçün verilmiş 17.03.2020-ci il tarixli göndərişə, əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlilik təyinatından imtina edilmişdir” məzmununda mətn olan kağız əlavə edilmişdir. Həmçinin, cavabdehin apellyasiya şikayətində iddiaçının əlillik vəziyyətinin səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfində n şəxsin iştirakı olmadan qiymətləndirildiyi və əlilliyin təyinindən imtina edildiyi bildirilmişdir. Belə olan halda, iş üzrə ilkin müraciətlə bağlı mümkünlük şərtinin ödənilməməsi ilə bağlı apellyasiya məhkəməsinin nəticəsi düzgün olmamışdır.

26. Kassasiya şikayətinin digər dəlili apelyasiya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti deyil, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cəlb edilməli olması ilə bağlıdır. İddiaçı qeyd edir ki, o, iddia ərizəsini Bakı İnzibati Məhkəməsinə 28.04.2020-ci il tarixdə vermiş və elə həmin tarixdə ərizə məhkəmədə qeydiyyata alınmışdır. Buradan da aydın olur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaradılması barədə Fərman imzalanmadığından iddiaçı haqlı olaraq cavabdeh qismində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətini göstərmişdir.

27. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, 30.06.2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaradılmış və həmin tarixdən sonra əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət sözügedən Agentliyə verilmiş, yəni işə baxılan zaman Dövlət Tibbi Sosial Ekspert Reabilitasiya Xidməti artıq ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı 25.09.2020-ci il tarixdə qəbul edilmiş, bu zaman artıq Dövlət Tibbi Sosial Ekspert Reabilitasiya Xidməti ləğv edilmişdir. Yəni, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq iddiaçı tərəfindən cavabdeh qismində göstərilmiş inzibati orqanı əsl cavabdehlə əvəz etməmişdir.

28. Beləliklə, göründüyü kimi apelyasiya instansiyası məhkəməsi öz xidməti vəzifəsinə uyğun olaraq işin hallarını hərtərəfli araşdırmaqla obyektiv həqiqətə nail olmaq üçün bütün prosessual imkanlardan istifadə etmiş, bu məqsədlə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək işin ətraflı araşdırılması üçün onu birinci instansiya məhkəməsinə göndərmişdir. Belə olan halda, hazırkı kassasiya şikayəti əsaslı hesab edilə bilməz.

29. Odur ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərardadı də yişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-721/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar