Məhkəmə qərarları › İş №2-1(102)-1503/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1503/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1503/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1503/2020) Açar sözlər: bələdiyyə qərarı əsasındamülkiyyətə verilmiş torpaq sahəsinə dair çıxarışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan son ra cavabdeh) qarşı torpaq sahəsinə çıxarış verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-609/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 124 saylı xx xxxxxxx 2005ci il tarixli qərarı ilə xxxx-də yaşayan iddiaçıya uzun illər istifadə etdiyi torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün cizgidə göstərilən sahədə 1200 kv.m torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı ilə Qaraçuxur Bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair Akt tərtib edilmişdir.

3. Qaraçuxur Bələdiyyəsinin mütəxəssisi Q.Göyüşov tərəfindən iddiaçıya ayrılmış t orpaq sahəsinin planı tərtib edilmişdir.

4. İddiaçı müvafiq torpaq sahəsinə çıxarış almaq məqsədi ilə xx.xx.2018-ci il tarixdə cavabdehə müraciət etmişdir.

5. Cavabdeh iddiaçıya imtina məktubu ilə bildirmişdir ki, ərizəyə əlavə edilmiş sənədlər kserosurət olduğundan, alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq edilmədiyindən, idarənin elektron kadastr baza məlumatına əsasən müvafiq torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsinə verildiyindən, əlavə 220 kv.m torpaq sahəsi zəbt edildiyindən ərizənin icrası mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin 124 saylı xx xxxxxxx 2005-ci il tarixli qərarı ilə fərdi yaşay ış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, istifadəsində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər olduğundan cavabdehin imtinası əsassızdır.

8. Cavabdeh iddia tələbinə etiraz təqdim etməmişdir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim Tağıyev Zaur Müzəffər oğlu, 2-1(82)-4250/2019 saylı iş) iddia tələbi təmin edilmişdir. 10.Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər (bələdiyyə qərarı, torpağın alqı-satqısına dair akt) cav abdehə təqdim olunmasına baxmayaraq, cavabdeh formal mülahizələrə əsaslanmaqla iddiaçının tələbini təmin etməkdən imtina etmiş, bununla da onun mülkiyyət hüquqlarını pozmuşdur. 11.Qərardan narazı qalan cavabdeh şikayət verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər Ağayev Valeh Məmməd oğlu- məruzəçi, Nuriyeva Afaq Bayram qızı və Seyidova Səriyyə Seyid qızı, 21(103)-609/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, yeni qər ar qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir.

13. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, bələdiyyə tərəfindən torpaqların satılması kimi üsulla bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi nəzərdə tutulmamışdır. Bələdiyyə torpaqları yalnız açıq hərraclar vasitəsi ilə özgəninkiləşdirilə bilər.

14. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından 18 may 2020-ci il tarixdə kassasiya şikayəti vermiş, şikayətdə qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Bundan əlavə, iddiaçı ərizə verərək kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, iştirakçılarının izahatları məhkəmə icraatı a) Kasasiya şikayətinin dəlilləri

15. A pelyasiya məhkəməsi qərar qəbul edərkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsi tətbiq etməli olduğu halda bunu etməmişdir. Belə ki, mübahisəli hüquq münasibəti xx.xx.2005-ci il tarixdə yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

18. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

19. İddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq 20. “Bələdiyyə torpaqlarının idarə edilməs i haqqında” Azərbaycan Respublikası Qanunu (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Maddə 20.1. Bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir.

21. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə” (bələdiyyə qərarının verildiyi tarixdə qüvvədə olan redaksiyası): Bənd

1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bənd

4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. Bənd 11.Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Bənd

13. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətinə alqı-satqı qaydasında verilir. Bənd

15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü də qiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Bənd

17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd

21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Bənd

22. Bələdiyyə m üvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Bənd

23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. Bənd

25. Bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd

26. Müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları dövlət torpaq kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. Həmin Əsasnamənin qüvvədə olan redaksiyasına əsasən: Bənd

17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd

18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerlə şdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Bənd

19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Bənd

20. Yerquruluşu işləri (planalma) və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər hallarda bələdiyyənin vəsaiti hesabına aparılır. Bənd

21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutula n torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Kasasiyanın mümkünlüyü, kasasiya baxışının hədləri

24. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qan uniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

27. Belə ki, hazırkı iş üzrə bələdiyyə qərarı ilə iddiaçıya torpaq sahəsi xx.xx.2005-ci il tarixdə ayrılmışdır.

28. İşə baxan apelyasiya instansiya məhkəməsi isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2007-ci il tarixdən sonra qüvvədə olan redaksi yasına ( Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər) istinad edərək, iddiaçıya bələdiyyə qərarı ilə bilavasitə torpaq ayrılmasını qanunsuz hesab etmişdir.

29. Halbuki, bələdiyyə qərarı 2005-ci il tarixli olduğundan həmin dövrdə qüvvədə olan qanunvericiliyin normalarının tələbinə əsasən bələdiyyə qərarı ilə bilavasitə torpaq sahəsinin ayrılması mümkün idi. Bununla da, apelyasiya instansiya məhkəməsi tərəfindən hüququn yarandığı an qüvvədə olan normanın tətbiq edilməli olmasına dair hüquqi prinsipin pozuntusuna yol verilmişdir.

30. Bununla yanaşı qeyd olunmalıdır ki, təkcə bələdiyyə qərarının mövcudluğu torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına əsas verməmə lidir.

31. Formalaşmış məhkəmə təcrübəsinə əsasən bu qəbildən olan işlər üzrə bələdiyyə qərarının qəbul edilməsindən sonra iddiaçıya ayrılan torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilib-keçirilməməsi (o cümlədən naturada müəyyən edilməsi), iddiaçıya verilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması və təyinatının müəyyən edilməsi, torpağın alqı-satqısına dair aktın qanunvericilyiin tələbinə uyğun olaraq tərtib edilib-edilməməsi (səlahiyyətli şəxslər tərəfindən imzalanması, möhürlənməsi) istiqamətində araşdırılma aparılmalıdır.

32. Belə ki, qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, plan və ölçünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən görülməli işlər bələdiyyə torpağının ayrılması prosesinin tərkib hissəsi olan bir prosesdir və müstəsna olaraq bələdiyyənin özü tərəfindən məcburi qaydada həyata keçirilməlidir. Beləliklə, əgər torpaq sahəsi ayrılarkən proses sonadək qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparılmamışsa, iddiaçı reyestrdə torpağa dair hüququn qeydə alınmasını tələb etməmişdən öncə, torpaqayrıma prosesinin qanunvericiliklə müəyyən edilmiş qaydada sona çatdırılmasını tələb etmək hüququna malikdir.

33. Bundan əlavə, torpağın naturada ayrılmış olması, başqa sözlə faktiki yerinin müəyyən edilmiş olması ona görə həm də zəruridir ki, cavabdehin imtina dəlillərinə (idarənin elektron kadastr baza məlumatına əsasən müvafiq torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş olması, əlavə 220 kv.m torpaq sahəsinin zəbt edilmiş olması) qiymət verilməsi mümkün olsun.

34. İşə təkrar baxan apelyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan məs əlləri öz xidməti vəzifəsinə uyğun olaraq araşdıraraq iş üzrə qərar qəbul etməlidir.

35. Qeyd olunanlara əsasən, apelyasiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.

36. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıdakı əsaslara görə düzgün olmadığından kasasiya şikayəti qismən təmin edilməli və iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

37. Yuxarıda göstərilənlərə və İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-609/2020 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar