Məhkəmə qərarları › İş №2-1(102)-1512/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1512/2022

13.09.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1512/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiаçı İddiaçı Ağaşirin oğlunun cаvаbdеhlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə (və ya Vergilər Nazirliyi), Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlarla İş Departamentinə və Qaradağ rayon Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiаçı İddiaçı Ağaşirin oğlunun cаvаbdеhlər Azərbaycan Respublikası İq tisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə (və ya Vergilər Nazirliyi), Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlarla İş Departamentinə və Qaradağ rayon Vergi Xidmətinə qarşı  VÖEN-in, bəyannamələrin, hesabatların ləğv edilməsi və işlə təmin olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli 2-1(103)-304/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı İddiaçı Ağaşirin oğlu cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə (və ya Vergilər Nazirliyi), Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinə və Qaradağ rayon Vergi Xidmətinə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərin üzərinə iddiaçını bu zamana kimi xəbərdar etmədən, yəni 2020-ci ilin aprel ayından E-sosial.az-dan gələn cavab mesaj vasitəsi ilə xəbər tutduğu 2018-ci ildən adına əsassız və qərəzli halda aşılmış VÖEN-i ləğv edilmə öhdəliyinin, iddiaçıya VÖEN barəsində xəbərdar etmədən adına açılmış VÖEN-ə görə sahibkarlıq fəaliyyəti olmadan adına açılmış bəyannamələri, hesabatları ləğv edilmə öhdəliyinin və cavabdehlərin əməlləri sayəsində, əsassız VÖEN sayəsində iddiaçıya dövlətin təyin etdiyi kompensasiyalarından, işsizlik müavinətlərindən və VÖEN-ə görə işdən məhrum olduğu üçün cavabdeh orqanların üzərinə iddiaçını və yoldaşını işlə təmin olunmaq öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2020-ci ilin fevral ayından işsizdir, heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, VÖEN açdırmamışdır. Bu ilin fevral ayından işsiz olduğu üçün işsizliyə görə verilən 190 manat müavinətin alınması üçün müraciət etmiş, 2020-ci ilin aprel ayında ona mesaj gəlmişdir ki, onun aktiv VÖEN-i var. Bununla bağlı dəfələrlə cavabdehlərə müraciət etsə də, müraciətləri təmin edilməmişdir. Hesab edir ki, Vergilər Nazirliyinin qərəzli mövqeyinə görə iddiaçı və yoldaşı haqqında məlumatları şikayət ərizəsindən əldə edərək adına olmadığı halda, əsassız və qanunsuz VÖEN açılmışdır. Eyni ayda qərəzli halda ailəsinə açılmış iki VÖEN qanunsuz və əsassızdır, işgüzar nüfuzuna zərbədir.

3. Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, vergi orqanı tərəfindən 30 yanvar 2018-ci il tarixli **********8184 nömrəli qərar əsasında keçirilmiş operativ vergi nəzarət tədbiri nəticəsində bir neçə şəxsin, o cümlədən iddiaçının vergi orqanında qeydiyyatdan keçmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkar edilmişdir. Həmçinin, operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı araşdırmaya izahat verərək Lökbatan qəsəbəsi ev 1594-cü keçid ünvanında vergi orqanında qeydiyyatdan keçmədən Parfümeriya mağazasında fəaliyyət göstərdiyini bildirmiş, həmçinin tez bir zamanda qeydiyyatdan keçəcəyini qeyd etmişdir.

4. Məhkəmə tərəfindən 26 noyabr 2020-ci il tarixli sərəncam və 10 fevral 2021-ci il tarixli məktubla iddiaçıya hüquqi yardım edilərək cavabdeh inzibati orqanın və iddia tələbinin dəqiqləşdirilməsi, iddia ərizəsinin İPM-in tələblərinə uyğunlaşdırılması təklif edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-2900/2021 saylı qərardadı ilə (hakim M.C.Qarayeva) iddia mümkün sayılmamışdır.

6. Məhkəmə iddiaçının birinci tələbinə (adına açılmış VÖEN-in ləğv edilməsi) münasibətdə qeyd etmişdir ki, iddiaçının məcburi qaydada vergi uçotuna alınması ilə bağlı olduğu ünvan üzrə vergi orqanına vergi uçotunun ləğvi ilə bağlı şikayət vermək, şikayəti təmin edilmədiyi halda isə məhkəməyə aidiyyəti inzibati orqanı cavabdeh qismində cəlb etməklə hərəkətini mübahisələndirmək hüququ var. Eyni zamanda, hazırkı iddia tələbi ilə qanuniliyi mü bahisələndirilən VÖEN-lə əlaqədar bəyannamələrin, hesabatların ləğv edilməsi inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmədiyindən həmin sənədlərin məhkəmədə mübahisələndirilməsi yolverilməzdir və belə iddia mümkün sayılmamalıdır. İddiaçının 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi tələbi ilə bağlı isə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı həmin məzmunlu müraciətinin imtina edilməsi ilə bağlı məhkəmədə ayrıca iddia qaldırmaq hüququna malikdir. İddiaçı və onun yoldaşının işlə təmin olunması tələbinə dair isə məhkəmə qeyd etmişdir ki, iddiaçının işsiz və işaxtaran kimi məşğulluq mərkəzində qeydiyyata durmaq qaydası ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq saytın a daxil olub buna müvafiq hərəkətlər etmək hüququ var, hazırkı iddia üzrə cavabdehlər isə bu iddiaya cavab verən orqan deyillər.

7. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2-1(103)-304/2022 nömrəli qərardadı ilə (sədrlik edən A.Ə.Hüseyn, hakimlər A.S.Hüseynov və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-2900/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2-1(103)-304/2022 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsində qeyd olunanlarla eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən iddia ərizəsində qeyd olunan xüsusatları nəzərə almamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, İPM-in 12.2, 58.7-ci maddələrinin tələblərini pozmuş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş v ə yaxud düzgün təfsir etməmişdir. Kassator hesab edir ki, məhkəmə tərəfindən ekspertlər dəvət olunaraq ona dəymiş maddi və mənəvi ziyan müəyyən edilməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Etirazın əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr haqlı olaraq iddianın mümkün saymamışdır. Belə ki, bəyannamələr və hesabatlar özlüyündə hüquqi nəticə yaratmadığından və inzibati orqan tərəfindən tərtib edilmədiyindən həmin sənədlərin məhkəmədə mübahisələndirilməsi yolverilməzdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə Maddə 2.2. İnzibati məhkəmə icraat ı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (-) 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zə ruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

14. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsa slandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən iş tam, hərtərəfli və obyektiv araşdırılmamış, prosessual normaların tələblərinə əməl olunmamışdır.

18. Belə ki, iddiaçının iddia ərizəsində göstərilən tələbləri aşağıdakı kimi olmuşdur: - adına açılmış VÖEN-in ləğv edilməsi; - sahibkarlıq fəaliyyəti olmadan adına açılmış bəyannamələrin, hesabatların ləğv edilməsi; - iddiaçını və yoldaşının işlə təmin olunması.

19. Apellyasiya instansiyası məhkəməsi qərardadında iddiaçının tələbi qismində “xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi”ni də göstərmişdir. Lakin, məhkəmənin hansı əsasla bu qənaətə gəlməsi qeyri-müəyyəndir. Belə ki, iddia ərizəsində iddiaçı belə bir tələb qeyd etməmiş, həmçinin sonradan belə bir tələblə bağlı ərizə verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında isə həmin tələbi iddiaçının nə vaxt irəli sürməsi barədə qeyd yoxdur.

20. İddiaçının yuxarıda göstərilən ikinci (sahibkarlıq fəaliyyəti olmadan adına açılmış bəyannamələrin, hesabatların ləğv edilməsi) və üçüncü (iddiaçını və yoldaşının işlə təmin olunması) tələbi ilə bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin g əldiyi nəticə ilə razılaşır və qeyd edir ki, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən sözügedən tələblər üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtər əfli araşdırılması təmin edilmişdir. Ona görə də, həmin tələblərə münasibətdə işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. İddiaçının digər tələbi olan adına açılmış VÖEN-in ləğv olunması ilə bağlı isə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, iddiaçı iddia tələbini həmin hissədə mümkün saymamış və mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı müvafiq tələblə inzibati orqana müraciət etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

23. Halbuki, hazırkı qərarın 13-cü bəndində göstərilən normaların məzmunundan göründüyü kimi, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdiril məsinə) dair iddialar - mübahisələndirmə haqqında iddia, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar isə - öhdəliyin icrası haqqında iddia hesab olunur.

24. Hazırkı iş üzrə iddiaçı onun adına açılmış VÖEN-in ləğvini tələb edir ki, inzibati orqan da müvafiq akt əsasında iddiaçını məcburi qaydada uçota almışdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından məlumdur ki, vergi orqanı tərəfindən həyata keçirilmiş operativ nəzarət tədbirləri zamanı iddiaçı barəsində 2 may 2018-ci il tarixli 007178 seriyalı “Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə Akt” tərtib edilməsinə və aktda vergi orqanında uçota alınması məqsədilə müvafiq ərizənin aidiyyəti üzrə təqdim edilməsi barədə qeyd aparılmasına baxmayaraq, iddiaçı vergi orqanında uçota alınmamışdır. Bununla əlaqədar olaraq Vergi Məcəlləsinin 33-cü maddəsinə əsasən iddiaçının 22 may 2018-ci il tarixindən məcburi qaydada vergi uçotuna alınması vergi orqanı tərəfindən təmin edilmişdir.

25. Yuxarıda göstərilənlərdən aydın olur ki, hazırkı tələbi ilə iddiaçı məcburi qaydada vergi uçotuna alınması ilə bağlı vergi orqanının tərtib etdiyi aktdan irəli gələn hərəkətlərini mübahisələndirir. Bu səbəbdən, sözügedən tələb öhdəliyin icrası haqqında iddia deyil, mübahisələndirmə haqqında iddia hesab olunmalıdır.

26. Hazırkı qərarın 13-cü bəndində göstərilən normaların məzmunundan, eləcə də Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında id dianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında formalaşdırdığı hüquqi mövqeyə görə inzibati orqana müraciət etmək tələbi öhdəliyin icrası növündə inzibati mübahisələrə şamil olunsa da, mübahisələndirmə haqqında iddialara belə tələb şamil olunmur. Odur ki, iddiaçının hazırkı tələblə inzibati orqana müraciət etməməsi onun iddiasının mümkün sayılmaması üçün əsas hesab oluna bilməz.

27. Nəticə etibarilə, iddiaçının sözügedən tələbi mübahisələndirmə haqqında iddialara aid olduğundan, bu növ iddialara isə inzibati orqana müraciət şərti şamil olunmadığından, iddiaçının müvafiq tələblə inzibati orqana müraciət etməməsi əsası ilə onun tələbinin mümkün sayılmaması qanunvericiliyin yuxarıda göstərilən normaların pozulmasına səbəb olmuşdur. Beləliklə, apellyasiya insta nsiyası məhkəməsi iddianın mümkünlük şərtlərini qiymətləndirərkən qanunvericiliyin tətbiqində səhvə yol vermiş, prosessual hüquq normasını işin hallarına düzgün tətbiq etməmiş, eyni zamanda, işin hallarını tam, hərtərəfli araşdırmayaraq İPM-in 12-ci maddəsinin tələblərini pozmuşdur.

28. Odur ki, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, iddia mümkün sayılmalı, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə təkrar baxan məhkəmə iddia tələbinin “iddiaçının adına açılmış VÖEN-in ləğv edilməsi” hissəsinə mahiyyəti üzrə baxaraq qanuni və ədalətli qərar qəbul etməlidir.

29. Şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 21(103)-304/2022 nömrəli qərardadı qismən, iddia tələbinin “iddiaçının adına açılmış VÖEN-in ləğv edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 21(103)-304/2022 nömrəli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar