Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-152/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: Prezident təqaüdünün əvvəlki dövr üzrə ödənilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialına (bundan sonra cavabdeh) qarşı “təqaüdün birdəfəlik ö dənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-61/2021 saylı, 18 avqust 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1970-ci ildə Abşeron rayonunun Altıağac kəndində anadan olmuşdur və hal-hazırda Xızı şəhərində yaşayır.
2. Xızı rayon məhkəməsinin 2(068)-96/2016 saylı, 04.07.2016-cı il tarixli qətnaməsinə əsasən, iddiaçının Azərbaycan Respublikasının Müdafiəsi uğrunda Qarabağ müharibəsində gedən döyüşlər zamanı 1994-cü ilin yanvar ayında “beyin kontuziyası” travması almağı faktı müəyyən edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1211 saylı, 18 iyul 2017-ci il tarixli qərarı ilə iddiaçının aldığı travmaların hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı müəyyən edilmişdir.
4. İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİ qrup əlilliyə görə Prezident təqaüdünün “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09.08.2008ci il tarixli 823 nömrəli Fərmanının qüvvəyə mindiyi 1 sentyabr 2008-ci ildən təyin edilərək ödənilməmiş təqaüdün birdəfəlik ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xızı rayon şöbəsinə (cavabdeh) müraciət etmiş, cavabdehin 06.11.2018-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdi r. İmtina onunla əsaslandırılmışdır ki, “Sosial müavinətlər” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2 maddəsinə əsasən, əlilliyə görə təqaüd - əlillik müddətinə görə təyin olunur. İddiaçıya 24.01.2018-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunmuşdur. Həmin tarixdən də qanuna müvafiq olaraq ona 158 manat prezident təqaüdü təyin olunmuşdur. Odur ki, 01.01.2006cı il tarixdən iddiaçıya prezident təqaüdünün verilməsi mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 18 yanvar 2019-cu il tarixdə iddia ərizəsi ilə cavabdeh DSMF-nin Xızı rayon şöbəsinə qarşı məhkəməyə müraciət edərək, ona hərbi xidmət vəzifələrinin yerinə yetirməsi ilə əlaqədar İİ qrup əliliyə görə Prezid ent təqaüdünün “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 09.08.2008-ci il tarixli, 823 nömrəli Fərmanının qüvvəyə mindiyi 1 sentyabr 2008-ci ildən təyin edilərək ödənilməmiş təqaüdün birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq, 25.12.1992-ci ildən 01.05.1993-cü ilədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi xidmət keçmişdir. Hərbi hissə buraxıldığından 1993-cü ilin aprelində Bakı şəhərinə gəlmiş və evə buraxılmışdır. 1993-cü ildə Xızı rayon hərbi komissarlığı tərəfindən təkrar hərbi xidmətə çağırılaraq, 01.11.1993-cü ildən 05.02.1994-cü ilədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi xidmət keçmişdir. 1994-cü ilin yanvarında döyüşlərdə düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində kontuziya almışdır. Həmin dövrdə döyüşçülər çatışmadığından yenidən döyüşlərə qatılmışdır, yəni müalicəyə imkanı olmamışdır. Qardaşı şəhid olana kimi döyüşlərdə iştirak etmişdir. Qardaşı şəhid olandan sonra o, tam özündə olmamış və yaxınları tərəfindən idarə edilmişdir. Halı pisləşdiyindən 1996-cı ildə xəstəxanada uzun müddətli müalicə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının rəyi ilə onun əmək qabiliyyətli olmadığı və ümumi xəstəliklərdən əlil olduğu müəyyən edilmiş, 2-ci qrup əlillik verilmişdir. Xızı rayon məhkəməsinin 04.07.2016-cı il tari xli qətnaməsi ilə onun xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində kəllə-beyin travması almağına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 18.07.2017-ci il tarixli, 1211 nömrəli Qərarında qeyd olunur ki, xəstəliyinin səbəbi hərbi travmadır, azərbaycan respublikasının müdafiəsi zamanı alınmışdır». Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 24.01.2018-ci il tarixli, 411000AACZY saylı rəyi ilə onun əmək qabiliyyətinin olmadığı müəyyən edilmiş və ona hərbi xidmət vəzifələrinin icrası zamanı yaralanmağı ilə əlaqədar 2-ci qrup əlillik verilmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 09.08.2008-ci il tarixli, 823 nömrəli Fərmanının qüvvəyə mindiyi 1 sentyabr 2008-ci ildən 24.01.2018-ci il tarixədək ödənilməmiş təqaüdün ödənilməsi üçün cavabdehə ərizə ilə müraciət edərək, 01.01.2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinətlər haqqında” Qanununun 9.1-ci maddəsinə əsaslanmışdır, lakin cavabdeh 06.11.2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil etmişdir.
8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X10, 2-1(085)-544/2019 saylı iş) 19 aprel 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 №li Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspert komissiyaları haqqında" Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından, iddiaçıya Azərbaycan Respublikası Prezidenti təqaüdünün 24.01.2018ci il tarixdən əvvəlki dövrlər üçün hesablanması istisna olunur.
10. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X11məruzəçi, X12 və X7, 2-1(105)-492/2019 saylı iş) 30 iyul 2019-cu il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19 aprel 2019-cu il tarixli qərarı ləğv olunmuş, iddia qismən təmin edilərək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuş təqaüdün iddiaçının müraciət etməzdən, yəni 24.01.2018-ci il tarixdən əvvəlki üç il üçün hesablanıb iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
12. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya 24.01.2018ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyü ilə əlaqədar əlillik təyin olunduğundan müraciət edilməzdən əvvəlki üç il üçün ona Prezident təqaüdünün təyin olunması tam qanuni və əsaslıdır.
13. DSMF-nin Xızı rayon şöbəsi kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kasasiya instansiyası məhkəməsindəki icraat 1
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X1-məruzəçi, X3 və X8, 2-1(102)-889/2020 saylı iş) 23 iyun 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Kasasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarında iddiaçıya 24.01.2018-ci il tarixdən əlillik təyin edildiyi göstərilsə də, əlilliyin müəyyən edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 24.01.2018-ci il tarixli, 411000AACZY saylı rəyinin iş materiallarında nə əsli, nə də sur əti mövcud deyildir. Bu da onu göstərir ki, məhkəmələr qərar qəbul edərkən iş materiallarında olmayan və araşdırılmamış rəyə istinad etmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələb etdiyi dövr üzrə, yəni 1 sentyabr 2008-ci ildən 24 yanvar 2018ci ilə qədər əlil olması və bu əlilliyi Azərbaycan Respublikasının müdafiəsi zamanı almasını araşdırmamışdır. Həmçinin, əlilliyin səbəbi ilə bağlı iddiaçının məlumatlı olması, aktlarla bağlı mübahisə açıb-açmaması, inzibati qaydada və məhkəməyə şikayət verib-verməməsi apelyasiya məhkəməsi tərəfindən yoxlanılmamışdır. ç) apelyasiya instansiyası məhkəməsindəki icraat
16. İşə təkrar apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli, **********4 saylı məktubdan və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı (xxxxxxx) əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AACZY nömrəli göndərişi əsasında 24.01.2018-ci il tarixdə qiymətləndirilmiş və “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, baş beyin zəifləməsi, travmatik araxnoidit, xoşxassəli kəllədaxili hipertenziya, kəllə-daxili hipertenziya, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 6-8 dəfə), dəqiqləşdirilməmiş ekstrapiramid və hərəki pozğunluq, piramid çatmamazlıq, koordinator-statik pozğunluqlarla, digər neqativ pozuntular, asteno-nevrotik vəziyyət. Radikulopatiya, tez-tez residiv verən boyun radikulopatiyası, kökçük ağrı sindromu ilə”, diaqnozu ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Hazırda həmin qərar qüvvədədir.
17. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2021ci il tarixli qərardadı ilə DSMF-nin Xızı rayon şöbəsi prosessual hüquqi varisi DSMF-nin 3 saylı Regional filialı ilə əvəz edilmişdir.
18. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X5-məruzəçi, X9 və X15, 21(105)-61/2021 saylı iş) 18 avqust 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 19 aprel 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
19. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
20. İddiaçıya 24.01.2018-ci il tarixdə əlillik (Azərbaycan Respublikasının müdafiəsi) ilə əlaqədar təyin edilmişdir. Göstərilən səbəblə əlaqədar əlilliyin təyin edilməsi o deməkdir ki, əlillik hərbi travma nəticəsində təyin olunmuşdur. Bu da əlilliyin məhz travmadan sonra yaranmasını istisna etmir. İstinad etdiyimiz qərarın müvafiq normasında da göstərildiyi kimi əlilliyin müəyyən edilməsi səbəblərindən biri də şəxsin yaralanmanı, travmanı, kontuziyanı Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və ko nstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almasıdır.
21. Əgər məsələni rəsmi olaraq “əlilliyin təyin edilməsi” meyarına kökləsək, belə nəticəyə gəlinir ki, iddiaçı hərbi travmanı aldığı dövrdə sağlam olmuş, yalnız 24.01.2018-ci il tarixdən hərbi travma ilə əlaqədar xəstələnmiş və ona bundan sonra əlillik təyin edilmişdir.
22. İddiaçı daha əvvəlki müddətdə, hərbi travmanı aldığı andan əlil olmuşdur. Lakin Qarabağda gedən döyüşlər zamanı travma alması faktı müəyyən edilmədiyi üçün ona 01.06.1998-ci ildən ümumi əsaslarla əlillik təyin edilmiş və o, sosial-təminat hüququ əsasında haqqı olan müharibə əlili kimi müavinəti almasından məhrum edilm işdir. Bu barədə məhkəmədə izahat versə də, məhkəmə tərəfindən nəzərə alınmamış və bu fakt araşdırılmamışdır.
23. Nəticə etibarilə məhkəmə iddiaçının daha öncə əlillik hüququnun yaranmamasını əsas gətirərək cavabdehin imtinasını əsaslı hesab etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 25. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
11. Əlilliyə görə əmək pensiyası (-). 11.2. hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə ilə əlaqədar əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirə rkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2. hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. 11.3 Müddətli həqiqi hərbi (alternativ) xidmətdə olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyya tı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə ilə əlaqədar əlilliyi olan şəxs hesab edilirlər. 26. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli Fərmanı: Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətləri ni qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram: 1. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilsin...
27. Mübahisə olunan dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə: 1.4-cü bənd. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir (1.4-cü bənd). Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır (4.1-ci bənd). Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tə rəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir (4.3-cü bənd). Hərbi-həkim ekspertizasının rəsmiləşdirdiyi göndərişlərin “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilməsi mümkün olmadıqda, onlar kağız daşıyıcıları formasında imzalanır və dairəvi möhürlə təsdiq olunmaqla, hərbi-həkim ekspertizası tərəfindən Xidmətə təqdim edilir (4.5-ci bənd). Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar (4.7-ci bənd). Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublik ası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X6 (bundan sonra - TSERAS) ötürülür (4.9-cu bənd). TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir (4.16-cı bənd). Qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə) (4.17-ci bənd). Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesab lanır (4.26cı bənd).
28. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
29. İddiaçının kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. İddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasi ya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qismən prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları qismən düzgün tətbiq olunmamışdır.
32. İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİ qrup əlilliyə görə Prezident təqaüdünün “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 09.08.2008ci il tarixli 823 nömrəli Fərmanının qüvvəyə mindiyi 1 sentyabr 2008-ci ildən təyin edilərək ödənilməmiş təqaüdün birdəfəlik ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin 06.11.2018-ci il tarixli, məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir.
33. Əvvəllər iddiaçıya ümumi xəstəliklə əlaqə dar 2-ci dərəcəli əlillik təyin edilmiş və iddiaçı bununla bağlı mübahisə açmamışdır.
34. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 2017-ci il 18 iyul tarixli Qərarı ilə müəyyən edilmiş səbəb əlaqəsinə və bundan irəli gələn sosial nəticələrinə görə iddiaçının xəstəliyi hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alması qeyd edilmişdir.
35. Həmin qərara əsasən cavabdeh iddiaçıya 24 yanvar 2018-ci il tarixdə “Azərbaycan Respublikasının müdafiəsi ilə” əlaqəli əlillik təyin etmişdir.
36. İddiaçının aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsi barədə 18 iyul 2017-ci il tarixdə qərar qəbul edilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspe rt komissiyaları haqqında Əsasnamə”nin tələblərinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndəriş lər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir (4.1, 4.3, 4.16-cı bəndlər). 37. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbihəkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.
38. İddiaçının aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsi barədə 18 iyul 2017-ci il tarixdə qərar (göndəriş) verilməsinə baxmayaraq Əsasnamənin yuxarıda bəhs edilən tələbləri pozulmuş, düzgün olmayaraq göndərişin tərtibindən 6 ay sonra, yəni 24 yanvar 2018-ci il tarixdə əlilliyin təyini barədə cavabdeh tərəfindən qərar qəbul edilmişdir.
39. Bəhs olunanlara əsasən iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə əlil liyin təyinat tarixinin hərbi-həkim ekspertizasının qərara aldığı 18 iyul 2017-ci il tarixdən hesab edilməli hissəsində iddia əsaslı olduğundan, bu hissədə iddia təmin edilməli, 9 avqust 2008-ci il tarixli Prezident Fərmanı 18 iyul 2017-ci il tarixdən iddiaçıya tətbiq edilməli, kasasiya şikayəti təmin edilməlidir. 40. 18 iyul 2017-ci il tarixə qədər iddiaçıya əlilliklə bağlı təyin edilmiş aktlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir.
41. İlkin əlillik təyin edilən dövrdə, həmçinin əlilliklə bağlı sonrakı müayinə aktlarında TSEK-in diaqnozu, əlilliyin səbəb əlaqəsi qeyd edilir, həmin aktlarda qeyd edilən əlilliyin səbəbi ilə bağlı iddiaçı məlumatlı olmuş, lakin həmin aktlarla bağlı mübahisə açması, inzibati qaydada və məhkəmə yə şikayət verməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçı özü də əlilliklə bağlı əvvəllər verilmiş aktdan şikayət verməsi ilə bağlı mübahisə açmamışdır. Odur ki, əlilliklə bağlı 18 iyul 2017-ci il tarixədək aktın qüvvədə olduğu müddətdə iddiaçının Prezident təqaüdü alması hüququ mövcud olmamışdır.
42. Odur ki, sentyabr 2008-ci il tarixdən 18 iyul 2017-ci il tarixədək olan dövr üzrə iddianı rədd etməklə məhkəmə haqlı olduğundan, bu hissədə şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-61/2021 saylı, 18 avqust 2021-ci il tarixli qərarı qismən-18 iyul 2017-ci il tarixdən 24 yanvar 2018-ci il tarixə qədər olan dövr üzrə iddianın rədd edilməsi hissəsində ləğv edilsin. Bu hissədə iddia təmin edilsin. 18 iyul 2017-ci il tarixdən 24 yanvar 2018-ci il tarixə qədər olan dövr üzrə Prezident təqaüdünün İddiaçı ödənilməsi Dövlət Sosial Müdafiə Fondunun 3 saylı regional ərazi filialına həvalə edilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar sentyabr 2008-ci ildən 18 iyul 2017-ci ilədək olan dövr üçün Prezident təqaüdünün ödənilməsi barədə iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.