Məhkəmə qərarları › İş №2-1(102)-1521/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1521/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1521/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qı zının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz şəhərində yerləşən 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-247/2021 nömrəli, 17 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Oğuz bələdiyyəsinin 30.11.2007-ci il tarixli qərarı ilə Oğuz bələdiyyəsinin mülkiyyətində olan 600 kv.m torpaq sahəsi ev tikmək məqs ədi ilə iddiaçıya satılmış, iddiaçı torpaq sahəsi üçün Beynəlxalq Bankdakı hesabına 260 (iki yüz altmış) manat haqq ödəmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək, Oğuz şəhərində yerləşən 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

3. Cavabdeh 14 iyul 2020-ci il tarixli, **********18 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, X1 hal- hazırda Rusiya Federasiyasının vətəndaşı olduğundan onun Azərbaycan Respublikasının ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Oğuz şəhərində yerləşən 0.06 ha torp aq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, Oğuz bələdiyyəsinin 30.11.2007-ci il tarixli 11 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədi ilə 600 kv.m həyətyanı torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin bank hesabına ödənilmişdir. Bundan sonra tərəflər arasında alqı-satqı aktı tərtib edilmiş və iddiaçının adına Torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Torpaq sahəsi iddiaçıya satıldığı 2007-ci il tarixdən onun istifadəsindədir. İddiaçı torpaq sahəsinə dair sənəd alması üçün dəfələrlə müraciət etmiş, lakin mülkiyyətə dair müvafiq sənədi ala bilməmişdir. İddiaçı 2010-cu ildən ailə vəziyyəti ilə əlaqədar Rusiya Federasiyasında yaşayır. İddiaçının nümayəndəsi cavabdeh orqana müraciət edərək, 600 kv.m torpaq sahəsinin dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir.

6. Cavabdeh inzibati orqan iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.

7. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-314/2021 saylı, 18 fevral 2021-ci il tarixli qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia təmin edilmiş, cavabdehin üzərinə Oğuz şəhərində yerləşən Oğuz bələdiyyəsinin 30.11.2007-ci il tarixli 11 saylı qərarı ilə satılmış 0.06 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyini n qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya torpaq satılarkən o, Azərbaycan Respublikasının vətəndaşı olduğundan iddiaçının tələbi əsaslı olmuşdur.

9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-247/2021 saylı, 17 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və M.A.Əsədli) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 21(116)-314/2021 saylı, 18 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

11. Apel yasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 0.06 ha torpaq sahəsini Azərbaycan Respublikasının vətəndaşı olduğu vaxt əldə etsə də, lakin 02 avqust 2019-cu ildən Rusiya Federasiyasının vətəndaşıdır. Yəni, torpaq sahəsi iddiaçı Rusiya vətəndaşı olduqdan sonra 02 avqust 2019-cu il tarixdən bir il müddətində 02 avqust 2020ci il tarixədək qanunvericiliyə uyğun özgəninkiləşdirilməli idi. Odur ki, iddia əsassızdır.

12. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

13. Apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, bir vətəndaşın qanuni yolla əldə etdiyi torpaq sahəsinə dair hüquqlarını vətəndaşlığını dəyişməsi əsası ilə itirməsi qənaəti heç vaxt qanuni, əsaslı və məntiqi hesab edilə bilməz. Eyni zamanda, məhkəmənin iddiaçının qeyd edilən torpaq sahəsini başqa dövlətin vətəndaşlığını qəbul etdikdən sonra bir il müddətinə özgənininkiləşdirməli olması fikri də qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, qanunun həmin müddəası hazırkı halda iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsini öz adına qeydə aldırdıqdan sonra, yəni özgəninkiləşdirmə hüququ əldə etdikdən sonrakı bir il müddətinə özgəninkiləşdirməli olması kimi başa düşülə və iddiaçı barəsində tətbiq edilə bilər. Əks halda, iddiaçının adına DƏDR-də qeydə alınmamış əmlakını özgəninkiləşdirmək imkanın o lmaması nəzərə alınmaya bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyy ət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1 qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan d aşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar,...

17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası...

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə

49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ...

4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının tə qdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən h əddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. İş materiallarından görünür ki, iddiaçı cavabdehə müraciət edərək, Oğuz şəhərində yerləşən Oğuz bələdiyyəsinin 30.11.2007-ci il tarixli 11 saylı qərarı ilə satılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

22. Cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı hazırda Rusiya Federasiyasının vətəndaşı olduğundan onun Azərbaycan Respublikasının ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün deyildir.

23. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı birinci instansiya məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi iddiaçının mövqeyi ilə razılaşsa da, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

24. Hazırda iddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təm in olunmasını xahiş edir.

25. Məhkəmə tərkibi hesab edir ki, şikayət qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, iddiaçı əcnəbi olduğundan qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alına bilməz.

26. Məhkəmə tərkibi qeyd edir ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər.

27. Torpaq Məcəll əsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır.

28. Hazırkı halda, iddiaçı torpaq sahəsini Azərbaycan Respublikasının vətəndaşı olduğu vaxt qanuni əsaslarla - bələdiyyə qərarı əsasında əldə etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8.0.1-ci maddəsində bələdiyyələrə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş bələdiyyə qərarları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla, sözügedən torpaq sahəsini əldə etdikdən sonra mülkiyyət hüquqlarının qeydə alınmasına onun qanuni gözləntisi yaranmış, lakin o, torpaq üzərində mülkiyyət hüquqlarını qeydə aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir.

29. Belə olan halda, məhkəmə tərəfindən qiymət verilməli olan məsələ, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına qanuni gözləntisinin hazırkı halda ona sözügedən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmaq imkanı veribverməməsidir. Bu hala qiymət verilməsi isə mülkiyyət hüququnun anlayışının təhlilini tələb edir.

30. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mü lkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tu tur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədə n ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).

33. Hazırkı halda, iddiaçı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından iddiaçının ona məx sus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə almağa dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla daimi istifadəyə verilmiş (bu hal tərəflər arasında mübahisələndirilmir), eyni zamanda torpaq islahatı zamanı iddiaçının həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olmuş, lakin iddiaçı həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişdir. İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqların itirilməsi anlamına gəlməyə əsas verə bilməz.

34. Lakin iddiaçının hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda, Torpaq Məcəlləsinin 49-cu maddəsində n əzərdə tutulan 1 (bir) il ərzində özgəninkiləşdirmək öhdəliyi iddiaçıya da şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans”a xidmət edir.

35. Odur ki, mübahisələndirilən qərar ləğv edilməli, Oğuz şəhərində yerləşən Oğuz bələdiyyəsinin 30.11.2007-ci il tarixli 11 saylı qərarı ilə iddiaçıya satılmış 0.06 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun, bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

36. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının verdiyi kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-247/2021 saylı iş üzrə 17 ma y 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı Oğuz şəhərində yerləşən Oğuz bələdiyyəsinin 30.11.2007-ci il tarixli 11 saylı qərarı ilə satılmış 0.06 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun, bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar