Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1522/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: ərazi aidiyyətinin müəyyən edilməsi; işin hallarının araşdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi" tələbinə dair iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, "müharibə veteranı adı və vəsiqəsinin verilməsi" vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 2-1(112)-5583/2023 nömrəli, 9 fevral 2023-cü il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılamsı üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
3. Məhkəmə qərardadında qeyd edilmişdir ki, iddiaçının yaşayış yeri Sumqayıt şəhəri, X1 qəsəbəsində yerləşən N nömrəli hərbi hissədir. Hazırkı iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazi rliyi birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan, hazırkı mübahisəyə də Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsində nəzərdə tutulmuş aidiyyət qaydası tətbiq edilərək, iddiaçının xidməti yaşayış yeri üzrə məhkəmə tərəfindən, yəni Sumqayıt şəhərinin ərazi yurisdiksiyasına daxil olduğu Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.
4. Sumqayıt İnzibati Məhkəməsinin (hakim İ.R.Quliyev) 2-1(118)-2801/2023 nömrəli, 14 aprel 2023-cü il tarixli qərardadı ilə iş ərazi aidiyyətinin müəyyən olunması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
5. Məhkəmə qərardadında qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsi 09 fevral 2022-ci il tarixli, 2- 1(112)-5583/2023 saylı qərardadı ilə İPM-in 8.1.3-cü maddəsinə istinad etməklə tətbiq edilməli hüquq normasını düzgün müəyyən etsə də, işin faktiki hallarının həmin normanın tələbləri baxımından qiymətləndirilməsində səhvə yol vermiş, iddiaçının xidməti yaşayış yeri olmadığı halda, onun iş yerini xidməti yaşayış yeri kimi qiymətləndirmiş, işi iddiaçının yaşayış yeri üzrə Şəki İnzibati Məhkəməsinə göndərməli olduğu halda, hüquqi əsas olmadan Sumqayıt İnzibati Məhkəməsinə göndərmişdir. Belə ki, iddiaçının Sumqayıt şəhəri, X1 qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə işləməsi onun hazırda hərbi qulluqçu statusunun olması və xidməti yaşayış yerinin olmasını müəyyən etmir. Məhkəmə təcrübəsindən də bilinir ki, müqavilə əsasında hərbi hissələrdə işləyən şəxslər hərbi qulluqçu sayılmırlar, onların xidməti yaşayış yerləri olmur. Hərbi qulluqçular ın isə xidməti yaşayış yerləri olur və onlar müvafiq olaraq qeydiyyata alınırlar. İddiaçının Sumqayıt şəhərində işləməsini nəzərə alanda onun iddiasına Sumqayıt İnzibati Məhkəməsində baxılmasının iddiaçının maraqları baxımından əlverişli olması başa düşülən olsa da, qanunvericiliyin tələbləri və hüquqi müəyyənlik prinsipi baxımından əsaslı hesab oluna bilməz. Nəzərə alınsa ki, Bakı və Sumqayıt şəhərlərində faktiki yaşayış yeri üzrə qeydiyyatda olmadan yaşayıb, işləyən çoxlu sayda insanlar var və məhkəmə təcrübəsində də onların müvafiq iddialarına qeydiyyatda olduqları yerin məhkəmələri tərəfindən baxılır, hazırkı halda istisna olacaq bir əsas mövcud deyil. Bu hallar isə həmin şəxslərin qanunvericiliyin tələblərinə əməl etmədən müvafiq olaraq qeydiyyatsız yaşamaları nəticəsində meydana gəli r. Beləliklə, iddia ərizəsindən və iş materiallarından göründüyü kimi, iddiaçının qeydiyyatda olduğu yer Ağsu rayonu, Bico kəndi olduğu üçün iddiaya həmin yerin yerləşdiyi məhkəmə tərəfindən baxılmalıdır.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 9.1 və 9.2-ci maddələrinin tələblərinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda, o cümlədən bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:... 8.1.2. mübahisələn dirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqınd a iddialara da şamil olunur;... 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır;... Maddə
9. Ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi 9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir:... 9.1.3. mübahisə ilə bağlı işin göndər ildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. 8. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” (Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir). AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, inzibati iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi üçün işdəki sübutlar yetərli deyildir. Odur ki, inzibati iş, ərazi aidiyyətinin müəyyən edilməsindən ötrü işin hallarının araşdırılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
10. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının hazırkı iş üzrə iddia tələbi "müharibə veteranı adı və vəsiqəsinin verilməsi" vəzifəsinin cavabdehə həvalə olunması ilə bağlıdır.
11. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə aid olmadığından, hazırkı iş üzrə ərazi aidiyyəti İPM-in 8.1.2-ci maddəsinə uyğun həl l edilməlidir.
12. İPM-in 8.1.2-ci maddəsinin məzmunundan göründüyü kimi, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. 13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer dedikdə isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
14. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsi iddiaçının yaşayış yerinin Sumqayıt şəhəri, X1 qəsəbəsində yerləşən N nömrəli hərbi hissə olduğunu qeyd etsə də, iş materialları ilə bu hal təsdiqlənmir. Eyni zamanda, Sumqayıt İnzibati Məhkəməsi də qərardadında iddiaçının hərbi qulluqçu statusunda olmamasını və xidməti yaşayış yerinin olmadığını qeyd etmişdir. Qeyd olunan bu hallar da iş materialları ilə təsdiqlənmir.
15. Odur ki, məhkəmə kollegiyası iddiaçının hazırda Sumqayıt şəhəri, X1 qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin yanğından mühafizə komandasının heyət rəisi vəzifəsində çalışması halından çıxış edərək (iş v. 33-dəki arayış) qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsi müvafiq sorğular vermək lə iddiaçının Sumqayıtda və ya digər şəhər (rayon) ərazisində xidməti yaşayış yerinin, o cümlədən kirayə müqaviləsi ilə yaşadığı yerin olub-olmamasını araşdırmalı, İPM-in 8.1.2-ci maddəsinə müvafiq ərazi aidiyyəti məsələsini həll etməlidir.
16. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş ərazi aidiyyətinin müəyyən edilməsindən ötrü işin hallarının araşdırılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin.