Məhkəmə qərarları › İş №2-1(102)-1526/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1526/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1526/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin vəfat etmiş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məs ələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın (çıxarışın) verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2-1(103)-682/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Birlik” X7 icarəyə verilməsi haqqında 21516 nömrəli 11 aprel 2000-ci tarixli müqaviləsinə əsasən 6031 saylı bağ sahəsi X1 icarəsinə verilmişdir.

2. AZ-İ №893985 ölüm haqqında Şəhadətnaməyə əsasən X5 xx.xx.2017-ci il tarixdə ölmüşdür.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat o fisinin 28 oktyabr 2019-cu il tarixli 2037 saylı məktubunda göstərilmişdir ki, X1 xx.xx.2017-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur.

4. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən “6031” saylı 0,12 ha bağ sahəsi üzərində çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 26 may 2021-ci il tarixli, **********48 nömrəli imtina məktubu ilə bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən qeyd edilən bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləş dirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən “6031” saylı 0,12 ha bağ sahəsinin koordinatlarının müəyyən edilərək sxematik xəritədə uyğunsuzluq aradan qaldırılmaqla mərhum anası X3 məxsusluğu barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X6 1-ci Qarabağ müharibəsi zamanı 03 iyun 1992-ci ildə şəhid olmuşdur. Bundan sonra onun ailəsinə Şəhid ailəsi statusu verilmişdir. 2000-ci ilin əvvəllərində ümummilli lider cənab Heydər Əliyev onun ailəsindən başqa daha 2 şəhid ailəsi ilə görüşdə hər 3 şəhid ailəsinə Bağ sahəsinin ayrılmasına göstəriş verdi. Bundan sonra iddiaçı anası ilə X2 və istismarı birli yinə dəvət edilmiş və orada Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 0,12 ha torpaq sahəsi olan 6031 saylı bağ sahəsi verilmiş və bununla bağlı anası X5 ilə X2 və İstismarı birliyi ilə 11 aprel 2000-ci il tarixdə 21516 nömrəli müqavilə bağlanmiş, cizgi verilmişdi. Həmin vaxt digər 2 Şəhid ailəsinə də həmin ərazidən bağ sahələri verildi. Bundan sonra o, qonşularla birləşib həmin torpaq sahəsinin hasara almiş və artıq 21 ildir ki, həmin bağ sahəsi iddiaçının istifadəsindədir. 2017-ci ildə anası X5 vəfat etdikdən sonra 2019-cu ildə vərəsəlik işi ilə 3 saylı ASAN Xidmət Mərkəzinə müraciət etmiş və notarius onlara həmin bağ sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün çıxarışın verilməsi üçün AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət inin 1 saylı Bakı Ərazi idarəsinə təqdim edilməsi üçün müvafiq məktub təqdim etmişdir. Lakin həmin dövrlər respublikada olmadığından məktubu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə təqdim edə bilməmişdir. Sonradan çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, idarənin ona ünvanladığı xx.xx.2021-ci il tarixli ********** saylı məktubunda sözügedən bağ sahəsinin iddiaçının adına çıxarış verilməsindən imtina edilərək, həmin bağ sahəsinin başqa fiziki şəxsin adına qeydiyyatdan keçdiyi bildirilmişdir.

7. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən bağ sahəsi digər fiziki şəxsin (X4) adına daşınmaz əmlakın döv lət reyestrində qeydiyyatdan keçmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2-1(112)-1165/2022 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, Sxematik xəritədə uyğunsuzluğu aradan qaldırmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən “6031” saylı 0,12 ha bağ sahəsinin koordinatlarını müəyyən edərək İddiaçı mərhum anası X3 mülkiyyət hüququ ilə məxsusluğu barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının mərhum anasının adına torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymaqla X11 Konvensiyasının 1 saylı Protok olun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2-1(103)-682/2023 nömrəli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, bağ sahəsinin iddiaçının mərhum anasına məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, sözügedən bağ sahəsinin (6031 saylı bağ) başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayəti imtina məktubu, eləcə də iddiaya dair etiraz ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının şərti olaraq göstə rilən ərazi digər torpaq sahələrinin və torpaq sahələrinə gedən yolun ərazisi ilə üstüstə düşür. Həmçinin qeyd edilmişdir ki, bağ sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m göstərilsə də faktiki olaraq 1182 kv.m təşkil edir.

15. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Torpaq Məcəlləsinin 65, 68-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7, 11.1-ci maddələrinə və “Torpaq islahatları haqqında” Qanunun 9-cu maddəsinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətlərinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2023-cü il tarixli, 2-1(103)-682/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafi q olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı va sitəsilə) hüquq sahibinə göndərilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə): 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya isti fadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcə llənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜY Ü, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Avropa İnsan H üquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təm in edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

26. Hazırkı iş üzrə iddiaçının hüququ marağı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən “6031” saylı 0,12 ha bağ sahəsinin koordinatlarını müəyyən edərək mərhum anası X3 mülkiyyət hüququ ilə məxsusluğu barədə arayışın (çıxarışın) verilməsinə yönəlmişdir.

27. İş materialları ilə müəyyən olunur ki, “Birlik” X7 icarəyə verilməsi haqqında 21516 nömrəli 11 aprel 2000-ci tarixli müqaviləsinə əsasən 6031 saylı bağ sahəsi X1 icarəsinə verilmişdir. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əs asən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır.

29. Qeyd edilən normanın məzmununa əsasən, mərhum X1 mübahisələndirilən bağ sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir.

30. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın v erilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.

32. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, göstərilən ərazi digər torpaq sahələrinin və torpaq sahələrinə gedən yolun ərazisi ilə üst-üstə düşür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bütün hüquqmüəyyənedici sənədləri təqdim etmiş və cavabdehin istinad etdiyi uyğunsuzluq vətəndaşın iradəsindən asılı olan hal deyil. Qeyd edilən uyğunsuzluğun aradan qaldırılması cavabdehin vəzifəsidir. O da qeyd olunmalıdır ki, cavabdeh bu dəlili ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

33. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu bəndinə əsasən, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə veril məsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir.

34. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli bağ sahəsinə dair hüququn mərhum X3 məxsus olması barədə müvafiq arayışın verilməsindən imtina etməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinin tələblərinə zidd olmaqla qanunsuz olmuşdur.

35. Odur ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2023-cü il tarixli, 21(103)-682/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar