Məhkəmə qərarları › İş №2-1(102)-1535/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1535/2019

08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1535/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə, yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 31 yanvar tarixli 2-1(103)-415/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasə n işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1954-cü il 31 dekabr tarixdə doğulmuş, 1971-ci il 4 may tarixdən əmək fəaliyyətinə başlamış, 1999-cu il 4 yanvar tarixdən 2001-ci il 17 oktyabr tarixədək Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Su artezian quyuları İdarəsində, 2002-ci il 6 yanvar tarixdən 2005-ci il 28 dekabr tarixədək Naxçıvan MR Meliorasiya Nazirliyinin X1rğularının təmiri və texniki nəzarət idarəsində işləmişdir. İddiaçıya 2018-ci il 30 iyun tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 16 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş dir. Cavabdeh bildirmişdir ki, iddiaçıya pensiya hüququnun yarandığı 2018-ci il 30 iyun tarixdən 228,32 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun 1999-cu il 4 yanvar tarixindən 2001-ci il 17 oktyabr tarixinədək Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Su artezian quyuları İdarəsində, 2002-ci il 6 yanvar tarixindən 2005-ci il 28 dekabr tarixinədək Naxçıvan MR Meliorasiya Nazirliyinin X1rğularının təmiri və texniki nəzarət idarəsində işləməsi barədə məlumatlar əmək kitabçasında qeyd olunmadığı üçün “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən həmin illə ri sığorta stajına daxil etmək mümkün olmamışdır. İddiaçı 2018-ci il 20 avqust tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1999-cu il 4 yanvar tarixindən 2001-ci il 17 oktyabr tarixinədək Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Su artezian quyuları İdarəsində, 2002-ci il 6 yanvar tarixindən 2005-ci il 28 dekabr tarixinədək Naxçıvan MR Meliorasiya Nazirliyinin X1rğularının təmiri və texniki nəzarət idarəsində işləməsi barədə Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilən arayışları nəzərə alaraq həmin iş stajının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 1999-cu il 4 yanvar tarixdən 2001-ci il 17 oktyabr tarixədək, 2002- ci il 6 yanvar tarixdən 2005-ci il 28 dekabr tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya hüququnun yarandığı 2018-ci il 30 iyun tarixdən yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, ona 2018-ci il 30 iyun tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin pensiya təyin olunan zaman 1999cu il 4 yanvar tarixindən 2001-ci il 17 oktyabr tarixinədək Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Su artezian quyuları İdarəsində, 2002-ci il 6 yanvar tarixindən 2005-ci il 28 dekabr tarixinədək Naxçıvan MR Meliorasiya Nazirliyinin X1rğularının təmiri və texniki nəzarət idarəsində işlədiyi müddət onun sosial sığorta stajın a hesablanmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 2 noyabr tarixli 2-1(82)3830/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1999-cu il 4 yanvar tarixindən 2001-ci il 17 oktyabr tarixədək, 2002-ci il 6 yanvar tarixindən 2005-ci il 28 dekabr tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiya hüququnun yarandığı 2018-ci il 30 iyun tarixdən yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirilən dövrlərdə işləm əsi Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilən 2018-ci il 20 iyul tarixli arxiv arayışları ilə təsdiq olunur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 31 yanvar tarixli 2-1(103)-415/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 18 fevral tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 1 mart tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassa siya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı 1999-cu il 4 yanvar tarixdən 2001-ci il 17 oktyabr tarixədək və 2002-ci il 6 yanvar tarixdən 2005-ci il 28 dekabr tarixədək işləməsi faktını təsdiq edən sənədi təqdim etmişdir. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirilən illərdə işlədiyi müddətin arxiv arayışı ilə təsdi q olunduğuna dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçının mübahisələndirilən illər üzrə (1999-2005) əmək fəaliyyəti dövründə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublika sının Nazirlər Kabineti müəyyənləşdirir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Digər tərəfdən, cavabdehin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Həmin normaya görə, sığortaolunanın əmək kitabçası üz rə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının istinad etdiyi arxiv arayışındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 31 yanvar tarixli 2-1(103)-415/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar