Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1537/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( pensiyanın yenidən hesablanması və pensiya hüququ yaranan vaxt qüvvədə olan qanunvericiliyə əsasən ödənilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi Cavabdehin vəkili X1 iştirakı il ə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanaraq ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-798/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra iddiaçı) tutduğu vəzifədən xx xxxxxx 2007-ci ildə tərxis olunmuş və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən iddiaçının adına xx xxxxxx 2009-cu il tarixli,xxxx saylı məlumat vərəqəsi tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2009-cu il tarixli qərarı ilə iddiaçıya əmək pensiya təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-1(81)-1996/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının bütün pensiya illərinin mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə və məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işlədiyinə görə xidmət dövrü verilən əmək haqqına əlavələr nəzərə alınmaqla yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyi cavabdeh Dövlət Təhlükəsizliyi Xidmətinin üzərinə qoyulmuşdur. Həmin qərarın icrası qaydasında xx xxxx 2019-cu il tarixli məlumat vərəqəsi əsas götürülməklə iddiaçının əmək pensiyası xx xxxxxxxx 2016-cı ildən xx xxxxxx 2019-cu il tarixədək olan dövr üzrə yenidən hesablanmışdır. İddiaçı keçmiş dövr üzrə hesablanmış fərq məbləği ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmiş, sonuncu tərəfindən xx xxxxxx 2019-cu il tarixli, **********5 saylı məktubla ona imtina cavabı verilmiş və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32. 1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 6030,36 manat məbləğində pensiya cari ilin sentyabr ayından etibarən həmin maddələrin tələblərinə uyğun qaydada hissə-hissə onun pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona pensiya hesablanması zamanı nəzərə alınmış «məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləməyə görə» və «peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavə»lərin xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək ödənilməmiş hissəsinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 2019-cu il tarixli ərizə ilə cavabdeh orqana müraciət edərək bildimişdi ki, onun pensiyasının yenidən hesablanması 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının tələblərinə uyğun aparılmamış, səhv hesablanmışdır. Qanuni qüvvəyə minmiş sözügedən məhkəmə qərarı bütün pensiya illəri üzrə ödənilməni əhatə etdiyi halda, ona yalnız 3 il üzrə hesablanma aparılmış, nəticədə xx.xx.2007-ci il tarixdən xx.xx.2016-ci il tarixədək müddətlər üzrə ona ödənilməli olan əlavələrin ödənilməsi ümumiyyətlə nəzərdə tutulmamışdır. Cavabdeh onun müraciətinə xx.xx.2019-cu il tarixli məktubla cavab verərək, müraciətini təmin etməmişdir. Hesab edir ki, onun xx.xx.2017-ci il tarixdən əvvəl pensiyaçı olduğu səbəbindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa qeyd olunan tarixdən sonra edilmiş dəyişikliklər onun barəsində tətbiq edilməməlidir. Eyni hallarla bağlı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının çoxsaylı qərarları ilə təsbit olunmuş vahid mövqe isə onun iddiasının əsaslı olmasını, cavabdehin imtinasının isə qanunsuz olmasını ehtiva e dir. İddiaçı tələbinin maddi hüquqi əsası kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun (xx.xx.2017ci ilədək olan redaksiyası) 31.1, 32.1, 37.7-ci maddələrinə istinad etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5032/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: T.Ə.Əsədova) iddia təmin edilərək, iddiaçıya pensiya hesablanması zamanı nəzərə alınmış «məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləməyə görə» və «peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavə»lərin xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək ödənilməmiş hissəsinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının barəsin də yeni məlumat vərəqi xx.xx.2019cu il tarixdə verilsə də, iddiaçı pensiya hüququnu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklərin edildiyi xx.xx.2017-ci il tarixədək əldə etdiyindən həmin tarixdən sonra edilmiş dəyişikliyin iddiaçıya tətbiq edilməsi həm Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, həm də sözügedən Qaydaların 1.3-cü bəndinə zidd olmuşdur. Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-798/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5032/2019 saylı, x x xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin qərarı ƏPQ-nin 37.7 və 32.1-1-ci maddələrinə birbaşa ziddir. İddiaçıya aid yeni məlumat vərəqi xx xxxx 2019-cu ildə idarəyə təqdim edilmişdir. İdarə “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 32.1-1 və 37.7-ci maddələrini rəhbər tutaraq əvvəlki 3 il üçün yaranmış fərqi hissə-hissə iddiaçıya ödəyir. ƏPQ-nin 37.7-ci maddəsinə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. ƏPQ-nin 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Göründüyü kimi, İdarə ƏPQ-nin 37.7 və 32.1-1-ci maddələrini rəhbər tutaraq müraciət tarixindən geriyə ən çoxu 3 il üçün pensiyanı hesablayıb və hissəhissə ödəyir. İddiaçının 2007-2016-cı illər üzrə idarədən pensiya ödənilməsini tələb etmək hüququ, idarənin isə belə bir pensiyanı hesablayıb ödəmək öhdəliyi yoxdur. Odur ki, idarənin imtinas ı ƏPQ-nin tələblərinə tam uyğundur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasında onun iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. İşin məhkəmələr tərəfin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə daxil olmuş yeni məlumat vərəqi əsasında cavabdeh iddiaçıya daha əvvəl təyin etdiyi əmək pensiyasının məbləğini yenidən hesablamışdır. Cavabdeh həmçinin məlumat vərəqinin xx.xx.2019-cu il tarixdə daxil olduğunu nəzərə alaraq yenidən hesablamanı həmin vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32-1.1ci maddəsinə istinadla əvvəlki üç il üçün aparmışdır. Hazırki mübahisə xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək iddiaçıya «məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləməyə görə» və «peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə əlavə»lərin ödənilməsi ilə bağlıdır. Cavabdeh imtina məktubunda, apelyasiya və kassasiya şikayətlərində hesab etmişdir ki, qeyd edilən əlavələr yalnız üç il üçün ödənilməlidir. Apelyasiya məhkəməsi isə hesab etmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdən əvvəl pensiyaçı olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa qeyd edilən tarixdən sonra edilmiş dəyişikliklər onun barəsində tətbiq edilməməlidir. Kollegiya aşağıda göstərilənlərə əsasən apelyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun (xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada): 31.1-ci m addəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. xx xxxx 2017-ci ildən sonra “Əmək pensiyaları haqqında” Qanunda edilmiş dəyişikliklərdən sonra normalar aşağıdakı redaksiyalarda olmuşdur: 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Yuxarıda qeyd edilmiş normaların qarşılıqlı təhlili o nu deməyə əsas verir ki, xx xxxx 2017-ci il tarixə qədər qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği hər hansı müddət məhdudiyyəti tətbiq edilmədən ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təy in edilir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iddiaçının barəsində yeni məlumat vərəqi xx xxxx 2019cu il tarixdə verilsə də, iddiaçı pensiya hüququnu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklərin edildiyi xx.xx.2017-ci il tarixədək əldə etdiyindən, həmin tarixdən sonra edilmiş dəyişikliyin iddiaçıya tətbiq edilməsi həm Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, həm də sözügedən Qaydaların 1.3-cü bəndinə zidd olmuşdur. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-798/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1537/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1537/2020
01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver