Məhkəmə qərarları › İş №2-1(102)-1554/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1554/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1554/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçunun mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Resp ublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-260/2021 nömrəli, 07 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 12.08.1993-cü il tarixdən 07.06.1995-ci il tarixədək Bakı Ali Birləşmiş Komandirlər Məktəbində, 07.06.1995-ci il tarixdə n 12.11.2001-ci il tarixədək N saylı hərbi hissədə, 12.11.2001-ci il tarixdən 14.08.2010-cu il tarixədək N saylı hərbi hissədə, 14.08.2010-cu il tarixdən 26.07.2012-ci il tarixədək Silahlı Qüvvələrin Hərbi Akademiyasında, 26.07.2012-ci il tarixdən 02.03.2013-cü il tarixədək N saylı hərbi hissədə, 02.03.2013-cü il tarixdən 04.02.2014-cü il tarixədək N saylı hərbi hissədə, 04.02.2014-cü il tarixdən 07.05.2016-cı il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 30.04.2016-cı il tarixli 0290 nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 17.08.2016-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövl ət Xidmətinin İsmayıllı rayon şöbəsinin hərbi qeydiyyatındadır. Eyni zamanda, iddiaçı “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə iddiaçı “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir

2. İddiaçı onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməli olmasına istinad edərək, müvafiq tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 19 avqust 2020-ci il tarixli, 3070 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barə də" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı Gəncə Hərbi Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunduğundan dövlət vəsaiti hesabına mənzillə təminatı Müdafiə Nazirliyinin mənzil komissiyasının qərarına əsasən Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının təsiri xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hə rbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar verilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12.08.1993-cü il tarixdən 07.06.1995-ci il tarixədək Bakı Ali Birləşmiş Komandirlər Məktəbində, 07.06.1995-ci il tarixdən 12.11.2001-ci il tarixədək N saylı hərbi hissədə, 12.11.2001-ci il tarixdən 14.08.2010-cu il tarixədək N saylı hərbi hissədə, 14.08.2010-cu il tarixdən 26.07.2012-ci il tarixədək Silahlı Qüvvələrin Hərbi Akademiyasında, 26.07.2012-ci il tarixdən 02.03.2013-cü il tarixədək N saylı hərbi hissədə, 02.03. 2013-cü il tarixdən 04.02.2014-cü il tarixədək N saylı hərbi hissədə, 04.02.2014-cü il tarixdən 07.05.2016-cı il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən, öz arzusu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 30.04.2016-cı il tarixli 0290 nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 17.08.2016-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsində hərbi qeydiyyatdadır. Cavabdeh orqana dövlət vəsaiti hesabına mənzil təminatı ilə bağlı müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Ona ünvanlanan imtina məktubunda qeyd edilir ki, Azərbaycan Ordusunda hərbi xidmət müddətində və ya ehtiyata (istefaya) buraxıl dıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və ödənilmiş hərbi vəzifəlilərin dövlət vəsaiti hesabına mənzil təminatı Azərbaycan Respublikası Müdafiə nazirinin 21 fevral 2018-ci il tarixli 63 nömrəli əmrilə yaradılmış komissiya tərəfindən sözügedən hərbi vəzifəlilərin Azərbaycan Ordusunda hərbi xidməti qüsursuz hesab edilmədiyindən onların adlarının dövlət vəsaiti hesabına mənzil təminatı ilə əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara əlavə edilməməsi qənaətinə gəlinmişdir.

5. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazın əsaslarını imtina məktubunda qeyd edilənlər təşkil edir.

6. Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(116)-219/2021 saylı qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin “A zərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 20 təqvim ilindən çox qüsursuz xidmət etməsi iş materialları ilə təsdiq edildiyindən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ona şamil edilməlidir.

8. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-260/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: V.İ.Məlikov və E.Ş.Hüseynov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2-1(116)-219/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:

12. Şikayətdə qeyd edilir ki, iddiaçı Gəncə Hərbi Məhkəməsinin 22.06.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. 13. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənlər nəzərə alındıqda iddiaçını bu kateqoriyadan olan şəx slərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına salmaq Azərbaycan Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569N-li Fərmanına uyğun deyildir. Respublikası b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kasasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində icl asda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu Bənd 1. 1. “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Bənd 2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir.

18. Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Bənd 1. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər.

19. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi t ədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı Bənd

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.

20. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi: Maddə 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; Maddə 83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ape lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİ NİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. Cavabdeh imtina məktubunda və apelyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də iddiaçının məhkum olunmasına istinad edərək iddianın təmin edilməməsini xahiş edir.

26. Cavabdeh inzibati orqan iddiaçının Gəncə Hərbi Məhkəməsinin 22 iyun 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsinə əsasən 700 (yeddi yüz) manat miqdarında cərimə cəzasına məhkum edildiyini qeyd etmişdir.

27. Bununla bağlı olaraq məhkəmə kollegiyası bildirir ki, əvvəla cinayət qanunvericiliyin müddəalarına əsasən məhkumluqla bağlı olan bütün hüquqi nəticələr m əhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur.

28. Cinayət işinə əlavə olunmuş qəbzdən görünür ki, 06 iyul 2015-ci il tarixdə təyin olunmuş cərimə dövlət nəfinə tam ödənilmişdir. Beləliklə də, həmin vaxtdan iddiaçının məhkumluğu ödənilmiş hesab edilir.

29. Eyni zamanda, iddiaçı “Qüsursuz xidmətə görə” medalın hər üç dərəcəsi ilə: Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2005-ci il tarixli əmri ilə 3-cü dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2009-cu il tarixli əmri ilə 2-ci dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 24 iyun 2014-cü il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medallarla təltif olunmuşdur. Həmin medallar iddiaçıya Silahlı Qüvvələrdə müvafiq olaraq 10 il, 15 il və 20 il qüsursuz xidmət etdiyinə görə verilmişdir.

30. Bundan başqa, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, 29.09.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilərək 29.09.2020-ci il tarixdə şəxsi işi ilə birgə müvafiq hərbi hissəyə təhvil verilmiş, N günlük Vətən müharibəsində iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə ona “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

31. Medalların adından və təltif etmə şərtləri və qaydalarından görünür ki, bu təltiflər dövlət tər əfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur.

32. Beləliklə, iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi tanındığı yuxarıda qeyd edilən təltiflərlə təsdiq edildiyindən, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması onu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verir. Odur ki, həmin Fərman iddiaçıya da şamil edilməlidir.

32. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-260/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar