Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1564/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən yaşa görə müavinət təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən yaşa görə müavinət təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-680/2025 nömrəli qərarından cavabdeh kassasiya şikayətinə əsasən inzibati işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur.
2. AZ-İİ seriyalı 021350 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X8 və X1 arasında xx.xx.1980-ci ildə nikah bağlanmışdır. 3. 1 saylı Xüsusi Təyinatlı MKTB 83 saylı MKİS-nin 065 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 3 uşaq doğmuş, 8 yaşa qədər böyütmüş və tərbiyə vermişdir. Oğlu – X7, qızı – X3 və qızı – X9.
4. Azad sahibkar, təndirxana müdiri Ənvər Nuriyev tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində təndirxanada çörək bişirən vəzifəsində işləməsi ilə bağlı aktiv əmək müqaviləsi olsa da, ona heç bir əmək haqqı hesablanmamış və o, məcburi sosial sığortaya cəlb olunmamışdır.
5. Cavabdehin iddiaçıya ünvanladığı “yaşa görə sosial müavinət haqqında” xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxsl ərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilmişdir. Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial m üavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin Qanuna dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Qanuna əsasən həmin Qanunun 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün 01.01,2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən yaşa görə müavinət təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəfindən yaşa görə sosial müavinət almağı barədə cavabdeh orqana müraciət edilmiş, lakin həmin qurum tərəfindən ona imtina məktubu ünvanlanmışdır. Qeyd olunan imtina məktubunda xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsinin qüvvədə olması, qadınların yaşa görə müavinət hüququnun xx.xx.2023-cü il tarixindən 63 yaş 6 ay müəyyən edilməsi və 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən müavinət növü üzrə təyinatın qanunvericilikdə nəzərdə tutulmaması səbəbindən ona yaşa görə sosial müavinətin təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdeh orqan tərəfindən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, eləcə də, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində təndirxanada çörək bişirən vəzifəsində işləməyi ilə bağlı aktiv əmək müqaviləsi olsa da, ona heç bir əmək haqqı ödənilmədiyi və məcburi dövlət sosial sığortaya cəlb olunmadığı nəzərə alınmamışdır. Hesab edir ki, imtina əsasları formal olmaqla yaşa görə sosial müavinət alma hüququnun pozuntusuna səbəb olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdeh iddiaya dair yazılı etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-cü il tarixdən 01,07.2024-cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilmişdir. Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxil ində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin Qanuna dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Qanuna əsasən həmin Qanunun 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçının əmək müqaviləsi qüvvədə olduğundan; - qadınların yaşa görə müavinət hüququ xx.xx.2023-cü il tarixdən 63 yaş 6 ay müəyyən edildiyindən; - 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən müavinət növü üzrə təyinat qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bununla bağlı iddiaçıya bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmasa da, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində sözügedən dövrdə əmək müqaviləsi aşkar edilmişdir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün iddiaçıya Nazirliyin yanında X5 müraciət etməyi tövsiyə edilmişdir. Qanunu n 9.1.1-ci və 11.1.2-ci maddələrinə əsasən, müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, müraciət edilmə vaxtından asılı olmayaraq Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən etibarən ömürlük və ya şəxsin yenidən əmək fəaliyyətinə başladığı günədək təyin olunur. Şəxsin müavinəti almaq hüququ yarandıqdan sonra o, əmək fəaliyyətinə başlamışsa, lakin əmək fəaliyyəti bu və ya digər səbəbdən Qanunda müvafiq dəyişikliyin edildiyi 2020-ci il 1 yanvar tarixdən sonra dayanmışsa, bu zaman onun yenidən müavinəti almaq hüququ yaranmamış hesab edilir. Sözügedən uyğunsuzluq aradan qaldırıldıqdan sonra 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadınlara verilən yaşa görə sosial müavinət hüququna baxıla biləcəyi bildirilmişdir. B eləliklə, iddiaçıya çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə zidd olduğu tərəfimizdən sübuta yetirilmiş hesab edilməlidir. Bu səbəbdən, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8195/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qərarı ilə (hakim Miminat Hacıbəyova) iddia tələbi təmin edilərək İddiaçı 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən yaşa görə müavinət təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə mə rkəzi filialına həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, İddiaçı xx.xx.1961-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçının xx.xx.1961-ci il tarixdə doğulduğu və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2020-ci ilədək olan redaksiyası) tələblərinə əsasən 3 və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi nəzərə alındıqda, onun 57 yaşının tamam olduğu vaxtdan – xx.xx.2018-ci il tarixdən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, yaşa görə müavinət almaq hüququ vardır. Digər şərtlər: əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə. Bundan başqa, iddiaçının sosial müavinət almaq hüququ yarandığı tarixdən sonra qanunvericiliyin dəyişməsi iddiaçının hüquqlarının məhdudlaşdırılması (vəziyyətin pisləşdirilməsi) üçün əsas deyildir. Cavabdehin etirazında göstərilən digər – iddiaçının xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək işləməsi- əsasına gəldikdə isə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təndirxanada faktiki işləməsini təsdiq edən sübutlar- əmək haqqı alması, məcburi dövlət sosial sığorta haqqının, verginin ödənilməsi və s. - təqdim edilməmişdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103) -680/2025 nömrəli qərarı ilə (hakimlər Aytən Oruczadə (sədrlik edən və məruzəçi), Günel Abbasova və Rəşid Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2-1(112)-8195/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsinin qərarının əsasları birinci instansiya məhkəməsi ilə eyni olmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri 15. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçının əmək müqaviləsi qüvvədə olduğundan, qadınların yaşa görə müavinət hüququ xx.xx.2023-cü il tarixdən 63 yaş 6 ay müəyyən edildiyindən, 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən müavinət növü üzrə təyinat qanunvericilikdə nəzərdə tutulmadığından iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
16. Bununla bağlı iddiaçıya bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmasa da, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində sözügedən dövrdə əmək müqaviləsi aşkar edilmişdir. Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün iddiaçıya Nazirliyin yanında X5 müraciət etməyi tövsiyə edilmişdir. 17. “Sosial müavinətlər haqqında” Qanunun 9.1.1-ci və 11.1.2-ci maddələrinə əsasən, müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, müraciət edilmə vaxtından asılı olmayaraq Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən etibarən ömürlük və ya şəxsin yenidən əmək fəaliyyətinə başladığı günədək təyin olunur. Şəxsin müavinəti almaq hüququ yarandıqdan sonra o, əmək fəaliyyətinə başlamışsa, lakin əmək fəaliyyəti bu və ya digər səbəbdən Qanunda müvafiq dəyişikliyin edildiyi 2020-ci il 1 yanvar tarixdən sonra dayanmışsa, bu zaman onun yenidən müavinəti almaq hüququ yaranmamış hesab edilir. Sözügedən uyğunsuzluq aradan qaldırıldıqdan sonra 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadınlara verilən yaşa görə sosial müavinət hüququna baxıla biləcəyi bildirilm işdir. Beləliklə, iddiaçıya çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə zidd olduğu cavabdeh tərəfindən sübuta yetirilmişdir.
18. Vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına zərurət vardır. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanuna dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Qanuna əsasən həmin Qanunun 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Ka ssasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının 57 yaşı olan vaxt qüvvədə olan redaksiyada): 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra – müavinətlər) – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər – əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları.... 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir:... 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. əlilliyə görə müavinət;... 7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir:... 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə;... 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır:... 11.1.2. yaşa görə müavinət – şəxs əmək fəaliyyətinə başladıqda; “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədə olan redaksiya): 1.0.Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.2. yaşa görə müavinət 7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə 7.0.10-3. beşdən çox uşağı olan qadınlara müavinət – beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda;
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 9
8. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə m addi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilə n yaşa görə müavinət təyin edilməsi ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
27. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının xx.xx.1961-ci il tarixdə doğulduğu və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2020-ci ilədək olan redaksiyası) tələblərinə əsasən 3 və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi nəzərə alındıqda, onun 57 yaşının tamam olduğu vaxtdan – xx.xx.2018-ci il tarixdən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, yaşa görə müavinət almaq hüququ vardır.
29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA AL Dİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)680/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.