Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-159/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pensiya məbləğinin geri qaytarılması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qanunsuz olaraq tutulmuş pensiya məbləğini n geri qaytarılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1790/2021 nömrəli iş üzrə 02.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 12 yanvar 2022-ci tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2012-cı ilin dekabr ayından Azərbaycan Respublikasına daimi yaşamaq üçün köçmüşdür. 2013-cü ilin fevral ayından Müdafiə Nazirliyi xətti ilə Azərbaycan Respublikasında ona hərbi pensiya təyin olunmuşdur. 2018-ci ilin iyul ayında ona təyin olunmuş pensiya məbləğinin təxminən yüz manat azaldığını bilmişdir. Səbəbini öyrənmək üçün cavabdehə müraciət etmişdir. Şöbə rəisi ona şifahi olaraq bildirmişdir ki, bunun səbəbi onun Azərbaycan Respublikasında 2013-cü ilin fevral a yından 2015-ci ilin iyul ayına qədər müvəqqəti qeydiyyatda olmasıdır. O, cavabdehin bu hərəkətinə etiraz edərək bildirmişdir ki, onun razılığı və məhkəmənin qərarı olmadan pensiyasından hər hansı pul tutulması qanunun tələblərinə uyğun deyil. Onun bu siyahıya səhvən düşdüyünü, Hesablama Palatasına bu haqda müraciət ünvanladıqlarını və nəticəsi haqqında ona məlumat verəcəklərini vurğulamışdır. O, məlumat almadığından 28.01.2019-cu ildə cavabdehə məktubla müraciət etmişdir, 21 fevral 2019-cu ildə **********0 nömrəli cavab məktubu almış və onun pensiyasından bundan sonra da hər ay 91,97 manat vəsait tutulacağı bildirilmişir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin ona ömürlük təyin olunmuş pensiya təminatından məhkəmənin müvafiq qərarı olmadan hər ay özbaşına pul vəsaitinin tutulması ilə nəticələnən hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılması, cavabdehin üzərinə ona təyin olunmuş əmək pensiyasından 2018-ci ilin iyun ayından 2020-ci ilin avqust ayı daxil olmaqla müddətdə qeyri-qanuni tutulmuş 2483 manat 19 qəpik və 2020-ci ilin sentyabr ayından başlayaraq məhkəmə qərarının qanuni qüvvəyə mindiyi günədək keçən hər aya görə əlavə 91 (doxsan bir) manat 97 qəpik məbləğlərində pul vəsaitlərinin, 78 manat məbləğində məhkəmə xərclərinin birdəfəlik ödənişlə bank hesabına köçürülməsi vəzifələrinin cavabdehin üzərinə qoyulması barədə iddia ə rizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
3. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü ilin dekabr ayından 2012-ci ilin noyabr ayına qədər qulluq stajına görə Ukrayna Müdafiə Nazirliyi xətti ilə X2 ömürlük pensiya ilə təmin olunmuşdur. 2009-cu ildə mənzilini satıb ailəsi ilə birgə Azərbaycana qayıtmış və Siyəzən şəhərində yeni mənzil almış, burada uşaqları orta məktəbi bitirmiş, daha sonra ali təhsil almışlar. Sonra 2013-cü ilin may ayında o evi də satıb Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzil almış ora köçmüşlər. Amma yaşadıqları bina yeni tikili olduğundan ünvan 1 ünvanda qeydiyyatdadırlar. Bu faktlar və onun daimi yaşamaq məqsədi ilə Azərbayc ana köçməyi ərizəyə əlavə edilən yazılı sübutlarla təsdiqlənir. Ona təyin olunmuş hərbi pensiyanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, oradan bildirmişlər ki, bunun üçün onun şəxsi işinin 1ci nüsxəsini və pensiya işini Nazirliyə göndərilməsini təmin etmək lazımdır. Bu səbəbdən o, Ukraynaya qayıdaraq lazımı bütün proseduraları keçmişdir - oradan qeydiyyatdan çıxmış, daxili pasportunu təhvil vermiş, 2012-ci ilin dekabr ayından daimi yaşamaq üçün ailəsinin yanına Azərbaycan Respublikasına qayıtmışdır. 2013-cü ilin yanvar ayında o, şəxsi və pensiya işi qovluqları olan paketi müşayiət vərəqi ilə birgə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim etmişdir. 12.02.2013-cü il tarixdə onun Azərbaycan Respublikasında yaşaması rəsmi qeydiyyata alınmışdır. Qanunda göstər ilən 10 gündən sonra ona 2013-cü ilin fevral ayından hərbi təqaüd veriləcəyi barədə qərarın qəbul olunması haqqında qəbz verilmişdir. Cavabdeh tərəfindən onun şəxsən hansı hüquq pozuntusuna yol verdiyinə və hansı qanun normalarını pozduğuna görə ondan pul tutulmasının səbəbi bəlli deyil...”
4. Birinci instansiya məhkəməsinin 15.03.2021-ci il tarixli, 2-1(112)1318/2021 nömrəli qərarı ilə (sədrlik edən hakim Pərviz Hüseynov) iddianın rədd edilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının pensiya aldığı 01.02.2013-cü il tarixdən 28.07.2015-ci il tarixədək dövr üçün artıq ödənilmiş pensiya məbləğinin iddiaçıdan tutulması qanunvericiliyin tələblərinə uyğundur. Bu baxımdan iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.
6. İddiaçı həmin qərarda n apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 15.03.2021-ci il tarixli, 2-1(112)-1318/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.09.2021-ci il tarixli, 2-1(103)-1790/2021 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Elmira Nağıyeva) qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 15.03.2021-ci il tarixli, 2-1(112)-1318/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı hə min qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 02.09.2021-ci il tarixli, 2-1(103)-1790/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
10. İddiaçının kassasiya şikayəti onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası mübahisəli hüquq münasibətlərini qiymətləndirərkən öz qərarında maddi hüquq normalarına istinad etsə də, onları səhv təfsir etmiş, tətbiq edilməli olan normaları tətbiq və ya düzgün tətbiq etməmişdir. Bu da qanunsuz və əsassız olan indiki qərarın qəbul edilməsi ilə nəticələnmiş, bununla da onun konstitusiya ilə təsbit edilmiş sosial təminat, mülkiyyət, döv lət orqanlarına etimad və d. hüquqlarının kobud şəkildə pozulmuşdur.
11. Belə ki, işin materiallarından göründüyü kimi, iddiaçı Azərbaycan SSR ərazisində doğulub boya-başa çatıb, orta təhsilini də burada alıb. 1983-cü ildə dövlət sifarişi ilə AzSSR Hərbi Komissarlığının Dəvəçi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Bakı Ali Hərbi Ümumqoşun Komandirləri məktəbinə, oranı bitirdikdən sonra təyinatla X1 yerləşən hərbi birliyinə xidmətə göndərilib. 1992-ci ildən isə, yenə də əvvəlki qanunvericiliyə uyğun, MDB təşkilatının birgə hərbi komandanlığı tərəfindən təyinatla Ukraynaya göndərilib. 2004-cü ildə Ukrayna ordusundan tərxis olunaraq xidmət müddətinə görə pensiya ilə təmin olunub. 12. 2012-cü ilin noyabr ayından Azərbaycan Respublikasına daimi yaşamaq üçün köçdüyünə g örə MDB dövlətlərarası sazişlərə uyğun olaraq Ukraynada ona verilən hərbi pensiya dayandırılıb şəxsi və pensiya işi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilib. 2013-cü ilin fevral ayından bu hüquq münasibətlərinin yarandığı vaxtın qanunvericiliyinə və inzibati praktikasına uyğun olaraq, burada ona ömürlük təyin olunmuş pensiyanın verilməsi davam edilib.
13. Bakı Apellyasiya Məhkəməsi öz qərarını “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinin tələbi ilə əsaslandırarkən qanunu düzgün təfsir etmir və bu norma əsasında cavabdehin hərəkətlərini qanun çərçivəsinə salmaq istəyib. Həmin maddədə deyilir: “Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Resp ublikasinin vətəndaşlari ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır”.
14. Apellyasiya instansiyası məhkəməsi 2013-cü ilin fevral-mart aylarında hüquq münasibətlərinin yarandığı vaxt “Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbi” terminin hüquqi tənzimlənmədiyini və ona görə də hansı şəxslərin "daimi yaşayan əcnəbi” olduğunun qanunvericiliklə müəyyən edilmədiyinə, onun AR-da artıq 1 ildən çox müddətdə daimi yaşadığına baxmayaraq bu qeyri-müəyyənliyi, hüquq boşluqlarını onun hüququna zərər verən tərzdə şərh və tətbiq edib. Bakı Apellyasiya Məhkəməsi nəzərə almayıb ki, bu termin ilk dəfə AR Miqrasiya Məcəlləsində tənzimlənib və bu normanın geriyə qüvvəsi olmadığından 01.08.2013-cü ilə qədər yaranmış hüquq münasibətlərinə şamil edilə bilməzdi. Hüquqi qeyri-müəyyə nliyin isə vətəndaşın zərərinə təfsir və şərh edilməsi qanuna ziddir.
15. Cavabdeh dövlət orqanının mübahisəiəndirilən qərarla bağlı hüquq və səlahiyyəti "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39-cu maddəsində nəzərdə tutulub. Həmin maddənin 39.1 maddəsinə görə, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda ısə ancaq məhkəmə qaydasında tutulması nəzərdə tutulmuşdur.
16. İşin materiallarından görünür ki, ƏƏSMN yanında DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçının razılığı olmadan, məhkəmənin qərarı olmadan qanunvericiliyə zidd qaydada onun əmlakından/mülkiyyətindən məhrum etmiş, dövlət orqanına etimad hüququnu pozaraq özbaşına dövləti n ümumi publik öhdəliklərinin yerinə yetirilməsinə və onun qanuni legitim gözləntisi olan sosial təminat hüququna xitam verilməsi ilə nəticələnən hərəkətlər etmişdir.
17. Cavabdeh kasasiya şikayətinə qarşı etirazda qeyd etmişdir ki, Müdafiə Nazirliyinin məlumat vərəqəsinə əsasən 01.01.2013-cü il tarixindən pensiya təyin edilmiş, 27.08.2013-cü il tarixdən etibarən hər il müddəti bir il uzadılmaqla 27.08.2015-ci il tarixinədək ölkə ərazində yaşamasına icazə verilmişdir. Daimi yaşamaq üçün icazəsi isə yalnız 28.07.2015-ci il tarixində verilmişdir və 28.07.2020-ci ilə qədər etibarlıdır. Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün verilmiş müvəqqəti icazə vəsiqəsində qeyd edilən məlumata əsasən iddiaçı Ukrayna Respublikasının vətəndaşıdır. “Əmək pensiyaları haqqında" Qanununun 3.2-ci mad dəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin həmin Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminat hüququ var. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş pensiya təminatı hüququna malik olmadığı müddətdə ona 12.784,21 manat məbləğində əmək pensiyası ödənilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyasının “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi üzrə gəlirlərin və xərclərin icrasına dair auditin nəticələri haqqında" Q95 nömrəli 06 iyul 2018-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında" Az ərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələbinin pozulması halı ilə əlaqədar olaraq artıq ödənilmiş pensiya məbləğlərinin bərpa edilməsi idarənin qarşısında vəzifə olaraq qoyulmuşdur. Bununla əlaqədar olaraq, 01.06.2018-ci il tarixindən etibarən hər ay iddiaçının pensiyasından 91,97 manat məbləğində pul tutulur. Nəticə etibarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı əsaslıdır. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək Pensiyaları haqqında” Qanun: Maddə 3.2. Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısı nın razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzə rdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat v ə sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə Maddə 96.9. Ali Məhkəmə apell yasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qəra rı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hazırkı inzibati mübahisə üzrə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, işə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Ukrayna Respublikasının vətəndaşıdır. O, 05 avqust 1983-cü il tarixdən 05 avqust 1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, 05 avqust 1992-ci il tarixdən 30 dekabr 2004-cü il tarixədək Ukrayna Respublikasının Silahlı Qüvvələrində, ümumilikdə, 21 il 04 ay 25 gün həqiqi hərbi xidmətdə olmuşdur. 01.01.2013-cü il tarixdə Azərbaycan Respublikasında məskunlaşdığından ona Ukrayna Respublikası tərəfindən ödənilən pensiya dayandırılmışdır.
24. Beləlikə 01.01.2013-cü il tarixdən iddiaçıya Ukrayna Respublikası tərəfindən ödənilən pensiya dayandırılmışdır.
25. Həmçinin məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciətinə əsasən verlmiş məlumat vərəqi əsasında cavabdeh tərəfindən ona 01.02.2013-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir.
26. Bələliklə 01.02.2013-cü il tarixdən iddiaçıya Müdafiyə Nazirliyinin müraciətinə əsasən cavabdeh tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Burada xüsusi olaraq qeyd edilməlidir ki, işə baxmış məhkəmələr “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində müəyyən edilmiş “Etimad hüququnun qorunması” prinsipinin nəzərə almamışdır.
27. Eyni zamand a məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Sonradan cavabdehə məlum olmuşdur ki, Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıya etibarlılıq müddəti - 12.02.2013-cü il tarixdən 12.08.2013-cü il tarixə, 27.08.2013-cü il tarixdən 27.08.2014-cü il tarixə, 27.08.2014-cü il tarixdən 27.08.2015-ci il tarixədək olan müvəqqəti yaşama icazəsi və etibarlılıq müddəti 28.07.2015-ci il tarixdən 28.07.2020-ci il tarixədək isə daimi yaşamaq üçün icazə verilmişdir.
28. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən cavabdeh idarədə aparılan yoxlama nəticəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələbinin pozulması ilə bağlı Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilərə ver ilmiş pensiya məbləğinin dayandırılması və artıq ödənilmiş məbləğlərin geri alınması idarəyə tapşırılmış və iddiaçının 01.02.2013 28.07.2015-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququ olmadan aldığı artıq ödəmənin 01.06.2018-ci il tarixdən hər ay pensiyasından 91,97 manat çıxılmaqla tutulmasına başlanılmışdır...”
29. Beləliklə mübahisə predmeti olan pensiya pulunun (91,97 manat) cavabdeh tərəfindən iddiaçıdan 01.06.2018-ci il tarixdən hər ay tutulması Azərbaycan Respublikası Hesablama Palatasının cavabdehə verilmiş tapşırığı əsasında başlanılmışdır.
30. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “Əmək Pensiyaları haqqında” Qanunun 3.2-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətənda şlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır.
31. Burada xüsusi şəkildə vurğulanmalıdır ki, iddiaçıya 01.02.2013-cü ildən cavabdeh tərəfindən pensiyanın təyin edilməsi, yuxarıda artıq göstərildiyi kimi məhz dövlət inzibati orqanı olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumat vərəqəsinə əsasən həyata keçirilmişdir ki, buna görə də həmin məsələyə baxılması “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin müddəaları baxımından yanaşılmasını zəruri edir.
32. Digər tərəfdən “Əmək Pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsində deyilir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını t əyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
33. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, məhkəmə əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınııb- alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Xüsusən birdə fəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Məhkəmələr həmin maddədə nəzərdə tutulmuş ilkin şərtlərin ödənililib-ödənilmədiyini tam yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır.
34. Həmcinin nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin on a ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətəbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tə ləbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
36. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qa nunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
37. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.
38. Nəzərə almaq lazımdır ki, qeyd olunan halların araşdırılması və müəyyən edilməsi hazırkı mübahisə üzrə obyektiv və qanunauyğun qərarın qəbulu üçün mühüm əhəmiyyət kəsb edir.
39. Lakin işə baxmış məhkəmələr sözügüdən məsələni ümumiyyətlə araşdırmamışlar, halbuki cavabdeh tərəfindən sözügedən normaya riayət etməməsi barizdir.
40. Eyni zamanda məhkəmələr tərəfindən mübahisəli məsələ ilə əlaqədar cavabdeh orqanın “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparib-aparmaması diqqətdən kənar qalmış, yəni ümumiyyətlə araşdırılmamışdır.
41. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiyasının təsbit etdiyi insan hüquqlarının qorunması, ədalət və humanistlik prinsipləri baxımından iddiaçının yaşa görə pensiyaçı olduğu halda, onun hazırkı maddi durumu araşdırma predmeti olmamış və yaranmış inzibati mübahisə baxımından buna hüquqi qiymət verilməmişdir.
42. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassas iya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 02.09.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.09.2021-ci il tarixli, 21(103)-1790/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.