Məhkəmə qərarları › İş №2-1(102)-1595/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1595/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1595/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi borcu, operativ vergi nəzarəti, topdan və pərakəndə satış, pərakəndə satışın nəzarət kassa aparatı ilə həyata keçirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanınd a Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-112/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı MMC-nin 2019-2022-ci illər üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl etməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair səyyar vergi yoxlaması aktı tərtib edilmişdir.

2. Həmin akt əsasında cavabdeh inzibati orqan iddiaçı barəsində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167598 nömrəli qərar qəbul etmiş, 454733,58 manat əlavə vergi hesablamış, 712027,81 manat maliyyə sanksiyası tətbiq etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiаçı İddiaçı MMC cavabdeh 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Verg i ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167598 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin 2019-2022-ci illər üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl etməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə cavabdeh inzibati orqan tərəfindən səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Həmin akt əsasında cavabdeh inzibati orqan iddiaçı barəsində “Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğ orta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167598 nömrəli qərar qəbul etmiş, 454733,58 manat əlavə vergi hesablamış, 712027,81 manat maliyyə sanksiyası tətbiq etmişdir. Səyyar vergi yoxlamasının 13 dəfə müvəqqəti dayandırılmasına səbəb qərarlarda müəssisənin rəhbərinin əmək qabiliyyətini itirməsi göstərilsə də həmin şəxsin əmək qabiliyyətini itirməsi ilə əlaqədar hər hansı sübut təqdim edilməmiş və əsassız olaraq yoxlama uzadılmışdır. İddiaçı MMC müxtəlif ölçülü qablaşdırılmış pivə satışını həyata keçirir. İddiaçının təsərrüfat subyekti anbardır. İddiaçı həm topdansatış, həm də pərakəndə satışı həyata keçirmişdir. İddiaçı topdansatışı elektron qaimə-faktura ilə, pərakəndə satışı kassa vasitəsi ilə hə yata keçirmişdir. Vergi yoxlaması zamanı onun pərakəndə satışı nəzərə alınmamışdır. Lakin cavabdeh mühasibatlıq sənədləri əsasında onun pərakəndə satışını yoxlaya və vergilərin düzgün hesablanıb-hesablanılmamasını müəyyən edə bilərdi. İddiaçı satışını həyata keçirdiyi məhsulları "xxxx" MMC-dən elektron qaimə faktura vasitəsilə əldə etmişdir. Elektron qaimə-faktura və anbar sənədləri ilə yoxlanılan dövrdə daxil olan və satılan məhsulların çeşidini və miqdarını müəyyən etmək olur. Yoxlanılan dövrdə daxil olan və satılan məhsulların çeşidi və miqdarı ilə əlaqədar tərəflər arasında mübahisə yoxdur. Mübahisə ondan ibarətdir ki, iddiaçı qeyd edir ki, həmin məhsulların bir hissəsini elektron qaimə-faktura ilə topdansatış formasında, bir hissəsini isə kassa aparatı vasitəsi ilə pərakəndə formasınd a satmışdır. Cavabdeh əsassız olaraq bununla razılaşmır və hesab edir ki, iddiaçının təsərrüfat subyekti anbardır, fəaliyyəti topdansatışdır, qeydiyyata alınmış kassa aparatı olsa belə o, pərakəndə fəaliyyətlə məşğul ola bilməz. Lakin bu vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Onlar iddiaçının kassa aparatı vasitəsilə həyata keçirdiyi satış ilə əlaqədar hər hansı yoxlama həyata keçirməmişdirlər. Onlar daxil olan və satılan məhsulların miqdarından elektron qaimə faktura vasitəsilə satılmış məhsulları çıxmış, qalan məhsulu topdansatış formasında hesablayaraq dövriyyə müəyyən etmiş, müəyyən edilmiş dövriyyə əsasında 2019-2022-ci illər üzrə mənfəət və əlavə dəyər vergisi, maliyyə sanksiyası, o cümlədən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanks iyası hesablamışdırlar. Lakin iddiaçının vergi orqanında qeydə alınmış kassa aparatı var və iddiaçı təsərrüfat subyekti olan anbarda cavabdehin etirazı olmadan həmin kassa aparatından istifadə etmişdir. İddiaçı topdansatışı əsasən sifarişçiyə istədiyi yerə çatdırılmaqla həyata keçirmiş, pərakəndə qaydada isə anbardan əlavə xərclər çəkmədən qismən aşağı qiymətə kassa aparatı vasitəsilə sahibkar olmayan şəxslərə satmışdır. Cavabdehin istinad etdiyi izahat isə cavabdehin nümayəndəsi tərəfindən tərtib edilmiş, iddiaçıya hüquqi yardım və izah edilmədən, iddiaçının nümayəndəsinə imzaladılmışdır. Bununla da, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərini pozmuş və ona qanunsuz olaraq əlavə vergi hesablamışdır.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, cə miyyət yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq içki və tütün məlumatları daxil olmaqla yeyinti məhsullarının ixtisaslaşdırılmamış topdan satışı (pivə məhsullarının topdan satışı) fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisi tərəfindən bütün məhsullar topdan qaydada təqdim edilməsinə baxmayaraq (xx.xx.2022-ci il tarixində təqdim edilmiş izahatında bildirmişdir, (izahat əlavə olunur)), yoxlanılan dövr ərzində topdan qaydada satılmış malların bir hissəsi nəzarət kassa aparatının çeki ilə rəsmiləşdirilmişdir. Nəzarət kassa aparatının çekləri vasitəsilə rəsmiləşdirilmiş satışların hansı miqdarda və hansı ticarət əlavəsi ilə təqdim edilməsi ilə bağlı heç bir mühasibatlıq sənədi yoxlamaya təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən malların maya dəyəri ilə aylıq mədaxil və məx aricini özündə əks etdirən hesabatlar yoxlamaya təqdim edilməmişdir.

6. Şirvan İnzibati Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2330/2023 nömrəli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, cavabdehin «Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli, **********167598 saylı qərarı ləğv edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən operativ vergi yoxlaması keçirilərkən və yoxlamanın nəticələri rəsmiləşdirilərkən, vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və m addi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edilmişdir. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən mübahisələndirilən qərar qanunsuz sayılmalı və ləğv edilməlidir

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2-1(106)-112/2024 nömrəli qərarı ilə (hakimlər: X4 (məruzəçi), X2 və X3) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməs inin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62, 13.2.63, 38.2.4, 38.7, 58.13, 71-1.1, 104.1, 159.1-ci maddələrinə, eləcə də İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 69.4-cü maddələrinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

13. İddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olduğu bir neçə istiqamətdə sübut olunmuş və bununla bağlı təsdiqedici sənədlər əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Lakin nə birinci, nə də apelyasiya instansiyası məhkəməsi bu halların heç birinə əhəmiyyət verməmiş, dəlilləri qiymətləndirməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliy yəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Maddə

50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədl ər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; Maddə 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunve riciliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.3. Bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit və elektron pul təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın veril diyi tarixdən, kredit və elektron pul təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.... 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Al i Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şika yət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. X9 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik t əşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. İş materiallarından görünür ki, İddiaçı MMC-nin 2019-2022-ci illər üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl etməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə cavabdeh inzibati orqan tərəfindən səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Həmin akt əsasında cavabdeh inzibati orqan iddiaçı barəsində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və ya sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********167598 nömrəli qərar qəbul etmiş, 454733,58 manat əlavə vergi hesablamış, 712027,81 manat maliyyə sanksiyası tətbiq etmişdir.

23. Hazırda iddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, cavabdeh inzibati orqan mübahisə predmeti olan müvafiq qərarın qəbul edilməsinin əsası kimi istinad etdiyi halları sübut etmək öhdəliyi daşıyır.

25. Qəbul edilmiş qərardan görünür ki, cavab deh səyyar vergi yoxlamasını həyata keçirərkən həmin yoxlama 13 dəfə ardıcıl dayandırılmışdır və 13 dəfə yoxlamanın dayandırılmasına səbəb yalnız “Səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi” göstərmişdir. Lakin bu hallarda inzibati orqan vergi ödəyicisinin rəhbərdən (onu əvəz edən şəxsdən) təsdiqedici sənəd(arayış, xəstəlik vərəqəsi və s.) tələb etməli idi. Yəni, tək ərizənin təqdim olunması yoxlamanın dayandırılması üçün əsas deyil. İnzibati orqan tərəfindən bu formada yoxlamanı süni şəkildə uzadılması qanunun tələbinə uyğun olmamışdır.

26. Apelyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də cavabdeh qeyd edir ki, iddiaçı malların satışını topdansatış qaydasında həyata keç irmişdir.

27. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli "Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərarının 1.2-ci maddəsinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.5-ci maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir. Yuxarıda qeyd edilənlərdən anlaşıldığı kimi VÖEN-i olmayan malların satışı (təqdim edilməsi) isə alıcıya pərakəndə satış qaydasında son istehlak məqsədi ilə satışı anlamını verir və məhz bu baxımdan belə alıcılara elektron qaimə-fakturanın verilməsi barədə Vergi Məcəlləsində tələb nəzərdə tutulmur, həmin şəxslərə nəzarət-kassa aparatının çekinin və ya mədaxil qəbzinin verilməsi kifayət edər.

28. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2019cu ildən xx.xx.2022-ci il tarixədək İddiaçı MMC-yə məxsus olan kassa aparatında olan nağd vəsait vergi ödəyicisinə məxsus anbara aid olmuş, pərakəndə satış qaydasında son istehlak məqsədi ilə malların alıcılara satışı zamanı əldə edilmişdir.

29. Yuxarıda sadalanan qanunvericilik normalarından, Vergi Məcəlləsinin tələblərindən də aydın olur ki, pərakəndə satış zamanı vergi ödəyicisi olmayan alıcılara elektron qaimə fakturanın verilməsi nəzərdə tutulmur, həmin şəxslərə nəzarət-kassa aparatının çekinin və ya mədaxil qəbzinin verilməsi kifayət dir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, pərakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh kassasiya şikayətində iddiaçının malların alıcıya satışının son istehlak məqsədi ilə həyata keçirilmədiyini, malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bilirsə də, mövqeyinin əsaslı olduğunu sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyiciləri tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və müraciət lərin daxil olması barədə məlumatı təqdim edə bilməmişdir.

31. İşdəki sənədlərdən aydın olur ki, iddiaçının fəaliyyət növlərindən biri pərakəndə ticarət fəaliyyəti olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması da bu faktı təsdiq edir.Həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir. Başqa sözlə desək, iddiaçı vergi orqanında həm pərakəndə, həm də topdansatış ticarət fəaiyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmışdır. Cavabdehin dəlilinin əksinə olaraq qanunverici, topdansatış fəaliyyəti ilə məşğul olan sahibkara pərakəndə satış fəaliyyətini qadağan etmir.

32. Vergi ödəyicisinin vergi orqanında topdansatış ticarət fəaliyyəti göstərən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. Bundan başqa, iş materiallarına əlavə edilmiş vergi ödəyicisi haqqında məlumatdan aydın olur ki, iddiaçının hazırki operativ vergi nəzarəti keçirilən tarixədək vergi orqanında uçota alınmış fəaliyyət növləri “Təsərrüfat mallarının pərakəndə satışı”, "malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət” olmuşdur. Başqa sözlə desək, iddiaçı vergi orqanında həm pərakəndə, həm də topdansatış ticarət fəaliyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmışdır.

33. Yəni, cavabdeh vergi orqanı iddiaçı tərəfindən nəzarət kassa aparatı vasitəsilə pərakəndə ticarət qaydasında satılmış malların əslində topdansatış qaydasında satılmasını iddia etsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Halbuki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən "İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclud ur.

34. Qeyd edilməlidir ki, malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaimə faktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh qəbul etdiyi inzibati aktda iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə görə elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektind ən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər.

36. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaraq qeyd edir ki, şəxsin vergi orqanında topdan satış ticarət fəaliyyəti göstərən şəxs kimi uçota alınması onun başqa fəaliyyət növü (və ya növləri) ilə məşğul olmasını istisna etmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 3.12-ci bəndinə əsasən vergi ödəyicisi topdansatış ticarətlə yanaşı, digər fəaliyyət növləri həyata keç irdikdə, alınmış malları təyinatına uyğun olaraq ayrıca uçota almalıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.2-ci bəndinə əsasən, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. 37.Bununla belə, məhkəmə qeyd etmişdir ki, Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63- cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını m üəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isə topdan satış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarətkassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış zamanı malların alıcısına qəbz və ya nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə faktura yalnız alıcı tələb etdiyi halda tə qdim edilir ki, malların bir qisminin pərakəndə ticarət qaydasında satışını həyata keçirən iddiaçı həmin malların satışı zamanı elektron qaiməfaktura təqdim etmək vəzifəsi daşımamış və eyni zamanda hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır.

38. Eyni zamanda, Kürdəmir rayonu, Atakişili kəndində iddiaçının istifadəsində olan obyektlər “anbar” kimi qeyd olunsa da iddiaçı vergi orqanında həm pərakəndə, həm də topdansatış ticarət fəaliyyəti göstərən vergi ödəyicisi kimi uçota alınmış, səyyar vergi yoxlaması aktında da göründüyü kimi (anbarda) obyektdə nəzarət kassa aparatları xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və iddiaçının pərakəndə qaydada satılmış mallara dair həmin nəzarət kassa aparatlarından alınmış aylar üzrə icmal hesabatları sübut qismində məhkəməyə təqdim edilmişdir. Buradan isə aydın olur ki, iddiaçının fəaliyyət növlərindən biri pərakəndə ticarət fəaliyyəti olmuşdur. Həmin nəzarət kassa aparatlarının vergi orqanı tərəfindən təsdiq edilməsi isə iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına cavabdehin razılığını ifadə edir.

39. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

40. Qeyd olunanlardan göründüyü kimi, vergi orqanları vergi ödəyicisinin vergi qanunvericiliyinin tələblərinin pozulmasını iddia edirsə konkret dəlillərə əsaslanmalı, ehtimal və şübhələrə istinad olunmamalıdır. Hazırki mübahisədə isə cavabdeh maliyyə sanksiyasının tətbiq olunduğu məbləğin iddiaçının topdansatış ticarət fəaliyyəti nəticəsində yarandığını hər hansı sənədlə sübuta yetirə bilməmişdir.

41. Cavabdeh iddiaçının yalnız topdansatış fəaliyyəti həyata keçirdiyini iddia edirsə, bununla bağlı konkret təsdiqedici sənədlərə istinad etməlidir. Yəni, cavabdeh iddiaçı tərəfindən nəzarət -kassa aparatı vasitəsi ilə həyata keçirilmiş malların pərakəndə satışı zamanı malların alıcılarının vergi ödəyiciləri olduğunu hesab edirsə, bununla bağlı sübutları məhkəməyə təqdim etməli idi. Çünki qanunvericilikdə hansı həcmdə və məbləğdə aparılan satış əməliyyatlarının topdansatış, hansının isə pərakəndə satış hesab olunması həddi müəyyən edilmədiyi üçün məhkəmə yalnız qeyd olunan halı təsdiq edən sənədlər əsasında fəaliyyətin xarakterini müəyyən edə bilər.

42. Həmçinin, topdansatış ticarətlə yanaşı, pərakəndə ticarət qaydasında malların satışını da həyata keçirən iddiaçı həmin fəaliyyət üzrə malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının sahibkar olaraq elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. 4

3. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin «Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və ya sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərarı qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, həmin qərar iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmamalıdır.

44. Odur ki, vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən iddiaçı həmin qərarın ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur.

45. Məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılma lı, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-112/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar