Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1626/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünlük şərti, preyudisiallıq) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.04.2021-ci il tarixli, 2-1(103)-1059/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 7-ci Sverdlov döngəsi 13 ünvanında yerləşən 1 mərtəbəli evin ümumi sahəsi 59.0 kv.m, yaşayış sahəsi 40.5 kv.m olan 3 otaqlı mənzilinin sahəsi 10.0 kv.m olan bir yaşayış otağının mülkiyyətçisidir. Həmin evin sahəsi 30.5 kv.m olan 2 yaşayış otağı isə X2 mülkiyyətindədir.
2. İddiaçı X5 tərəfindən onun öz mənzilində konstruktiv dəyişiklik aparıldığını iddia edir.
3. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 07.09.2020-ci il tarixli, 21(112)-4916/2020 saylı qərardadının surətindən görünür ki, iddiaçı hazırkı tələb üzrə əvvəllər də cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Həmin qərardadla iddiaçının iddiası mümkün sayılmamışdır. Qərardad qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra-mətndə birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək qanunsuz tikilinin cavabdeh tərəfindən sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun hazırki iddia tələbini qaldırmaqda hüquqi marağı X5 tərəfindən aparılmış konstruktiv dəyişiklilərin (tikilinin) sökülməsinə nail olmaqdır.
6. Birinci instansiya məhkəməsinin 03.11.2020-ci il tarixli, 2-1(112)-6850/2020 nömrəli (hakim Aygün Abdullayeva-sədrlik edən) qərardadı ilə iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvv əyə minmiş məhkəmə qərardadı mövcuddur. Həmçinin iddiaçıya izah edilmişdir ki, hazırki tələbi ilə, yəni tikilinin sökülməsi ilə bağlı cavabdeh qismində tikilinin mülkiyyətçisinə qarşı həmin tikilinin sökülməsi barədə iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət edə bilər. Odur ki, iddia mümkün sayılmamalıdır.
8. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.04.2021-ci il tarixli, 21(103)-1059/2021 nömrəli ( hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Vidadi Məmmədov) qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məh kəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək şikayətin təmin edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikinti işlərinin onlar tərəfindən dayandırılması yazılı qaydada tövsiyə edilir və tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasını n Fövqəladə Hallar Nazirliyinə məlumat verilir. Öz növbəsində Fövqəladə Hallar Nazirliyi tikilinin sökülməli olması qənaətinə gəldikdə, bu barədə müvafiq qərar qəbul edərək tikilinin sökülməsi barədə məhkəməyə müraciət edir. Ona görə də iddiaçı qanunsuz tikilinin sökülməsi barədə cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qarşı iddia qaldırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
14. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçiv əsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
16. İddiaçı şifahi məhkəmə baxışının keçirilməsi barədə vəsatət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə şifahi məhkəmə baxışının keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş hallar mövcud olmadığı üçün vəsatət təmin olunmamalıdır. Tətbiq edilən hüquq
17. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəlikl ərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
18. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırla r. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından təmin edilməməli və apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, məzmun və mahiyyət etibarı ilə kassasiya şikayəti iddia ərizəsinə və apelyasiya şikayətinin dəlillərinə uyğundur.
21. Bununla bağlı qeyd edlməlidir ki, Avropa İnsan hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi mə sələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Həmin hüquqi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zə ruri hesab edir.
22. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
23. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır.
24. İddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Hazırki mübahisəyə münasibətdə iddianın mümkün sayıl mamasını şərtləndirən səbəb, yəni qanuni qüvvəyə minmiş məhkəmə aktı hüquqi qüvvəsini saxlamaqdadır.
25. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2-1(112)-4916/2020 saylı qərardadı ilə iddiaçının eyni cavabdehə qarşı eyni predmet barəsində və eyni əsaslar üzrə iddiası mümkün sayılmamışdır.
26. Bu qərarın 17-ci bəndində istinad olunan “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarındakı hüquqi mövqeyə görə, mübahisə predmeti haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi üçün əsasdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddiaların əsaslılığına baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
28. Bundan başqa, nəzərə almaq lazımdır ki, inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur.
29. Bu Qərarın 17-ci bəndində istinad olunan normanın müddəalarına görə, bu M əcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
31. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda şərh edi lənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.04.2021-ci il tarixli 21(103)-1059/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.