Məhkəmə qərarları › İş №2-1(102)-1635/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1635/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1635/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: İddianın mümkünsüzlüyü, mübahisənın mülki xarakterli olması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxsin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə (X4 üçüncü şəxs olmaqla) qarşı “sərəncam ın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1066/2021 nömrəli 29 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdehə (X4 üçüncü şəxs olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasının 24 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti cavabdeh qismində göstərilməklə, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 224 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-6846/2020 saylı qərardadı ilə (hakim: F.İ.Mədətli) iddia mümkün sayılmamışdır.

4. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla mülki mübahisə olduğundan, bu mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.

5. İddiaçı həmin qərardadla razılaşmayaraq apelyasiya şikayəti vermiş, qərardadın ləğv olunmasını və işin icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1066/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: A.B.Nuriyeva və V.M.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-6846/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. İddiaçı həmin qərardaddan narazı qaldığı üçün kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:

9. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərarında qeyd edilir ki, mübahisəli inzibati akt Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(010)2156/2019 saylı qətnaməsinin icrası qaydasında həyata keçirildiyi üçün bu işə inzibati icraat qaydasında baxıla bilməz. Halbuki, qeyd edilən qətnamə ilə X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X7 üzərində qəyyum təyin edilməmiş, yalnız X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir.

10. Belə olan halda, fəaliyyət qabiliyyəti olmayan şəxsin üzərində kimin qəyyum təyin edilməsi ilə bağlı mübahisə olduğu üçün bu işə məhkəmə qaydasında baxılmalıdır. Hazırkı halda isə mübahisəli inzibati akt (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasının 24 dekabr 2019-cu il tarixli qərarı) ləğv edilmədən bu cür mübahisələndirmə mümkünsüz olacaqdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

12. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

13. Üçüncü şəxsin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi.

14. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirs ə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. K assasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilə r. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, kassasiya şikayəti mümkün hesab edilmişdir.

17. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

19. Hazırki işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2019-cu il tarixli 224 nömrəli sərəncamını mübahisələndirmişdir.

20. Birinci və apelyasiya instansiyası məhkəmələri iddianı mümkün saymayaraq qeyd etmişlər ki, hazırki mübahisə mülki xarakterli mübahisə olduğundan ona inzibati icraat qaydasında baxıla bilməz.

21. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasın da yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 24. “İnzibati və mülki hüquq münasibətlərindən irə li gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.1-15.3-cü maddələr).

25. Hazırkı iş üzrə mübahisələndirilən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 20 19-cu il tarixli, 224 saylı sərəncamından görünür ki, RİH yanında Qəyyumluq və Himayə Komissiyasının 25.12.2019-cu il tarixli iclasının qərarını nəzərə alaraq “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 4.6.9-cu bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321-ci maddəsinə və Suraxanı rayon Məhkəməsinin 17.10.2019-cu il tarixli, 2(010)-2156/2019 saylı qətnaməsinə istinad edərək, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş qardaşı X7 üzərində qəyyum təyin edilmişdir. (X5 mülkiyyət hüququ saxlanılmaq şərti ilə). Həmin sərəncam əsasında müəyyən edilmişdir ki, X1 rayon Məhkəməsinin 17.10.2019-cu il tarixli, 2(010)-2156/2019 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Him ayə Komissiyasının 25.12.2019-cu il tarixdə keçirilmiş iclasında toplanmış materiallar araşdırılmış, vətəndaş X2 əxlaqi və şəxsi keyfiyyətləri, qəyyumluq vəzifələrini yerinə yetirmək qabiliyyəti, qəyyuma ehtiyacı olan şəxslə mövcud qohumluq münasibətləri nəzərə alınmış, ona qəyyumun hüquq və vəzifələri barədə məlumat verilməklə yekun qərar qəbul edilmişdir.

26. Bundan əlavə, iş materiallarında olan Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 25 dekabr 2019-cu il tarixli iclas Protokolundan Çıxarışdan görünür ki, Komissiya təşkil edilmiş X4 və İddiaçı iclasda iştirak etmiş, nəticədə Suraxanı rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(010)-2156/2019 saylı qətnaməsinə istinad olunaraq X2 fəaliyyət qabiliyyətsiz hesab edilmiş X7 üzərində qəyyum təyin edi lməsi məqsədəuyğun hesab edilmişdir. (səh 22)

27. Qeyd olunan qətnamə üzrə Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X7 üzərində ərizəçilərdən hansının qəyyum təyin edilməsi rayon icra hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına həvalə olmuşdur. Mübahisələndirilən sərəncam həmin qətnamənin icrası ilə bağlı verilmişdir.

28. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki iddianın əsasında iddiaçı ilə üçüncü şəxs X4 arasında mövcud olan X7 üzərində qəyyum təyin edilməsi ilə bağlı mübahisə dayanır ki, həmin mübahisə mülki xarakterli olmaqla, inzibati icraat qaydasında baxış predmeti ola bilməz.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

30. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından qərardadın ləğv edilməsi, kassasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1066/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar