Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1649/2021 12.10.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 11 saylı regional ərazi filialına qarşı iş üzrə (Açar sözlər: arxiv arayışında qeyd edilən illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 11 saylı regional ərazi filialına qarşı iş üzrə “işlədiyi müddətlərin ümumi iş stajı kimi sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31.05.2021-ci tarixli, 2-1(105)336/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci ildə doğulmuş, 1978-2001-ci illərdə fasilələrlə müxtəlif müəssisələrdə, eləcə də 1973-1978-ci illərdə Şamaxı rayon Astraxanovka kənd “X” kolxozunda işləmişdir.
2. İddiaçı yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh 03.03.2020-ci il tarixli məktubla iddiaçıya pensiya təyin edilməsindən imtina etmiş və imtinanın əsası kimi iddiaçının 1973-1978-ci illərdə Şamaxı rayon Astraxanovka kənd “X” kolxozunda işlədiyi müddətin əmək kitabçasında öz əksini tapmadığını göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının 1973-1978-ci il tarixlərində Şamaxı rayonunun Astraxanovka kənd “X” kolxozunda təsərrüfat işlərində işlədiyi müddətlərin ümumi iş stajı kimi sosial sığorta stajına daxil edilərək iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış ə mək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1973-1978-ci il tarixlərdə Şamaxı rayonunun Astraxanovka kənd “X” kolxozunda təsərrüfat işlərində işləmişdir. Yaşa görə əmək pensiyası alması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şamaxı rayon filialına ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh ərizəni rədd edərək bildirmişdir ki, tələb olunan ümumi iş stajı olmadığına görə iddiaçının yaşa görə əmək pensiyası hüququ yoxdur. Belə ki, 1973-1978-ci il tarixlərində Şamaxı rayonunun Astraxanovka kənd Kommunizm kolxozunda təsərrüfat işlərində işlədiyi döv rlər əmək kitabçasında əksini tapmadığı üçün yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamış, iddiaçının narazı qalacağı halda məhkəməyə müraciət edə biləcəyi qeyd edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Çünki onun əmək kitabçası var, bundan əlavə 1973-1978-ci il tarixlərində Şamaxı rayonunun Astraxanovka kənd “X” kolxozunda təsərrüfat işlərində işlədiyini sübut edən arxiv arayışını, Şamaxı RİHB-nın Qızmeydan İƏD-si üzrə nümayəndəliyinin Aktını və işləməsini təsdiq edən rəsmi arayışları və sənədləri cavabdehə təqdim etmişdir
5. Cavabdeh iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iş materiallarında olan pensiya işinə əlavə edilmiş əmək kitabşasının sur əti və Dövlət X1 arxiv arayışları əsasında (əmək haqqı cədvəlləri) iddiaçının 20 il 07 ay 06 gün sığorta stajının olduğu müəyyən edilir. Bu isə qanunvericiliklə tələb edilən 25 il sığorta stajından azdır. İşə əlavə olunmuş arxiv çıxarışı əsasında iddiaçının 05 il 06 ay 07 günlük iş stajı var. Lakin bu faktı təsdiq edəcək əmr kitabından çıxarış arxiv tərəfindən təqdim olunmadığından həmin illərdə iddiaçının kolxozda işlədiyi dövrün sığorta stajına daxil edilməsi əsassızdır. Bundan başqa, 1973-cü ildə iddiaçının 15 yaşı var idi. Həmin dövrdə SSRİ-nin Əmək Qanunları Məcəlləsinə əsasən əmək qabiliyyətli yaş 16 yaş hesab olunduğundan 16 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir. Ona görə də id diaçının 03.03.1974-cü il (16 yaşının tamam olma tarixi) tarixinə qədər işlədiyi müddət iş stajına daxil edilə bilməz.
6. Sumqayıt İnzibati Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2-1(118)-200/2021 saylı qərarı ilə (hakim İsmayıl Quliyev) iddiaçının 1973-1978-ci il tarixlərində Şamaxı rayonunun Astraxanovka kənd “X” kolxozunda təsərrüfat işlərində işlədiyi müddətlər (Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X1 27.02.2020-ci il tarixli, 157 saylı arayışında qeyd olunan dövrlər) ümumi iş stajı kimi sosial sığorta stajına daxil edərək iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçı pensiya yaşına ça tmışdır və əmək kitabçasına əsasən 20 il 7 ay 6 gün sosial sığorta stajı vardır. Arayışda qeyd olunan iddiaçının 1973-1978-ci illərdə Şamaxı rayon Astraxanovka kənd “Kommunizm” kolxozunda işlədiyi dövrlər, illər üzrə əmək günləri əsas götürülərək 05 il 06 ay 07 gün sosial sığorta stajı kimi nəzərə alındıqda isə iddiaçının 25 ildən artıq sosial sığorta stajı yaranmış olur
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-336/2021 saylı, 31.05.2021-ci il tarixli qərarı ilə (sədrlik edən Zaur Məmmədov, hakimlər Hökümə Babayeva və Fuad Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2-1(118)-200/2021 s aylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Məhkəmə qərarı cavabdehə 22.06.2021-ci il tarixində təqdim edilmişdir.
12. Cavabdeh 12.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-336/2021 saylı, 31.05.2021-ci il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin əsasını cavabdehin etirazında qeyd edilən hallar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 7, 21.1 -ci maddələrini işin hallarına düzgün tətbiq etməmiş, Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyinə zidd qərar qəbul etmiş, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olsa da, hər iki instansiya məhkəməsi inzibati icraatın əsas prinsiplərindən olan bu müddəanın tələblərini pozaraq araşdırma aparmamış, nəticədə düzgün olmayan qərar qəbul etmişdir.
14. Belə ki, yuxarıda istinad olunan maddi hüquq normalarının məzmununa görə müəyyən edilmiş yaş həddinə çatmış şəxsin pensiya hüququnun yaranması üçün tələb olunan əsas şərtlərdən biri sığorta stajıdır. Lakin iddiaçının pensiya işinə əlav ə edilmiş əmək kitabçasının surətindən göründüyü kimi onun sığorta stajı ümumilikdə 20 il 07 ay 06 gün təşkil edir. Arxiv arayışında qeyd olunan illər daxil olunduğu halda iş stajı 24 il 10 ay 13 gün təşkil edəcəkdir. Bu səbəbdən, istər qüvvədən düşmüş Qanunda, istərsə də hal- hazırda qüvvədə olan Qanunda müəyyən edilmiş yaş həddinə çatmış qadınlar üçün pensiya hüququ qazanmağın əsas şərti kimi azı 25 il sığorta stajının olması tələb kimi qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin 01.07.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ va rdır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1- dən başlayaraq, 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.
19. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 20. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşd irilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 21. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 23. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
25. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Həmin Məcəllənin 96.8- ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
27. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə b axılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əmək kitabçasına əsasən onun 20 il 07 ay 06 gün sığorta stajı var və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh öz imtinasını iddiaçının 1973-1978-ci illərə aid iş stajının əmək kitabçasında əks olunmaması ilə əsaslandırmış, kassasiya şikayətində isə qeyd etmişdir ki, arxiv arayışında qeyd olunan illər daxil olduğu halda da iddiaçının iş stajı tələb edilən 25 ildən az, 24 il 10 ay 13 gün təşkil edir.
32. Bununla bağlı məhkəmə kollegiyası qeyd e dir ki, hazırkı qərarın 18-22-ci bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır.
33. Belə olan halda, iddiaçının işlədiyi illərin əmək kitabçasında əks olunmaması əsası ilə onun pensiya hüququnun olmaması barədə inzibati orqanın dəlilləri əsassızdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iş illərini təsdiq edən arxiv arayışı təqdim etmişdir. Həmin arxiv arayışına əsasən iddiaçının 1973-1978-ci illərdə Şamaxı rayon Astraxanovka kənd “Kommunizm” kolxozunda işlədiyi dövrlər, illər üzrə əmək günləri əsas götürülərək 05 il 06 ay 07 gün sosial sığorta stajı kimi nəzərə alındıqda 25 ildən artıq sosial sığorta stajı yaranmış olur.
35. Cavabdeh arxiv arayışının həqiqətə uyğun olmadığını sübut edə bilməmiş, buna baxmayaraq iddiaçıdan həmin iş stajını təsdiq edən əlavə sübutlar (iş illərinin əmək kitabçasında qeyd olunmasını) tələb etmiş, bununla da hazırkı qərarın 23-cü bəndində göstərilən normanın tələbini pozmuşdur.
36. Hazırkı tələblə bağlı işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğu n deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı).
37. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
38. Beləliklə, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-336/2021 saylı, 31.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
39. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-336/2021 saylı, 31.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.