Məhkəmə qərarları › İş №2-1(102)-1659/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1659/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1659/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 47 yaşına çatmış qadına güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi; elektrik montyoru) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “20 mart 2013-cü il tarixdən güzəşt li şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)297/2022 nömrəli, 7 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1982-xx.xx.1985-ci illərdə Sumqayıt Texnologiya Texnikumunda təhsil almış, 4 iyul 1985-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 2. "xxxx" ASC-nin 15 fevral 2021-ci il tarixli, 17 nömrəli arayışına əsasən, iddiaçı 4 iyul 1985-ci il tarixdən 21 dekabr 1992-ci il tarixədək, 1 avqust 1994-cü il tarixdən 2 mart 2017-ci il tarixədək Boruyayma sexində elektrik montyoru işləmişdir (xx.xx.1994-cü il tarixdən xx.xx.19 96-cı il tarixədək; xx.xx.1996-cı il tarixdən xx.xx.2017-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuş, həmin tarixdən "xxxx" ASC ilə əmək müqaviləsinə xitam verilmişdir). Göstərilən iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının İİİ bölməsinin 4a yarımbölməsinin 1030400a-1753a şifrinə uyğun olmaqla, güzəştli şərtlərlə pensiya hüququ verir. 3. ******* nömrəli əmək kitabçasının məlumatlarına əsasən, iddiaçı 7 noyabr 2001-ci il tarixdən hal-hazıradək Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində usta vəzifəsində işləyir.

4. İddiaçı 6 avqust 2021-ci il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

5. Cavabdeh * *********3 nömrəli, 28 sentyabr 2021-ci il tarixli məktub ilə müraciətin icrasından imtina etmiş və imtinanın əsası kimi iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 3 noyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 20 mart 2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun, 1 y anvar 2006-cı il tarixədək təhsil müddəti daxil olmaqla 16 il 10 ay 20 gün ümumi əmək stajı, 8 il 5 ay 17 gün güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır. Hesab etmişdir ki, qanunla tələb olunan əmək stajı olduğu üçün (15 il ümumi iş stajı, 7 il 6 ay güzəştli iş stajı) ona güzəştli şərtlərlə əmək pensiyası 47 yaşı tamam olduğu gündən, yəni 20 mart 2013-cü il tarixdən təyin edilməlidir. Bildirmişdir ki, onun "xxxx" ASC-də işlədiyi müddət ərzində müəssisədə istehsalatın dayanması səbəbindən işçilər kütləvi şəkildə ödənişsiz məzuniyyətə göndərilmiş və o, ödənişsiz məzuniyyətdə olduğu müddətdə 7 noyabr 2001-ci il tarixdə əmək müqaviləsi əsasında Sumqayıt şəhər Mənzil Təsərrüfatı İstehsalat İstismar Birliyində işə başlamış, bu zaman ona 2-ci əmək kitabçası verilmişdir. Cavabdehin imtinasını əsassız hesab etdiyindən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18366,10 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının s ığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Bildirmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-449/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim C.B.Məmmədov) iddia təmin edilərək iddiaçıya 20 mart 2013-cü ildən (lakin pensiya ödənişləri 6 avqust 2018-ci ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bil məz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

11. Bundan başqa, məhkəmə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə istinad edərək qeyd etmişdir ki, məhkəmə araşdırılmasına əsasən, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respub likası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahıya uyğun olmaqla xx.xx.2006-ci ilə qədər təhsil dövrü və hərbi xidmət dövrləri də daxil olmaqla 16 ildən çox ümumi və 8 ildən çox güzəştli iş stajı mövcuddur.

12. Beləliklə, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 47 yaşının tamam olduğu vaxtdan 20 mart 2013-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-297/2022 nömrəli, 7 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.İ.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-449/2022 nömrəli, 21 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edi lməsini etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddiaya qarşı etirazda göstərilənlər təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (20 mart 2013-cü il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra h akimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə:... qadınlar — 47 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 № -li Siyahı: Metallurgiya istehsalatı (qara metallurgiya) 1030400a-1753a - təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikay ətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmi ş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiy a məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunv ericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. İddiaçının fərdi hesabının sığorta h issəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq həmin Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş stajlarla bağlı şərtləri 1 yanvar 2006-cı il tarixədək tam ödədiyindən, o, həmin şərtlərin ödənildiyi vaxtda qüvvədə olan qanunla müəyyən edilən digər şərtin – 47 yaşın tamamında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququnu qazanmışdır. Qanundakı sonrakı dəyişiklik, hazırkı halda, yaşla bağlı şərtdən əlavə digər şərtin də müəyyən edilməsi iddiaçının artıq bunadək qazanmış olduğu hüquqa təsir etmir.

30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-297/2022 nömrəli, 7 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar