Məhkəmə qərarları › İş №2-1(102)-1659/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1659/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1659/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı10 və İddiaçı8 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi yardım göstərilməsi üçün pulsuz (dövlət hesabına) vəkil təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzr ə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2023-ci il tarixli, 2-1(103)-1150/2023 nömrəli qərardadından iddiaçılar İddiaçı1, X1, İddiaçı4, İddiaçı9 və İddiaçı8 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 267 nömrəli sərəncamının ləğv edilməsinə dair qərar qəbul olunasını xahiş etmişlər.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC və Xətai rayon İcra Hakimiyyəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.

3. Bakı İnzibati Məhkəməsinin (hakim A.Ə.Əhədova) xx.xx.2022-ci il tarixli, 21(112)-5741/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. Qərardaddan narazı qalan iddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı9 və İddiaçı8 şikayət verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 1 fevral 2023-cü il tarixli, 21(103)-1150/2023 nömrəli qərardadı ilə iddiaçıların verdiyi apellyasiya şikayəti təmin olunmamış, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5741/2022 nömrəli qərardadı d əyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) apellyasiya instansiyası məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, X1, İddiaçı4, İddiaçı5, İddiaçı9 və İddiaçı8 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1150/2023 nömrəli qərardadından kassasiya şikayəti vermək məqsədi ilə dövlət hesabına vəkillə təmin olunmalarını xahiş etmişlər.

7. Ərizə onunla əsaslandırılmışdır ki, həmin iş üzrə öz imkanları ilə peşəkar hüquqi yardım ala bilmədiklərindən kassasiya şikayəti vermək üçün tələb olunan vəkil və orderlə təmin olunmaları heç cür mümkün deyil. Hazırki qanunvericiliyin tələbi ilə də onlar vəkilin iştirakı olmadan dindirilə bilməyəcəklərindən və maddi durumları heç cür vəkillə təmin olunma ğa çatmadığından hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım alınması zərurəti yaranmışdır. Habelə, vəkilin iştirakı olmadan kassasiya şikayətinin verilməsi mümkün deyildir. Yaşlı nəslin nümayəndəsi olmaqla, aldıqları pensiya onların yaşayış xərclərini təmin etmir. Günü-gündən qalxan qiymətlər əlavə olaraq vəkil tutmağa yetmir. Heç bir yerdə işləmirlər, hazırda yalnız pensiya alırlar və başqa gəlir yerləri olmadığından məhkəmə işlərinə də vəsait çatdıra bilmirlər.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 29 mart 2023-cü il tarixli, 21(103)-1150/2023 nömrəli qərardadı ilə iddiaçıların dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsi təmin e dilməmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, dövlət hesabına vəkillə təmin edilmə maddi cəhətdən vəkillə müqavilə bağlamağa maddi imkanı olmayan şəxslərin kassasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə edilməsi məqsədini daşıyır. Bu cür ərizələr daxil olduğu təqdirdə vəkillə təmin edilmə barədə ərizə verən şəxsin maddi durumu məhkəmə tərəfindən araşdırılır. Hazırda dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə verən şəxslər vəkillə müqavilə bağlamağa maddi cəhətdən imkanlarının olmadığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər. Ərizəçilərdən İddiaçı9 isə Bakı Apellyasiya Məhkəməsində öz hesabına müqavilə imzaladığı vəkillə təmsil olunmuşdur. Dövlət hesabına təyin edilən vəkilə ödəniş dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir ki, həmin məbləğdən istifadə olunması hallarında məhkəmələr tərəfindən xüsusi həssaslıq göstərilməli, sui-istifadə hallarının qarşısının alınması üçün mümkün qədər ehtiyatlı davranılmalıdır. Çünki əsas olmadığı təqdirdə hüququ olmayan şəxslərin dövlət hesabına vəkillə təmin edilməsi dövlətin vəsaitinin təyinatından kənar əsassız yerə xərclənməsinə səbəb olar.

10. İddiaçılar İddiaçı1, X1, İddiaçı4, İddiaçı9 və İddiaçı8 həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və onlara pulsuz hüquqi yardım göstərmək üçün dövlət hesabına vəkil təyin olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

11. İddiaçılar qeyd edirlər ki, işə baxan məhkəmə onların maddi durumlarını və yaşlı olmaqla əksəriyyətinin pensiyaçı olmasını, aylıq 200-300 manat pensiya almalarını nəzərə almamışdır. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, mülki məhkəmə icraatındakı qaydaları onların mübahisəsinə tətbiq edib ərizə ilə bağlı heç bir araşdırma aparmamış, öz qanunsuz qərardadının qüvvədə saxlanılmasına cəhd edib, onları vəkillə təmin etməkdən imtina etmişdir. Heç olmazsa, dövlət hesabına cəmi bir vəkil təyin edilsə, həmin vəkil hamısına peşəkar hüquqi yardım göstərib məhkəmənin qərardadından kassasiya şikayəti vermələrinə yardımçı olardı. b) kassasiya şikayətinə qarşı etirazın dəli lləri:

12. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.... 14. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

20. Dövlət hesabına hüquqi yardımın göstərilməsi İ. İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir....

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə

67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə

121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ö dənilməsi... 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlə r üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər..... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayət də mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilm iş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qald ırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə dövlət hesabına vəkillə təmin olunma barədə ərizənin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də, ərizənin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiy a məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi iddiaçıların dövlət hesabına vəkillə təmin olunmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunvericilik dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsini hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə aid etmişdir. Lakin hazırki halda, iddiaçılar vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadıqlarını əsas landırmamışlar, bunu təsdiq edən sübutları ərizəyə əlavə etməmişlər. Həmçinin, iddiaçılar hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı vəkilə və ya vəkil bürolarına müraciət etmələri barədə heç bir sübut təqdim etməmişlər.

24. Qeyd olunmalıdır ki, iddiaçıların dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməməsi onların hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, əsassız olaraq kassasiya şikayəti tərtib olunması üçün dövlət hesabına vəkillə təmin olunma, qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına, süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır.

25. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 5 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışlarına əsasən, iddiaçılardan İddiaçı4 327,21 manat, X1 534,08 manat, İddiaçı1 isə 376,32 manat əmək pensiyası alır.

26. Hazırkı kassasiya şikayətini imzalayan digər iddiaçılar İddiaçı9 və İddiaçı8 tərəfindən isə aztəminatlı şəxslərə aid olmaları ilə bağlı hər hansı sənəd təqdim edilməmişdir. Bununla belə, iş materialları ilə müəyyən edilir ki, İddiaçı9 hazırkı işin apellyasiya icraatı zamanı öz hesabına vəkil ilə müqavilə bağlamış və apellyasiya instansiyası məhkəməsində icraat zamanı vəkil ilə birlikdə iştirak etmişdir.

27. Hazırda kassasiya şikayəti verən şəxslərdən üç nəfərin əmək pensiyası almasına, bir nəfərin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsində öz hesabına vəkillə təmsil olunmasına, bir nəfərin isə ümumiyyətlə aztəminat lı şəxslərə aid olmasını təsdiq edən sübutların təqdim edilməməsinə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilən halları üzrə kassatorların hüquqi yardım almaq və kassasiya şikayətini tərtib etmək üçün bir vəkillə müqavilə bağlamağa maddi imkanlarının yetərli olmamasına dair əsaslar mövcud deyil.

28. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərardad qəbul edildiyindən kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2023-ci il tarixli, 2-1(103)-1150/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 29 mart 2023-ci il tarixli, 21(103)-1150/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar