Məhkəmə qərarları › İş №2-1(102)-1686/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1686/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1686/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)991/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 8 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, 1978-ci il 7 dekabr tarixli, ИT-İ №0392728 nömrəli əmək kitabçasının 2, 3-cü səhifələrində qeyd olunan 1978-ci il 10 oktyabr - 1986cı il 31 yanvar tarix ləri arasındakı dövr ərzində İddiaçı işlədiyi şüşə kəsicisi peşəsi Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun 2006-cı il 1 yanvar tarixədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 2019-cu il 29 oktyabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 57 yaşının tamam olduğu 2014-cü il 20 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. Sonradan iddiaçı iddia tələbin in dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan 2014-cü il 20 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1859/2019 nömrəli, 26 noyabr 2019-cu il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1957-ci il 20 avqust tarixdə doğulmuşdur. 1976-cı ilin may ayından 1978-ci ilin may ayına kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1978-ci il 10 oktyabr tarixdən 1998-ci il 1 iyun tarixə qədər Sumqayıt Şüşə Zavodunda kəsici və sındırıcı peşələrində işləmişdir. Bunu "xxxx" MMC-nin 2016-cı il 29 fevral tarixli, 17 saylı arayışı təsdiq edir. Həmin arayışla təsdiq olunmuşdur ki, iddiaçı 1978-ci il 10 oktyabr tarixindən 1998-cu il 1 iyun tarixinə qədər Sumqayıt Şüşə Zavodunda şüşə kəsici işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahının XVİİİ bölməsinə, 2190100a-17954 şifrəsinə əsasən onun güzəştli şərtlərlə pensiya hüququ vardır. 1999-cu il 5 sentyabr - 2004-cü il 8 sentyabr tarixlərdə Sumqayıt Təmir-Tikinti Təchizat İdarəsində işləmişdir, ümumi iş stajı 32 il təşkil edir. Zərərli istehsalat sahəsində isə iş stajı 20 ildir. Güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan onun müraciəti ni təmin etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında" Qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında" Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 2006-ci il 1 yanvar ta rixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: -iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; -iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; -iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıların”da göstərilməsi.

8. Hazırkı iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, iddiaçının 1986-cı il 31 yanvar - 1998-ci il 1 iyun tarixlər ərzində işlədiyi peşə olan “sındırıcı" («отломщик») peşəsi yuxarıda qeyd edilən Qərarın müvafiq bölməsində mövcud deyil dir. Belə olan halda, iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamış, tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayı tamamlamamışdır. Bu mənada “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1053/2020 nömrəli, 28 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim A.P.Oruczadə) iddia qismən təmin edilmiş, iddiaçıya 20 avqust 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixində n (1 iyun 2018-ci il) geriyə 3 il üzrə, yəni 1 iyun 2015-ci il tarixdən pensiya məbləğinin hesablanıb ödənilməsi cavabdehə həvalə edilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 2004-cü il 8 sentyabr tarixədək 26 il 8 ay 03 gün ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajı ilə bağlı isə qeyd olunmuşdur ki, iddiaçının 1978-ci il 10 oktyabr tarixdən 1998-ci il 1 iyun tarixədək Sumqayıt Şüşə Zavodunda işlədiyi şüşə kəsici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” 15-ci Şüşə istehsalatı, keramik, çini və saxsı mə mulatların istehsalı bölümündə zərərli iş kimi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının qanunla tələb olunan müddətdə (19 il 07 ay 20 gün) güzəştli iş stajı olduğundan cavabdehin imtinası əsassızdır. Həmçinin, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ilk dəfə 2018-ci il 1 iyun tarixində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Belə olan halda, iddiaçıya «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün, yəni 2015-ci il 1 iyun tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir.

11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-573/2021 nömrəli, 17 may 2021-ci il tarixli qərarı ilə (hakimlər V.M.Məmmədov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və A.Ə.Hüseyn) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1053/2020 nömrəli, 28 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilmir. Belə ki, ona məxsus İT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, o, 1986-cı il 31 yanvar - 1998-ci il 1 iyun tarixlərdə şüşə sındırıcı peşəsində işləmişdir və bu peşə 2 nömrəli Siyahıda təsbit edilməmişdir. Siyahıda 2190100a-17954 kod altında “isti iş sahələrində məşğul olan şüşə kəsiciləri” nəzərdə tutulmuşdur ki, iddiaçı da adıçəkilən işdə 1978-ci il 10 oktyabr - 1986-cı il 31 yanvar tarixlərdə çalışmışdır və bu müddət də 12 il 6 aydan azdır. İddiaçının məhkəməyə təqdim etdiyi güzəştli arayışlar 2190100a-17954 koduna istinad etdiyi və ya əmək kitabçasının məlumatları ilə ziddiyyət təşkil etdiyi yaxud iş yerinin rəhbər vəzifəli şəxsi və möhürü ilə təsdiq edilmədiyi üçün mötəbər sübut kimi qəbul edilmir. Beləliklə, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan başlıca şərt - xüsusi iş stajının minimum həddən az olmaması şərti onun tərəfindən yerinə yetirilməmişdir. İş üzrə xüsusi staj şərtinə əməl olunmadığından, iddiaçının ümumi staj şərtini yerinə yetiribyetirm əməsinə ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmamışdır.

14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2077/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Hüseynov /məruzəçi/, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-573/2021 nömrəli, 17 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ziddiyyətin məhz nədə ifadə olunduğunu, həmin ziddiyyətin aradan qaldırılması üçün xidməti vəzifəsinə uyğun olaraq hansı tədbirlər gördüyünü qərarında göstərməmişdir. Məhkəmə, həmçinin iddiaçının öz tələbinin əsası kimi təqdim etdiyi arayışdakı məlumatların (iş v. 17) onun əmək kitabçasında qeyd olunan peşəyə dair təsdiqedici məlumat mənbəyi kimi qəbul etmədiyinin səbəblərini də qərarında göstərməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi digər arayışlara (iş v. 62, 72, 122, 123) gəldikdə, müəssisənin möhürü və ya ştampı ilə təsdiq edilmiş həmin arayışların müəssisənin rəhbər şəxsi tərəfindən deyil, digər vəzifəli şəxsləri (mühasib, kadrlar şöbəsinin rəisi və hüquqşünas) tərəfindən imzalanması məhkəməni həmin arayışlardakı məlumatların mötəbərliyini İPM-in 12.2-ci maddəsinin tələbinə əsasən, özünün xidməti vəzifəsinə görə yoxlamaq vəzifəsindən azad etmirdi. Həmin arayışlar isə iddiaçının 1978-1998-ci illərdə “şüşə kəsicisi” peşəsində işlədiyinə dair məlumatları özündə əks etdirir. Digər tərəfdən, iddiaçının əmək kitabçasının məlumatlarına görə, 2-ci dərəcəli “sındırıcı” peşəsi iddiaçıya ikinci peşə kimi verilmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-991/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və X.A.Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1053/2021 nömrəli, 28 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Ali Məhkəmənin qərarından irəli gələn göstərişlər çərçivəsində məhkəmə tərəfindən gön dərilmiş sorğuya cavab olaraq Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış "xxxx" Səhmdar Cəmiyyətinin (“QSC”) sədri Qüdrət Kərimov və hüquqşünası A.C Nağıyeva, habelə, "xxxx" SC-nə məxsus Sumqayıt Şüşə zavodu” MMC-nin kadrlar şöbəsinin rəisi vəzifəsini icra edən N.İ.Allahverdiyeva tərəfindən imzalanmış və cəmiyyətin dairəvi möhürü ilə təsdiq olunmuş 52 nömrəli, 18 may 2022-ci il tarixli məktubda aşağıdakılar qeyd olunmuşdur ki, "xxxx" MMC, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansındadır. "xxxx" MMC 2008-ci ilin fevral ayından halhazırkı dövrədək fəaliyyət göstərmir. İddiaçı Azərbaycan Respublikası Əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən “Sumqayıt Şüşə Zavodunun əsas istehsalı olan isti iş sahəsini əhatə edən 1 saylı Şüşə İstehsalı sexi nin Kəsici şöbəsinə 10 oktyabr 1978-ci il tarixində, 235-K xx.xx.1978 saylı əmrə əsasən isti iş şərait ilə şüşə kəsicisi qəbul edilmiş və 16 may 1998-ci ildə 31-K xx.xx.1998 saylı əmrə əsasən həmin peşədən işdən azad edilmişdir. İsti iş şəraiti ilə işlədiyi şüşə ksicisi peşəsi üzrə ümumi iş stajı 19 il 07 ay 26 gün təşkil edir. İsti iş sahəsi olan Şüşə istehsalı sexində isti iş şəraiti ilə işlədiyi şüşə kəsicisi peşəsinin güzəştli pensiya hüququna əsas olan xüsusiyyəti və vəzifəsi: isti vəziyyətdə konveynerlərdən şüşəkəsən stola gələn iri şüşə listlərinin avtomat və ya əl ilə müxtəlif ölçülərə uyğun kəsib, arabalara yığmaqdır. 02 nömrəli Siyahının XVİİ bölməsinin 2190100a-17954 vəzifə kodu üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdi q edilmiş Siyahının bəndlərində və vəzifə kodlarında müəyyən edilmiş sahələrin və peşələrin xüsusiyyətləri ilə eynidir...”

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.1978-xx.xx.1998-ci illərdə iddiaçının işlədiyi Sumqayıt Şüşə zovodu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansındadır, 2008ci ilin fevral ayına kimi həmin zavod fəaliyyət göstərmiş və iddiaçı həmin zavodda iş sahəsi olan Şüşə istehsalı sexində “isti iş sahələrində məşğul olan şüşə kəsicisi” peşəsində işləmişdir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının “21900000 XVİİİ. Şüşə istehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı” bölməsinin “2190100a—17954 2190100a” şifrində də məhz “isti iş sahələrində məşğul olan şüşə kəsiciləri” güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olunmuşdur.

21. Beləliklə, qeyd olunanlara əsasən cavabdehin apellyasiya şikayətinin iddiaçının ona 57 yaşından pensiya təyin edilməsi üçün güzəştli stajının olmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir.

22. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri

23. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-991/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə gö rə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: 21900000 XVİİİ. Şüşə ist ehsalatı, keramik, çini və saxsı məmulatlar istehsalı: 2190100a—17954 2190100a “isti iş sahələrində məşğul olan şüşə kəsiciləri”

27. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəll ənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜ MKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğvi tələb olunduğu üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibəti nin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikay ətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəm əsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün bu qərarın 25-ci bəndində istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Belə ki, bu qərarın 25-ci bəndində istinad olunan normaya görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “b” bəndinə görə, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şərai tinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Bu baxımdan iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi və xüsusi stajı 2006-cı il tarixinə qədər topladığından, ona güzəştli şərtlərlə əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “b” bəndinə əsasən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməkdə məhkəmə haqlı sayılmalıdır.

36. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstit usiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-991/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar