Məhkəmə qərarları › İş №2-1(102)-1687/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1687/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1687/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar söz: yaşa görə pensiya təyin olunması, əmək kitabçasında olan məlumatların yoxlanması, işin hallarının tam və hərtərəfli araşdırılması vəzifəsi. Bakı şəhəri Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibl iyi, cavabdehin vəkili İsmayılov Roman İsmayıl oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Suraxanı rayon Şöbəsinə (bundan sonra mətndə – DSMFnin Suraxanı rayon şöbəsi) qarşı «yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-169/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur və Bakı şəhərinin Suraxanı qəsəbəsində yaşayır. İddiaçının əmək kitabçasında onun xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək, xx.xx.1978-ci ildən xx.xx.1990-cı ilədək, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək, xx.xx.1991-ci ildən xx.xx.2003-cü ilədək müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olduğu əksini tapmışdır. İddiaçı DSMF-nin Suraxanı rayon şöbəsinə müraciət edərək, ona əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçınin xahişini təmin etməmiş, iddiaçıya xx xxxx 2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, onun fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və 25 il sığorta stajı olmadığına görə yaşa görə əmək pensiyası təyin olunması mümkün deyildir. Bundan sonra iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı hazırki iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq qaydada onun əldə etdiyi pensiya hüququ saxlanılmalı və pensiya təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdehin etiraz dəlilləri: Cavabdehin etiraz dəlilləri yuxarıda qeyd olunan imtina məktubunda göstərilmiş pensiya təyin etməkdən imtinanın əsasları ilə eynidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)2416/2019 saylı qərarı ilə (hakim E.Mustafayev) iddianın təmin edilməsi, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Suraxanı rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iş üzrə təqdim olunmuş əmək kitabçası ilə İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək, xx.xx.1978-ci ildən xx.xx.1990-cı ilədək, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək, xx.xx.1991-ci ildən xx.xx.2003-cü ilədək müxtəlif vəzifələrdə işləməsi təsdiq edildiyindən iddiaçıya qeyd olanan illər də nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmamış və apelyasiya şikayəti verərək qə rarın ləğv olunmasını, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti də iddia tələbinə etiraz şrizəsində əksini tapmış dəlillərlə əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)169/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Ü.Mayılov (sədrlik edən və məruzəçi), M.Tağızadə və K.Abiyeva) cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə yalnız cavabdehin məhkəmə çıxışında bildirdiklərini əsas götürmüş, Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə yoxlamamış, sübutlara tam və hərtərəfli araşdırıldıqdan sonra qiymət verilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında cavabdehin vəkili İsmayılov Roman İsmayıl oğlu kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə Kollegiya iddiaçının iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Azər baycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxışa göndərilməlidir. İddia tələbinin ümumi əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, a ilə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 20 21-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki:

1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Apellyasiya məhkəməsi bu normaların dispozisiya şərtləri əsasında işin hallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı kifayət qədər pensiya kapitalı toplamamışdır və sığorta stajı yetərli deyil. Məhkəmə iddiaçının xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək, xx.xx.1978-ci ildən xx.xx.1990-cı ilədək, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək, xx.xx.1991-ci il dən xx.xx.2003-cü ilədək əmək fəaliyyətini əks etdirən əmək kitabçasını sübut kimi qəbul etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, əmək kitabçasında xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı il tarixədək dövr ərzində əmək fəaliyyəti ilə əlaqədar məlumatlar mötəbər olmadığından, həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilə bilməz və ona görə də iddia tələbi təmin olunmamalıdır. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasının 1819-cu vərəqələrində onun xx.xx.1978-ci il tarixdə Qax rayonu İstehlak Cəmiyyətinin «Şirniyyat» müstəqil ticarət müəssisəsinin qənnadı sexinə müvəqqəti olaraq fəhlə təyin edilməsi və xx.xx.1990-cı il tarixdə isə öz ərizəsinə əsasən işdən azad edilməsi barədə qeydlər vardır. Cavabdehin nümayəndəsi verdiyi izahatında iddiaçı nın əmək kitabçasında olan 1978-1990-cı illərdəki əmək fəaliyyəti barədə yazıların əmək kitabçasının 1-2 və 3-4-cü vərəqələrindəki ardıcıllıqdan fərqli olaraq 18-19-cu vərəqələrində olması, eləcə də həmin yazıların 1978-1990-cı illər ərzində istifadə olunan kiril əlifbası ilə deyil, 2001-ci ildən sonra istifadə olunan latın qrafikası ilə icra olunmasının bu məlumatların mötəbər olmamasına əsas verdiyini bildirmişdir. Bununla əlaqədar məhkəmə kollegiyasının iclasında İddiaçı verdiyi izahatında işin bu hallarının, yəni xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək işlədiyi dövrə dair məlumatların əmək kitabçasının 1-2-ci vərəqələrindəki «1» və «2» sıra nömrəli qeydlərdə kiril əlifbası ilə əks olunduğu halda, bundan bilavasitə sonrakı dövrü əhatə edən xx.xx.1978-ci il tarixdən xx.xx.19 90-cı il tarixədək dövr ərzində Qax rayonu İstehlak Cəmiyyətinin «Şirniyyat» müstəqil ticarət müəssisəsinin qənnadı sexinə müvəqqəti fəhlə kimi işləməsi barədə (sıra nömrəsi göstərilməyən) qeydlərin əmək kitabçasının artıq 1819-cu vərəqələrində olmaqla, həmin dövrdə istifadə olunmayan latın qrafikası ilə icra olunmasının və bu dövrdən sonra iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək İstehsalat kombinatı nəzdində mədəniyyət evinə kütləvi işçi vəzifəsində işləməsi barədə «3» və «4» sıra nömrəli qeydlərin yenidən əmək kitabçasının 3-4-cü vərəqələrində əks olunmaqla kiril əlifbası ilə icra olunmasının səbəblərini izah edə bilməmişdir. Bundan başqa, iddiaçı əmək kitabçasının 18-19-cu vərəqələrində olan qeydlərin «Direktor» kimi göstərilən «S.A.Abdulkərimov» və «İ.A.Abdulk ərimova» tərəfindən imzalanmamasının səbəblərini izah edə bilməmişdir. Qeyd olunanlara əsasən iddiaçının əmək kitabçasında xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı il tarixədək dövr ərzində əmək fəaliyyəti ilə əlaqədar məlumatlar mötəbər sayılmır və həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi bu nəticəyə gələrkən mübahisə ilə bağlı işin hallarını xidməti vəzifəsinin tələb etdiyi qaydada tam və hərtərəfli araşdırmamışdır. Çünki Azərbaycan Respublikası İPM-nin 12.1-ci müddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidmə ti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Doğrudur ki, əmək kitabçası sosial sığorta stajının müəyyən olunmasında əhəmiyyətli məlumat daşıyıcısıdır, lakin yeganə daşıyıcı deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 32.2-1-ci maddəsində deyilir ki, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Qanunun bu normasınin baxılan işə tətbiqi onu ehtiva edir ki, məhkəmə əmək kitabşasında 2006-cı ilin 1 yanv ar tarixinədək əksini tapmış hər hansı əmək fəaliyyəti dövrünün mötəbərliyini dövlət arxivində saxlanan məlumatlarla qarşılıqlı yoxlamalı, bu məqsədlə dövlət arxivinə sorğu verməli idi. Apelyasiya instansiyası məhkəməsindən bu sorğunu vermək vəzifəsini tələb edən işin xüsusi halı həm də ondan ibarət idi ki, cavabdehin iddiaçıya pensiya təyin etməkdən imtina etməsinin əsas və səbəblərində əmək kitabçasında əksini tapmış məlumatların mətəbər olmadığına istinad olunmamışdı. Başqa sözlə, əmək kitabçasındakı məlumatların həqiqiliyi nə inzibati icraatda, nə də birinci instansiyanın inzibati məhkəmə icraatında yoxlanılmamışdı. Əmək kitabçasının mötəbərliyi məsələsi apelyasiya şikayətində də mübahisələndirilməmiş, yalnız işə apelyasiya məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi izahatında bu d əlili irəli sürmüşdü. İPM-nin 82-ci maddəsinin tələbinə görə, apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçının əmək kitabçasında məlumatların ardıcıl və tam qeyd olunmaması, özlüyündə iddiaçının qeyd olunan dövrlərdə işləmədiyi barədə nəticəyə gəlməyə əsas vermir. Əmək kitabçasında xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı il tarixədək dövr ərzində əmək fəaliyyəti ilə əlaqədar məlumatların yoxlanılması üçün məhkəmə tərəfindən dövlət arxivinə sorğunun göndərilməməsinin səbəbi aydın deyildir. Apelyasiya instansiyası məhkəməsinin bu cür araşdırması, İPM-nin 12-ci maddəsində müəyyən edilmiş işin hallarının araşdırılması prinsipinə, habelə 58. 7-ci maddəsinin müəyyən etdiyi sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməsi qaydasına cavab vermir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Yuxarıda sadalanan hallara əsasən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün göndərilməlidir. Təkrar apellyasiya baxışı zamanı iddiaçının xx.xx.1978-xx.xx.1990-cı illərdə Qax rayonu İstehlak Cəmiyyətinin «Şirniyyat» müstəqil ticarət müəssisəsində işləməsi barədə əmək kitabças ında əksini tapmış məlumatın həqiqiliyini yoxlamaq üçün dəvlət arxivinə sorğu verilməli, iddiaçıya yaşa görə pensiya təyin olunması üçün zəruru olan hüquqi əsasların hərtərəfli araşdırılması təmin edilməli, mübahisə ilə bağlı işin faktiki vəziyyətinin əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməsi təmin olunmalı, iddiaçının yaşa görə əmək pensiyası hüququna malik olub-olmadığına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qər arı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95 və 96-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)169/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar