Məhkəmə qərarları › İş №2-1(102)-1694/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1694/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1694/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmrin ləğv edilməsi, işə bərpa edilmə) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa edilməsi tələbinə dair iddiası üzrə Bakı Apelyasiya Məhkəməsinin qəbul etdiyi 2-1(103)-103/2021 nömrəli, 05.05.2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 22 sentyab r 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı onun işdən çıxarılması barədə 1000/1291Ş saylı 23 oktyabr 2019-cu il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 05.06.2021-ci il tarixli, 2-1(112)-612/2020 nömrəli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən, “İnzibati icraat haqqında” Qanunun 14.1-ci maddəsinə, Azərbaycan Res publikasının 1999-cu il 07 dekabr tarixli qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50, 120-ci maddələrinə, İPM-nin 2.2.1, 32.1, 52, 58.1, 68.2, 73.3.1-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia tələbi əsassızdır.

4. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 05.06.2021-ci il tarixli, 2-1(112)-612/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiya məhkəməsi) 05.05.2021-ci il tarixli, 2-1(103)-103/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Elşən Kazımov) qərardadı ilə İddiaçı t ərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-612/2020 saylı, 05 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

6. Apelyasiya instansiyası məhkəməsi həmin qənaətə gələrkən, Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin 1-ci hissəsini, Əmək Məcəlləsinin 76.1, 76.2-ci maddələrini, “İnzibati icraat haqqında” Qanunun 20.1, 24.1, 24.3-cü maddələrini, İPM-nin 2.2.1, 33.1, 33.2-ci maddələrini tətbiq etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

7. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 021-ci il 05 may tarixli, 2-1(103)103/2021 nömrəli qərarında göstərilənlər yalnız birinci instansiya məhkəməsində hüquqi əsaslarla və qanunvericiliyin normalarına düzgün istinad edilərək qəbul edilmiş qərarın məhkəməyə geri qaytarılaraq yenidən baxılması məsələsini özündə ehtiva etmir, eyni zamanda, Dövlət Gömrük Komitəsi sədri tərəfindən qəbul edilən inzibati aktın hüquqiliyini və qanuniliyini şübhə altına almaqla inzibati orqanın fəaliyyətində qanunçuluğa riayət olunmasına müvafiq nəzarət prinsipinin həyata keçirilməsini deyil, qanunla müəyyən edilmiş təşkilati-idarəetmə, icraedici-sərəncamverici xarakterli funksiyalarına müdaxilənin olduğu qənaətinə gəlinməsinə əsas verir.

8. Bakı Apelyasiya Məhkəməsinin iş üzrə yekun qərarında gömrük orqanlarında keçirilən təşkilati-ştat tədbirlərinin qeyri-müəyyənliyi nəticəsində inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu heç bir halda sübut edilmədiyi, Komitə tərəfindən həmin aktların qanuni və əsaslı olmasını təsdiq edən sənədlərin təqdim edilmədiyi göstərilmişdir.

9. Komitə tərəfindən məhkəmə orqanlarına təqdim olunan bütün sübutlara baxmayaraq, Bakı Apelyasiya Məhkəməsinin hansı səbəb və məqsədlə gəldiyi nəticə təəssüf ki, yalnız gömrük orqanlarının fəaliyyəti ilə bağlı deyildir. Belə ki, digər hüquq mühafizə orqanlarının (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu (38.2.2 maddə), “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə” (111.4 maddə) oxşar təcrübələrində də təşkilati-ştat tədbirlərinin nədən ibarət olması, həmin tədbirlərin keçirilməsinə əsas verən hallar və qanunvericilikdə bununla bağlı öz əksini tapmış müddəalar deməyə əsas verir ki, məhkəmə iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış və nəticədə inzibati qanunvericiliyin maddi və prosessual normalarını kobud şəkildə pozmuşdur.

10. Bu məqsədlə Dövlət Gömrük Komitəsində mütəmadi surətdə təşkilatıştat tədbirləri olaraq struktur bölmələrinin funksiyaları daim təhlil edilir, onların optimallaşdırılması üzrə vaxtında tədbirlər görülür, işin nəticələrinə görə fərdi məsuliyyət daşımaları ilə əlaqədar əməkdaşların müstəqilliyinin inkişaf etdirilməsi üzrə tədbirlər həyata keçirilir, kadrların rotasiyası üzrə təkliflər hazırlanır, kadrlarla iş praktikasına onların şəxsi keyfiyyətlərini qiymətləndirilməyin müasir metodları və meto dikaları tətbiq edilir.

11. Bütün qeyd olunanlar nəzərə alınmaqla gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər.

12. Eyni zamanda, xüsusilə diqqət yetiriləsi və maraqlı məqamlardan biri də budur ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası öz qərarını iddiaçının belə iddia ərizəsində mübahisələndirmədiyi inzibati aktı münahisələndirərək qəbul etmişdir. Belə ki, iddiaçı Abbasov X1 2019-cu il 24 iyul tarixli 1000/804Ş nömrəli əmri ilə Komitənin sərəncamına götürülmüşdür. İddiaçının tələbi isə həmin əmrin deyil, Komitənin 2019-cu il 23 oktyabr tarixli 1000/1291Ş nömrəli əmrinin ləğv edilməsi ilə bağlıdır.

13. İddiaçı tərəfindən məhkəmə orqanları qarşısında mübahisələndirilən inzibati aktın qəbul edilməsi ilə bağlı mübahisəyə gəldikdə isə, Dövlət Gömrük Komitəsi tərəfindən qanunvericiliyin istinad edildiyi normalar hüquqi və əsaslıdır ona görə ki, gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədən və gömrük orqanlarında xidmətin qay dalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

14. İşin materiallarından və kasasiya şikayətində qeyd olunanlardan da görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası qərar qəbul edərkən Dövlət Gömrük Komitəsinin təqdim etdiyi sənədlərin və məlumatların mövcudluğunu təkzib etdiyi kimi Bakı İnzibati Məhkəməsinin əsaslandığı sübutları da görməzdən gəlmişdir.

15. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində, apelyasiya instansiyası məhkəməsinin 05.06.2021-ci il tarixli, 2-1(103)-103/2021 nömrəli qərardadının ləğv edilməsi, iddia tələbinin bütövlükdə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni ma hiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

17. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( 26 iyul 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kasasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Etirazda iddiaçı bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin 05.06.2021-ci il tarixli, 2-1(112)612/2020 nömrəli qərarı əsassızdır və ləğv edilməlidir. Bu səbəbdən də cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

19. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apel yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.

23. Məhkəmə Kollegiyası cavabdehin kasasiya şikayətindəki dəlillərlə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 03.07.1995-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıqla Mübarizə şöbəsinin böyük inspektoru vəzifəsinə təyin edilm iş, 12.03.1999-cu il tarixdə Bakı Aksiz Gömrük Postunun Qaçaqmalçılıq və Gömrük Qaydalarının pozulması ilə Mübarizə şöbəsinin böyük inspektoru vəzifəsinə, 13.12.2000-ci il tarixdə həmin şöbənin rəisi vəzifəsinə, 03.11.2007-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin “Bərə keçid” gömrük postunun inspektoru vəzifəsinə, 15.10.2014-cü il tarixdə həmin İdarənin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunun inspektoru vəzifəsinə keçirilmiş, 14.08.2018-ci il tarixdə Komitənin sərəncamına götürülmüş, elə həmin tarixdə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunun böyük inspektoru təyin edilmiş, 24.07.2019-cu il tarixdə Komitənin sərəncamına götürülmüşdür. 23.10.2019-cu il tarixdə isə “Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməni n 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilatı-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xidmətinə xitam verilmişdir.

24. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 1000/1291Ş saylı 23 oktyabr 2019-cu il tarixli əmrinə əsasən, İddiaçı (Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsi/Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postu, Böyük inspektor) xidmətinə “təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə” səbəbi ilə 23 oktyabr 2019-cu il tarixdən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən 23.10.2019-cu il tarixdə xitam verilmişdir.

25. Həmçinin apelyasiya məhkəməsi tərəfindən ca vabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 22.09.2020-ci il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, İddiaçı xidmətinə Komitədə təşkilatı-ştat tədbirləri olaraq xitam verilmişdir. Həmin əmr əsasında təşkilati-ştat tədbirləri olaraq İddiaçı Azərbaycan Respublikasının 768-İQ saylı 07 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında Xidmət haqqında" Əsasnamənin 50-ci maddəsinə əsasən Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada 3 ay müddətinə sərəncamda saxlanılmışdır. Ona sərəncamda olduğu müddət ərzində struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamış və digər vakant vəzifə olmadığından ona hər hansı digər vəzifə təklif olunmamışdır. Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifəl əri fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 646 saylı 04 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edilmişdir. Dövlət Gömrük Komitəsi üzrə təşkilatı-ştat tədbirlərinin həyata keçirilməsinin əmrləşdirilməsi (sərəncam, qərar) həmin Əsasnamədə nəzərdə tutulmadığından bununla əlaqədar Komitə tərəfindən hər hansı bir əmr (sərəncam, qərar) qəbul edilməmişdir. Həmin Əsasnamənin 5.6.6-cı yarımbəndinə əsasən Komitə sədri müəyyən edilmiş qaydada Komitənin aparatının işçilərini, gömrük orqanlarının və tabeliyində olan digər qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir.

26. Eyni zamanda apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 1000/1291Ş saylı 23 oktyabr 2019-cu il tarixli əmrə əsasən, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xidmətinə xitam verilərkən bu barədə əmrdə iki əsasa-“təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda” və “və ya həmin vəzifədən imtina etdikdə” əsasına istinad olunmuşdur.

27. Bu xüsusda apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan biri ilə xitam verilə bilər.

28. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə ey ni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

29. Bununla yanaşı apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada 3 ay müddətinə sərəncamda olduğu müddət ərzində struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamış və digər vakant vəzifə olmadığından ona hər hansı digər vəzifə təklif olunmamışdır.

30. Bununla bağlı apelyasiya məhkəməsi haqlı olaraq “İnzibati icraat haqqında” Qanunun müddəaları tətbiq edilmişdir.

31. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraql arına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır.

32. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

33. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzi bati məhkəmə icraatı qaydasında baxılır.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

36. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

37. Həmçinin apelyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, hazırkı işdə iddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən müvafiq 1000/1291Ş saylı 23 oktyabr 2019-cu il tarixli əmr verilə rkən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə istinad olunsa da, iddiaçının xidmətinə “təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda”, “və ya həmin vəzifədən imtina etdikdə” səbəblərindən məhz hansı ilə 23 oktyabr 2019-cu il tarixdən xitam verilməsi konkret olaraq göstərilmədiyindən və nəticədə cavabdeh tərəfindən qeyri-müəyyənliyə yol verildiyindən Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1368/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə düzgün olaraq hazırkı iş üzrə iddiaçının xidmətinə xitam verilərkən tutduğu vəzifəsinə uyğun vakant vəzifəyə təyin edilməsinin mümkünlüyü məsələsinə baxılması üçün cavabdeh inzibati orqana 3 (üç) aylıq müddət təyin edilməsi qərara alınmışdır. 38. 11.01.2021-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş məktubla Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1368/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qərardadının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 23.10.2019-cu il tarixli 1000/1291ş nömrəli əmrinə dəyişiklik edildiyi bildirilmiş və bununla bağlı Komitənin 29.12.2020-ci il tarixli 1000/666ş nömrəli əmrinin surəti təqdim olunmuşdur. Həmin əmrin məzmunundan müəyyən olunur ki, 23.10.2019-cu il tarixli əmrin 2-ci hissəsində “və ya həmin vəzifədən imtina etdikdə” sözləri çıxarılmışdır.

39. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, apelyasiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, iddia tələbinin maddi-hüquqi əsasını “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin “Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar” adlı 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndi təşkil edir. Həmin normaya görə, təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə, gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər.

40. Normanın hüquqi təhlili göstərir ki, gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə yalnız bu maddədə təsbit olunan 13 halda xitam verilə bilən hallardan biri kimi 4-cü bəndə istinad olunaraq, gömrük orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi, yəni bu bəndin dispozisiya şərtlərinə əməl olunması üçün: 1) vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir; 2) bu əsasla xitam verilmə, bir halda, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı; 3) digər halda isə, vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir.

41. Bu baxımdan apelyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, sözügedən normanın dispozisiya şərtlərindən üçüncüsünə iş üzrə əməl olunmaması, yəni iddiaçıya bu məqsədlə hər hansı alternativ vəzifənin təklif olunmaması işin mübahisəsiz halıdır. Nə qədər ki, işin bu halı mübahisəsizdir, o halda, birinci instansiya məhkəməsinin araşdırması iddiaçının gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün o lmasının qanuniliyinin yoxlanılması ilə bağlı olmalı idi.

42. Lakin cavabdehin mübahisəli inzibati aktının maddi-hüquqi cəhətdən qanuniliyi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılarkən məhkəmə, buna birbaşa zərurət olduğu halda, cavabdehdən 23.10.2019-cu il tarixli əmrin əsasları ilə bağlı heç bir konkret sübut tələb etməmiş, özü bu sübutları əldə etməmiş, iddiaya yalnız cavabdehin mülahizələri əsasında hüquqi qiymət verməklə kifayətlənmişdir. Halbuki, İPM-in 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şək ildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2).

43. Belə olan halda apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, əgər birinci instansiya məhkəməsi “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinin hüquqi nəticələri ilə cavabdehin mübahisəli əmrinin yaratdığı nəticələrin üst-üstə düşdüyü qənaətinə gəlmişdisə, bu qənaətini mötəbər dəlillərlə sübut etməli idi. Bu dəlillər ilk növbədə hansı təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının gömrük orqanlarında hansı vakant vəzifəyə keçirilməsinin hansı səbəblərdən qeyri-mümkün olması hallarını sənədləşdirməli idi.

44. Lakin birinci instan siya məhkəməsində hazırkı mübahisənin tam və hərtərəfli araşdırılması aparılmamış və nəticə etibarı ilə iş üzrə əsaslandırılmış məhkəmə qərarı qəbul edilməmişdir.

45. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 05.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.05.2021-ci il tarixli, 21(103)-103/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar