Məhkəmə qərarları › İş №2-1(102)-17/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-17/2020

08.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-17/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (müharibə veteranına müavinətin müharibə veteranı vəsiqəsinin alındığı vaxtdan əvvəlki üç il üçün verilməsi.) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı ödənilməmiş müavinətin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1865/2019 nömrəli, xx xxxx 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli M/V xxxx nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı cavabdehə müraciət edərək, əvvəlki dövr üçün müavinətin ödənilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli, **********5 məktubla bundan imti na edərək, vəsiqə xx.xx.2017-ci il tarixdən verildiyindən düzgün olaraq həmin tarixdən sosial müavinətin təyinatının aparıldığını bildirmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2014-cü il tarixdən verilməmiş müavinətin hesablanaraq verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, xx xxxxxx 1992-ci ildən xx xxxxxxx 1996-cı il tarixə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx xxxxxx 2017-ci il tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi almış, həmin tarixdən hesablanmaqla ona müavinət ödənilmişdir. Lakin xx xxxxxx 2017-ci il tarixindən əvvəlki 3 il üçün müavinət ödənilməmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən vaxtında o na “Müharibə veteranı" adı verilmiş olsaydı, ona verilməli olan müavinəti ala bilərdi. İddiaçı tələbinin hüquqi əsası kimi, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 3.1, 4.0.1.8 və 9.1-ci maddələrinə əsaslanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)1614/2019 nömrəli qərarı ilə (hakim: E.M.Mustafayev) iddia təmin edilmiş, iddiaçıya müharibə veteranları üçün nə zərdə tutulmuş müavinətin ödənilməyən, yəni 2014-cü ilin dekabr ayından 2017-ci ilin dekabr ayına qədər fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarını pozmuşdur Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1865/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: KN.Abiyeva, hakimlər: M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)-1614/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquq i mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, "Veteranlar haqqımda" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İddiaçının sosial müavinət almaq hüququ xx xxxxxx 2017-ci ildə yarandığı üçün müavinət də həmin vaxtdan təyin edilmişdir. Müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin veteran vəsiqəsi təqd im edildiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələblərinə uyğun deyil. İşin faktiki halları və qanununvericiliyin tələbləri nəzərə alındıqda aydın şəkildə görünür ki, apelyasiya məhkəməsi qərar qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasında onun iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsin in mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmam ası üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Buna baxmayaraq məhkəmə kollegiyası kasassiya şikayətini əsassız hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. İşin hallarından müəyyən olunduğu kimi, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2017-ci il tarixdən etibarən cavabdeh tərəfindən müavinətlərin təyin edilərək ödənilməsi həyata keçirilir. Hazırkı mübahisə həmin müavinətin müharibə veteranı adanın verildiyi tarixdən əvvəlki üç il üçün ödənilməsinin mümkünlüyü ilə bağlıdır. Cavabdehin mövqeyinə görə, yalnız müharibə veteranı adı və vəsiqəsinin verildiyi tarixdən başlanılmaqla müavinətin verilməsi mümkündür, qanunvericilik əvvəlki dövrlər üçün belə ödəmələrin verilməsini nəzərdə tutmur. Kollegiya aşağıda göstərilənlərə əsasən cavabdehin mövqeyini əsassız hesab edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu m üraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Qanunun 2-ci maddəsinə əsasən, müharibə veteranları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respub likasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəaları ilə bağlı olaraq kollegiya qeyd edir ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə, bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. Yuxarıda qeyd olunan “Veteranlar haqqında” Qanunun 2-ci maddəsindən də göründüyü kimi, veteranlar haqqında qanunvericilik yalnız “Veteranlar haqqında” Qanunun özündən ibarət deyil, o, həmçinin bütün digər b aşqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, veteranlar həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər. Həmin hüquqi mövqeyinə uyğun olaraq kollegiya qeyd edir ki, iddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqınd a” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Kollegiya hesab edir ki, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteran ı sayılmış və ona bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. Nəzərə almaq lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsas verən təyinatı vəsiqənin alındığı gündən təyin e tməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx xxxxxx 2017-ci il tarixdə verilmiş və həmin vəsiqəni aldıqdan sonra o, cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona müharibə veteranı vəsiqəsi təqdim edilən andan etibarən, yəni xx xxxxxx 2017-ci il tarixdən müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. Lakin əvvəlki üç il müddət üçün müavinətlərin ödənilməsindən imtina edilmişdir. Buna görə də, əvvəlki üç il üçün müavinətin ödənilməsi öhdəliyini cavabdehə həvalə etməkdə apellyasiya məhkəməsi haqlı olmuşdur. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti tə min edilmədən, apellyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1865/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar