Məhkəmə qərarları › İş №2-1(102)-1700/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1700/2019

22.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1700/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 iştirakı ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon Şöbəsinə qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 fevral tarixli 21(107)-71/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri his sə: İşin halları: İddiaçı 1957-ci il xx.xx. tarixdə doğulmuş, 1992-1997-ci illərdə Ağsu rayonu ünvan 1 işləmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 2 oktyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Pensiyanın təyin olunmasına əsas olan əmək kitabçası hər hansı bir səbəbdən saxlanılmırsa, o halda iddiaçının işləmiş olduğu və fəaliyyətini dayandıran hüquqi varisi olmayan idarə, müəssisə, təşkilatın və rayon dövlət arxivinin verdiyi sənədlərlə fakt təsdiqi üçün ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı 2018-ci il 3 oktyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəs i ilə müraciət edərək 1992-1997-ci illərdə Ağsu rayonu ünvan 1 işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1992-1997-ci illərdə Ağsu rayonu ünvan 1 işləmişdir. Bu, Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş 2018-ci il 2 oktyabr tarixli, 325 nömrəli arayış ilə təsdiq olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 30 oktyabr tarixli 2-1(84)-1660/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1992-1997-ci illərdə Ağsu rayonu ünvan 1 işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hes ab etmişdir ki, iddiaçının 1992-1997-ci illərdə Ağsu rayonu ünvan 1 işləməsi Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş 2018-ci il 2 oktyabr tarixli, 325 nömrəli arayış ilə təsdiqini tapır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 fevral tarixli 2-1(107)-71/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 25 fevral tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 19 mart tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə işə baxarkən iddiaçı tərəfindən təqdim edilmiş, Ağsu rayon Dövlət arxivi tərəfindən verilmiş 2018-ci il 3 iyul tarixli, 259 nömrəli arayışa əsaslanaraq apellyasiya şikayətini rədd etmişdir. İddiaçı inzibati orqana arayışla müraciət edən zaman cavabdeh tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, iddiaçının adı nə əmək haqqı verilməsi üçün hesabatlarda nə də, əmək haqqı cədvəllərində qeyd olunmamışdır. Həmin məlumatlar nümayəndə tərəfindən məhkəməyə təqdim olunsa da, onlar sübut kimi qəbul edilməmiş, araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir. «“Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən ol unması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Həmin Qaydaların 3.1.1-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddə sində iş stajının təsdiq edilməsi qaydası nəzərdə tutulmuşdur. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəflərin prosesdə iştirakını təmin etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiya məhkəməsi göstərilən normaların tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təq dim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pen siyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının 1957-ci il 28 avqust tarixdə doğulduğu nəzərə alındıqda, onun 60,5 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmi n normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni m əzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İddiaçının 1992-1997-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmayıb. Apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən saxladığı birinci instansiyası məhkəməsinin qərarında belə bir mövqe ifadə olunmuşdur ki, “cavabdeh iddiaçının 19921997-ci illərdə kolxozda işlədiyi illəri iddiaçının sosial sığorta stajına daxil edərkən kolxoz tərəfindən qadınlar üçün müəyyən olunmuş minimum əmək iştirakı normasına uyğun işlənmiş müddəti i ddiaçının sosial sığorta stajına daxil etməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı işdə, əgər məhkəmə iddiaçının istinad etdiyi sənəddə göstərilən iş stajının cavabdeh tərəfindən nəzərə alınmalı olduğu qənaətinə gələrək onun üz ərinə hazırkı məzmunda öhdəlik qoyursa, həmin sənədlə müəyyən edilən iş stajının məcmusu (iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı /adam günü/ minimumuna uyğun hesablamaqla) özü-özlüyündə, yaxud iddiaçının digər əmək fəaliyyətinin müddəti ilə birlikdə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan müddətlə bağlı şərti ödəmiş olmalıdır. Başqa sözlə, iddiaçı cavabdehin yuxarıda qeyd edilən imtinası ilə hüququnun pozulduğunu o halda iddia edə bilər ki, məhz iddia etdiyi müddətin sığorta stajına daxil edilməsi ona əmək pensiyasının təyin edilməsi və ya artıq buna qədər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə nəticələnə bilər. Buradan, hazırkı məzmunda iddia o halda mümkün sayıla bilər ki, bu məzmunda iddianın təmin olunması (iddia olunan illərin sığorta stajına daxil edilməsi) ilə cavabdehin iddiaçıya əmək pensiyası təyin etmək və ya təyin edilmiş pensiyanı yenidən hesablamaq öhdəliyi yaranacaqdır. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia ərizəsinin məzmununu, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları nəzərə almamışlar. İddiaçı öz tələbinin əsası kimi 1972-1997-ci illərdə kolxozda işlədiyinə istinad edir. Eyni zamanda, qeyd edir ki, həmin dövrün 1972-1991-ci illərə dair hissəsinin sığorta stajına daxil edilməsi öhdəliyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018ci il 18 aprel tarixli qərarı ilə cavabdehin üzərinə qoyulmuşdur. İddiaçının həmin dəlilləri məhkəmə araşdırmasının predmeti olmayıb. İddiaçının istinad etdiyi məhkəmə aktının həqiqətən də mövcud olduğ una dair işdə məlumat yoxdur. Digər tərəfdən, əgər həqiqətən də 1972-1991-ci illərə dair iddianın təmin edildiyinə dair məhkəmə aktı varsa belə, həmin aktla da müəyyən edilmiş müddət hazırkı tələbdə iddia olunan iş müddəti ilə birlikdə (minimum əmək iştirakı normasının yerinə yetirildiyi illər + minimum əmək iştirakı normasına mütənasib hesablanan faktik müddət) “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan müddətlə bağlı şərti ödəməlidir. Əks halda, iddiaçı hüququnun pozulduğunu iddia edə bilməz. Cavabdeh inzibati orqan da, imtina məktubunda, etiraz və şikayətlərində iddiaçının istinad etdiyi məzmunda məhkəmə aktının olduğunu qeyd etmir, əksinə, apellyasiya şikayətində 1972-1997-ci illərə dair arayışa istinadla ümumilikdə həmin 1972-1997-ci illəri mübahisələndirir. M əhkəmə kollegiyası, məhz bu kimi halları nəzərə alaraq oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün, tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna bilavasitə təsir edə bilən digər hallara da aydınlıq gətirməlidir. Öz növbəsində, şəxslərin pensiya hüquqlarının reallaşdırılmasını bilavasitə təmin etmək vəzifəsi daşıyan cavabdeh inzibati orqan şəxslərin (hazırkı halda, iddiaçının) müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud, belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Başqa sözlə, maraqlı şəxs imtinanın səbəbləri ilə yanaşı, onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavab məktubunda aydın görməli, bununla da, cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olmalıdır. Cavabdehin imtina məktubundan bunları aşkar müəyyən etmək mümkün olmadıqda, mübahisənin düzgün həlli, həmçinin əmək pensiyasının təyin edilməsi ilə bağlı hazırkı tərəflər arasında yeni mübahisənin (məhkəmə icraatının) yaranmasına səbəb ola bilən halların aradan qaldırılması üçün hazırkı məhkəmə icraatı çərçivəsində həmin məsələlərə tərəflərin iştirakı ilə aydınlıq gətirilməli, zərurət yarandığı halda, iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya yardım edilməlidir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələb ləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 fevral tarixli 2-1(107)-71/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar