Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1705/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; elektrovozlarda maşinist köməkçiləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-cı il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərt lərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 2-1(103)-1256/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 21 aprel 1980 - 20 may 1982-ci illərdə hərbi xidmətdə olmuşdur.
2. İddiaçının əmək kitabçasına əsasən o, 22 fevral 1980 - 15 aprel 1980-ci illərdə 70 nömrəli Tikinti Materialları Kombinatında fəhlə, 8 iyun 1982 - 1 sentyabr 1983-cü illərdə ixtisaslaşdırılmış Qafqaz TQİ “Mərkəzdomnatəmir”-də 3-cü dərəcə üzrə hörgüçü, 20 dekabr 1983 – 9 avqust 1985-ci illərdə Tbilisi vaqon deposunda çilingər, 1 iyul 1985 – 11 oktyabr 1989-cu illərdə Tbilisi vaqon depo sunda maşinistin köməkçisi vəzifələrində işləmişdir. 21 noyabr 1989-cu il tarixdə "xxxx" QSC X2 Lokomotivinə maşinistin köməkçisi vəzifəsinə qəbul edilmişdir. 3. "xxxx" QSC Yük Daşımaları Departamenti Gəncə Lokomotiv deposunun 19 mart 2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı 21 noyabr 1989-cu ildən hal-hazıra kimi elektrovoz maşinist-köməkçisi işləyir. Həmin arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarının 21.4 bölməsinə (dəmir yol nəqliyyatı) əsasən güzəştli şərtlə pensiya təyin edilməsi üçün verilmişdir. 4. “Gürcüstan dəmiryolu” tərəfindən verilmiş 6 iyun 2019-cu il tarixli arayışa əsasən iddiaçının (d/t.: 1961-ci il) işlədiyi haqqında aşağıda qeyd edilən məlumatlar əldə olunmuşdur: - 1983-cü ilin 21 dekabr tarixində Tbilisi vaq on deposuna çilingər vəzifəsinə işə götürüldü (Əmr N: 67, xx.xx.1983-cü il) - 1985-ci il 09 avqust tarixində başqa işə keçməsi ilə bağlı işdən azad olundu (Əmr N: 518, xx.xx.1985-ci il) - 1985-ci ilin 01 iyul tarixində Tbilisi vaqon deposuna maşinistin köməkçisi vəzifəsinə işə götürüldü (Əmr N 428, xx.xx.1985-ci il) - 1986-cı il 17 yanvar tarixində çilingər vəzifəsinə keçirildi (əmr N: 27, xx.xx.1986-cı il) - 1987-ci ilin 22 yanvar tarixində Tbilisi vaqon deposuna maşinistin köməkçisi vəzifəsinə işə götürüldü (Əmr N: 60, xx.xx.1987-ci il) - 1989-cu il 11 oktyabr tarixində şəxsi ərizəsi əsasında işdən azad olundu (Əmr N: 577-xx.xx.1989).
5. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 26 may 20 21-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40.800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32154,44 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 13 mart 2018ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
8. İddiaçı xx xxxx 1961-ci il tarixdə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. Hal-hazırda Tovuz rayonunun, Qovlar qəsəbəsi Mehdi Hüseyn küçəsi 71 nömrəli evdə yaşayır. O, xx.xx.1980-ci ildə Tovuz rayonunun Əyyublu kəndi ərazisində fəaliyyət göstərmiş 70 nömrəli Tikinti Materialları kombinatına fəhlə işinə qəbul olunub, həqiqi hərbi xidmətə getməyi ilə bağlı xx.xx.1980-ci ildə işdən azad olunmuşdur. xx.xx.1980-ci ildə həqiqi hərbi xidmətə gedib, xx.xx.1982-ci ildə ordudan tərxis olunmuşdur. xx.xx.1982-ci ildə Gürcüstan Respublikasının Rustavi şəhərində Metallurgiya zavodunda peçnoyda hörgüçü işinə qəbul olunub, xx.xx.1983-cü ildə işdən azad olunmuşdur. xx.xx.1983-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhər Vaqon Deposunda çilingər işinə qəbul olunub, xx.xx.1984-cü il tarixdə həmin işdən azad olunmağını xahiş etsə də, xx.xx.1984-cü ildə işdən azad olunmuşdur. xx.xx.1985-ci il tarixdə Gürcüstan Respublikasının Tbilisi Lokomotiv Deposuna maşinist köməkçisi işinə təyin olunmuşdur. xx.xx.1989-cu ildə həmin işdən azad olunmuşdur. xx.xx.1989-cu ildə Kirovabad (hazırda Gəncə) Lokomotiv deposunda maşinist köməkçisi işinə təyin olunmuşdur. Hal-hazırda da X1 maşinist köməkçisi işləyir. Onun 40 ilə yaxın ümumi əmək stajı vardır. Bundan 35 (otuz beş) ildən artığını güzəştli şərtlər qrupuna aid olan işdə işləmişd ir. Hazırda da işləyir. Onun 57 yaşı tamam olan vaxtı qüvvədə olan Qanunlara, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.4 bölməsinin 19-cu bəndinə görə 57 yaşı tamam olmuş, 12 il 06 ay güzəştli şərtlərlə işləyən kişilər güzəştli şərtlərlə pensiya çıxırlar. Onun isə hazırda 60 yaşı tamam olmuşdur, xx.xx.2018-ci il tarixdə 57 yaşı tam olan vaxta kimi ümumi 37 il əmək stajı, bunun da 32 ili zərərli işdə, güzəştli şərtlərlə işdə işləmişdir. Cavabdeh orqan imtinasında qeyd etməsə də, Gürcüstan Respublikasında işlədiyi illəri əsassız olaraq onun əmək stajına hesablamamışdır. Cavabdehin etirazları:
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarına görə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32154,44 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin (hakim A.P.Oruczadə) 14 dekabr 2021-ci il tarixli, 21(112)-7532/2021 nömrəli qərarı ilə iddia təmin ed ilərək iddiaçıya 13 mart 2018-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması vəzifəsi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1 yanvar 2006-cı ilə qədər 15 ildən artıq güzəştli iş stajı mövcuddur. Hər iki hal - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə mövcud olduğundan "Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 13 mart 2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsind əki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və V.M.Məmmədov) 19 may 2022-ci il tarixli, 21(103)-1256/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7532/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri 16. 1 iyul 2017-ci il tarixədək güzəştli şərtlərlə pensiya nın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra pensiya kapitalı kimi adlanan yeni şərt əlavə edilmişdir. 1 iyul 2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır. Beləliklə, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış kapitalından az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi əsassızdır və təmin edilməməlidir.
17. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətl ərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
18. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xar akteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
19. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci, “Əmək pensiyaları haqqında" Qanunun 1.0.8, 9.1-ci maddələrinə istinad edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqd im edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun (13 mart 2018-ci il tarixə qüvvədə olan redaksiyada): Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır..... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair təl əblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya q ismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
27. Cavabdeh iddiaçının 1 yanvar 2006-cı il tarixə 25 ildən artıq ümumi iş stajına malik olduğunu, bunun 12 il 6 ayını güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə çalışdığını, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnu, bununla da, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq həmin Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş yaşa və staja dair şərtlərin iddiaçı tərəfindən ödənildiyini mübahisələndirmir.
28. Cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermə diyi barədə dəlilə gəldikdə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq həmin Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş stajlarla bağlı şərtləri 2006-cı il 1 yanvar tarixədək tam ödədiyindən, o, həmin şərtlərin ödənildiyi vaxtda qüvvədə olan qanunla müəyyən edilən digər şərtin – 57 yaşın tamamında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququnu qazanmışdır. Qanundakı sonrakı dəyişiklik, hazırkı halda, yaşla bağlı şərtdən əlavə digər şərtin də müəyyən edilməsi iddiaçının artıq bunadək qazanmış olduğu bu hüququ aradan qaldırmır.
29. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci mad dələrində, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənilmişdir.
30. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının işlədiyi güzəştli peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 1993-cü il 21 mart tarixli Qərarı ilə təsdiq edilmiş («Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri»nin) 2 №-li Siyahısının “23000000 XXVİİİ Nəqliyyat bölməsinin “23001000— 16885” kodunda “elektrovozlarda maşinist kömək çiləri” kimi təsbit olunmuşdur.
31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 may 2022-ci il tarixli, 21(103)-1256/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.