Məhkəmə qərarları › İş №2-1(102)-1719/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1719/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1719/2020 29.09.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-885/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xx.xx.2014-cü il tarixində dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Həmin tarixdə iddiaçıya verilmiş **********40-10301 reyestr nömrəli texniki pasportda sənəd üzrə torpaq sahəsi faktiki sahə 0,2144 ha, tikinti altı sahə 0,02343 ha, digər sahələr 0,19097 ha qeyd olunmuşdur.

3. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatdan keçirilməs i məqsədilə məhkəməyə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0,12ha. torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri cavabdeh orqana təqdim edilsə də, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Bunda əlavə sözügedən sənədlər təqdim edilmədiyi halda belə, cavabdeh hansı sənədlərin təqdim edilm əməsini öz imtinasında göstərməmiş, bununla da yardım etmə vəzifəsinə əməl etməmişdir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)4191/2019 nömrəli qərarına əsasən (hakim – Z.M.Tağıyev) iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 0,12ha. torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

7. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati icraat zamanı işin bütün faktiki hallarını faktiki və hüquqi cəhətdən hərtərəfli, tam və obyektiv araşdırmayaraq əsassız olaraq iddiaçının ərizəsini təmin etməmişdir.

8. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verər ək 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-4191/2019 nömrəli qərarının ləğv edilməsini, iddiaçının iddia tələbinin mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-885/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və A.Ə.Hüseyn) cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-4191/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, məcburetmə haqqında iddia larda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

11. Məhkəmə qərarını cavabdeh xx.xx.2020-ci il tarixində, iddiaçı isə xx.xx.2020-ci il tarixində rəsmi qaydada əldə etmişdir.

12. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)885/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahi ş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə müvafiq fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyatdan keçmişdir. Bundan əlavə, iddiaçı tərəfindən müvafiq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair İdarəyə rəsmi müraciəti daxil olmamış və bununla bağlı İddiaçı tərəfindən İdarəyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəbdən də, cavabdehin bununla bağlı hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamışdır. İdarənin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmiş, məhkəmə tərəfindən isə bu hal nəzərə alınma mış, əsassız və qanunsuz qərar qəbul edilmişdir.

14. Hazırkı halda sözügedən imtina olmadığına görə İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələblərinə görə iddia tələbi mümkün sayıla bilməz. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

19. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

20. Həmin Məcəlləni n 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

21. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

22. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

23. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

24. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

25. Həmin Məcəllənin 96. 5.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına əsasən, “..Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir...”.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhə miyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaq la öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X1rşı, § 29; X2rşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X1rşı, § 29; X2rşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X1rşı, § 30; X2rşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ M ƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

31. Hazırkı qərarın 18-20-ci bəndlərində qeyd olunan normalardan, həmçinin milli və beynəlxalq məhkəmələrin formalaşdırdığı hüquqi mövqelərdən aydın olur ki, apelyasiya instansiya məhkəməsi öz qərarını əsaslandırmağa və cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərə münasibət bildirməyə borcludur. Lakin, qərardan göründüyü kimi, apelyasiya instansiya məhkəməsi göstərilən tələbləri pozmuşdur.

32. Belə ki, cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən müvafiq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair İdarəyə rəsmi müraciəti daxil olmamış və cavabdehin bununla bağlı hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi iş materialları əsasında müəyyən olunmamışdır.

33. Hazırkı qərarın 18-19-cu bəndlərində göstərilən normalardan məlum olur ki, hazırkı tələblərə dair iddialar üzrə iddiaçılar ilk növbədə inzibati aktın qəbul edilməsi məqsədilə müvafiq inzibati orqana müraciət etməlidirlər və həmin orqan inzibati aktı qəbul etməkdən imtina etdiyi təqdirdə iddiaçılar məhkəməyə müraciət edə bilərlər.

34. Hazırkı qərarın 20-ci bəndində göstərilən normadan aydın olduğu kimi, cavabdehin inzibati aktın qəbul edilməsindən imtinasının olmaması iddianın mümkün hesab edilib-edilməməsinə birbaşa təsir edir. Belə olan halda, apelyasiya instansiya məhkəməsi bu halı işi mahiyyəti üzrə araşdırmağa başlamadan qiymətləndirməli idi.

35. Apelyasiya instansiyası məhkəməsi isə prosessual hüquq normalarını pozaraq bu halı qiymətləndirməmiş, cavabdeh işin bu halını öz apelyasiya şikayətində bildirsə də, şikayətin həmin dəlilinə məhkəmə heç bir münasibət bildirməmişdir.

36. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək iddianın mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazıkı iş üzrə əlavə sübutların araşdırılması tələb olunur ki, İnzibati Prosessual Məcəllənin tələblərinə görə belə hallarda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.

37. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

38. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana müraciət edib-etmədiyini, belə bir müraciət olduğu təqdirdə cavabdehin imtinasının olub-olmamasını və belə imtina varsa onun qanuni olubolmamasını araşdırmalı idi. İddianın mümkünlük şərtləri ödəndiyi halda iddiaya mahiyyəti üzrə baxaraq əsaslı və qanuni qərar qəbul etməlidir.

39. Yuxarıda göstərilənlərə və İPM-in 96-cı maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)- 885/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar