Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1724/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Milli Məclisinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: şikayət üzrə kassasiyanın mümkün sayılmaması, şikayət verilməsi müddətinin ötürülməsinin hüquqi nəticələri. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Məclisinə qarşı informasiya sorğusunda göstərilən məlumatların verilməsi tələbinə dair inzibati i ş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1833/2021 nömrəli, 24 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə informasiya sorğusunda göstərilən ikinci suala cavab verilməsi vəzifəsinin qoyulmasını, Azərbaycan Respublikası Milli Məclisi barəsində informasiya sorğusuna tam və hərtərəfli cavab verilmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsinə (informasiya əldə etmək haqqında qanunvericiliyin pozulması) uyğun olaraq xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsində göstərilmişdir ki, iddi açı hüquqşünasdır və bir çox məqalələri dərc olunub. Növbəti məqaləsi olan “Azərbaycan Respublikası Prezidentinin Qanunvericilikdə Rolu” mövzusuna görə cavabdehə 8 fevral 2021-ci ildə informasiya sorğusu göndərərək aşağıdakı məlumatların verilməsini xahiş etmişdir: “2015-2020-ci illər ərzində neçə qanun layihəsi Milli Məclisdə oxunuşa qəbul edilib? Həmin qanun layihələrinin neçəsi Prezidentin Administrasiyası tərəfindən hazırlanaraq təqdim olunub?”
3. Cavabdeh Azərbaycan Respublikası Milli Məclisinin 05/1-44 saylı 25 fevral 2021-ci il tarixli informasiya sorğusuna cavabı 2 mart 2021-ci il tarixində iddiaçıya təqdim olunmuşdur. Cavabdeh bu sorğuya cavab olaraq bildirmişdir ki, 2015-2020-ci illər ərzində Azərbaycan Respublikasının Milli Məclisində 1595 qanun qəbul edilmişdir. Cavab məktubund an da məlum olduğu kimi, cavabdeh yalnız iki sualın birincisinə cavab vermiş, ikinci suala (Həmin qanun layihələrinin neçəsi Prezidentin Administrasiyası tərəfindən hazırlanaraq təqdim olunub?) cavab verməmiş və cavab verməməsinin səbəbini açıqlamamışdır. Beləliklə ikinci suala cavab verməkdən imtina edib. Bu səbəbdən cavabdeh iddiaçının informasiya əldə etmək hüququnu məhdudlaşdırıb. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. Bakı İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2-1(112)-5329/2021 nömrəli qərardadı ilə (hakim: A.P.Oruczadə) iddia mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələb etdiyi informasiya açıq informasiya olmaqla, informasiya sorğusunun bilavasitə predmeti hesab olunmadığından həm in məsələ ilə bağlı mübahisənin də inzibati məhkəmə icraatında müdafiəsi mümkün deyildir. Məhkəmə iddianın ikinci hissəsinə münasibət bildirərək qeyd edir ki, iddianın birinci hissəsi inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən mümkün sayılmadığı üçün tələbin ikinci hissəsi də mümkünsüz sayılmalıdır.
6. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1833/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: H.Ü.Həmidov və E.E.Nağıyeva) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2 -1(112)-5329/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, Azərbaycan Respublikası Milli Məclisinin üzərinə informasiya sorğusunda göstərilən ikinci suala, yəni “Həmin qanun layihələrinin neçəsi Prezidentinin Administrasiyası tərəfindən hazırlanaraq təqdim olunub?” sualına cavab verilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ 10 İş kassasiya instansiyasına daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət müddət ötürülməklə verilmişdir.
11. Bununla əlaqədar id diaçının dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə məhkəmə iclasında baxılması 26 oktyabr 2021-ci tarixinə təyin edilmişdir. 26 oktyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında tərəflər iştirak etmədiyindən işin baxılması 02 noyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlü yü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ:
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsa slandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
15. Belə ki, hazırkı qərarın 11-ci bəndində istinad edilən prosessu al hüquq normalarından görünür ki, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 10 (on) gün müddətində verilməlidir və şikayət vermə müddətinin axımı qərardadın təqdim edildiyi gündən başlanır.
16. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı 06 iyul 2021-ci tarixdə iddiaçıya təqdim olunmuşdur.(iş vər 50). İddiaçı və onun vəkili tərəfindən tərtib olunmuş kassasiya şikayəti isə 16 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hazırkı halda, iddiaçıya münasibətdə kassasiya şikayəti verilməsi müddətinin axımı 06 iyul 2021-ci il tarixində başlamış, müddət 15 iyul 2021-ci il tarixdə bitmişdir. Beləliklə də, iddiaçı qərardaddan kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür.
17. Kassasiya şikayətin in bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında başqa məlumat yoxdur.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir.
19. Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qayda da həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar".
20. İddiaçıya məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışmazlıq onun diqqətinə çatdırılmış, kassasiyanın mümkünlüyü məsələsinə baxılmasının məhkəmə iclasına təyin edilməsi barədə məlumat verilmiş, məhkəmə iclasının keçiriləcəyi vaxtadək kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim edilməsi və ya buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizə (vəsatət) verilməsi ona təklif edilmişdir. Lakin müəyyən edilmiş müddətdə qeyd edilən çatışmazlıq aradan qaldırılmamış, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olun mamış, eləcə də müddətin bərpa edilməsi barədə ərizə (vəsatət) verilməmişdir.
21. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz.
22. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1833/2021 nömrəli, 24 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.