Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1726/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı MTK-nın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi” haqqında qərarın ləğvindən sonra aparılmış vergi yoxlamasının qərarının ləğvi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X4, vəkili X3, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yan ında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2, vəkili Vəkil iştirakı ilə, İddiaçı MTK-nın (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “cavabdehin 6 aprel 2020-ci il tarixli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1019/2021 saylı, 12 mart 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin “Səyyar vergi yoxlamasın ın keçirilməsi haqqında” 21.05.2019-cu il tarixli qərarı ilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən, iddiaçıda vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aprel 2015 mart -2019-cu il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.07.2019-cu il tarixli, 21(82)2327/2019 saylı qərarı ilə cavabdehin 21.05.2019-cu il tarixli növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarı ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış, qərar qanuni qüvvəyə minmişdir. (Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-14 90/2019 saylı, 24.10.2019-cu il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-389/2020 saylı, 25.02.2020-ci il tarixli qərarları)
3. İddiaçıda növbədənkənar vergi yoxlaması davam etdirilmiş, yoxlamanın nəticəsi barədə 12.02.2020-ci il tarixli “Səyyar vergi yoxlaması” aktı tərtib edilmiş və cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06.04.2020-ci il tarixli qərarı ilə iddiaçıya 354.542,93 manat əlavə vergi hesablanmış və 14,798,76 manat maliyyə sanksiyası tətbiq edilmiş, həmçinin həmin vergilərin ödənilməsi iddiaçıdan tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2 iyun 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 6 aprel 2020-ci il tarixli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25.02.2020-ci il tarixli qərarı icra olunmamışdır. Əksinə cavabdehin 21.05.2019-cu il tarixli qərarı ilə təyin edilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi 12.02.2020-ci il tarixli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 6 aprel 2020-ci il tarixli qərar çıxarılmışdır. Bundan sonra vergi orqanı öz qanunsuz əməllərini və hərəkətlərini davam etdirərək aktı və qərarı ləğv etmək əvəzinə vergi ödəyicisini məsuliyyətə cəlb etmə barədə qərar çıxarmışdır. İddiaçı 21.04.2020-ci il tarixdə şikayət məktubu ilə yuxarı inzibati orqana (Vergilər Nazirliyinə) müraciət etmişdir. Yuxarı inzibati orqandan cavab ala bilmədiyinə görə ləğv olunmuş qərar əsasında növbədənkənar səyyar vergi yoxlamasının keçirilməməsi barədə 22.04.2020-ci il tarixdə şikayət məktubu ilə təkrar olaraq Vergilər Nazirliyinə müraciət etmişdir. Lakin iddiaçının müraciətlərinə və şikayət ərizələrinə qanunamüvafiq qaydada cavab verilməmişdir. İddiaçı 19.05.2020-ci il tarixində şikayət məktubu ilə bir daha yuxarı inzibati orqana müraciət edərək, bu günə qədər dəfələrlə inzibati qaydada şikayət etməsinə baxmayaraq, şikayətlərinin icra edilmədiyini və o na görə şikayətlərinin icrasına nəzarət edilməsini xahiş etmişdir. Nəhayət vergi orqanı tərəfindən 21.05.2020-ci il tarixdə bütün şikayət məktublarına cavab olaraq bildirilmişdir ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında 21.05.2019-cu il tarixli qərarı ilə 01.04.2015-cı il tarixdən 31.03.2019-cu il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsi 12.02.2020-ci il tarixli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 6 aprel 2020-ci il tarixli qərar çıxarılmışdır. Səyyar vergi yoxlaması aktının və məsuliyyətə cəlb edilmə qərarının ləğv edilməsi şifahi şəkildə iddiaçıya bildirilsə də, bu günə qədər aktın və qərarın ləğv olunması barədə heç bir müsbət cavab alınmamışdır.
6. Bakı İnzibati Məhkəməsinin (hakim X1, 2-1(112)-4791/2020 saylı iş) 2 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin 6 aprel 2020-ci il tarixli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarı ləğv edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi inzibati akt olan vergi orqanının 6 aprel 2020-ci il tarixli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ləğv edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 21.05.2019-cu il tarixli qərarının hüquqi nəticəsi olduğu (yəni ləğv edilmiş qərar əsasında keçirilmiş vergi yoxlaması əsasınd a qəbul edildiyi) üçün ləğv edilməlidir.
8. Cavabdeh qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X5-məruzəçi, X7 və X12, 2-1(103)-1019/2021 saylı iş) 12 mart 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 2 noyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
10. Cavabdeh 6 iyul 2021-ci il tarixdə qərarın surətini almiş, 7 iyul 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə i craatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
11. Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılmasi məqsədilə iddiaçıda növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Həyata keçirilmiş vergi nəzarətinin nəticələrinə uyğun olaraq 06.04.2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla əlavə vergi məbləği hesablanmışdır. Müvafiq qərar iddiaçının elektron qovluğuna göndərilməsi təmin edilmiş və həmin qərar 10.04.2020-ci il tarixdə onun tərəfindən oxunmuş lakin iddia ərizəsi 02.06.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən qərar barədə kifayət qədər məlumatının olduğu tarixdən sonra məhkəməyə müraciət edilmişdir ki, bu da onun tərəfindən prosessual müddətlər keçdikdən sonra məhkəməyə müraciət etdiyini sübut edir.
12. Məhkəmə mübahisələndirilən qərar üzrə iddia ərizəsinin poçt vasitəsi ilə göndərilməsi məsələsini araşdırmamışdır. Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu vaxtda belə poçt xidmətinin fəaliyyəti dayandırılmamışdır. Ali Məhkəmənin 2 may 2020-ci il tarixli məlumatında da məhkəmələrə ərizələrin poçt vasitəsilə və ya elektron şəkildə göndərilməsi tövsiyə olunmuşdur.
13. İddiaçının 21.05.2019-cu il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın ləğv edilməsi barədə iddia tələbi 2 saylı Baki İnzibati-İqtisadi Məhkəməsinin 17.07.2019-cu İl tarixli 2-1(82)-2327/2019 saylı qərarı (hakim- Zaur Tağı yev) ilə təmin edilmişdir.
14. İddiaçı barəsində dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə 22.06.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilərək ibtidai araşdırma aparılmışdır. Cinayət işi üzrə istintaqın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə, iddiaçının 01.04.2015-ci il tarixdən 01.04.2019-cu il tarixədək olan dövr üzrə vergi öhdəlikləri və vergi borcunun dəqiqləşdirilməsi üçün növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi məqsədəmüvafiq hesab edilərək qərar qəbul edilmiş və icra olunması üçün cavabdehə göndərilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
17. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
18. Vergi Məcəlləsi: Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. (-). 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; (29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə yeni məzmunda 38.3.8-1-ci maddə əlavə edilmişdir). (-). 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Maddə
49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; (-). 49.3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqa nının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. (-). Maddə
70. Vergi ödəyiciləri ilə yazışma 70.1. Vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə t arixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. (-). Maddə
62. Şikayət verilməsi qaydası 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 62.3. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzrlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Maddə
85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi ( -). 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər... 19. “İnzibati icraat haqqında” Qanun: Maddə
62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. (-).
20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahis ənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikay ət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
21. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Cavabdehin 21.05.2019-cu il tarixli qərarı ilə aprel 2015-mart 2019-cu illər üzrə iddiaçı müəssi sədə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, həmin yoxlamanın nəticəsi olaraq 06.04.2020-ci il tarixli qərara əsasən iddiaçıya 354.542,93 manat əlavə vergi hesablanmış və maliyyə sanksiyası tətbiq edilmişdir.
25. Qeyd olunmalıdır ki, növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsi barədə cavabdehin qəbul etdiyi 21 may 2019-cu il tarixli qərar 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 17.07.2019-cu il tarixli qərarı ilə ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı Bakı Apelyasiya Məhkəməsinin inzibati iqtisadi kollegiyasının 24.10.2019-cu il tarixli qərarı ilə, apelyasiya instansiyası məhkəməsinin qərarı isə Azərbaycan Respublikası Ali Məhkəmə sinin İnzibati kollegiyasının 25.02.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Yəni cavabdehin növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsi barədə qəbul etdiyi qərar qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv olunmasına baxmayaraq cavabdeh növbədənkənar səyyar vergi yoxlaması aparmış və hazırda iddiaçının mübahisə açdığı 6 aprel 2020-ci il tarixli qərarı qəbul etmişdir.
26. Cavabdeh iddiaçının vergi məsuliyyətinə cəlb olunması barədə 6 aprel 2020ci il tarixli qərarı qəbul edən vaxt artıq növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsi barədə cavabdehin qəbul etdiyi 21 may 2019-cu il tarixli qərarın ləğvi barədə məhkəmə qərarı qanuni qüvvəyə minmişdi.
27. İddiaçının şikayət etdiyi qərar cavabdeh tərəfindən 6 aprel 2020-ci il tarixdə qəbul edilərkən Azərbayca n Respublikasının qanunvericiliyinə uyğun olmamışdır.
28. İddiaçının mübahisələndirdiyi 6 aprel 2020-ci il tarixli qərarı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ləğv edilmiş vergi orqanının qərarı əsasında (yəni ləğv edilmiş qərar əsasında keçirilmiş vergi yoxlaması əsasında qəbul edildiyi) qəbul edildiyi üçün hüquqi nəticə yarada bilməz.
29. Cavabdeh şikayətində İPM-in 38.1-ci maddəsinə istinad edərək bildirmişdir ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırıla bilər.
30. İddiaçı iddia müddətini buraxmasına və üzrlü səbəb olmamasına baxmayaraq iddia müddətinin bərpasına dair ərizə məhkəmə tərəfindən əsassız olaraq təmin edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə g örə sənədlər (onların surətləri) vergi orqanı (inzibati orqan) tərəfindən vergi ödəyicisinə şəxsən verildikdə-şəxsən verildiyi gün, poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdəpoçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla elektron kabinetinə göndərildikdə-elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımı qaydada çatdırılmış sayılır. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.
32. Cavabdehin qəbul etdiyi 6 aprel 2020-ci il tarixli qərarın yuxarıd a göstərilən qaydada iddiaçıya çatdırılması işdə olan sübutlarla təsdiq olunmur və cavabdeh aktın iddiaçıya təqdim olunması faktını və müddətini sübut edə bilməmişdir.
33. Odur ki, iddia müddətinin buraxılması barədə cavabdehin şikayətinin dəlilləri əsaslı olmamışdır.
34. Cavabdehin növbədənkənar yoxlama təyin edilməsi barədə qərarı məhkəmə qaydasında ləğv edildiyindən, belə yoxlama aparmaq səlahiyyəti olmadığından yoxlamanın hüquqi nəticəsi olmadığına görə şikayətin digər dəlillərinə hüquqi qiymət verilməsinə zərurət olmamışdır.
35. Odur ki, kasasiya şikayəti təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96. 10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1019/2021 saylı, 12 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.