Məhkəmə qərarları › İş №2-1(102)-1727/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1727/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1727/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 2019-cu il 1 aprel tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filia lına qarşı (üçüncü şəxs: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) “müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli 2-1(103)-1128/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş idarəsi tərəfindən 2018-ci il 14 mart tarixdə müharibə veteranı adı və vəsiqəsi verilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona əvvəlki dövrlər üçün müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməsini xahiş etmişdir.

3. Cavabdeh 2020-ci il 16 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabde h bildirmişdir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi 2018-ci il 14 mart tarixdən verildiyi üçün ona həmin vaxtdan müavinət təyin edilmiş, əvvəlki illər üçün müavinəti ödəmək qanunvericiliyə əsasən mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2020-ci il 20 avqust tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əvvəllər almadığı veteranlıq barədə sosial müavinətlərin alınıb ona ödənilməsi xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2015-ci il 14 mart tarixdən 2018-ci il 14 mart tarixədək olan dövr üçün müharibə veteranı adı almış şəxslərə müəyyən edilmiş müavinətin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etm işdir. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 24 noyabr tarixli, 2-1(112)-5940/2020 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddianın əsaslandırılması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci il 10 iyul tarixdən 1992-ci il 14 oktyabr tarixə kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində Xocavənd istiqamətində Əmrallar, Muğanlı, Kuropatkin kəndlərinin müdafiəsində, Ağdam rayonu istiqamətində Naxçıvanik kəndinin müdafiəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsi barədə Suraxanı Rayonu Məhkəməsinə ərizə ilə müraciət etmişdir. İddiası təmin edilmiş, 2016-cı il 22 iyul tarixli qətnamə qəbul edilmişdir. Bundan sonra veteranlıq vəsiqəsi ilə təmin edilsə də əvvəlki illərə görə veteran pullarını ona verməmişlər və bu barədə Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyinə və rayon şöbəsinə müraciət etsə də 2019-cu il 4 oktyabr tarixli məktubla imtina etmişdirlər. Onun qanunla nəzərdə tutulmuş konstitusiyon hüquqları çox kobud şəkildə pozulmuşdur. Buna baxmayaraq, vaxtında veriləcək müavinəti cavabdeh ona ödəməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 2018-ci il 14 mart tarixli, 084122 nömrəli müharibə vəsiqəsi verilmiş və ona müharibə veteranı vəsi qəsi aldığı gündən sosial müavinət təyin edilmişdir. İddiaçı 2019-cu il 01 oktyabr tarixdə DSMF-nin Bakı şəhər Suraxanı rayon şöbəsinə əvvəlki dövrlər üçün müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin (təqaüdün) ödənilməsi ilə bağlı müraciət etmişdir. Ona müharibə veteranı vəsiqəsi aldığı gündən sosial müavinət təyin edildiyindən qanunvericiliyin tələbləri əsas gətirilərək əvvəlki illər üçün müavinət ödəməkdən imtina edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən müharibə veteranı adı almış şəxs ancaq müharibə veteranı vəsiqəsini əldə etdikdən sonra onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilər. Müharibə veteranları üçün verilən sosial müavinət ödənişinin həyata keçirilməsi üçün müharibə veteranı vəsiqəsi təqdim edilməlidir. Bu səbəbdən “Sosial müavinətlər haqqında” Qa nunun 9.1-ci maddəsi (ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün birdəfəlik sosial müavinət ödənişi onu almaq hüququ yaranan gündən təyin edilir) tətbiq edilərkən məhkəmələr tərəfindən həmin “günün” şəxsin müharibə veteranı vəsiqəsi aldığı gün kimi şərh edilməməsi yanlışdır və qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 24 noyabr tarixli, 2-1(112)-5940/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, 2015-ci il 14 mart tarixdən 2018-ci il 14 mart tarixədək olan dövr üçün müharibə veteranı adı almış şəxslərə müəyyən edilmiş müavinətin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Bi rinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli 2-1(103)-1128/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 24 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 2 16 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin, 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir. müharibə veteranı adı almış şəxs ancaq müharibə veteranı vəsiqəsini əldə etdikdən sonra onlar üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilər. Müharibə veteranları üçün verilən sosial müavinət ödənişinin həyata keçirilməsi üçün müharibə veteranı vəsiqəsi təqdim edilməlidir. Bu səbəbdən “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi (ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün birdəfəlik sosial müavinət ödənişi onu almaq hüququ yaranan gündən təyin edilir) tətbiq edilərkən məhkəmələr tərəfindən həmin "günün" şəxsin müharibə veteranı vəsiqəsi aldığı gün kimi şərh edilməməsi yanlışdır və qanunvericiliyin tələblərinə ziddir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

16. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Sosial müavinətlər haqqında” Qanun: Maddə 1.0.1. Sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrıayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. 18. “Veteranlar haqqında” Qanun: Maddə

1. Veteranlar barəsində dövlət siyasətinin əsaslarından biri də sosial və hüquqi müdafiənin təmin edilməsindən ibarətdir. Maddə 3.1.2. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə vete ranı sayılırlar. Maddə

7. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.

19. İPM: Maddə 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellya siya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

23. İş materiallarına əsasən iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, bu səbəbdən də ona 2018-ci il 14 mart tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir.

24. Yuxarıda istinad edilən “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına görə, şəxs üç il əvvəl üçün yalnız o halda sosial müavinət ala bilər ki, onun hüququ azı üç il əvvəl yaranmış olsun.

25. Bununla yanaşı, cavabdeh nəzərə almalıdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş iddiaçıya buna səlahiyyətli olan dövlət orqanı tərəfindən veteran statusunun və vəsiqəsinin vaxtında verilməməsi iddiaçının veteranlar haqqında qanunvericilikdən irəli gələn hüquqlarına təsir etməli deyil. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş iddiaçı “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci abzasına uyğun olaraq müharibə veteranıdır. Lakin müharibə veteranı statusundan irəli gələn hüquqlarını (o cümlədən, sosial təminat hüququnu) həmin Qanu nun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, o, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu (onun iradəsindən asılı olmayaraq) müraciət edilməzdən əvvəlki üç il üçün müavinətin ödənilməsini tələb edə bilər.

26. Beləliklə, iddiaçının İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır.

27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 iyun tarixli 21(103)-1128/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar