Məhkəmə qərarları › İş №2-1(102)-1728/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1728/2019

29.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1728/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, Cavabdehin vəkili Bağırov Ziya Bayram oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2019-cu il 13 fevral tarixli 2-1(103)-74/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 2003cü il 7 avqust tarixli, 31744 nömrəli müqaviləyə əsasən, ünvan 1 yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 4748 b saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 yerləşən sahəsi 0,12 ha olan 4748 b saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 14 mart tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1.200 kv.m təşkil etsə də, əlavə olaraq 456 kv.m torpaq sahəsi istifadə edilməkdədir. Bundan əlavə, sözügedən bağ nömrəsinin naturada yerləşməsi ilə bağçılıq yoldaşlığın bölgü sxemi arasında uyğunsuzluq var. Belə ki, göstərilən sahə “4762 b” saylı bağın ərazisinə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2018-ci il 19 mart tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 yerləşən sahəsi 0,12 ha olan 4748 b saylı bağ sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin 2003-cü il 30 avqust tarixl i, 381 nömrəli Sərəncamına əsasən Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi olan 4748b saylı bağın sonuncuya icarəyə verilməsi haqqında 2003-cü il 7 avqust tarixli, 31744 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndində 4748b nömrəli bağın müqavilədə göstərilən tikililər, qurğular və ağaclarla istifadəçiyə verilməsi və istifadəçinin həmin bağı istifadəyə götürməsi nəzərdə tutulmuş, 2-ci bəndində isə müqavilənin müddəti 10 il müəyyən edilmişdir. İddiaçı həmin vaxtdan bağdan təyinatı üzrə istifadə etmişdir, icarə haqqını ödəmiş, bağ ərazisində abadlaşdırma və bağın lazımi sanitar vəziyyətdə saxlanması üçün müntəzəm işlər görmüşdür. Cavabdeh tərəfindən 2008-ci il 13 may tarixdə həmin bağ sahəsi nə dair plan da hazırlanmış və ona təqdim olunmuşdur. Bağ sahəsi 15 ilə yaxın müddətdir ki, onun istifadəsindədir və o, ətrafdakı qonşuların heç birinin sərhədlərinə müdaxilə etməmişdir. Onunla heç bir qonşu arasında ərazi və yaxud bağın sərhədlərinə dair mübahisə yaranmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 3 iyul tarixli 2-1(82)-1855/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının ünvan 1 yerləşən sahəsi 0,12 ha olan 4748 b saylı bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 fevral tarixli 2-1(103)-74/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 21 fevral tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 19 mart tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın r ədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, işin obyektiv araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və ekspertiza təyin olunmalıdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 11.1, 12.1 15, 23-cü maddələrinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68, 111.1-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddələrinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bağlar Tə sərrüfatının İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 2003cü il 7 avqust tarixli, 31744 nömrəli müqaviləyə əsasən, ünvan 1 yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 4748 b saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş şərt iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyası bağ sahəsinin yerləşməsinin elektron baza məlumatları ilə uyğunsuzluq təşkil etməsi barədə cavabdehin dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsa sən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Qeyd edilən bağ sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin həmin bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh bağ sahəsinin faktiki yerləşməsi ilə elektron baza məlumatları arasında uyğunsuzluq olması kimi texniki səbəbdən iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inz ibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Göründüyü kimi, iddiaçının qanuni is tifadəsindəki bağın yerləşdiyi torpağın onun mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Beləliklə, iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci və İPM-in 34.1-ci maddələrindən irəli gələn tələb hüququ vardır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 201 9-cu il 13 fevral tarixli 2-1(103)-74/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar