Məhkəmə qərarları › İş №2-1(102)-174/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-174/2020

14.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-174/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X1, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “çıxarış və plan-ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-2167/2019 saylı, 27 sentyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 60 nömrəli kooperativin 47 nömrəli orderinə əsas ən Bakı şəhər icraiyyə komitəsinin 20.10.1989-cu il tarixli, 11/409 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 60 nömrəli BTK nəzdində 0.13 ha torpaq sahəsi olan 69/70 nömrəli bağ iddiaçının istifadəsinə verilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 08.08.2017-cı il tarixli məktubda qeyd edilmişdir ki, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 69/70 nömrəli bağ sahəsinin ayrılmasına dair iddiaçıya verilmiş 47 nömrəli order Bakı şəhər Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. Ərizəyə əlavə edilən 47 nömrəli orderə əsasən Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 69/70 nömrəli bağ sahəsinin iddiaçıya ayrılmasına əsas olmuş Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 60 nömrəli kooperativin 47 nömrəli orderinə əsasən Bakı şəhər icraiyyə komitəsinin 20.10.1989-cı il tarixli, 11/409 nömrəli qərarının arxiv arayışı təqdim edildiyi təqdirdə sorğuya yenidən baxıla bilər. İddiaçı cavabdehə qarşı 13 may 2019-cu il tarixdə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.13 ha torpaq sahəsindən ibarət 69/70 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, torpaq sahəsi mübahisəsiz olaraq iddiaçının istifadəsinə verilmişdir. Buna əsasən d ə müvafiq sənədləri toplayaraq cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələbinin təmin edilməsindən imtina edilmişdir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 139.1, 146.1, 152.1, 157.2, 158-ci maddələrinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.06.2019-cu il tarixli qərarı ilə (hakim X6, 2-1(82)-2143/2019 saylı iş) iddia təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.13 ha torpaq sahəsindən ibarət 69/70 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi i ddianı təmin etməsini onunla əsaslandırmışdır ki, arxiv materiallarında iddiaçıya torpaq sahəsinin ayrılmasına dair orderin aşkar edilməməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2143/2019 saylı, 13.06.2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3-məruzəçi, X4 və X7, 2-1(103)-2167/2019 saylı iş) 27 sentyabr 2019-cu il tarixli qərarla cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 01.11.2019-cu il tarixdə qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçının mü vafiq bağ sahəsinə çıxarış almaq məqsədilə idarəyə rəsmi müraciəti daxil olmamış və hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Belə ki, o, Bakı şəhər Ərazi idarəsinə adının arxiv siyahısında olub-olmaması barədə məlumat verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 69/70 nömrəli bağ sahəsinin ayrılmasına dair İddiaçı verilmiş 47 nömrəli orderin Bakı Şəhər Ərazi idarəsinin arxivində aşkar olunmaması, ərizəyə əlavə edilən47 nömrəli orderə əsasən Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 69/70 nömrəli bağ sahəsinin İddiaçı ayrılmasına əsas olmuş Bakı şəhər İcraiyyə Komitəsinin 20.10.1989-cu il tarixli, 11/409 nömrəli qərarın arxiv arayışının təqdim edildiyi təqdirdə sorğuya yenidən baxılacağı barədə İdarə tər əfindən 08.08.2017-ci il tarixli, **********58 nömrəli məktub ünvanlanmışdır. Aparılmış əlavə araşdırma zamanı məlum olmuşdur ki, bağlar massivində bölgü sxemində 69/70 və ya 6970 nömrəli bağ sahələri yoxdur. Belə ki, sxematik xəritədə 69/70 saylı bağ sahəsi qeyd olunmamışdır. Bundan başqa, qüvvədə olan qanunvericiliyin tələbinə (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 8-ci maddəsi) əsasən bağ sahəsinin ölçüsü 0.12 ha –dan çox ola bilməz. Həmçinin göstərilən sahə “xxxx” MMC-nin əvvəlki ayrıc aktında qeyd olunan ərazinin daxilində yerləşir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddiaçı 1300 kv.m torpaq sahəsinə hüququn qeydə alınmasını xahiş edir. Bakı şəhər icraiyyə k omitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 60 nömrəli kooperativin 47 nömrəli orderinə əsasən Bakı şəhər icraiyyə komitəsinin 20.10.1989-cu il tarixli, 11/409 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 60 nömrəli BTK nəzdində 0.13 ha torpaq sahəsi olan 69/70 nömrəli bağ iddiaçının istifadəsinə verilmişdir. Həmçinin Bakı şəhər XDS İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 27 noyabr 1989-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər soveti icraiyyə komitəsinin 20 oktyabr 1989-cu il tarixli 11/409 nömrəli qərarına əsasən yoldaş İddiaçı...60 nömrəli kooperativin tərkibinə keçirilmişdir. İddiaçının hüququn dövlət qeydiyyatına aldırmaq istədiyi 0,13 ha torpaq sahəsi 47 nömrəli orderlə ona məxsusdur və orderə istinad edərək həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını arzu edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xi dmətin vəzifələrindədir. O da qeyd edilməlidir ki, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İddiaçıya məxsus torpaq sahəsi orderlə rəsmiləşdirildiyindən və order torpaq sahəsinə hüququn dövlət qeydiyyatına alınması üçün əsas olduğundan, order olduğu halda onun verilməsinə əsas olan qərarın tələb edilməsinə zərurət olmadığından apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. İddiaçının hazırkı tələblə bağlı məhkəməyə qədər cavabdehə müraciət etməməsi barədə kassasiya şikayətinin dəlili əsaslı olmamışdır. Cavabdehin iddiaçıya göndərdiyi 8 avqust 2017-ci il tarixli məktubu ndan görünür ki, 47 nömrəli orderdə qeyd edilən Bakı şəhər İcraiyyə Komitəsinin 20 oktyabr 1989-cu il tarixli 11/409 saylı qərarın arxiv arayışı təqdim edildiyi halda sorğuya yenidən baxılacağını bildirmişdir. Göründüyü kimi, cavabdehin məktubu təsdiq edir ki, iddiaçı hüququn qeydə alınması ilə bağlı məhkəməyə qədər cavabdehə müraciət etmişdir. Cavabdeh şikayətində göstərilən sahənin “xxxx” MMC-nin əvvəlki ayrıc aktında qeyd olunan ərazinin daxilində yerləşdiyini bildirmiş, bu barədə imtina və apellyasiya şikayətində bildirmədiyindən və şikayətinin bu dəlili hər hansı sübutla təsdiq edilmədiyindən, məhkəmə tərkibi şikayətin dəlillərini əsaslı saymır. İPM-in 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlar ını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan iddiaçının istifadəsində olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeyd almaqdan imtinasını əsaslandıra bilməmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2167/2019 saylı, 27 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar